Dili qurusun paxıl və məddah şairlərin. I Axsitanın qulağına nə pıçıldayıblarsa, şirvanşah fərman verib, Əfzələddin Xaqanini salıblar zindana.
Şair yeddi ay dustaq olub Şabran qalasında. Nə əfv ərizəsi yazıb, nə də şirvanşahın başmağının bağını mədh eləyib. Kişi kimi sınmadan yatıb zindanda. Sonunda Xaqani qədər kişi və şair ola bilməyən Əbül-Üla girib araya. Məcbur olub kürəkəninə görə ağız açıb saray əyanlarından bir neçəsinə. Axır ki şairi buraxıblar azadlığa. Xaqani arvad-uşağını götürüb köçüb Təbrizə. Elə orda da dünyasını dəyişib. Şair gedəndə cəsarəti də aparıb özü ilə, mərdliyi də.
Neçə yüz ildən sonra Nəsimi təxəllüslü şair peyda olub Şirvanda. Yazdıqlarına görə sıxma-boğmaya salıblar binəvanı. Təzyiqlərə tab gətirməyib üz tutub qürbətə. Dərvişlərə qoşulub Hindistanacan gedib. Şeirlərini oxuduqca müridlər cəm olub başına. Ölkələr gəzib, şəhərlər ayaqdan salıb. Günlərin bir günü ala qapıdan Hələbə varid olanda saqqalları göbəklərini qıdıqlayan şeyxlər tutub şairin əl-qolunu bağlayıblar ki, Nəsimi, hazır ol, dərini soyacağıq. Şairi çəkiblər şəhər meydanında qurulmuş dar ağacının altına. Hələb əhli yığılıb tamaşaya. Şeyxlər işarə verəndən sonra cəllad “bismillah” deyib xəncəri alıb əlinə. Tarix kitablarında yazılanlara inansaq, şair canından qopan ağrılara məhəl qoymadan başlayıb şeir oxumağa. Dar ağacında qanına bələnən şair son məqamda belə cəsarətini, hazırcavablığını itirməyib. Ona sual verən şeyxin cavabını elə verib ki, həmin məşhur kəlamı indi də orta məktəb dərsliklərində sinəmizi qabartmadan oxuya bilmirik. Hansısa tarixçinin uydurduğu həmin nağılı oxuyan insan gərək özünə bu sualı verə: “Aya, belə bir fiziki ağrıya heç Fikrət Qoca dözməz, Nəsimi necə tab gətirib? Necə son nəfəsində canında təpər tapıb xalqı əşarı ilə feyziyab eləyib?” Dərisi soyulan harayına Allahı çağırar. Allahı yoxdusa, anasını səsləyər. Ya da dişini sıxar dişinə, susar. Şeir oxumaz. Nəsimi də susub və kişi kimi ölüb. Vüqar Əhməd gözəl deyib: “Gözlər kalbin aynasıdır.” Yəni ağıllı ol, bala, hər eşitdiyin sözə inanma. Nahaq fitva verənin saqqalını güvə yesin. Həmən gün cəsarəti də qərib şairimizlə qəbrə qoyub üstünü torpaqlayıblar...
O vaxtdan Azərbaycanda acizliyin və yaltaqlığın poeziyası yaranıb. Nəsimidən üzü bəri yazılan şeirləri oxuyanda adama elə gəlir ki, onları oxuyub-yazmaqda səriştəsi olan bir dəstə dilənçi yazıb. Füzuli, Sabir, Hadi istisnadır. Məsələn, bir şair hansısa kəndin kəndxudasına mənzumeyi-tulani həsr eləyib. Məzmunu təxminən belədir: “Canım, başımın böyüyü, ağayi bəhmənulla! Pənahımız göydə Allahdı, yerdə sən! Sahibimə məlumdu ki, bu il ağaclar yarpağını gec tökdü. Zati-aliləri bilməmiş olmaz ki, bu əlamət qışın sərt keçəcəyinə bir işarədi. Başım sədəqən olsun. Mənə bir Xorasan kürkü əta elə.” Ya da bir başqa şair eşidir ki, Məmişalı xanın xırda qızı Bikə banunun oğlu olub. Çiləsi çıxmamış uşağın adına bir dastan bağlayıb, otuz doqquzuncu gün gəlib xanın hüzuruna. Əsərini təqdim eləyəndən sonra əlini açıb deyib ki, xan, qurbanın olum, pula ehtiyacım var.” Qınamalı deyil: şair də istəyir ki, uşağına pampers, arvadına başmaq, sevgilisinə lifçik-tumuş alsın. Ancaq belə şeylər halal qazancla alınsa, yaxşıdı. Yaltaqlıqla qazanılan pul qumarda udulan pul kimidi - nə hörməti olur, nə bərəkəti. “Hophopnamə” müəllifi Sabirin dilənçi şairlərə həsr elədiyi şeirdən iki misra düşdü yadıma:
Pula sitayiş edən şairin bu qəhbəliyi,
Nəhayət, əqbəh olan bir əda deyil də, nədir?
Bizim klassiklərimiz yarımhəyalıdı. Hər hansı birinin kitabını varaqlayan kimi cürbəcür ölçüdə olan məmələr başlayır dingildəməyə. O biri tərəfdən ətli buxaqlar deyir, məni qıdıqlamasan, barmaqların şil olsun. Tellər başlayır havada sui-qəsd planı cızmağa. Maraq götürür adamı: görəsən, şair sözün başını hara bağlayacaq? Görürsən, heç zad, şeirin axırında bir-iki dəfə “yandım”, “qovruldum” deyib, həyasını da vurub qoltuğuna çıxıb aradan. Belə olmaz axı! Qadın məgər bir tək məmədən, buxaqdan, teldən-qıldan ibarətdi? Hanı digər əzalar? Belə şeirlər qurşaqdan yuxarı şeirlərdi.
Poeziyamızda ilk dəfə qadına qurşaqdan aşağı qələm çalan şairimiz Molla Pənah olub. Budacan, baldıracan düşüb rəhmətlik. Bu barədə imkan olsa, sonra...