Əkrəm Əylislinin avtoqolu

 Əkrəm Əylislinin avtoqolu
31 yanvar 2013
# 15:49

Bir dəfə Nisə Bəyim maraqlı bir status yazmışdı; “Ey dünya, elə fırlan ki, yıxılmayaq”.

Gerçəkdən, son vaxtlar gündəm elə sürətlə dəyişir ki, adamın lap başı fırlanır, müvazinəti saxlamaq çətinləşir.

Özü də artıq hadisələri izləmək üçün əziyyət çəkmək də lazım gəlmir. Oturursan Facebookda, xəbərlər özü gəlib yanından sırayla keçirlər. Sən də əlini atıb hansını istəsən, götürürsən.

Şair şox gözəl deyib:

Gündəmlər bir olmur, atam balası,

Ağırı var, yüngülü var...

Düzdü, şair tam olaraq bu cür deməyib, amma nə fərq edər...

Belə getsə, bir azdan doymuş məhlula çevriləcəyik. Artıq nəyəsə reaksiya vermək qabiliyyətimiz olmayacaq.

Hələ ki gündəmə vurulmuşun son qolun müəllifi Əkrəm Əylislidi.

Əkrəm Əylisli sözün əsl mənasında yazıçıdı, bunu heç kim dana bilməz.

Bizim çoxumuzun ruhumuzda onun əsərlərindən bir parça var.

Bu da başqa bir həqiqətdi ki, onun gündəmi silkələməyə daha çox haqqı çatır.

Amma bu şəkildə deyil. Yaraları qanadaraq yox. Vətənşüvənlərin əlinə mövzu verərək heç yox.

Bu mövzuda uzun-uzadı müzakirə açmağa ehtiyac yoxdu.

Əkrəm Əylisli qol vurdu, düzdü. Amma təəssüf ki, avtoqol. Yəni, öz qapımıza.

Azarkeşlər avtoqol vurmuş oyunçunu çox çətin bağışlayır. Nə qədər yaxşı oyunçu olsa da.

# 4122 dəfə oxunub

Müəllifin son yazıları

# # #