Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən - Həsən Azərinin şeirləri

Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən - Həsən Azərinin şeirləri
2 noyabr 2025
# 12:00

Kulis.az Həsən Azərinin şeirlərini təqdim edir.

Əslən cənubi azərbaycanlı olan, lakin daha çox fars dilində yazıb-yaradan Həsən Azəri 1975-ci ildə Təbriz yaxınlığındakı Bostanabad şəhərində dünyaya gəlib. Hal-hazırda Tehranda yaşayır. İlk şeir kitabı olan “Gözlərinin haşiyəsindən” 1998-ci ildə işıq üzü görüb. Digər şeir kitabları: “Limon ətri verən sübh çağı” (2013), “Küləklər harada ölür?” (2014), “Pərdələri çəkdin” (2016), “Sirayət” (2018).

Anamdan soruşmuşdum:
– Dərəcəyim gülləri
necə edim ki, heç vaxt qurumasınlar?
Demişdi ki, ək, sevgilinin ətəyinə ək.

Atamdan soruşmuşdum:
– Yaralarına nə etmisən ki,
onlardan bir iz də qalmayıb?
Demişdi ki, bağlamışam.
Sevgilimin yaylığıyla bağlamışam.

Qardaşıma dedim:
– Necə edirsən ki, heç kəs görməyib əsla
sənin ağladığını?
Dedi ki, səni ağladan hər şeyə
kədər demə, ad tap ona
və adıyla çağır...

***

Sarıl mənə.
Elə bərk sarıl ki, heç kəs anlamasın
yaranın
mənim,
yoxsa sənin bədənində olduğunu.

***

Fillər gölməçədən su içirlər.
Dovşanlar gölməçədən su içirlər.
Fillərin də, dovşanların da
kölgələri eyni çəkidədir.
Bunu gölməçənin könlü bilir.

Böyük bir kədər keçir içimdən.
Kiçik bir kədər keçir içimdən.
Böyük kədər də, kiçik kədər də
eyni ağırlıqdadır.
Bunu mənim könlüm bilir.

***

Bir adam öldürsən,
qatilsən.
Bir neçə adam öldürsən,
cəlladsan.
Onlarla adam öldürsən,
əsgərsən.
Yüzlərlə adam öldürsən,
qəhrəmansan.

***

Sərhəddəki çayın sahilindən
kiçik bir daş götürüb
vıyıldatdım sərhədin o üzünə.
Bağışla məni, Vətən!
Səninçün bir iş gəlmədi əlimdən
çiynindəki kiçik bir yükü
götürməkdən savayı.

***

Biri soruşdu:
– Ağacın arxası, qabağı haradır?
O biri dedi:
– Ağacın arxası, qabağı olmur.
Başqa biri gülərək bu sözlərə
“Ağacın baltalanan tərəfi
arxası sayılır” demək istədi.

– Sizdən nə gizlədim?
Soruşan da,
deyən də,
gülən də –
hər üçü mən idim.

– Mən amma
onlardan heç biri deyildim.
Çünki ağac idim mən.
Ağac
nə soruşar,
nə deyər,
nə də gülər.

***

Xudahafizləşərkən
havada əl yelləyən kəs
sanki bir şüşəni silir.
Bəli, vidalaşarkən
ikiyə bölünür sanki dünya
görünməz bir şüşə ilə.

***

Su
suyu batırmır.
Külək
küləyi dağıtmır.
Torpaq
torpağı basdırmır.
Od
odu yandırmır.
Amma insan
insanı...

***

İnsanlar
qəzet satılan köşklərin önündə
təzim edirlər.
Söylə,
hansı hadisə,
hansı xəbər
əyilməyimizə dəyər?

Fars dilindən tərcümə edən: Məhəmməd Nuri

# 349 dəfə oxunub

Oxşar xəbərlər

İsaya da inanma, insan deyilsə... - Həmid Herisçinin yeni şeiri

İsaya da inanma, insan deyilsə... - Həmid Herisçinin yeni şeiri

11:35 30 oktyabr 2025
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın şeirləri

11:50 28 oktyabr 2025
"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

12:00 26 oktyabr 2025
"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

15:00 22 oktyabr 2025
"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

10:40 20 oktyabr 2025
"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri

"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri

10:12 15 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər