Quş yuvası - Selcan Kərimli

Selcan Kərimli

Selcan Kərimli

24 noyabr 2021
# 19:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Selcan Kərimlinin “Quş yuvası” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ailəmlə hər həftəsonu babamgilə gedirik. Onların böyük bağları var. Bu bağda hər cür ağac tapmaq olar. Biz quşların gözəl nəğməsi altında bağda gəzir, ağacların dadlı meyvələrindən yeyirik. Bundan başqa hər dəfə babamgilə gedəndə əmim uşaqları da orada olur. Biz onlarla doyunca oynayırıq. Qısacası, babamgilə getməkdən zövq alır, hər həftə həftəsonunu iplə çəkirik.

Lakin bacım son vaxtlar babamgilə getməyə daha çox can atırdı. Həftəsonunu gözləmir və həftəiçi dərsdən çıxan kimi ora getmək üçün dava salırdı. Nəhayət hər dəfə onun istədiyi olur, getməyi bacarırdı. Amma ora çatanda babam və nənəmlə görüşüb aradan çıxırdı. Bundan şübhələnmişdim. Nənəmgili görməyə can atan o, sonra aradan çıxan da o. Çox maraqlı idi. Elə bu səbəbdən də onu izləməyi qərara aldım. Bağa girdi. Bir az getdikdən sonra dayandı və yerdən daş götürdü. Onu qarşısındakı palıd ağacına atmağa başladı. Bunu gördükdə gizləndiyim yerdən çıxıb onun yanına yüyürdüm. Soruşdum:

- Nə edirsən?

Bacım cavab verdi:

- Yuxarıdakı yuvanı düşürməyə çalışıram.

Verdiyi bu mənasız cavaba çox əsəbləşdim. Dedim:

- Niyə? Sənə o yuvanın nə ziyanı dəyib?

Bacım dedi:

- Heç bir ziyanı dəyməyib, bacı. Sadəcə içində nə olduğunu öyrənmək istəyirəm.

Qəzəblə söylədim:

- İçində nə olacaq? Quş yuva qurub, içinə də yumurtalarını qoyub daa...

Bunu dedikdən sonra daşı birtəhər əlindən aldım. Onu tənbehlədim ki, bir də belə etməsin.

Quş yuvasına nəzər saldım. Görəsən, balaca quş belə möhkəm yuvanı necə tikmişdi? Bu haqda kitablarda oxumuşdum. Çör-çöpləri bir-bir dimdiyində gətirir, daha bərk olması üçün isə palçığa batırırdı. Çox çətin işdir deyə düşünərkən anamın səsini eşitdim:

- Uşaqlar, gəlin yemək yeyin.

Bacımla birlikdə evə yollandım.

Bir həftə sonra babamgilə yenə getdik. Evə çatdıqdan bir neçə saat sonra çox şiddətli külək başladı. Birdən bacım diksindi. Anidən qışqırdı:

- Bacı! Quş yuvası!

Çox təəccübləndim. Yuvanı tamamilə unutmuşdum. Həyəcanla soruşdum:

- Nə edək?

- Gəl, bağa qaçaq. Tez!

Qapını bağlayıb çıxırdıq ki, nənəm bizi gördü və dedi:

- Hara gedirsiniz, mənim balalarım?

Cavab verdik:

- Eee.. Hm.. nənə bağa gedirdik.

Nənəm qapını bağlayıb bizi içəri saldı. Dedi:

- Yox, qurban olum. Belə havada evdən çölə çıxmaq olmaz.

Çarəsizcə içəri girdik. Nə edə bilərdik? Görəsən, quş yuvası dağılmışdı mı?

Məyus şəkildə bacıma dedim:

- Yazıq quş... nə əziyyətlərlə tikdiyi yuvasını bir külək dağıtdı.

Bir az sonra şiddətli külək kəsdi. Tez bağa qaçdıq. Bağın içində yuvanın olduğu ağaca qədər dayanmadan qaçdıq. Palıd ağacına çatdıqda isə gözlərimizə inanmadıq. Ağacın yuva olan budağından başqa bütün budaqları sınmışdı. Yuvaya isə heç bir zərər dəyməmişdi. Çox sevindik. Yüyürüb bunu evdəkilərə xəbər verdik. Onlar yuvanı daha ehtiyatlı yerə qoymağa qərar verdilər. Şiddətli küləyin yenidən olma imkanı olduğu üçün həmin ağac təhlükəli idi.

Beləcə hər həftə babamgilə getdikdə artıq ailəmizin də quş yuvasından xəbəri olduğu üçün rahatca quş yuvasına baş çəkə bilirdik. Atam bizə quşlar barəsində yazılmış kitab aldı. Bacımla birlikdə həmin kitabı həvəslə oxuyur, quşlar haqqında bilmədiyimiz yeni məlumatlar öyrənirdik.

- Bacı, buranı oxu.

Bacımın mənə göstərdiyi bənddə belə yazılmışdı: “Quşların normal bədən temperaturu insanlarınkından yeddi-səkkiz dəfə istidir. Onların tərləmə qabiliyyəti olmadığı üçün udduqları havanın çox hissəsini bədənlərini sərinlətməyə sərf edirlər”.

Mən isə ona başqa bir bəndi göstərdim. Həmin bənddə isə yazılmışdı: “Quşların ürəyi dincələn vaxt dəqiqədə 400 zərbə ilə, uçuş vaxtı isə 1000 zərbədən yuxarı döyünür”.

- Bax, burada isə belə yazılıb; dünyadakı tək qanadsız quş “kivi” adlı quşdur. Onun quyruğu da yoxdur. Kivilər xarici görünüşləri digər quşlardan tamamilə fərqlənir. Bax, bu da onun şəkli.

Mən söylədim:

- Doğrudan da, bu bizim bildiyimiz digər quşlara heç oxşamır.

- Dünyadakı ən böyük quş “dəvəquşu”dur. Ən böyük quş yumurtası da dəvəquşuna məxsusdur. Onun yumurtasının bişməsi üçün 2 saat qaynatmaq lazım imiş.

Bacım soruşdu:

- Bəs dünyanın ən kiçik quşu hansıdır?

Dedim:

- Dayan, baxım... hə, tapdım. Dünyadakı ən kiçik quşun adı “kalibri” imiş. Onun şəklinə bax, necə də kiçikdir.

Bacım dedi:

- Çox şirindir.

...Kitabı bir az da oxuduqdan sonra babamın yanına gedib onunla söhbət etdik. Nənəm isə bizə yemək gətirdi. Yedikdən sonra onlardan icazə alıb quş yuvasının yanına yollandıq. Ora çatdıqda gördüklərimizə şok olduq. Çünki quşların yumurtaların qabıqları yerdə idi. Bacım ağlayaraq dedi:

- Nə olub yumurtalara? Quşlarım öldülər?

Mən də onun kimi quşların öldüyünə inanmışdım ki, yadıma atamın bizə hədiyyə etdiyi kitabda yazılanlar düşdü. Bacımı sakitləşdirib söylədim:

- Dayan, ağlama. Bir yuxarı bax.

Bunu dedikdən sonra quş yuvasındakı civildəşən quş balalarını göstərdim. Sonra başa saldım:

- Balaları yumurtadan çıxdıqdan sonra yumurtaların qabıqlarını bilərəkdən yerə atır. Əgər yerə atmasa yuvanın içində yer qalmaz.

Bacımın sevincinin həddi-hüdudu yox idi.

Mən yaşanan bu hadisələrdən bir şey öyrəndim: “Sevgiylə, əziyyətlə qurulan yuva heç vaxt dağılmaz”.

# 2647 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #