Yersiz müəlliflər çap olunmasın

Yersiz müəlliflər çap olunmasın
30 aprel 2019
# 13:00

Əzizim, Kulislilər!

Bir məqamı qeyd eləyib keçəcəm mətləbə. Kulis.az-ı gerçəkdən gözəlim Azərbaycan ədəbiyyatının məmləkəti hesab edirəm. Ol səbəb, “Kulisçilər” deyil, “Kulislilər” deyə xitab etdim. Və…

Düzü, bəzən yersiz müəllifləri görüb təəssüf etdiyim olur. Nədən ki, Kulisi etalon, meyar görmək istəmişəm hərdaim. Kulisdə yayınlanmaq bir vəsiqə sayılmalıydı. Tanımadığımız bir müəllifi böylə təqdim eyləyəndə, nəsə deməliydi təqdimat. Məsələn: “Kulisdə şeirləri gedib”. Hə, Kulisdə gedibsə, deməli… Səd-əfsus, bu, olmadı. Neynək…

Bu səhər isə atalar sözləri ilə bağlı bir material gördüm, qəribəmə gəldi. “Atalarımız onu da deyib, bunu da – Hansına inanaq?” başlıqlı yazıda ilk nümunə diqqətimi çəkdi.

“Çayı keçənə qədər erməniyə dayı deyərəm” – “Keçmə namərd körpüsündən qoy yesin aslan səni”.

Əvvəla, hər iki nümunə yanlışdır. Doğru variantları qeyd etməyi özümə borc bilirəm.

1. “Körpünü keçənə qədər AYIYA dayı deyərlər”.

2. “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, yatma tülkü daldasında, qoy yesin aslan səni”.

Əzizim Kulislilər, yaxşı bilirsiniz. Ki, atalar heç vədə övladlara ikiüzlülük, alçaqlıq, yalağalıq təlqin etməzlər. Atalar sözlərinin məhək daşı - Xarakterdir. Hansı deyimdə xarakter göstərilirsə, deməli, atalar sözü odur. Bu müstəvidə “Körpünü keçənə qədər ayıya dayı deyərlər” sloqanı Atalar deyil, Gədalar sözüdür. O ki qaldı “erməni məsələsinə”, bu, Azərbaycan xalqına atılmış böhtandır. Alt qatları da hamıya məlum. Deyim ki, heç bir azərbaycanlı erməniyə dayı deməz. Ayıya deyər, amma erməniyə deməz. Əlbəttə, bu sırtıq sloqanın hər iki variantında söhbətin nədən getdiyini yaxşı bilirəm. Çox yəqin, sizin də bunu bildiyimə şübhəniz yoxdur. Ol səbəb, detallara varmıram. Sadəcə qəsdim budur ki, ədəbiyyatın məmləkəti hesab etdiyimiz bir məkanda belə “dezo”lar tirajlanmasın. Bir oxucu kimi belə məsələlərdə ölçü hissini son dərəcə həssas götürməyə çağırıram sizi.

P.S. Bir də, kimi gəldi “Tanınmış” arayışıyla təqdim etməyiniz gülüş doğurur məndə. Axı tanınmışlıq bir o qədər də sirli məsələ deyil. Adam məşhurdursa, populyardırsa, tanınıbsa, sadəcə adını, yaxud imzasını təqdim edərlər, bitər gedər. Yox?

# 5114 dəfə oxunub

Müəllifin son yazıları

# # #