Rəbiqə Nazimqızı: "Bu, rusiyalı oxucu qarşısında ilk çıxışım idi" - Açıqlama

Rəbiqə Nazimqızı:  "Bu, rusiyalı oxucu qarşısında ilk çıxışım idi" - Açıqlama
28 sentyabr 2023
# 17:00

Sentyabrın 21-24-də Rusiyanın Saratov şəhərində ənənəvi "Voljskaya volna" adlı kitab festivalı keçirilib. Azərbaycanı bu tədbirdə şair, tərcüməçi Rəbiqə Nazimqızı təmsil edib. Dörd gün müddətində kitab yarmarkasını 20000 nəfər ziyarət edib. Sərgidə 140 nəşriyyatın çap məhsulları təqdim olunub.

Rəbiqə Nazimqızı Kulis.az-a açıqlamasında tədbirlə bağlı fikirlərini bölüşüb:

"Dəvəti məmnuniyyətlə qəbul etsəm də, mənimlə ayrıca görüş nəzərdə tutulduğunu öyrənəndə bir az həyəcanlandım. Bu, rusiyalı oxucu qarşısında ilk çıxışım idi. Tərcümə ilə uzun illərdir məşğul olsam da, mən Azərbaycan dilinin daşıyıcısıyam və təbii ki, ana dilində düşünürəm. Bununla belə, cəmi bir neçə saata mətn hazırladım. Əlbəttə, üzündən oxumadım, improvizələri sevdiyim üçün heç vaxt plan və proqramla işləyə bilmirəm. Azərbaycan ədəbiyyatı, öz bioqrafiyam və rus poeziyasına ölkəmizdə münasibətlə bağlı qısa məruzə etdim və əlbəttə, şeir oxudum. Buradan şeirlərimi daha əvvəl rus dilinə çevirmiş tərcüməçilər Nadiya Qafarovaya və Dərbənddə yaşayan həmyerlimiz Fərxrəddin Qəribsəsə təşəkkür edirəm. Onların sayəsində: "Bircə sən bilirsən...", "Kim bilir nə qədər qalır" qızım üçün yazdığım "Dua" şeirlərini oxucular üçün səsləndirdim.

Görüş şəhərin mərkəzində yerləşən Teatr meydanında, açıq havada baş tuturdu. İştirakçılar, əsasən, tələbə gənclərdən ibarət idi. Poeziya ilə bağlı düşüncələrim və "Peyğəmbərlər" silsiləsi barədə verdiyim məlumat onlarda maraq doğurdu və görüşdən sonra da gənclərlə kiçik fikir mübadiləsi apardıq. Məlum oldu ki, gənclər də aşağı-yuxarı Azərbaycan yazarlarının üzləşdiyi problemləri yaşayırlar".

Rəbiqə Nazimqızı ilə birlikdə festivalda bir soydaşımız da iştirak edib. Rusiya EA-nın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi Abuzər Bağırov da tədbirdə məruzə oxuyub:

"Təəssüf ki, Abuzər müəllimlə görüşdə iştirak edə bilmədim, çünki həmin gün mən geri qayıtmalı idim, təyyarəyə gecikə bilərdim...

Festivala xarici qonaq qismində Azərbaycan və Belorusun təmsilçiləri dəvət olunmuşdular. Xoşagələn məqamlardan biri də bu idi, Ermənistan bu sırada yer almamışdı. Yeri gəlmişkən, Saratovda olduğum müddətdə orada yaşayan azərbaycanlılarla sıx təmasda oldum, onlar da yaxında işlədiklərindən görüşdəki çıxışımı eşidə bilmişdilər. Azərbaycanlıların hamısı məndən Qarabağda gedən antiterror əməliyyatı barədə məlumat almaq istəyirdilər. Amma mən də ölkədən kənarda olduğum üçün yalnız onların bildikləri qədər bilirdim. Hamımızın gözü-qulağı Azərbaycanda idi...

Bir məqamı da qeyd edim ki, son illər əcnəbilərlə bütün görüşlərdə Azərbaycana münasibətin sözün yaxşı mənasında dəyişdiyini hiss edirəm. Bu dəfə də belə oldu. Bu, əlbəttə ki, ilk növbədə Azərbaycan ordusunun qələbəsinin nəticəsidir".

Şairin sözlərinə görə, Saratov səfəri onun üçün məhsuldar keçib:

"Saratov gözəl şəhərdi, orada bir çox yerləri gəzmək imkanım oldu. Bir çox maraqlı görüşlərdə iştirak etdim, muzey və kilsələri, meydan və bazarları gəzdim, Volqa sahilindəki Kosmonavtlar Meydanında oldum. Düzdür, hələlik, cəmi bir şeir yazmışam. Amma bir neçə şeirin detalları və eyni zamanda, "Peyğəmbərlər" silsiləsi üçün bir neçə şeirin ideyası artıq hazırdır. Düşünürəm ki, bu şeirləri silsilə şəklində müxtəlif dillərərə, o cümlədən rus dilinə çevirməkdə fayda olacaq".

# 884 dəfə oxunub

Müəllifin son yazıları

# # #