Homoseksual jurnalistə görə daş-qalaq edilən prokuror - Hər şey haqqında heç nə

Homoseksual jurnalistə görə daş-qalaq edilən prokuror - Hər şey haqqında heç nə
23 noyabr 2023
# 12:00

Kulis.az Rəvan Cavidin "Quraq günlər" filmi haqqında yazdığı "Hər şey haqqında heç nə ifadə etməyən film" adlı yazısını təqdim edir.

Bu il Türkiyədə, eləcə də Kann festivalında ən çox haqqında danışılan filmlərdən biri də Emin Alperin “Quraq günlər”i oldu.

Gah filmin Türkiyədə yayımı ilə bağlı qadağaların olacağı deyildi, gah premyerasının baş tutmadığını iddia etdilər, gah da filmin böyük bir hissəsinin kəsildiyini yazdılar.

Bütün iddialar təkzib olundu.

İlk dəfə Kann festivalında nümayiş etdirilən film 59-cu Qızıl Portağal Beynəlxalq Film festivalında “Ən yaxşı rejissor” daxil olmaqla, doqquz müxtəlif nominasiyada qalib oldu.
Filmin bu qədər müzakirələrə səbəb olması Türkiyə Mədəniyyət Nazirliyi və filmin yaradıcı heyətinin məhkəməyəcən uzanan davaları ilə bağlı idi.

Filmin ssenarisi nazirliyə “Balkaya” adıyla təqdim olunmuş və layihəyə doqquz yüz əlli min türk lirəsi maddi dəstək verilmişdi.
Lakin filmin həm quruluşçu rejissoru, həm də ssenaristi Emin Alper filmin ssenarisində dəyişiklik edir.

LGBT mövzusu filmin ana xətti olur. Və ssenariyə ciddi siyasi mesajlar əlavə edilir.

Türkiyə Mədəniyyət Nazirliyi filmdə açıq-aşkar LGBT təbliğatını əsas gətirərək verdiyi pulu məhkəmə yolu ilə geri alır. Həm də qat-qat artığını. Əlbəttə, məsələ LGBT olduğu halda (Həm də bu il! Həm də 14 may seçkilərindən cəmi bir ay sonra!) Nazirlik müxtəlif qanunları əsas gətirərək siyasi propaqanda səbəbilə cəza da kəsir.
Ancaq nafilə, film kifayət qədər izlənildi, hətta yay sezonunun ən çox izlənilən filmi oldu. Və filmin yaradıcı heyəti (Ay Yapım) cəmi beş aya on altı milyon türk lirəsi gəlir əldə etdiyini açıqladı.

Filmin Kann festivalında uğur qazanmamasının səbəbləri isə aydındır. Birincisi, ssenari nə qədər yaxşı olsa da, musiqi və səsləndirmə nə qədər peşəkarcasına işlənsə də, filmdə kifayət qədər texniki çatışmazlıqlar və vizual plagiatlar var. Rejissor çox vaxt Tarkovskinin, Kieslovskinin, Tarrın üslublarını təkrarlayır. Hətta bəzi səhnələrdə bu rejissorları birəbir kopyalayır.

Türk izləyicisini bəlkə, bu gedişlərlə aldada bildi, amma “koskoca” Kann festivalını filmin yüzdə yüz orijinallığına inandıra bilmədi. İkincisi, Emin Alperlə bərabər festivalda başqa bir türk rejissorun filmi – Nuri Bilge Ceylanın “Quru otlar üstünə” yarışırdı. Əlbəttə, vaxtilə Türkiyəyə Kann festivalının əsas mükafatını – “Qızıl Palma”nı (2014-cü il, “Qış yuxusu”) gətirən və artıq öz imzasını nəhəng imzalar içinə qatan Nuri Bilge Ceylanla yarışmaq üçüncü filmini çəkən bir rejissor üçün çətin olacaqdı.

“Quraq günlər” filmi anlşılmazlığın və ədalətsizliyin şüurumuzda qazıdığı dərin və təhlükəli çuxurlar haqqındadır.
Film cəmiyyətin içində təkbaşına fərd olmağın, fərdiyyətçiliyin həqiqətləri ilə toplumun yalanları arasında əsir-yesir qalan insan həyatının tərəddüdlərindən bəhs edir.

Susuzluqdan əziyyət çəkən Yanıklı qəsəbəsi.
Bu qəsəbənin hər tərəfində yeraltı suların qanunsuz istismarından dolayı yaranan nəhəng çuxurlar...
İllərdir bələdiyyə çeçkilərindən bir ay qabaq kənd sakinlərinə su vədi verən və illərdir bu problemi həll etməyən icra nümayəndəsi.
Onun kənddə dərəbəylik edən vəkil oğlu.
Kənd camaatının ovladığı çöl donuzları.
Haqqı tapdalanan, ancaq azlıq olduqları üçün heç vaxt şikayətlərinə baxılmayan qaraçılar.
Anadolunun yobaz mentaliteti.
Dövlətin qanunlarından və məhkəməsindən daha çox adətlərin icraçı olduğuna inanan kənd zehniyyəti.
Müxalif jurnalist. O həm də geydir.
“Az aşım, ağrımasın başım” prinsipi ilə işləyən hakim.
Və bütün bu nizamsızlığın qarşısında öz həqiqətləri ilə vicdanlı xidmət etməyə çalışan gənc prokuror.

Filmin ssenarisi yuxarıdakılar və onların ətrafında cərəyan edən bir təcavüz hadisəsi üzərində yazılıb.
Çuxurlar filmin əsas simvoludur. Tamaşaçının zehnində üç mühüm boşluq (cavabsız suallar) buraxan filmdə cavabını tapmadığımız və ya rejissorun cavabını məhz bizim tapmağımızı istədiyi səhnələr var:

Prokuroru içki məclisinə dəvət edən icra nümayəndəsi və oğlu, onların ailə dostu olan diş həkimi əylənərkən bir dəli qaraçı qızını da məclisə dəvət edirlər və onu zorlayırlar. Bu hadisəni prokuror xatırlamır. Ancaq o gecə orada olduğu yaxşı yadındadır. Görəsən, o da qızı zorlayıbmı?
Bir başqa ehtimal da odur ki, o gecə jurnalist prokuroru qorumaq üçün öz evinə gətirir. Kənd sakinləri jurnalisti sevmir. Həm keçmiş bələdiyyə sədrinin yenisindən daha yaxşı olduğunu, susuzluğun və çuxurların səbəbinin təbii fəlakət yox, məhz bələdiyyə sədri olduğunu iddia etdiyi üçün, həm də gey olduğu üçün.
Hadisədən sonra prokurorun onun evində olduğunu bilənlər daha sonra da onları bir yerdə görürlər. Və prokurorla gey jurnalist arasında cinsi münasibətin olduğunu düşünürlər.
Rejissor o gecəni film boyu göstərmədiyi üçün, daha doğrusu, yarımçıq göstərdiyi üçün biz də bilmirik ki, prokuror və jurnalist arasında cinsi yaxınlıq olub, yoxsa yox...

Final səhnəsində prokurorun evini daş-qalaq edən kənd sakinləri onu və jurnalisti bir xeyli qovurlar. Sonda çuxurun bir tərəfində prokuror və jurnalist, digər tərəfində isə qana susamış, ovçu kənd sakinləri dayanır.

Bundan sonrası necə olur, bilmirik.
Kənd sakinləri jurnalisti və prokuroru öldürdülərmi? Yoxsa onlar qaça bildimi?

Əvvəlki prokuror məhz bələdiyyə sədrinin yeraltı suları qanunsuz istismar etdiyinə görə məhkəmə işi açmışdı və birdən qeyb olmuşdu. Heç kim həmin prokurorun başına nə gəldi, bilmədi. İndi də bu gənc prokuror həm kənd camaatının necə aldadıldığını onlara deyirdi, həm təcavüzdə adı hallanırdı, həm də gey jurnalistlə münasibətdə olduğu deyilirdi.
Yobaz bir qəsəbənin bu üç “yanlış”ı bağışlamağı mümkün deyildi. Bəs nə oldu? Qaça bildilərmi? Bilmirik.

Filmdə o qədər çox şeydən danışılır ki, amma heç birinin həlli yoxdur.

Sosial ədalətsizlik, yobazlaşmış qəsəbə düşüncəsi, insanların haqqını tapdalayan dövlət məmurları, bunlara göz yuman başqa qurumlar, mübarizə aparmaq istəməyən azlıqlar, illərdir onlara danışılan yalanı artıq həqiqət kimi qəbul etmiş şüursuz cəmiyyət, fərdin həqiqətləri və o həqiqətlərin uduzması.

Əlbəttə, bu qədər çılpaq şəkildə dövlət qurumlarını və məmurları tənqid edən filmə Nazirlik öz imzasını ata bilməzdi. Atmadı da. Üstəlik, verdiyi pulları da faizilə geri aldı.

Ancaq bütün bunlara baxmayaraq, “Quraq günlər” acı Türkiyə həqiqətlərini yarımçıq da olsa sinofillərə göstərə bildi.

# 1980 dəfə oxunub

Müəllifin son yazıları

# # #