Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi

Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi
21 may 2025
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Sahilə Yayanın "Tanya xalanın yumşaq bacarıqları" adlı yeni hekayəsini təqdim edir.

Otuz il sonra Tanya xala ilə müasir insanların toplaşdığı biznes mərkəzində rastlaşıram. Şəhərin varlılar üçün tikilmiş marketinin qarşısında otuz il əvvəlki kimi durub səmaya baxır. Yenə insanlar ona təəccüblə nəzər salır, yanından keçənlər “başı çatmır” deyib pıçıldaşır. Səmaya çatmaq üçün yarışan binalar və böyüdükcə böyüyüb interyeri göstərən pəncərələr arasında var-gəl edən kübar görkəmli adamlar, təbəssümə güclə yer tapdıqları çöhrələrində başqalarına əsla göstərmədikləri gizli şeylər daşıyır. Onların bu mərkəzdə toplaşdığını söyləmək mümkündürmü – heç bilmirəm. Toplaşmaq sözündə hər halda bir doğmalıq var. Adamlar nə həmin mərkəzdə, nə də onun çölündə qalmaq istəyir. Onlar daima harasa getməyi, uzaqlaşmağı, yanında olduqları hər yerdən, hər kəsdən canlarını qurtarmağı arzulayır. İlk baxışdan insanların bu dünyadan dördəlli yapışdıqlarını düşünürsən, sonra yanıldığını anlayırsan. Həm də dəm vurduqları sakit həyatı yaşamaq imkanı yarananda, üzlərini turşutduqlarının şahidi olursan. O binaların iç və çölündəki insanlardan doğmalığın özünü yox, – surətini, mahiyyətini yox, – təfərrüatını tələb edirlər.

Dayanacağın yaşıl işığı yanan kimi irəli atılıram. Bir əlimdə qəhvə tutmuşam, o biri əlim şaxtadan qorunmaq üçün cibimə dürtülüb. Onu tez-tez çıxarıb, saçımı gözümün üstündən çəkməli oluram, ya da üzümü silirəm; külək güclüdür, sulu qarı hara gəldi vurur. Tıxaca düşməmək üçün taksi bir az aralıda saxlayıb, biznes mərkəzinə qədər üç-dörd yüz addımlıq yolu piyada gedirəm. Yeridikcə təxminən neçə kalori itirdiyimi hesablayıram, həm də yumşaq bacarıqlarla bağlı podkastda deyilənləri anlamağa çalışıram. Səkilərdə ümumi dizayna uyğun əkilmiş ağaclara baxıb, təbiəti duymağı da çalışıram. Həkim stressdən uzaq durmağı, meditasiya etməyi, ətrafdakı təbiiliyin fərqinə varmağı məsləhət görüb. Asan nə var ki? Üstündə “əlli faizə qədər endirim” yazılmış plakatlar, ekranı ilə gözə girən mağaza vitrinləri diqqətimi qamarlayır, ofisə girənə qədər məni axşam alacaqlarımı düşünməyə vadar edir.

Növbəti külək həmləsində, budur, Tanya xala qarşımdadır. Üzünün hər tərəfində – torbalanmış ətli göz qapaqlarında, nazilmiş dodaqlarında, sallanmış yanaqlarında boyaboy təbəssüm... Yun şalı başına və boğazına dolayıb. Əlində içi bulka dolu balaca torba tutub. Ətrafda başqa şey yoxdur. Tanya xala sıra ilə küləyə, sulu qara, küçədə boy atan tək ağaca, səmaya baxır, dodağının altında nə isə deyir. İnsanlar onun özü ilə danışdığını düşünür. İnsanlar özü ilə danışan adamları sevmir. O isə eynən otuz il əvvəlki kimi: “Səma mavidir, yarpaqlar sarı, ağac gövdələri qəhvəyi və güclü... Hər şey gözəldir”, – deyir, mən onu eşidirəm.

Beş-altı yaşlarında oğlan dizlərini qucaqlayanda Tanya xala əyilib onun üzünə ağaca, qara, küləyə baxdığı kimi baxır. Ardınca marketdən uşağın atası çıxır, balacanı öpür, oğlunun dayəsi ilə sağollaşıb, qaraja doğru gedir, arxadan səslənir: “Saşa, ne muçay babuşku!”

Tanya xala oğlanın əlindən tutub svetoforun yaşıl işığını gözləyir. Mən arxadan onları gözdən itənədək izləyirəm. Qar qəfil kəsir, külək dayanır, damcılar isə çənəmə yuvarlanmağa davam edir.

Qulaqlığımdakı kişi yumşaq bacarıqlarla bağlı təlimat verməyə davam edir: empatiya... insanlıq... Qulaqlığı tələsik çıxarıb cibimə dürtürəm. Gözlərim yaş kirpiklərini qırpa-qırpa maraqla önünə baxır. Ağacların və səmanın rəngi görünür. Reklam dirəklərindən ətrafa yayılan gur işıqlar gözlərimi qamaşdıra bilmir, ağlımın, hisslərimin yolunu kəsmir. Doğulduğum gündən dəyişən bədənim otuz il əvvəlki vücudumu tanıyır, onun içindən çıxmaq istəmir.


Otuz il öncə

Yağış damcıları yerə çatmamış gəlinlər ipdəki paltarları yığmağa qaçır. Tanya xala da onlarla birgə çıxır. Yağış yağan kimi bağçada dalaşan qadınlar susur. Məcburi köçkünlərin yaşadığı bağçada tez-tez dava düşür. Ortaq tualet-hamamlar, fərqli gigiyena qaydaları qadınları bir-birinin üstünə salır. Yaşadığımız üzbəüz binada onların səsi ilə oyandığımız, qulaqlarımızı yumub yuxulamağa çalışdığımız günlər az olmayıb.

“İnsan bu boyda dünyada torpağı bölə bilmir. Gərək dalaşa, qan tökə. Torpağınızı alıblar, ay adamlar, sığınmısız bura, di dinc oturun, görək neyniyirik”, – Vasif əmi onların səsini eşidən kimi deyir.
Bircə Tanya xala dalaşmır, nə versələr götürüb həvəslə yaşayır, bağçadakı plakatlara yazılmış sözlərə inanır.

“Saşa, Saşa, oğlumsan, içəri otaqdan möhürümü gətir, gəl, bir də durmayım, oturanda dura bilmirəm, duranda otura...” – Suğra xalanın səsi gələn kimi Saşa dominolarını stola qoyub o biri otağa qaçır.
Arada çönüb Turana: “Daşlara bax, uşaqlar açmasın”, – desə də elə ən çox onun özünə güvənmir. Möhürü tez şkafın üstündən götürüb Suğra xalaya gətirir, yolüstü çöl qapını açır, Zivər xala əlində iki-üç kitab içəri girir. Başını qara yaylıqla bağlayıb. Saşa onu təzə libasda görüb təəccüblənir, ancaq dərinə getmir, dominolarının yanına qaçır.

Suğra xala möhürü gətirməyi Saşadan, o, otaqda, binada, bəlkə də mikrorayonda və şəhərdə ən uzun oğlan olduğu üçün istəyir. Qadın Quranını, möhürünü, namaz paltarını şkafın başına qoyur.

“Ay arvad, bir gün başıüstə gələcəksən yerə, həm deyirsən tərpənə bilmirəm, həm də göyə dırmaşırsan”, – böyük oğlu yenə eyni mövzuda deyinir.

“Deyir, namaza aid hər şey qəlbidə olmalıdı, – balaca oğlu anasının fikrini təkrarlayır, – Allah adamın qəlbində olmalıdır, qəlbidə yox”, – öz əlavəsini də eləməyi unutmur.

“Dayan e, Saşa xristian deyil? Əlini Qurana vura bilər ki?” – Əbülfəz əmi soruşur.

“Niyə vurmur? Saşa kimi oğul var? Gül kimi baladır. Ətəyində namaz qılınası adamdır”, – Suğra xala bir az hikkəli cavab verir.

“Altı qoşası varmış. Bahooo! Allahın nəzərindədir Saşa, hara gedir, qapılar üzünə açılır”, – Nazim əlini əlinə vurub ayağa durur.

“Yavaş, yavaş, ay bala, çayı dağıtmışdın”, – Suğra xala qışqırır, Saşa cəld Sevilin əlindən çayları götürüb ona kömək edir.

Saşa Sevilin əridir. O vaxtlar bizim kişilər rus qadınlarla evlənməyi sevirdi. Müsəlman qadınlar rus kişilərə nadir hallarda gedirdi. Sevil Saşa ilə sevincək və tərəddüdsüz ailə qurdu. Qonşular əvvəl bu işə məəttəl qaldı, sonra Saşa özünü hamıya sevdirdi. O, Sumqayıtda doğulmuşdu, valideynləri təsadüf nəticəsində Azərbaycana köçmüşdü. Saşanın anası Tanya on yeddi yaşında kor Dimaya qoşulub Bakıya gəlmişdi. Bir neçə il sonra Saşa doğuldu. Sevilin ata-anası əvvəl bu işə nəm-nüm eləsə də, Saşa elə istiqanlı, xeyirxah idi ki, onlar tezliklə kürəkənlərini sevməyə başladılar, onu oğullarından ayırmadılar.

“Çatmır da bunda, çatmır. Camaat zivədən paltar yığmağa qaçır, bu da gedib hind kinolarındakı kimi yağışın altında durur”, – Xuraman gözü ilə Tanyaya işarə verib pıçıldayır.

“Xuruş, yaxşı da, bu da belədir, pis qadın deyil...” – anam deyir, sonra Tanya xala qurulansın deyə dəsmal dalınca gedir.

“Nə olub? Mənə də deyin...” – Dima Zivərin içəri girməsi ilə başlayan həngamədən bir şey anlamayıb soruşa-soruşa qalır. Tanya bir müddət Zivərin başını bağlaması ilə yaranan qızğın müzakirəyə necə şərh verəcəyini bilmir, susur, onun saçları yağışdan sonra ehmalca burulub. Şaxtadan qızarmış dolu yanaqları mavi gözləri ilə birləşib onu nəhəng kuklaya oxşadır. Nəhayət, lazımi sözləri tapdığına əmin halda əyilib, ərinin qulağına pıçıltıya bənzər səslə deyir:

“Zivər başını yaylıqla örtüb. Onların dinində belə qayda var, qadınlar başlarını bağlayırlar. Kitabxanada kurs açılıb, ora müəllimlər gəlib, kitab paylayırlar, ərəb dilini öyrədirlər. Dinlər haqqında məlumat verirlər. Yaylıq Zivərə çox yaraşır...”

Tanya bu sözləri deyəndə otaqda səssizlik yaranır; onun dediklərini hamı eşitdi.

“Pay atonnan, bunun üçün də dünya eycahanlıqdı e. Ay bacı, elə deyil də, elə deyil. Qoy mən deyim. Dima, məsələ belədir, adamlar qapı-qapı gəzib, insanları manipulyasiya edirlər. Dini alətə çeviriblər. Kitab-zad paylayırlar. Biz azərbaycanlılar dinsiz deyilik, amma bizim qadınlar başını bağlayan qövm də deyil. Biz ərəb-zadıq? Başdı da, qalıb açıq. Qadının açıq başının kimə nə ziyanı? Bizim nənələr örtsə, örtsə, səliqə ilə, yüngülcə örtərlər başlarını, qara-quraya bürünməzlər. Bunlar Allah bilir hardan pul-para alıb, milləti dinə qurşandırır. Zivər, səni and verirəm İmam Əliyə, aç onu başından, olan-qalan ağlını da həbs eləmə”, – Əbülfəzin qardaşı deyir.

“A yaxşı görək, sən də. Zivər başını bağladı deyə biz çöndük olduq ərəb? Bağlayır, qoy bağlasın, isti olar, açar”, – Əbülfəz qardaşı ilə razılaşmır.

“Sən də tez ört-basdır elə. Sənin xoşuna gələr də. Bir azdan deyərsən, sən də bağla”, – Sima bu sözləri pıqqapıq qaynayan hirsinə batırıb, onu işləməyə qoymayan ərinə deyir, qənddanı stola zəhər qabı kimi tullayıb gedir. Sima xala mənim tanıdığım ən cəsarətli qadınlardandır. Hər şeyi öz adı ilə çağırmağı, istədiyini dilə gətirməyi hamıdan yaxşı bacarır; başqaları cəsarətli ola bilmədikləri üçün ona həyasız deyir.
Zivərin başını bağlaması ilə bağlı Əsəd də fikrini bildirir. Deyir, bilmədiyimiz bir şeyin var olduğunu bilə bilmərik, təcrübəmizlə hər hansı bir şəkildə əlaqəsi ola biləcək hər şey ən azından bizə məlum olmalıdır, hər hansı şəkildə təhtəlşüurumuzda bizə məlum olan şeylə rastlaşanda onunla doğmalaşırıq və əslində, kainatın həqiqətini bilmək istəyən insanlar kimi bəşərin ehtiva etdiyi hər şeylə maraqlanırıq, Zivər də bunun bariz nümunəsidir.

Əsəd Elmlər Akademiyasında işləyir. Onun orada necə işlədiyini kimsə bilmir. Adamlar onun dediklərini nə ciddiyə alır, nə də qeyri-ciddi sayır. Bu, sadəcə olmalı bir şey kimi baş verib bitir. Bütün hallarda Əsəd əmi kimsənin anlamadığı bir söz deməlidir. Bu şeylər deyilmək üçündür, anlamaq üçün yox. Əbülfəz deyir, Əsəd belə danışmasa, fısı yatmaz, partlayıb ölər. Bədbəxt harada danışsın, necə eləsin? Ölkədə elm var? Alimin hörməti var? Konfranslarda ancaq yaltaqlara söz verirlər.

Suğra xala divanda sakitcə oturub. Zivərin başını bağlaması onun da ürəyindən deyil.

O otaqda Zivərin başını bağlamağına bircə Tanya rahatlıqla baxır. Təkcə o bunun arxasında qara əllər, fikir və planlar axtarmır.
Sima xalanın mətbəxə getməsi ilə gəlməsi bir olur. Qadın bənizi qaçmış halda: “Lüstrlər tərpəndi, zəlzələdir”, – deyən kimi ortalıq qarışır. Əslində, hamı otaqda nəyinsə dəyişdiyini hiss eləsə də, özündən şübhələnir: Əbülfəz əmi başının gicəlləndiyini “paxmel”in , Suğra xala qocalığın üstünə atır. Sima xala həmişəki kimi hər şeyi öz adı ilə çağırır – zəlzələ!
Təbiətin şıltaqlığı hamını çölə tökür. Zahirən soyuq, mahiyyətcə insan nəfəsi, qayğı və həmrəyliklə qəfildən isinmiş gecə yaşanır. Hamı bir-birinin halını soruşur, zəlzələni necə hiss etməsinin hekayəsini danışır.

Qadınlar oxşar cümlələrlə başlayır – mətbəxdə idim...

Kişilər də girişi fərqli deyil – divanda uzanmışdım, televizora baxırdım, qəzet oxuyurdum...

Zəlzələ söhbətinin arasında dünən mərtəbəmizə köçmüş cütlük qol-qola girib harasa gedir. Qız musiqi müəllimidir, oğlanın nə iş sahibi olduğu hələ bilinmir. Onların hamıdan axırda qələbəliyin içindən əl-ələ, qol-qola, tələsmədən, kimsəyə məhəl qoymadan keçib-getməsi yeni söz-söhbət dalğası yaradır. Mən sonralar o gedişi Bethovenin “Eroika simfoniya”sına bənzədirəm. Zəlzələ sevginin saflıq mərhələsini yaşayan cütlüyün ruhunu silkələmək üçün əməlli-başlı əziyyət çəkmişdi. Tərəddüd və suallarla dolu dəqiqələrdən sonra onlar qollarını bir-birindən çəkib paltarlarını geymiş, zəlzələnin ikinci dalğası gəlməmiş binadan uzaqlaşmışdılar. Bethovenin simfoniyası da oxşar materialdan düzəlib – qorxu və tərəddüd, sevgi və çətinlik, insanın ətini və sümüyünü cıza-cıza, didə-didə irəli sürünən cəsarət...

Tanya xala o cütlüyü görəndə sevimli üzü bol təbəssümə, sevincə bürünür. Ona baxdığımı sezib: “Necə gözəldirlər, oçen krasivıye...” – deyə gah rusca, gah azərbaycanca təkrarlayır. Ardınca hamını bağçadakı evinə dəvət edir. Anamın da içində olduğu üç-dörd qadın Tanya xalagilə tərəf addımlayır.

Müharibədən qaçqın düşən ailələr bağçaya sığınıb, zəlzələnin çölə tökdüyü insanlar da bağçaya gəlincə maraqlı ab-hava yaranır; elə bil tale insanı lap əvvələ – bağçaya qaytarır ki, hər şeyə təzədən başlasın.
Tanya xalanın evində oyuncaq rəflərinə turşu və mürəbbə balonları yığılıb, körpələr üçün düzəldilmiş rəngbərəng şkaflara kartof, soğan, balqabaq və paxlalar yerləşdirilib. Şkafların qapılarına ulduz, günəş, göyqurşağı, müxtəlif gül şəkilləri yapışdırılıb, üstünə “Günəş kimi parlaq sabahlar” yazılmış plakat asılıb.

Tanya xala çay dalınca qaçır, anam Şükufə xala ilə söhbətinə davam edir. Şükufə binamıza təzə köçüb. Tanya xala rəngləri bir neçə ton çox, Şükufə xala bir neçə ton az görür. Günəşli bazar gününə baxıb: “Sıxıcıdır”, – deyir.

“Dima əsgərlikdə gözündən yaralanıb. Tanya ilə gözlərini itirməzdən əvvəl, ya sonra tanış olublar, heç bilmirəm. Sovet hökuməti müharibədən sonra əlillərdən ibarət musiqi ansamblları yaradırdı. Dünyanın işinə bax, insan müharibədə Allahın bəndəsini əldən-qoldan, gözdən eləyir, sonra bir yerə yığır ki, çalın-oynayın. Dimanın yaxşı musiqi duyumu var, hansısa alətdə çalırmış, nə aləti idi o?”
Atam anamın sualına cavab vermir, onun başı Əsəd əminin dediklərinə qarışıb:

“41-45-dən sonra bütün Rusiyada belə ansambllar yaradıblar. Qısası, Dimaya Bakıdakı ansamblda bir skripkaçıya ehtiyac duyulduğunu deyirlər. O da bunu Tanyaya bildirincə, birləşib bura gəlirlər. Tanya o vaxtdan Dimanın gözü, qulağıdır. Dima deyir, heç gözsüzlükdən əziyyət çəkmədim, Tanya dünyanı elə təsvir eləyir, öz gözüm olsa, çətin onu belə qəşəng görəm. Hərdən elə ağ eləyir, deyirəm, Tan, axı mən gözübağlı doğulmamışam, azdan-çoxdan gördüyümü görmüşəm, dünya bu qədər rəngli deyil”.

Sonra növbəti müharibə başlayır və hamının sözünü kəsir. Saşa müharibədə ölür. Bu cümlə davamedici zamanda yazılmalıdır. İnsan müharibədə bir dəfə ölmür. Yaşaya biləcəyi hər gün yenidən ölür. Tanya xalanın rəfləri balonlarla dolmur. Qonşular növbələşib bağçaya Tanya ilə Dimaya yemək göndərir. Daha Tanya xala yayda qış üçün hazırlıq görmür, çünki növbəti fəsillərə inanmır. Saşanın öldüyü gün dünya bircə fəsilli yerə çevrilir. Həmişə qışdır, hər şeyi don vurur. Bağçanın Tanya yaşayan küncünə günəş düşmür, üstündə işıqlı günlərin gələcəyi haqqında şüar yazılmış plakat günbəgün, saatbasaat saralır, oxunmaz hala düşür. Bəs o otağa günəş düşmürsə, plakat niyə saralır? Tanya xalanın otağına düşən günəş insanların zehninə yol qət edənə qədər parlaqlığını itirir, Şükufə xalanın zehnindəki kimi hər yeri boz rəngə bürüyür. Vasif əmi: “Rusiya regionun ilanıdır, zəhərini tökə-tökə, sanca-sanca gəzir, qıvrılır, uzanır, ölmür, yüz illərdir öldürür”, – deyir. Mən uşaq ağlımla bəlanın ruslardan necə gəldiyini anlamıram. Rus deyəndə, Tanya xalanı xatırlayıram. Axı o kimi sanca bilər? Tanya xala da oğlunu Rusiyanın silahları ilə başlayan müharibədə itiribsə, söhbət hansı rusdan gedir?

Otuz il sonra

“Şükufə, Tanya üçün burnumun ucu göynəyir, görəsən, necədir? Ərini də götürüb, hamıdan, hər şeydən çıxıb getdi qadın. Yox e, Sevillə nə əlaqəsi... Sevilin öz ailəsi, uşağı... Saşadan sonra ərə getdi axı. Of, Şükufə, sən də ki! Yaxşı, qız gəldi, durum yemək verim”, – anam telefon söhbətini bitirməyə çalışır.

“Bu Şükufə məni bezdirdi. Deyir, Tanya mənə çatmır. Öz başın çatmır, öz başın! Tanyaya necə belə demək olar? Səndə, bizdə çatmır. Hər dəfə zəng eləyəndə məni qaramat basır. Çatmırmış!” – anam təzyiqini ölçə-ölçə Şükufənin qarasınca deyinir.

“Tanya yaxşıdır, Saşa adında bir uşağı da var”, – məmnunluqla deyirəm.

Qar dənələri tələsmədən yerə düşür.

Ağıllı saatımdan bildiriş gəlir: “Stress səviyyənizdə dəyişiklik var...”

# 490 dəfə oxunub

Oxşar xəbərlər

Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

10:40 20 may 2025
Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

17:54 19 may 2025
Toyuq günü - Oljas Süleymenovun hekayəsi

Toyuq günü - Oljas Süleymenovun hekayəsi

10:00 18 may 2025
Zərgərin əmanəti - Aytac Məmmədlinin hekayəsi

Zərgərin əmanəti - Aytac Məmmədlinin hekayəsi

11:30 16 may 2025
Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

09:00 16 may 2025
Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi

Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi

16:33 15 may 2025
# # #