11 övladı ölən, oğlu intihar edən, bir qızını o birinin yerinə ərə verən dahi – Axundovdan Maraqlı Faktlar  

11 övladı ölən, oğlu intihar edən, bir qızını o birinin yerinə ərə verən dahi – Axundovdan Maraqlı Faktlar  
13 yanvar 2024
# 15:21

Bu gün Azərbaycanın görkəmli mütəfəkkiri, fikirləri, məfkurəsi nə qədər aydın olsa da haqqında mübahisələr bitməyən şəxsiyyəti, ədib, dramaturq Mirzə Fətəli Axundovun doğulmasından 207 il keçir. Kulis.az dahi yazıçı ilə bağlı ən diqqətçəkən faktları təqdim edir.

1. Mirzənin ilk mücadiləsi uşaq ikən başlayıb. Şəkidə xırda ticarətlə məşğul olan Mirzə Məmmədtağı burada Nanə xanımla evlənir. Bu nikahdan Mirzə Fətəli doğulur. İki il sonra cənuba, Xamnəyə qayıdan ailə bir yerdə qala bilmir. Nanə xanım Məmmədtağının birinci arvadı ilə birgə yaşaya bilmir. Nanə xanımı Şəkiyə göndərmək istərkən Mirzə Fətəli tacirin yeganə oğul övladı olduğu üçün anasından ayırıb saxlamaq istəyirlər. Balaca Fətəli isə anasına sarılaraq onu tək buraxmır və Şəkiyə qayıdır. Bundan sonra atasını bir daha görmür. Anasını seçməklə Mirzə Fətəli öz taleyinə böyük təsir edir.

2. Bunu yəqin ki, ən başdan yazmalıyıq: Mirzə Fətəli Axundov Azərbaycan dilində ilk pyesin, ilk çağdaş nəsrin, ilk essenin banisidir. Üstəlik, maarifçi realizm də onunla başlayır. İlk oynanılan pyes də onunku olub.

3. Həyatı başdan-başa faciə içərisində olan adamın bu qədər komediya yazması təəccüblüdür. İki dəfə evlənən Mirzənin Tubu xanımla evliliyindən 13 övladı olur. Amma onlardan yalnız ikisi - oğlu Rəşid bəy və qızı Nisə xanım sağ qalır, qalanları Mirzənin sağlığında dünyadan köçür. Qacar şahzadəsinə ərə verdiyi qızı Seyrəbəyim öldükdən sonra körpələri anasızlığı hiss etməsin deyə ikinci qızı Nisəbəyimi ölən qızının yerinə kürəkəninə ərə verir.

Tubu Xanım

4. Mirzə Fətəlinin oğlu Rəşid bəy intiharla həyatına son qoyub. Deyilənə görə, təbiətində olan qaradinməzlik, uğursuz Brüssel həyatı, atasının ölümü, baş tutmayan ailə və qulluq karyerası, səhhətində yaranan problemlər Rəşid Axundovun tapançaya əl atmasına səbəb olub.

5. Rəşid bəy Axundovun yeganə oğlu, babasının adını daşıyan Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

6. Axundov Şərqdə nadir adamlardandır ki, islam peyğəmbərini açıq şəkildə çox sərt tənqid edib, hətta bəzi məqamlarda bir az da irəli gedib. Dinə bu cür münasibət 200 il sonra da intellektual kəsim arasında mübahisələr doğurur.

7. Bir neçə dəfə arxasınca öldürmək ucun adam göndəriblər. Çar məmuru olduğu üçün qətl baş tutmayıb.

8. Dini görüşlərindən dolayı dəfni üç gün uzanıb. Onu qaydalara uyğun dəfn etməyə heç bir din xadimi gəlməyib. Haqverdiyevin xatirələrindən yazır: “Mirzə Fətəlinin ölümünü Şeyxülislam Molla Əhmədə xəbər verdikdə o dedi: “Onun din haqqında olan nöqteyi-nəzəri ilə tanışam. Buna görə də onun namazını qılmaqdan imtina edirəm”. Başqa mollalar da Şeyxülislamın ardınca gedərək onun cənazəsi üstündə namaz qılmaqdan imtina ediblər. Uzun minnətdən sonra Şeyxülislam məscid xadimlərindən Molla Hüseynə tapşırıb ki, gedib Mirzənin nəşi üzərində bir neçə söz desin”.

9. Axundov uzun müddət Azərbaycan əlifbasının dəyişməsi ucun mübarizə aparıb. Ərəb əlifbasından qurtulmaq üçün Osmanlı sarayına məktublar yazıb. Amma ən ilginci Zərdabiyə yazdığı məktubdur: “Düzü, əlifba məsələsinin həlli üçün gələcək nəslə çox böyük ümidim var, amma fikirləşəndə ki, onlar da bu eşşəklərdən törəyəcəklər, onlara da ümidim qalmır”. Amma və lakin Azərbaycanda 20-ci illərdə ərəb əlifbasından imtina olundu. Türkiyədə isə Mustafa Kamal Paşa Axundovun ideallarını həyata keçirərək əlifba inqilabı etdi.

10. Mirzə ədəbiyyatda da bütləri qırmağa meylli olub. Özündə “Füzuli şair deyil” ifadəsini işlətməyə cəsarət tapan ədib daha sonra “Füzuli nazimi ustaddır, xəyalatında əsla təsir yoxdur” deyə şairin haqqını yeməyib. Qəribədir ki, Mirzə Fətəli gəncliyində Füzulinin təsiri ilə zəif şeirlər də yazıb. Füzulini bəyənməyən Axundov ona qarşı kimin adını çəksə yaxşıdır? İnanmayacaqsınız: Qasım Bəy Zakirin! Səbəbsə, Zakirin şeirlərindəki realist ictimai məzmun idi.

12. Axundovun qatı ateist mövqeyi onun qələm və düşüncə adamı kimi məşhurlaşmasına kömək edib. Çünki, tanrıya inanmayan bir məfkurə sahibi sovet ideoloqları üçün göydəndüşmə idi

13. 150 il əvvəl açdığı bir çox mübahisələr hələ də bitməyib. Amma bütün hamı bir yerdə kəsişir: toplum və sənət baxımından biz Axundov epoxasında yaşayırıq! Kim bilir, bəlkə də sırası 13-cü olan bu faktın nəhsindən qurtulsaq, misi qızıla çevirəcəyik.

# 8995 dəfə oxunub

Oxşar xəbərlər

Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Tarazlıq - Kamal Abdullanın essesi

Tarazlıq - Kamal Abdullanın essesi

17:00 14 fevral 2024
Dəllək - Mirzə Cəlilin məşhur hekayəsi

Dəllək - Mirzə Cəlilin məşhur hekayəsi

18:40 7 fevral 2024
Səmimiyyət barədə - Kamal Abdullanın essesi

Səmimiyyət barədə - Kamal Abdullanın essesi

10:02 7 fevral 2024
Sirri-zəmanə - Kamal Abdullanın hekayəsi

Sirri-zəmanə - Kamal Abdullanın hekayəsi

11:45 25 yanvar 2024
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

11:30 19 yanvar 2024
#
#
# # #