Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri

Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
23 iyul 2021
# 16:01

Ulduzlar

Siz ey sayrışan ulduzlar,
Daim yarışan ulduzlar,
Nədir sizdəki bəhsə-bəhs,
Bəhsə girişən ulduzlar?

Kiminin yeri gözəldi,
Kiminin nuru gözəldi,
Kimisi elə xırdaca,
Kimisi iri gözəldi!

Bax o yaman dumanlıdı,
Bu biri duru gözəldi,
Bunun o pərişan halı,
Onun qüruru gözəldi!

Yarışmağa davam edin,
Bəhsinizi müdam edin,
Uyun siz şöhrətə, şana,
Səpələnin kəhkəşana!

Bixəbər hallarınızla
Sanmayın çilçıraqsınız,
Siz nə qədər gur işıqlı,
Siz nə qədər sıcaqsınız?

Kimi isindirmisiniz,
Kim dedi ki, ocaqsınız?
Bir azdan günəş doğacaq,
Bəhsiniz yarım qalacaq
və siz qeyb olacaqsınız!

Əncir ağacı

Çiçək açmamısan ətirdən yana,
Kölgən bizə yetdi çətirdən yana,
Orxan söz deməz ki, sətirdən yana,
Kimi sözlə çəkdim dara, bilmədim...

Sən məni bağışla, əncir ağacı,
Mən sənin haqqını verə bilmədim,
Çürüdü nübarın, zay oldu barın,
Dərmək istəsəm də, dərə bilmədim!

Ətrafım yan-yörən kimi hasarlı,
Ömrüm budaqların kimi qubarlı,
Ruhum bəhərintək olsa da barlı,
Xiridar əlinə vara bilmədim!

Olanlar boş yerə olmur, şəcərəm,
Kökü olmayanı çətin becərəm!
Yazılan yazıdan hara qaçaram?
Həyat kağız deyil – cıra bilmədim!

Bu nəyin sevdası, bu nəyin dəmi,
Ağacdan olarmı könül həmdəmi?
Yuxuma gəl söylə, günah məndəmi -
Ayıq gözlərimlə görə bilmədim!

Haqq məni imtahan etdi ağacla,
Tək necə bacarım yeddi ağacla,
Kəsdim, haqq-hesabım bitdi ağacla -
Məhəbbəti başa vura bilmədim!

Bəlkə də bu məşum sənələr bitər,
Kökündən yep-yeni pöhrələr bitər,
Ah, nələr yaşanar, ah, nələr bitər,
Deməzsən yaramı sara bilmədim!!!

Məzarlıq

Bir məzarlığa gəlmişəm,
Burda həzin yas qurulub,
Burda ölənlər yox,
Ölə bilməyənlər basdırılıb...

İçimdədir bu məzarlıq,
Bura könül məzarlığı,
Neçə gizli məqamların
Sübut, dəlil məzarlığı!

Öz ürəyimə gəlmişəm,
Bir amansız cəllad kimi,
Cəllad kimə rəhm edər ki,
Bağışlayar cəllad kimi?

İndi bura gəlmişəm ki,
Burda qətliam eliyəm,
O ölə bilməyənləri
Səssizcə edam eliyəm!

Buranın sinsi sakini
O ölə bilməyən kini,
O həsədi, o nifrəti,
Kibri, həm ənaniyyəti,
O itirmək qorxusunu,
Bəyənilmək mərəzini,
Bulub bir-bir hərəsini
Mərqadında boğa biləm,
Geri dönməmək adına
Məzarlıqdan çıxa biləm...

Bir tək ölməyən sevgiyə
Gücüm yetməz burda mənim -
Qoy yaşasın, nə etməli,
Gül mənimsə, xar da mənim!

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

16:00 30 aprel 2024
Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

12:00 30 aprel 2024
Yuxu ölümün məşqidir -  Harivanş Ray Baççanın şeirləri

Yuxu ölümün məşqidir - Harivanş Ray Baççanın şeirləri

17:00 26 aprel 2024
Sən narın yağış kimi... - Günün şeiri

Sən narın yağış kimi... - Günün şeiri

16:00 24 aprel 2024
İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
#
#
# # #