Qız evində yas, oğlan evində yas-FOTOSESSİYA

Qız evində yas, oğlan evində yas-FOTOSESSİYA
20 sentyabr 2011
# 10:11
Sərin payız gecəsi idi.

Beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşən kənddə iki nəfərdən başqa hamı yatmışdı.

Arada külək əsirdi. Bayıra çıxıb sakit dayansan dalğaların səsini də eşitmək olardı.

Hərdən kənddəki avara itlərin hürüşməsi də eşidilirdi.

Bakı-Xaçmaz magistralından keçən yük maşınların səsi də payız gecəsinin sakitliyinə və gözəlliyinə xələl gətirmirdi.

O maşınlar hara gedirdi? Kimlər vardı onların içində? Hərəsi bir yerdən başqa yerə yollanırdı. Hərəsinin bir dünyası, bir qayğısı, bir xəyalı vardı...

Həmin gecə iki nəfər oyaq idi bu kənddə. Onların dünyası eyni idi. Qayğıları oxşar və xəyalları oxşar.

Balaca kasıb daxmasında Vüsalə və bir az böyük evdə yaşayan Asif.

Onlar bu gecənin səssizliyini pozmağa hazırlaşırdılar.

Səhəri gözləmədən bütün kənd oyanacaq, adamların səsi bir-birinə qarışacaqdı. Onda dəniz də mənasız olacaqdı. Beşbarmaq dağı da. Yük maşınlarındakı adamların xəyyalları da. Yorğun kənd camaatının ancaq bir qayğısı olacaqdı.


Asif


Asifin 27 yaşı var idi. Kəndin bütün cavanları kimi o da təsərrüfat işləri ilə məşğul olur, arada balıq tutmağa gedir, ailəsinin bişirdiyi lavaşı yaxınlıqdakı kafelərə aparıb satırdı.

Asifin ailəsi bu kəndə 3 il qabaq köçmüşdülər. Asif Vüsaləni də elə bu vaxt görmüş və sevmişdi.

Amma Asifin anası qızı oğluna almaq istəmirdi. Səbəb bəlli deyildi. Bəlkə də ananın fikrində başqa birisi varmış. Amma Asif dediyindən dönmürdü.

Vüsalənin evinə elçi gəlirlər. Ailəsi qızı verir. Asif elə həmin gün qurban kəsir. Toy eləmək üçün səbrsizlənirlər.

Amma heç nə planlaşdırılan kimi olmur. Əvvəlcə, Asifin dayısı ölür. Ənənəyə sadiq qalaraq dayısının ilinin çıxmasını gözləyirlər. Bir neçə ay sonra Asifin atası rəhmətə gedir. Onun ili isə gələn ilin yanvarında çıxacaqdı.

Asifin ailəsi toyu atanın ilindən sonraya planlaşdırmışdı. Təxminən 4-5 ay sonraya...

Amma heç nə planlaşdırıldığı kimi getmir həyatda...


Vüsalə


Vüsalənin 23 yaşı var idi. Onun da atası 3 il qabaq rəhmətə getmişdi. Kəndin ən kasıb ailələrindən idi onun ailəsi. İki otağı olan daxmaları var idi. Həyətlərinə hasar da çəkə bilməmişdilər.

Kənddə yaşayan, təhsili olmayan bir qızın bu dünyadan nə istəyə bilərdisə Vüsalə də onu istəyirdi.

Sevmək, sevilmək, gəlin paltarı geyinmək, uşaq böyütmək...

O, arzularının bir hissəsinə çatmışdı. Asiflə bir-birlərini dəlilər kimi sevirdilər. Bir-birlərini dəhşətli dərəcədə qısqanırdılar. Nişanlanmışdılar və toylarını gözləyirdilər.

Həyatda nəsə planlaşdırıldığı kimi getsəydi evlənəcəkdilər.

Vüsalə 3 ev o tərəfə gəlin gedəcəkdi. Uşaqları olacaqdı. Uşaqlar bütün günü dənizin kənarında o tərəf bu tərəfə qaçacaqdılar. Asif işləyəcəkdi. Kasıb da olsalar xoşbəxt olmağı bacaracaqdılar.

Kim istəmir ki, xoşbəxt olmağı?

Amma bədbəxtliyə də hazırıqmı?


İntihar


Ölüm yeni bir şey deyil. Amma yaşamaq da o qədər yeni sayılmaz məncə. Yesenin belə yazırdı.

Pessimist Kamyu isə intiharı fəlsəfənin əsas problemi olaraq görürdü: “Biz oyanıb intihara etmək haqda düşünmürüksə, bu verdiyimiz ən mühüm qərardır”.

Aforizmlər nəinki həyatı, heç intiharı da bizə izah edə bilməz.

O gecəni təsvir etmək üçün peşəkar olmağa da ehtiyac yoxdur.

Həmin gecə Asiflə Vüsalə mesajlaşırdılar. Asif Vüsaləyə bu telefonu hədiyyə almışdı. Özü də təzəlikcə.

Gecə saat dörd olardı. Asif Vüsaləyə özünü öldürməyə hazırlaşdığını dedi.

Vüsalə öncə bu sözə inanmadı. Sevgilisinin növbəti bir zarafatı olduğunu düşündü. Asifdən səs-səmir çıxmadığını görəndə ard-arda nişanlısına zəng etdi. Cavab gəlmədiyini gördü, Asifgilə qaçdı.

Asif fəlsəfənin əsas problemini artıq “həll” etmişdi: boğazında kəndir, çörək bişirilən otaqda asılı vəziyyətdə...

Həmin an Vüsalənin keçirdiyi hissləri təsvir etmək çox çətindir. Bunu təsvir etmək olar. Amma bu uydurma və yalan olacaq. Ancaq həmin gecə heç nə uydurma və yalan deyildi.

İlk anlarda Vüsalə soyuqqanlı davranmağı bacarır. Bıçaq götürərək kəndiri kəsib Asifi yerə uzadır.

Əvvəlcə Asifin ailəsini yuxudan oyadır. Evə qayıdıb öz anasını çağırır.

Asif keçinmişdi.

Hamının başı Asifə qarışdığı vaxtda Vüsalə tez evlərinə qayıdır.

Tövlənin arxasında divardan çıxan dəmirə ip keçirdir, ayağının altına vedrəni qoyur və özünü asır.

Gecənin bu vaxtı o kəndiri hardan tapır?

İntihar edəcəyi yeri hardan bilir?

Bu çürük ip onu necə saxlayır?


“Qız evi” – “oğlan evi”


Magistraldan dönüb Çandahar kəndinə sarı gedirik. Çandahara gedən yol kələ kötürdü. Hətta kənddə inəklərin də üzündən yorğunluq və kədər tökülür.

Adətən, toyda deyirlər “qız evi”- “oğlan evi”. İndi Çandaharda bu ifadələr yas üçün işlədilir. Elə bilirdim, kənddə böyük bir mağar qurulub. Balaca bir evin qabağında dayanıb “hüzür yeri hardadı?”- deyə soruşuruq.

Cavab tüklərimizi biz-biz edir: “Hansını soruşursunuz?”.

Balaca bir kənd və iki evdə yas...

Vüsaləgilin həyətində mağar qurulmayıb. Beş-altı kişi həyətdə - tövlənin bu tərəfində - oturub çay içirlər. Tövlənin o tərəfində intihar etmişdi Vüsalə...

Masanın üstündə xurma, halva, limon, qənd...

Hamı şok içindədir.

“Asif ağlı başında, normal bir gənc idi. Niyə durduğu yerdə özünü asdı?
Bilmirik. Heç nə bilmirik” - deyirlər.

Qonşular təsəlli vermək üçün evə gəlib gedirlər. Anası bizə Vüsalənin şəkillərini göstərir. Ağlamaqdan gözlərinin altı qaralıb.

Bir gecədə iki intihar görmək, qızının boğazından ipi kəsmək...

Bundan sonra yaşamaq üçün gərək adamın ürəyi çox güclü olsun. Kənd qadınları güclü olur. Əllərində, gözlərində illərin yorğunluğu var. Bir ölümlə düşəcək qadına oxşamır Yaqut xala...

“Oğlan evi”nə isə getmək mümkün olmadı. Asifin ailəsi bu hadisə haqda danışmaq istəmirdi. Eləcə uzaqdan baxmalı olduq o evə...


Məzarlıqda “mutluluq”


...Kəndin qəbiristanlığına doğru gedirik. Uzaqdan iki qırmızı örtüklü məzar görsənir. Onları yanbayan dəfn ediblər. Məzarlarının ortasına nişan səbətini qoyublar.

Nəsə demək, danışmaq çətindir bu yerdə. Bu adi ölüm, sıradan bir intihar hadisəsi deyil.

Sevginin artıq arxa plana keçdiyi bir dünyada bu olaylar şok effekti yaradır.

Doğurdanmı insanlar sevgisi uğrunda intihar etməyi bacarırlar?

...Bir tərəfdə dəniz, bir tərəfdə Beşbarmaq dağı. Onlar əsrlərdir bu torpaqlarda insan faciələrinin şahidi olublar. Ancaq elə dayanıblar ki, sanki heç nə olmayıb.

Və hər şey Tanrının planlaşdırdığı kimi gedir...


Elmin HƏSƏNLİ
# 3787 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #