Qalmışıq bayağı əlində...

Qalmışıq bayağı əlində...
23 may 2014
# 15:38

Şəhriyar del Gerani

Dediyim bu kİ, hadisəni detallarıyla danışanda oxucu inanır. Daha dəqiq desək – oxucu inanmaya bilmir. Əlbəttə, yazıçı oxucuya inanmaması üçün şans verməli deyil. Elə rejissor da izləyiciyə qarşı eynən belə davranmalı.

Yerli seriallardan danışacam, diqqətli olun!


Bir gün bir dost dedi, “Qız yükü” serialına bax, gör bir necə çəkilib? Dedim, dayan görüm, bu nə addı belə: “Qız yükü”? Adam lap istəyir belinə şal bağlayıb qıçının arasında şor satsın. Yəni, serialın adını eşidəndə içinə milçək düşmüş küftə qazanından başqa heç nə təsəvvür eləyə bilmirsən. Gəldim evə, vaxtını-vədəsini öyrənib baxdım.


Deməli, bir qız evdən çıxır, baş götürüb gedir. Gedir, gedir, gedir... dönür, körpünün altından keçir, təpəni aşır, arxın kənarıyla davam eləyir, gedir, gedir... yulğunluğun dalına keçib fırlanıb-fırlanıb birtəhər dayanır. Bir az keçir başqa biri (bu dəfə köntöy bir oğlan) görünür. Bu da gedir, gedir, gedir... dönür, körpünün üstündən atdanır (kadrlardakı fərqə baxın), təpəni keçir, arxın kənarıyla yoluna davam edir. Gedir-gedir qız olan yulğunluğu keçir. Keçir, gedir, gedir... Qəfil dönüb qayıdır yulğunluğun arasına. (Sən demə güdüyə-filan duran olar deyə iz itirir əmioğlu) Aha, mən də marığa durmuşam. Bütün vücudumla durub baxıram. Ki, görən indi nolacaq? Yox e, ağlınıza başqa şey gəlməsin. Uşaq ha deyilsiz. Porno lazım olsa google-də axtarış verərəm, 256-sı çıxar. Guya lap çəksələr, nə çəkəsidilər e? O biri vardı, bir ara hoydu-hoyduya götürmüşdülər, oğlanla-qız yataqda-filan... Qardaş “bombalıq” eləyib 200 manat çıxardır, verir qıza. Qız nə qız! 30 manatı əlin əsə-əsə verərsən ən yaxşı halda.

Hələ yataq səhnəsi... Fuu!


Dediyim bu ki, heç bir gözləntim-filan yoxdur.

Gör bir qız qayıdıb gədəyə nə deyir:


- Oyy, gəldin?


Oğlan da qayıdıb cavab verir:


- Bıy, burdasan?

Səydərəvənd, görmürsən ordadı? Hansı axmaq o boyda yolu basa-basa gələrdi sənə görə?

Qız təzədən qayıdır:

- Əlquşad, eşidirəm səni, məni bura niyə çağırmısan?


Oğlan qayıdıb nə desə yaxşıdır?


- De görüm, Arifin tövləsini kim yandırıb?


Zibil olsun sən görən işin içinə! Başqa heç nə! Ə, a gijdənpo, tövlə yeridi heç?


Gəlinbacımız da qayıdıb deyir:


- Mirgüləziz!


Oğlan da reaksiya verir:


- Axx, belə də bilirdim!

Sonra da qız çıxıb o tərəfə gedir, oğlan da çıxıb bu tərəfə.

Vəssalam!

İnanın, gülmək tutub məni, qarnımı qucaqlayıb uzanmışam yerə, ayaqlarımı da qaldırmışam göyə, uğunub getmişəm.


İlahi, necə də qalmışıq bayağı əlində, özün bizə kömək ol. Ay yoldaşlar, belə “işverənlik” kimi də çıxmasın, dövlət büdcəsindən o boyda vəsait ayrılıb, niyə urvatsız eləyirsiz o pulları? Niyə bildiyiniz işlə məşğul olmursuz? Axı niyə bizdə işi işbilənə tapşırmırlar? Niyə bizdə peşəkarlardan tüfeyli, həvəskarlardan dahi düzəltməyə bunca həvəs var?






# 2480 dəfə oxunub

Müəllifin son yazıları

# # #