Stalin Üzeyir bəy üçün Əsgərin ariyasını oxuyub

Stalin Üzeyir bəy üçün Əsgərin ariyasını oxuyub
18 sentyabr 2011
# 07:00
Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş uşaq – üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. İlin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib ərinə baş çəkmək qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir – neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşaq elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə kəcavə ilə Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alır. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı başında” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. İllər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyduğu “Leyli və Məcnun”u yazır. 1908-ci il yanvarın 12-də ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

Natavana baş əyəndə...

Uşaqlığı da Şuşada keçib. “Çöl Qala” deyilən yerdə Üzeyirgilin evləri olub. Sonralar Şuşa qalası işğal olununcaya qədər həmin ev Üzeyir bəyin ev muzeyi kimi fəaliyyət göstərəcəkdi. Hələlik isə balaca Üzeyib bu vaqeədən xəbərsiz uşaqlıq keçirir. Bir gün uşaqlarla birgə balaca Üzeyir də xan qızı Natavanın bağına meyvə oğurluğuna gedir. Bu vaxt xan qızı həyətə düşür. Uşaqlar onu görüb yığdıqları almaları da götürüb qaçırlar, amma Üzeyir qaça bilmir. Qopartdığı iki almanı papağının altında gizlədən gələcək bəstəkar Natavan xanım ona yaxınlaşanda baş əyib salam verir. Buxara papaq yerə düşüb almalar da həmçinin. Natavan bunu görüb soruşur:

- Siz burda nə edirsiniz?

- Alma yığırdıq.

- Məni tanıyırsınız?

- Bəli, siz xan qızı Natavansınız, həm də şairəsiniz.

Sonra Üzeyir Natavanın bir-neçə qəzəlini əzbərdən deyir. Bu təbii ki, Natavanın xoşuna gəlir və onun başını sığallayıb – sən qoçaq, ağıllı oğlansan, gələcəyin parlaq olacaq-deyir.

İlk qazanc yolu

13 yaşında Üzeyir hekayələr yazmağa başlayır və onları “Kitabi-məzhəkə” adı altında toplayır. Sonra kitaba illustrasiyalar çəkir, onu özü cildləyir. 15 qəpikdən o kitabları satan Üzeyir pulla ailəsinə köməklik edirdi.

İllər keçdikdən sonra Üzeyir bəyin xanımı tərəfdən qohumu, sonralar onun ev muzeyinin direktoru olmuş Ramazan Xəlilov həmin kitabdan birini Şuşadan tapdırıb Üzeyir bəyə doğum günü hədiyyəsi kimi verir. Əhvalat belə olur. Ramazan Xəlilov “Üzeyir bəyi hansı hədiyyə ilə təəccübləndirmək olar?” - deyə çox düşünür və tapır. Şuşaya gedib orda qocaman zərgər Yemiş əmini tapır və ondan şuşalıların evindən o kitabı tapıb çıxartmağı xahiş edir. Xahiş yerinə yetirilir və Ramazan müəllim həmin kitabı Üzeyir bəyin iş otağındakı siyirməsinə qoyur.

Ramazan müəllim xatirələrində yazır ki, Üzeyir bəyin bir adəti vardı: “Hər səhər əl-üzünü yuyub iş otağına keçərdi, yarım stəkan çaydan və bir-neçə qullab siqaretdən sonra işləyərdi. Yalnız ondan sonra səhər yeməyi üçün qonaq otağına keçərdi. Siqaretini götürmək üçün siyirməni açanda “Kitabi-məzhəkə”ni görür. “Bunu ancaq Ramazan edər” - xanımı Məleykəyə söyləyir və gözləri dolur. O, hədiyyə həqiqətən Üzeyir bəy üçün qiymətli idi”. Həmin kitab muzeyin fonduna daxil edilməmişdi. Ramazan Xəlilovun şəxsi arxivində saxlanılırdı”.

Yeri gəlmişkən, Ramazan Xəlilov Tiflisdə yaşayan vaxtlar Bakıda Üzeyir bəyin ev muzeyi yaradılır və o vaxt Heydər Əliyev onu Bakıya gətirtdirib – “Səni bu muzeyə ömürlük direktor təyin edirəm”, - deyib. Ramazan Xəlilov ömrünün sonuna qədər Üzeyir bəyin ev muzeyinə rəhbərlik edib. Onun şəxsi arxivi Üzeyir bəyin ev muzeyi qədər zəngin olub. Muzey darısqal olduğundan onları muzeyə daşımayıb. Arxivin bir hissəsi ölümündən sonra oğlu tərəfindən muzeyə verilib, bir hissəsi isə oğlunun muzeydən oğurluq etməsi adı ilə həbs olunmasından sonra müsadirə edilib muzeyə verilib.

İlk sevgi və sonsuzluq

14 yaşında Üzeyir Qori müəllimlər seminariyasına oxumağa gedir. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, ripka, violonçel və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.

Üzeyir bəy Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şeylər qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi.

Evlənirlər, Bakıda kirayədə yaşayırlar. Sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar.

Onların övladlarının olmamamsı Məleykə xanımdan olub, amma Üzeyir bəy övlad naminə olsa belə sevgili xanımından ayrılmağa razı olmayıb. Üzeyir bəyin həmyaşıdı, eyni gündə, ayda, ildə doğulduqları Müslüm Maqomayev (Qroznıda doğulub) Məleykə xanımın bacısı ilə ailə qurur. Azərbnaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar.

Neçə dəfə ölümdən qurtulub

Üzeyir Hacıbəylinin istedadı, artıq dünyaya yayılmış şöhrəti ona qarşı qısqanclıqları gün-gündən artırır. Onu xeyirxahlar neçı dəfələrlə ölümün pəncəsindən alıb, Belə bir insana ölüm istəyənlər də az olmayıb. Hadrutda dərs dediyi vaxtlar erməni-müsəlman davasının orda vüsət aldığı 1905-ci ilə təsadüf edir. Kəndin ağsaqqaları ermənilərin Üzeyir bəyə qarşı qıcanan dişlərini görüb onu gizlincə kənddən çıxarıb Yevlağa, ordan da Bakıya yola salırlar. Bakıda

Stalin Üzeyir bəyi çox sevirdi

1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür: “Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, - deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim öz xatirələrində qeyd edib.

O vaxt sovet rəhbəri Stalin çoxsaylı repressiyalara imza atsa da, Üzeyir bəyi çox sevərmiş. Mircəfər Bağırovdan Üzeyir bəyə xüsusi salam göndərərmiş. 37-ci ildə yazılan “Koroğlu”, “Arşın mal alan” operalarını Stalin əzbərdən bilirmiş. Özü bu barədə Üzeyir bəyə deyib ki, hər iki operanəzə çox sevirəm və əzbərdən bilirəm.

Niyə müharibənin qızğın vaxtı film çəkildi?

“Arşın mal alan” filminin 45-ci ildə, müharibənin gedişatı vaxtı ekranlara çıxmasının səbəbi də erməniləri oğurluğu olub. Amerikada yaşayan erməni rejissoru bir film çəkir. Film bütünlüklə “Arşın mal alan”ın süjetidir, amma Üzeyir bəyin imzası yoxdur. Rejissor yalnız filmin şərq motivləri ilə çəkildiyinin yazıb. Bunu əvvəlcə Azərbaycan rəhbərliyi, onun vasitəsi ilə sovet rəhbərliyi bilir. SSRİ müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından Üzeyir bəyin hüquqlarını qoruya bilmir. Stalin deyir bunun bir yolu var, təcili “Arşın mal alan” filmi çəkilib bütün dünyaya yayılsın. Elə də film bütün dünyada məşhur olur.

1938-ci ildə Moskvada Azərbaycan incəsənəti günlərində “Koroğlu” operasına Stalin özü şəxsən üç dəfə tamaşa edir. Ondan sonra Üzeyir SSRİ bəstəkarları içərisində ilk olaraq xalq artisti adına layiq görülür. Belə bir dostluq şarjı çəkilir, bütün bəstəkarlar bir sırada öndə onları Üzeyir bəy arxasınca aparır. Dekadan sonra Azərbaycan nümayəndə heyətinə şəxsən ziyafət verən Stalin Üzeyir bəyi başda öz yanında əyləşdirir. Ordaca Stalin Üzeyir bəyin şərəfinə “Arşın mal alan”dan Əsgərin ariyasını bir parça oxuyur. Qardaşı Ceyhun barədə Üzeyir bəyə sual verən Stalin onun xaricdə yaşadığını bildiyini söyləyir, sonra - “Ona yazın gəlsin vətənə, biz onu işlə, evlə təmin edərik”, - deyir. “Koroğlu” operası barədə Üzeyir bəyə müsbət rəy deyən Stalin onu da qeyd edir ki, sizin gördüyünüz iş bütün sovet bəstəkarlarına örnək olmalıdır, Şərq musiqisi ilə Qərb musiqisinin sintezi bir örnəkdir.

Erməni fitnəsindən qazanılan xəstəlik

1939-cu ilin okyabrında Stalinin göstərişi ilə Üzeyir bəy Bakıda musiqi festivalı keçirir. Festival müsabiqəsində qalib ola bilməyən ermənilər Molotova məktub yazıb Üzeyir bəyi millətçilikdə günahlandırırlar. Molotov məktubu Üzeyir bəyin özünə göndərir. Ona qədər belə bir hadisə olmuşdu. Ölkənin tanınmış 59 ziyalısının siyahısı “NKVD”-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xəbər Mir Cəfər Bağırova çatır. Bağırov xəbər tutan kimi həmin siyahını gətizdirmiş və məhv etmişdi. 1937-ci ilin qanlı repressiyaları da Üzeyir bəydən belə yan keçmişdi. İndi yenidən millətçi damğası, özü də günahsız yerə, vurulacağından qorxan Üzeyir bəy şəkərə tutulur.

Mir Cəfər Bağırov tabutunu götürüb

Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik yenə də özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Onu dərhal xəstəxanaya yerləşdirirlər. “Leçkomissiya”da Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim bilərəkdən bəstəkara çox kəskin pəhriz yazır, eyni zamanda insulin vurur. İnsulin vurulanda isə pəhriz olmaz. Üzeyir bəy bir ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın da həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını təsdiqləyirlər. Həkim onun üç ay yaşayacağını deyir. Üzeyir bəy ordan Mərdəkana hökumət bağına gətirilir. Mircəfər Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında Üzeyir Hacıbəylini öz evinə gətirirlər.
Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında evdə vəfat edir.

Şərqdə ilk operanın, ümumiyyətlə peşəkar musiqi sənətinin banisinin dəfninə demək olar ki, bütün Azərbaycan yığılır. Mir Cəfər Bağırov onun tabutunun altına çiynini verməyi özünə şərəf bilir.

İllər keçir bir gün onun ölümünə səbəb olan erməni milləti Üzeyir bəyi də öz adlarına çıxırlar. Araşdırma vaxtı bir erməni bəstəkarının fikirləri çıxdı qarşıma. Erməni musiqiçisi Aram Xaçaturyan yazır: “Hacıbəyov sənəti indiyə qədər ölkəmizdə və xaricdə Şərq musiqisinin inkişafına xidmət edir. Üzeyir hacıbəyov mənə müəllim və ilhamverci qüvvə olub. İlk sənət addımlarımı atanda bu ağıllı və nüfuzlu adam mənim sənət yönümü bəyəndi və mənə dayaq oldu”. Çox uzaqgörən fikridir, düşünülmüş şəkildə bircə kəlmə azərbaycan bəstəkarı ifadəsi işlətmir.



Ramilə QURBANLI

P.S. Bu gün Üzeyir Hacıbəyovun doğum günü idi…
# 2178 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #