Homoseksual rejissorun qatil sevgilisi – Ömər Xəyyam

Homoseksual rejissorun qatil sevgilisi – Ömər Xəyyam
8 iyul 2023
# 12:30

Kulis.az Ömər Xəyyamın “Qorxu ruhu gəmirir” yazısını təqdim edir.

R.W Fassbinderin şedevri “Əli: Qorxu ruhu gəmirir” filmi haqqında

1974-də Münhendə çəkilən filmin əsas qəhrəmanını Fassbinderin mərakeşli sevgilisi El Hedi ben Salem canlandırıb.

16 yaşında homoseksual olduğunu açıqlayan Fassbinderin kinematoqrafiyaya sevgisi hələ pavilyonlarda fəhlə kimi işləyəndə yaranmışdı.

Qısa filmlər çəkirdi, ssenari yazırdı, fəqət sevgilisinin qısnamaları, məişət problemi davamlı gərginliyə, daxili qarğaşalara səbəb olurdu və elə bu gərginlik, sıxıntı, depressiya onu psixotrop dərmanlara, alkoqola, narkotik vasitələrə sürükləmişdi.

El Hedinin oğlu həbs olunur, digər oğlu Mərakeşə - anasının yanına qayıdır, üstəlik, Fassbinderlə ayrılıq...

Bir növ səfil kimi yaşamağa başlayır, bar piştaxtalarında gecələyir, içir, çəkir, içir...

Və belə günlərin birində üç nəfəri bıçaqlayır. Fassbinderin köməkliyi ilə Fransaya qaçır, fəqət Fransada həbs olunur və 1977-də həbsxanada intihar edir.

Fassbinder dostlarının köməyilə depressiyadan çıxır, yeni ssenarilər yazır, filmlər çəkir, ancaq bir müddət sonra təzədən depressiyaya düşür... Yenə içir, çəkir, içir, çəkir...

Dostlarının dediyinə görə, o son günlər ağzını ancaq kokain istəyəndə, yaxud içəndə açırdı...

“Əli: Qorxu ruhu gəmirir” filmi Fassbinderin şedevri hesab olunur.

Film Münhenə işləməyə gələn mərakeşli El Hedi ben Salem m'Barek Mohammed Mustafanın təsadüfən tanış olduğu yaşlı qadın Emmiylə münasibəti fonunda insanın özünə, mədəniyyətinə yadlaşması, almanların türklərə və ərəblərə olan aqressiyası haqqındadır.

Filmdə qonşuların dedi-qodusuyla almanların əsli, Emmini hərəkətləriylə dışlayan, atmacalarıyla daşlayan iş yoldaşlarının timsalında irqçilik, qadınların El Hedi ben Salemin bədəninə olan marağıyla – bu marağın fonunda - siyasi-mədəni istismar göstərilir.

El Hedi ben Salem m'Barek Mohammed Mustafanın uzun olduğuna görə adını qısaldırlar: Hamı ona “Əli” deyə müraciət edir. Elə o gündən Əli özgələşir, adı kimi mahiyyəti də kiçilir, adı kimi ömrü də qısalır. Nəhayət, sağalmaz xəstəliyə yoluxur...

Hekayədəki özgələşmə, mədəniyyətlərin toqquşması filmin adına da təsir edib.

Belə ki, filmin adı qrammatik olaraq səhv yazılıb. Doğru yazılış “Angst isst die seele auf” olsa da, film “Angst essen seele auf” kimi təqdim edilib.

Məşhur misraları xatırlayıram: “Xaric səslənirik biz, səhv düşəndə yerimiz...”

Əslində, filmin adındakı “qorxu” Əliyə yox, almanlara aiddir.

Fassbinder son filmi “Querelle”ni sevgilisi El Hediyə ithaf etmişdi.

O, 1982-də Münhendəki evində vəfat edib...

# 2759 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #