“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb

“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb
23 iyul 2021
# 15:15

Heydər Əliyev Mərkəzində “Nizaminin süjet və obrazları” adlı sərgi açılıb.

Heydər Əliyev Fondunun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: “Biz çox şadıq ki, sərgi nəhayət Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm sentyabrın 26-a kimi davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq”.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub gedib. Buraya beş müstəqil poema daxildir - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İskəndərnamə”. Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsirini əks etdirir.

Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus “vizit kartına” çevrilib. Məsələn, bunlara Şirinin bulaqda çimdiyi məşhur səhnə və ya öküzü qüllənin başına daşıyan Bəhram Gurun sevgilisinə həsr edilmiş təsvirləri aid edilə bilər. Ekspozisiyadakı ən qədim eksponat isə 13-cü əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində “Xosrov və Şirin” poemasından səhnələrin təsvir olunduğu qabdır.

Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunub. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin “İsgəndər və dərviş” adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.

Sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #