Dəlixanada mənə toy elədilər – Bir dəlinin gündəliyi

Dəlixanada mənə toy elədilər – Bir dəlinin gündəliyi
18 iyun 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səhər xəstəxanaya yeni həkim gəlmişdi. Adı Lətif Kərimov idi. Onun haqqında nidalı, xeyirxah sözlər deyilmişdi. Lətif Kərimov ağıl və mənəviyyatı son dərəcə sevirdi, lakin ətrafında ağıllı, mənəviyyatlı bir mühit yaratmağa qüdrəti çatmırdı.

Lətif həkim uzun, enlikürək, burnu ərik kimi girdə, üzü ləkəsiz, par-parlayırdı. Saçlarına azacıq dən düşmüş, barmaqları incə, bir o qədər də cod idi. Onun ilk gəldiyi gün bütün dəlilər sıraya düzülmüşdü. O bizimlə bir-bir tanış olmaq istəmişdi. Dəlilərlə hal-kef edir, adlarını öyrənir, təmizlikləriylə də maraqlanırdı.

“Uzat əllərini…”

“Dişlərini yumusan?”

“Darıxmırsan?”

“Yanına gələn olur?”

“Ürəyin nəsə istəmir?”

Bu kimi suallar verirdi. Ancaq əmr etməyi, qadağaları sevmirdi, Digər həkimlər kimi kini yox idi. Adama elə gəlirdi ki, o, səsini heç vaxt yüksəltməməyə söz vermişdir. “Ver” və ya “gətir” sözlərini deməyə üzü gəlmirdi, yemək istəyəndə qətiyyətsizliklə öskürərək aşpaz qadına deyərdi:

“Deyəsən, acmışam...” və ya: “Çay olsaydı, içərdim”.

İlk günlər Lətif Kərimov çox səylə işləyirdi. Hər gün səhərdən nahar vaxtınadək xəstələri qəbul edir, onları sorğu-suala tutur, dərman verir, qayğılarına qalırdı. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın görünən faydasızlığı ilə onu darıxdırmağa başladı. Bu gün iyirmi xəstə qəbul etdiyin halda, sabah görürsən, iyirmi beş nəfər oldu, birisigün isə bunların sayı otuza çatırdı, beləliklə, gündən-günə, ildən-ilə xəstələrin sayı şiddətlə artırdı.

Dəlixanada isə hər şey əvvəlki kimi maraqsız, boz, darıxdırıcıydı. Adama elə gəlirdi ki, burda günlər keçib getmir. Hərdən mənə elə gəlirdi ki, bizim burda olmağımızdan küçədən gəzən adamların xəbəri yoxdur. Sanki belə bir yer şəhərdə yerli-dibli olmamışdı. Unudulmuş, tərk edilmiş uşaqlar kimiydik…

Gecə toy səsinə oyandım. Dəhlizin başından sevdiyim qızı çal-çağırla mənə gətirirdilər. Gözlərimə inana bilmirdim. Axı mən dəliyəm. Dəliyə kim qızını verər? İçimdə suallar dolu kimi döşəyirdi. Yanımda fısır-fısır yatan dəlini oyadıram.

- Dur, dur toy gəlir. Mənim toyumdu. Ey! Oyan da!

Gözlərini ovuşdurur…

- Görürsən, axır ki, sevdiyim qıza qovuşuram… - mən dayanmadan həyəcanla danışıram. – Onu necə arzulamışdım. Sənin dünyadan xəbərin yoxdu. Bircə yatmağı bilirsən. Dur, ə…

Mızıldanırdı. Hiss etdim ki, yuxusunu tam almayıb.

- Əl çək də məndən. Nə istəyirsən? Gözəl yuxular görürdüm e…

- Neynirəm e sənin yuxularını… - bir yandan da onu o gözəl dünyadan ayırdığım üçün peşman olmuşdum. – Mənim toyumdu deyirəm e…

Birdən o diqqətlə mənim göstərdiyim yerə baxdı və ciddi-ciddi:

- Orda heç kim yoxdu axı… - dedi…

- Başın xarabdı, ya gözün kor? - əsəbləşdim.

Yenə diqqətlə o səmtə baxdı:

- Heç nə yoxdu e… Gözüm kor zad deyil.

- Ə, sən nə lom adamsan. Bax da…

Dəli özündən çıxdı:

- Durub indi əzişdirəcəm ha səni. Qoy yatım da…

Göz qapaqlarım yavaş-yavaş öz pərdələrini endirir. Sonra təzədən açılır gözlərim. Tavanda gəzişən adamları görürəm. Bir-birlərini öldürmək üçün yarışa girirlər. Palatalarda ölü sükut var. Hərdən vıyıldayan külək arı kimi qulağımda vızıldayır.

Öz-özümə düşünürəm. Madam ki, həbsxanalar və dəlixanalar var, demək bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşməsəm, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gələcək ki, həbsxanalar və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmaqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaqdır. Buna bütün varlığımla inandım. Gecənin bətninə sancılmış insan taleləri bu inancıma köks ötürdü.

Lətif həkim hər səhər saat yeddidə otağında olurdu. Çay içir, qəzetlərə göz gəzdirir, sonra mütaliə ilə məşğul olurdu. Səhər doqquz tamamda xəstələri qəbul edirdi. Hər xəstəyə bütün diqqətini cəmləyir, onların dərdini öyrənirdi.

Bir səhər Lətif həkim məni çağırdı. Ehmalca qapını döydüm.

- Buyurun, Oğuz bəy… - dedi.

Uzun zaman idi ki, kimsə mənə bəy deyə müraciət edirdi. Bəy sözünə elə sevindim, az qaldı gedəm həkimi bağrıma basam.

- Necəsən? Özünü necə hiss edirsən?

- Həkim, özümü dünya kimi hiss edirəm...

- O necə olur? – həkim dodaqaltı qımışdı.

- Dünya necə ağrılarla, bir o qədər də gözəlliklərlə doludursa, mənim içim də elədi...

- Sən lap filosflar kimi danışdın.

- Həkim dünyada filosoflar azdı. Yazıçlar azdı. Dəlilər azdı. Bu insanlar dünyanı xilas etməyə çalışanlardır. Digər adamlar dünyanı yaman hala salırlar, ağacları yandırırlar, uşaqları öldürürlər, küçə itlərinə işgəncələr verirlər. Siz, həkimlər də bizi sağaltmaqdan daha çox içimizə həbs edirsiniz.

- Elə düşünmə, Oğuz bəy. Mən burda sizin tezliklə sağalmağınız üçün çalışacam. Hələ təzə gəlmişəm. Sizləri də çox sevirəm. Darıxmayın, siz qısa zamanda sağlamlığınıza qovuşacaqsınız.

- Bizi nə tez sevdin? Siz, həkimlər insanları sevirsiniz ki?

- ....

- Məni niyə burada saxlayırsız?

- Xəstə olduğunuz üçün.

- Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayıra bilmirsiz. Nə üçün mən və bu yazıqlar hamının əvəzinə günahkar kimi burda qalmalıyıq? Nə üçün siz, yüksək vəzifəli, ağıllı, amma əxlaqca bizdən aşağı olduğunuz halda özünüz burda yatmayıb, bizi yatırdırsız?

Başımın içində ildırım çaxdı sanki. Dediyim sözlər toz zərrəciklərinə çevrilib havada asılı qaldı. Gözlərim pəncərədən ötüb keçən həyatın axınına qarışdı. Həkim bütün iradlarıma, qusduğum nifrətə səbrlə, təbəssümlə cavab verirdi. Onun gülüşü qəfil düşüncələrimi darmadağın elədi. Həkimin otağı, bütün xəstəxana monastıra çevrildi. Həkim də oldu Budda. Mən də gənc buddist şagird olmuşdum. Nirvanaya çatmaq üçün gecə-gündüz əlləşəcəkdim. Nirvanaya nə təhər çatırlar görəsən?

- Ustad, meşələr, ağaclar, günəş məni çağırır.

- Deyəsən, özünü yaxşı hiss eləmirsən...

- Ustad, həqiqəti tezliklə axtarmalıyam.

- Yaxşı, get axtar. Amma ilk öncə səbri öyrən. Bunun üçün palatada pəncərənin qabağında 10 saat fasiləsiz küçələri seyr et. Əgər dözə bilsən, səni azad edəcəm.

Həkimin otağından çıxan kimi monastr dağıldı, külləri ovcuma doldu. Anladım ki, yenə ağlım quş olub göylərə uçmuşdu.

Dəlilər öz çarpayılarında idilər. Biri öz-özünə danışır, digərləri siqaret çəkir, söhbət edir, biri isə it kimi hürürdü. Onun hürməyində bir çarəsizlik duyurdum. Günlər keçdikcə digər dəlilərdən seçilirdim. Artıq düşünə bilir, darıxmaq hisslərimi bərpa edirdim. Burdakı günlərimi xatırlaya bilmirdim. Necə gəldim, kimlər məni döyürdü, Tanrını necə gördüm. Olanların heç biri yaddaşımı döyəcləmirdi.

Günortaya yaxın dəlixananın qapısı döyüldü. Atam gəlmişdi. Onun səsini eşidib dikəldim. Qabağına qaçdım. Sevdiyim yeməklərdən, şirniyyatlardan almışdı. Saçımı tumarladı. Bufetdə oturduq.

Acgözlüklə aldığı azuqələri mədəmə ötürürdüm. Atam kövrək olmuşdu, gözünün tez-tez dolduğunu görürdüm. O isə bunu gizləməyə çalışır, araya sükut dürtüləndə halımı, əhvalımı soruşurdu. Deyirdim, ata məni burdan çıxart. Mən düzəlmişəm. Deyirdi, darıxma, çıxardacam, lap az qalıb.

Onun ümid dolu, işıqlı sözləri məni həyatın qollarından bərk-bərk tutmağa vadar edirdi. Atam uşaqlığımdan, onun üstünə necə işədiyimdən danışır, mənim duyğularımı işə salırdı.

Bufetə qoca bir dəli keçdi. Yaxınlaşıb atamdan siqaret istədi. Elə ordaca siqaretini yandırdı. Sanitar bunu görə cin atına mindi. Cavan sanitar babası yaşda adama elə şillə vurdu ki… Atamla mən dik atıldıq. Dalınca da böyrəyindən təpik vurub onu yerə sərdi. Qocanın yerə dəyməyi mənə qoca çinar ağacının yerə düşməsi kimi gəldi.

Atam sanitara acıqlandı, qocanı qolundan tutub qaldırdı…

- Ata, ağacı kəsdilər, ağacı öldürdülər.

- Bax, görürsən, düzəlməmisən. O ağac deyil, adamdı.

Bu mənzərə məni ağlatdı. Hönkürtüylə bufetdən çıxdım. İynə vuran pudralı qadın isti mayeni damarlarımdan keçirdi. Hər yer qaranlığa qərq oldu.

Axşam öz-özünə danışan dəlinin yanına yaxınlaşdım. Gəlməyimdən tükü də tərpənmədi. Onun sözlərinə qulaq verdim:

“İyrənc... Qadınlar iyrəncdirlər. Ah, bu qadın deyilən hiyləgər, nankor, yalançı varlıq! Onları indi daha yaxşı anlaya bilirəm. Guya kim anlaya bilir? Freyd yazıq, ömrünü onlara həsr elədi, bir pox da anlaya bilmədi. Bu günə qədər qadınların kimə aşiq ola biləcəklərini kimsə deyə bilməz. Kimsə onları hiss edə bilməz. Bunu ilk anlayan, onları ilk kəşf edən mənəm. Qadınlar əslində şeytana vurğundurlar. Bəlkə elə şeytandırlar. Eyyy, axmaq dəlilər yığışın bura. Mən kəşf etmişəm, kəşf. Gəlin, deyim.”

Heç kim onun həyəcan dolu sözlərini eyninə almadı…

Lətif həkim uzaqdan bizi seyr edirdi. Əli ilə mənə işarə elədi. Yaxınlaşdım.

- Görürsən, o danışan adam arvadının xəyanətinə görə belə olub. Özü də yeznəsilə onu aldadıb. Necə də ağırdı, hə? İndi bütün qadınlara nifrət edir. Qatillər də belə əmələ gəlir cəmiyyətlərdə. Travmalar belə yaranır. Zədələrdən.

Həkim sözünü yarımçıq qoyub otağına keçdi.

Palatanın lap başındakı çarpayıda alçaqboylu, zirək, xeyli oynaq bir qoca uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, pırtlaşıq saçlan vardı. Ağzında iki-üç dişi qalmış, çənəsi əsirdi. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz yatağında bardaş qurub oturur, bayquş kimi səslər çıxardır, yavaşca oxuyur, hərdən də anlamsızca hırıldayırdı. Gecələr Tanrıya daha yaxşı ibadət eləmək üçün, yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq üçün duranda uşaq kimi şən və qıvraq olurdu. On il bundan əvvəl pinəçi dükanı yanan zaman başına hava gəlmişdi. On il idi ki, dəlixanada mövcudluğunu qoruyurdu. Palata sakinlərindən yalnız ona xəstəxana həyətindən küçəyə çıxmağa izin verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz olduğuna görə ona az da olsa azadlıq bəxş etmişdilər Buna görə də o Tanrıya təşəkkür edirdi.

Tanrıya inanırdı, amma ağlı yox idi. Şəhərə çıxanda uşaqlar kimi sevinir, hoppanıb-düşür, göy üzünə nələrsə deyirdi. Yəqin, Tanrıya minnətdarlığını göndərirdi.

Yağış yağanda küçədə uzanır, ağzını açır, yağış suyunu içirdi. Sonra da qarnını şillələyirdi ki, yağış yedim. Onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində xalat, başında məzəli, narıncı bir papaq, ayağında tufli, bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və dükanların qarşısında dayanıb dilənirdi. Bir yerdə ona su, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, xəstəxanaya həmişə tox və pullu qayıdırdı. Gətirdiklərinin hamısını dəlilər əlindən alırdı. Buna görə zərrəcə üzülmürdü. Onun yaşamaq haqqında düşüncələri mövcud deyildi. O həyatın axışını, ötüb keçən günlərinə görə qüssələnmir, günlərini sonmuş kimi yaşayırdı.

ardı var...

# 6181 dəfə oxunub

Müəllifin son yazıları

# # #