Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri
5 noyabr 2025
# 11:00

Bu gün tanınmış şair Rəbiqə Nazimqızının doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və "Günün şeiri" layihəsindən onun "İbrahim peyğəmbərə" şeirini təqdim edir.

Nə qolları övlad həsrətiylə göynəyən Sara,
nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.
Yalnız sən, İbrahim,
təkcə sən bilərsən...
Mən torpağa bənzəyirəm,
yetirə də bilərəm,
gəzdirə də,
içimdə basdıra da bilərəm hər şeyi.

Dənizdən çox,
qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,
balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.
Hərdən təlxək kimi güldürürəm ,
hərdən timsah kimi ağlayıram.
Saman çöpünü
çöplüyündə boğulanlara saxlayıram.

Mən göylərdən yox,
göylərin özünü istəyirəm,
uçmaq yox,
qucaqlamaq istəyirəm göy üzünü -
qollarım boş qalmasın deyə.
Heç nə istəmirəm,
nə borc, nə hədiyyə...

Mən o kişini sevirəm -
həyatı arxasınca sürüyən adamı.
Hərdən ürəyimi kükrədən,
Hərdən qollarımda kiriyən adamı...
Günahımdan qalxan düzəldirəm,
dəbilqə kimi başımda gəzdirirəm onu,
silah kimi tuşlayıram yad ünvanlara .
Mən hara, məsumluq hara...

Mən iki dəfə qadın oluram -
sevəndə -
dünyanı soyunub
əllərini geyinəndə sevgilimin
gizli-gizli.
Qulağımdan silinəndə başqa səslər,
təmizlənəndə...
Bir də hər ay sonu ,
intizarla gözləyəndə qadınlığın haray çəkib
məni dağa-daşa salan ağrısını.
Ayıbımdan qızaranda üstüm-başım,
kirlənəndə... sevinirəm...
Bax o anda, İbrahim,
içimdən bir hiss keçir -
mən qatiləm -
bətnimdəcə doğulmamış
arzuları
parça-parça öldürürəm...

# 1728 dəfə oxunub

Oxşar xəbərlər

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

11:30 29 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

13:00 27 sentyabr 2026
“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

15:00 26 sentyabr 2026
"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər