Xalq artisti: "Heydər Əliyev əlini çiynimə qoydu ki..." - Müsahibə

Xalq artisti:  "Heydər Əliyev əlini çiynimə qoydu ki..." - Müsahibə
6 yanvar 2024
# 12:00

Kulis.az Samirə Əşrəfin Xalq artisti Zaur Rzayevlə müsahibəsini təqdim edir.

- Salam , Zaur müəllim. Necəsiniz?

- Yaxşıyam.

- Pandemiya, sonra müharibə... - sənət adamı kimi sizə necə təsir göstərdi?

- Sənət adamları kövrək olur. Yaşın da elə vaxtıdır ki, insan istər-istəməz hər şeyə qapılır, haqsızlığa dözə bilmirsən. Ümumiyyətlə, mən ruhən haqq-ədalətə bağlıyam, haqsızlıq edən övladım olsa, bağışlamaram. Kiminsə haqqını kiməsə verəsən, - onu heç cür qəbul etmirəm. Ağıllı insanlar qəbul etmir. Anlamlı həyat keçirmişəm. Həyat belədir də. Nə qədər özünü cahangir sayırsan, mümkün deyil. Bu dünya heç kimindir, onun sahibi Allahdır. Amma biz insanlar hərdən o qədər həddimizi aşırıq, az qala, nərdivanla qalxırıq Allahın yanına ki, bəs biz gəlmişik. İndi bax dünya çalxalanır. Hər şey var, amma heç nə yoxdur. Həyat insanı sıxır, haqsızlıq sıxır. Bizim ölkədə belə deyil. Şükür Allaha ki, müharibəni udduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa, analarına, atalarına səbir diləyirəm.


- Zaur müəllim, dediniz ki, maraqlı həyatım olub. Mən sizin həyatınızı araşdıranda gördüm ki, doğrudan da, belədir. Amma mənə maraqlıdır ki, musiqiçi, xanəndə olmasaydınız, həyatınız bu dərəcədə maraqlı olardı? Həyatınızı xarakterinizlə yenə də bu dərəcədə maraqlı edə bilərdinizmi?

- Ümumiyyətlə, mən hansı sahədə olsam, o sahədə çox mükəmməl olardım. Ən zəif olduğum sahə musiqidir. Hər zaman deyirəm: əfsus, ən gözəl mahnılarımı oxuya bilmədim. İndiki vəziyyətlə, həyatla, bir az da xarakterimlə bağlıdır belə olmağı. Böyük sənətkar maestro Niyazinin bir sözü var, həmişə deyirdi ki, sənəti yaxşı bilən musiqiçi dövlətin hər hansı bir işində çalışa bilər. Ona görə ki, ayıq-sayıq olurlar. Niyazi mənim müdirim olub, məni çox sevib. Azərbaycanda Niyazinin dediyi qəbildən bu dəqiqə beş oxuyan var. Toya gedirsən, - cavanlıqda daha çox gedirdik - dostlar xahiş edir, oxuyursan, amma 300 nəfərin arasında oxuya bilmərəm. Gərək öz adamımı tapım. Toyda “ Bakılı balasıyam”, “ Gəl gedək Qazağa” oxuyurlar. Olmaz. İndiki dövrdə deyirlər ki, sən oxu, mən oynayım. Oxumağa qulaq asarlar. İfalar da dəyişib. Meyxana janrı var. Niyə qadınlar “ Heyvagülü” ,
“ Qoçəli” oynamasın, amma şıdırğı mahnını oynasın? İndi qadınlar kişi ritmiylə oynayır.

- Mahnıların da bir dövrü var. Adını çəkdiyiniz mahnılar sanki bu dövrə adlaya bilmədilər.

- Bilirsiniz, indi elə mahnılar çıxıb ki... Efirdə kimlər var? Məsələn, səhər dururam, - “ Xəbər-ətər” verilişi var, hamısı da cavanlar. - Bir az baxıram, gülməli gəlir. Çünki oxusalar, deyərsən, qoy oxusunlar. Oxuyurlar, sonra da özlərini tərifləyirlər. Geyimlərini göstərirlər. Günortadan sonra Zaur Baxşəliyev başlayır, axşam Zaur Kamal, sonra Xoşqədəm, sonra da Roza. Bu nə deməkdir?


- Problem nədir, Zaur müəllim?

- Problem odur ki, heç kəs öz yerində deyil. O kanallara rəhbərlik edənlər ki var, Füzulini, Qarabağı göstərsinlər, ana-ata sevgisini, torpaq sevgisini təbliğ etsinlər. Efirdə nə qədər mənfi sözlər danışmaq olar? Mahnı gərək səni tərbiyə etsin, düşündürsün. Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnıları kimi. İndiki mahnılar tərbiyəsizdir. Adını çəkməyim, özünüz tanıyacaqsınız. Xalq artisti oxuyur. Kişi nə qədər nazlanar? Efirə necə maykada çıxmaq olar? Elə musiqiçi var, səsi möhtəşəmdir, amma görüntüsü yox. Qədir Rüstəmov kimi. Qədir Rüstəmov o səslə bütün dünyaya sevdirdi özünü. İnsan var, səsi də var, görkəmi də - Rəşid Behbudov, Müslüm Maqomayev. Rəşid Behbudov erməni, yəhudi, rus dillərini bilirdi, Müslüm oxuyanda bilirdin ki, oxuyan kişidir.

- İslam Rzayev, Yaqub Məmmədov da bu qəbildən sənətkarlar olub.

- Yaqubun “ Qarabağ şikəstəsi”ni kim o cür oxuya bilər? İndi on oğlan oxuyur, başa düşmürsən, bu oğlandır, yoxsa qız. Yaxşı səs çox az hallarda olur. 19-20-ci əsrlərdə Azərbaycanda 5-10 yaxşı səs olub: Bülbül, Rəşid Behbudov, Müslüm, Arif Babayev, Yaqub Məmmədov, İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev. Sonra biz gəlmişik - Məmmədbağır, Rövşən Behcət. Toy gözəldir, amma gərək sənətin olsun. Bu dəqiqə məşhur olmaq üçün iki başıpozuq mahnı oxumalısan, çox avara sözləri olmalıdır. Xalqı da yoldan çıxarırlar.

- Sizin dövrünüzdə ciddi senzura olub. Ağadadaş müəllimlə söhbətimdə Məmmədbağırın, Məhəbbətin efirə buraxılmadığını qeyd etmişdi.

- Məmmədbağır ara mahnıları oxuyurdu, efirə buraxmırdılar. Əhməd Bakıxanovun ansamblı ilə yarım saat canlı ifa etməliydin o illərdə. Asan deyil. Səs, hünər lazımdır. Sonra fonoqram gəldi. Habil Əliyev deyirdi ki, indiki oxuyanların səsi cibindədir.


- Zaur müəllim, sizə elə gəlmir ki, çox mühafizəkarsınız?

- Elədir, qəbul edə bilmirəm çox şeyi.

- Sizin dövrünüzdə senzura çox şeylərə mane olub. Üzük niyə olmasın? Müğənninin üzüyü olar.

- O quruluşun da öz gözəlliyi var idi.

- Nə idi gözəlliyi?

- Təhsil verdi, tərbiyə verdi, ölkə inkişaf elədi. İndi oxumaq üçün çətin heç nə yoxdur. Mən sizə mövzu verim, hazırlaşın, olun müğənni.

- Özü də Qarabağlıyam.

- Xarici görkəminiz də yerində, olun məşhur.

- Canlı klassiksiniz. O dövrün tanınmış sənətkarları ilə işləmisiniz. Mənə o dövrün qaydaları çox maraqlıdır. O dövr inqilab edən sənətkarları bağışlamırdılar. Qadınlardan Zeynəb Xanlarova, Nəzakət Teymurova müəyyən hərəkətlər edərək səhnə inqilabı etdilər. Sizə qarşı senzuralar olurdu?

- Mən hər şeyə fikir verirdim. Allahsızlıq dövrü idi. "Allaha da xoş gələr" yox, "Ellərə də xoş gələr, ay bəri bax" oxuyurdum. Seyid Əzimin bir qəzəlini oxumuşdum:

“Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,

Qan oldu könül, o gülü mən xar ilə gördüm”.

Rusdilli idi senzuradakı rəhbər. Demişdi ki, nə qan? Deyirdim, Seyid Əzim yazıb, mən yazmamışam. Tarix boyu yeri səhv düşənlər olub, amma indi daha çoxdur. Efirdə ailəsi, özü nümunə olanlar danışmalıdır. İndi hamı Xalq artistidir. Toydan qazandıqları halal xoşları. Biz də qazanmışıq və xalqın xeyrində, şərində pulsuz ifa etmişik. 25 il orduya xidmət etmişəm. Ansamblın bədii rəhbəri olmuşam. Elə bir səngər yoxdur ki, mən orada konsert verməyim. Dağıstanın Əməkdar ncəsənət xadimi adına layiq görülən ilk azərbaycanlıyam.


- Çox maraqlıdır.

- Ala gözümə görə verməyiblər. Xaçmaz-Dərbənd qardaş şəhərlərdir. Öz təşəbbüsümlə mən, Firuzə İbadova və digər musiqiçilər hər il 10 mayda Heydər Əliyevin şərəfinə konsert verirdik. Dağıstanın baş naziri İsayeviç bir dəfə qonaqlıqda elan etdi ki, Zaur Rzayevə Dağıstanın Əməkdar artisti adını veririk. Əziz Əliyevin Dağıstanda heykəlinin qoyulmasının təşəbbüskarı oldum. Dağıstan KP 1-ci katibi olub uzun müddət Əziz Əliyev. Artur Rasizadə, Abbas Abbasov, Avtandil İsrafilov, Mətanət, Azər Zeynalov və mən iştirak etdik heykəlin açılışında. Dağıstanın səfiri ilə oturmuşduq. Dedi, sizə Xalq artisti adı verəcəyik, başqa kimə verək? Azər Zeynalovla Avtandilin adını çəkdim. Azərlə Avtandil mənə dedilər ki, bizə versələr, Əməkdar artist verərlər. Dedim, sizə Xalq artisti verəcəklər. Xeyirxahlığımı da həmişə deyiblər. Bir dəfə də Respublika sarayında konsertdə məni çavuş Zaur Rzayev kimi təqdim etdilər. Heydər Əliyev, Səfər Əbiyev həmin konsertdə idilər. Konsertdən sonra Heydər Əliyev əlini çiynimə qoydu ki, bu boyda çavuş olar? Ordu günü idi. Səhəri çağırdılar ki, ali təhsilli musiqiçidir, kapitan rütbəsi verilsin. Murova Oqtay Kazımovu, Firuzə İbadovanı aparırdım. Firuzə xanımda vətənpərvərlik hissi güclü idi. 2015-ci ildə təqaüdə çıxanda dedilər, sən polkovnik-leytenantla təqaüdə çıxmalı idin. Mən belə şeylərə gedən deyiləm. Habil Əliyev deyirdi ki, elə oxuyur, heç kim təkrarlaya bilmir. Mahnıları özüm seçmirdim, Nadir Əzimovundur. Toyda biz də şən mahnı oxuyurduq - Ələkbər Tağıyevdən.

- Göz qabağında olmağı xoşlamırsınız elə bil. Qəndab xanımın cəbhədə əsgərlərə konsert verməyi ilə bağlı internetdə videolar var.

- Elə videolar var. Batabatın üstündə hərbi hissə var idi. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov, Abdulla Qurbani ilə bir yerdə qalxmışıq ora. Başımızı qoymurdular qaldırmağa ki, snayper var. Bir həftə qabaq həmin yerdə bir kapitanı öldürmüşdülər. Alətsiz-zadsız “Torpağına can demişəm”i oxudum, Vətən haqqında şeir dedim. Yaşar, Rasim Balayev, Habil Əliyev, İlhamə - ayda 3-4 dəfə əsgərlərlə görüş keçirirdik. Rasimlə gəncliyim bir yerdə keçib. İlhamə kimi sənətkara nə deyirdin, deyirdi, baş üstə.

- Niyazi müəllimlə necə olub iş birliyiniz?

- Filarmoniyanın müdiri idi. Ən çox konsert verən mən idim. Sonra da Niyaməddin. Mən Astanada ifa edəndə təcili zəng gəldi ki, gəl Bakıya, Heydər Əliyev gəlib. Niyazi bir günün içində evimə telefon xətti çəkdirmişdi. 1966-da bu, çətin idi.


- Niyazi də, deyilənə görə, çətin, acıdil olub.

- Çətin, amma mərd kişi idi. Şəmsi Bədəlbəyli müdirim olub. Firudin Ələkbərov vardı, yaxşı adam idi. Bir dəfə dedi ki, Zaur dünənki uşaqdır, niyə ona daha çox pul verirsiniz? Mən saçlarımı ağartmışam. Şəmsi Bədəlbəyli də dedi ki, saçlarını ağartmısan, sonra da qaraltmısan. Saçları ağaran mənim kimi olar. Bir dəfə Fərhada dedim, o qədər güldü. Şəmsi müəllim çox mülayim adam idi. Hərbi xidmətə Bakıdan kənara gedə bilməzdim. Getsəydim, itib batacaqdım. Dostu hərbi komissar idi. Həll etdi işimi.

- Siz saçınızı heç vaxt qaraltmamısınız?

- Yox.

- Əli Mirəliyevin adını çəkdiniz. Yaxşı səsi, mahnıları var. Fərq maddiyatdırmı, siz efirə çıxmırsınız, Əli müəllim çıxır?

- Hər oxuyan Molla Pənah olmur. Boş olanın sənəti necədirsə, özü də elədir. Zeynəbin oxumağı əladır. Sənəti necədirsə, özü də elədir.

- Şəxsiyyət mütləq sənətə təsir göstərir.

- Mən demirəm, Zeynəb Müslümdür ya Şövkətdir. O vaxt Niyazi qayıtdı ki, Zeynəb oxuduğu yaxşı toyxanadır. “Çıqıdıçuq”u Zeynəb gətirib. Nə Şövkət, nə Tükəzban, nə Rübabə elə oxuyub. Əli Mirəliyev hamını biabır edir, bircə mənə daş ata bilmir.


- Çəkinir sizdən.

- Vaxtında onu o qədər qulluğa göndərmişəm. Musiqili səsi var. Xan Şuşinski olub müəllimim. 15 illik musiqi təhsilim var. Poeziya mühitində böyümüşəm. Hərdən Əli dərdləşir mənlə. Dedikləri efir sözü deyil. Görür ki, ondan da zəif oxuyanlar efirlərdə min oyundan çıxırlar, o da onun üçün elə edir.

- Adınız da orijinaldır. Zaur adı o vaxt yox idi.

- Atamın “Zauer” alman tüfəngi olub. Adım ordandır. Anar öz əsərinin qəhrəmanına mənim adımı seçib. İlk dəfə efirə çıxanda Qədir Rüstəmovdan sonra ifa etdim. “ Dilbərim” xalq mahnısını oxumuşdum. Kimin toyunu elədim, oğluna Zaur, qızına Dilbər adı qoyurdu.

- Kiminsə səhnəyə çıxmağına kömək etmisinizmi?

- Çox. Qanım xeyirxahlıqla yoğrulub. Milyonçunun dilənçi oğlu. Həyatda belə insanlar da var. Mən məhkumlara kömək etmişəm. İnsandır, yol qəzası edib düşüb məhbəsə. Atam məni belə öyrədib. Kömək etmək lazımdır insanlara.

- Məşədibaba barəsində oxumuşdum. Neçə min pul qazandığı günün səhərsi oğlundan 50 qəpik istəyirmiş.

- Elə adamlar çoxdur.


- Sovet dövründə maddi imkanınız yaxşı olub.

- Min şükür, indi də yaxşıdır. Pulu qazanmaq asandır, saxlamaq çox çətin. Böyük oğlum polis mayorudur. Universitetin tarix, daha sonra hüquq fakültəsini bitirib. O biri oğlum Azər 17 yaşında erməniyə qalib gələrək Afinada dünya çempionu olub. İtaliyada yaşayır.

- Həsən Turabov uşaqlarına aktyor olmağa icazə verməyib. Nə əcəb siz razı oldunuz?

- Evlə iş yerim arasında məsafə 100 metr idi. Azər hər gün gəlib iş yerimin idman zalında məşq edirdi. Mən gedəndən sonra da otağıma keçib pianoda məşq edirmiş. Xəbərim yox idi. 16-17 yaşlarında dedi ki, müğənni olmaq istəyirəm. Dedim, get özünə iş tap. İndikiləri görürdüm axı. Bu da Astraxanda hüquq üzrə oxuyurdu. Bir kaset dinlətdi mənə. Fikirləşdim, yəqin, toy mahnısı oxuyub. Oxuduğu Andrea Boçellinin mahnısı idi. O qədər yaxşı oxumuşdu ki, əlim üzümdə qaldı. Bir il italyan dilini öyrəndi. Rektoru Fərhad müəllimə yazıb ki, sizdə balaca Pavarotti böyüyür, ondan muğayat olun.

- Üslublarınız fərqlidir. Evdə ziddiyyət yaranırmı?

- Vokal bitirmişəm. Samir yaxşı oxuyandır, özü deyir ki, siz oxuyanda lay-lay çalırsınız. Allah Samirə səs verib, amma o hissi verməyib. Oğlum deyir, nə varsa, səndən götürmüşəm. Oğlumun Venesiyadakı konsertində olmuşam. Ən bahalı lojada yoldaşımla ona qulaq asmışıq. Onunla fəxr edirəm. Vokalın vətəni İtaliyadır. Azərbaycanlılarla italiyanlar xaraktercə çox oxşardırlar. İtaliyada operaya zəngin təbəqə gəlir. Oğlum operaya görə Bakıya gəlmir.

- Ailəlidir?

- Subaydır.

- Həyat yoldaşı seçimi ilə bağlı həyatına müdaxilə edirsinizmi?

- Gözəl, ağıllı bir italiyan xanım var həyatında. İstərdim, öz millətimizdən olsun. Azər milli köklərə bağlı, mədəni oğlandır. Özüm deyirəm, sənlə hansısa qız çətin yola gedə.

- Dostlarınız çox olub?

- Çoxu rəhmətə gedib. Sadə xalqa çox bağlı olmuşam. Məmur dostlarım çox olub. Sənətimə, şəxsiyyətimə görə dostluq ediblər mənimlə. Xanəndə İslamla qardaş kimi olmuşuq. Çox sakit adam idi.

- Rübabə xanımla necə?

- Şəkillərim var. Onu həyat qırdı. İçkiyə qurşandı. Laqeydlik oldu o cür sənətkara qarşı.

- Təbrizli olmağı da təsir edirmiş, yəqin.

- Ərdəbilə buraxmadılar onu. İçkili efirə çıxdı. Sənəti olan üçün bu sənət çətindir. Qulu Əsgərova altı dəfə fəxri fərman verildi. İki fəxri fərman ad demək idi. Ancaq fəxri ad verilmədi ona.

- Atanızı necə xatırlayırsınız?

- Qəbrinə qurban olum. Dəmiryolu işçisi olub. 1978-də rəhmətə gedib.


# 1581 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #