O qızı bunca ifşadan sonra necə xilas etmək olar?

O qızı bunca ifşadan sonra necə xilas etmək olar?
4 iyul 2024
# 17:30

Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.

Bakıda bir qadın dörd uşağını küçəyə atıb, qaçıb. Axşamüstü İTV-dan xəbərlərə baxırdım, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə açıqlamasında dedi ki, “Uşaqların hərəsi bir kişidəndir”. Qəribəmə gəldi. Haqlı olaraq suallarım yarandı həm İTV-a, həm də Kəmalə xanıma. Suallarımı aşağıda qeyd edir və təcrübəmdən deyirəm, nə İTV, nə də Kəmalə xanım bu suallara cavab verməyəcək. Odur ki, öz cavablarımızı özümüz tapaq. Cavab vermək hər kəsin haqqıdır. Getdik!

Sual N 1:

- Əzizim dost İTV, bu söhbətin harası İCTİMAİDİR?

Sual N 2:

- Gözəlim dost İTV, bu məsələnin harası ETİKDİR?

Sual N 3:

- Əzizim dost Kəmalə xanım, bu açıqlamanın harasındadır rəhbəri olduğunuz təşkilatın adındakı Birlik; Sığınacaq; Reinteqrasiya sözlərinin mahiyyəti?

Sual N 4:

- Uşaqlardan biri çağadır, 5-6 aylıq, o “heç”. Digərinin təxminən 5, o birinin təxminən 4 yaşı var. Onlar da “heç”. Ona görə “heç” deyirəm ki, hələ yaddaşları formalaşmayıb. Ən dəhşətli məsələ böyük uşağındır, təxminən 14 yaşı var. Görəsən ağlı kəsən, yetişmiş zəka, yaddaş, emosiya sahibəsi olan bu qızcığazı necə xilas etmək olar bunca ifşadan sonra?

Sual N 5:

- Nə etməli? Bu əbədi ölkədə yeganə çıxış yolu doğrudanmı ancaq və ancaq Hava Limanıdır?

# 3396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #