Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi

Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi
27 may 2025
# 09:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Babək MəmmədlininQırmızı “qnişka”” adlı yeni hekayəsini təqdim edir.

Yoldaş zavxoz, aay yoldaş zavxoz..

Bu qılıqlı, incə səsi tanıyıb ayaq saxladı. Şahnaz müəllimə idi, daş döşəməni dikdabanlarıyla döyə-döyə sürətlə ona doğru gəlirdi. Həmişəyaşıllıq böhranına girmiş qadınlar haqqında direktorun verdiyi — içi pioner, çölü pensioner — qısa, şifahi və məzmunlu arayışı xatırlayıb gülümsəmək istəsə də, bacarmadı; pişik sudan qaçan kimi, onun da bu “zavxoz” yarlığından zəhləsi gedirdi. O dəqiqə alt dodağı köpüb sallanır, cod, pırpız qaşları çatılıb bir-birinə girir, ensiz, düşük çiyinləri bir az da düşürdü.

Məsələ isə çox sadə idi, — hər halda, özü belə düşünürdü, — şair Filman Alovlu kimi tanınmağını istəyirdi, vəssalam.

Təxəllüsü də ürəyinə çox yatırdı. Bunu onun adına Bakıda yaşayan tanınmış şair dostu yaraşdırmışdı.

Üç il əvvəl kəndə yas yerinə gəlmiş ölkənin tanınmış şairini evlərinə dəvət edib gözəl ziyafət qurmuşdu. Bir neçə müəllim yoldaşıyla yanaşı, direktor Ələm müəllimin də iştirak etdiyi həmin məclisdə söz alıb iki şeirini birnəfəsə deyəndən sonra gözü bu günə kimi ancaq mavi ekranda gördüyü şöhrətli şairin ağzında qalır, — görsün, nə qiymət verəcək. O isə cavab əvəzi əlindəki soyutma quzu maçasını dişinə çəkib gözlərini yumur, qaşlarını düyüb fikirli-fikirli çeynəməyə başlayır. Bu an məclisdəkilər də əlini yeməkdən çəkib səbrsizliklə hörmətli şairin öz kosmik və mistik dünyasından enişini gözləyirlər. Nəhayət, uzun və üzücü fasilədən sonra ətli gözlərini aralayıb həyət-bacada, Filmanın dolanışığında ötəri gəzdirən şöhrətli şair əlindəki sümüyü tapança kimi Filmana tuşlayıb, ovsunlu səsi, ləngərli nitqiylə ortalıqdakı məzar sükutunu pozur:

Qardaş, sən bizim çoxumuzdan yaxşı şairsən. Şeirlərindən od yağır. Bunlardan bir qoşa səhifəlik seç gətir Bakıya, “uğurlu yol” yazım, qəzetə verək. İmzan da olsun Filman Alovlu. Necədir, ürəyinə yatır?

Yatmaq demişkən, o gecə ilan vuran yatdısa, Filman Alovlu yatmadı. Əlbəttə, sevincdən idi. Qara quzunun artıq qalan qolunu və iki şüşə də özünün çəkdiyi zoğal arağından şöhrətli şairə pay qoyub yola salanda, ev sahibinin səxavətindən vəcdə gələn qonaq əlini Filmanın çiyninə qoyub, — Anar müəllimlə çox yaxşı münasibətimiz var, ikicə ilə səni Yazıçılar Birliyinə üzv edəcəm, — deyə vəd vermiş, Birliyin partbilet rəngli qalın üzlü vəsiqəsini Filmanın burnunun ucunda açıb-bağlamaqla kişinin onsuz da narahat ürəyini yerindən oynatmışdı.

O gündən bəri qırmızı qnişkanın xəyalı bütün ailənin dincliyini əlindən aldı, evin nizamı-düzgüsü pozuldu. Bu qnişkaların sehrli gücünə uşaqlıqdan bələd idi Filman. Böyük Vətən Müharibəsi iştirakçısı, “Moskvanın müdafiəsinə görə”, “Kiyevin azad edilməsinə görə” medalları ilə təltif olunan atası Səməd kişinin, — rayonda hamı ona “ordenli Səməd” deyirdi, — qırmızı “veteran” qnişkasının açmadığı qapı yox idi. Raykom katibi kimi mötəbər adam atasını şəxsən tanıyır, kəndə gələndə görüşüb hal-əhval tuturdu. Kişinin və qnişkasının kənddə işinə yaramadığı nəsil, ocaq qalmamışdı. Nəyə də gücü çatmasa qabaqlarına düşüb topdağıtmaz meşin qapılardan “bezoçur” içəri ötürə bilmişdi onları. Di gəl, Filmanın təbirincə desək, süfrəsində yallanan bu nankorlar, belə bir kişinin oğluna halalca şair adını çox görürdülər.

Təxəllüsüm gözlərinə girsin, quruca şair desinlər heç olmasa, buna da can çəkir axı, papağı mıxda qalmışlar. Həmkəndlilərinin qarasına deyinməkdən Qoşatala kənd tam orta məktəbinin təsərrüfat müdiri Filmanın az qalırdı başına hava gəlsin.

İndi də pilləkənin altındakı otağında elə bu “zavxoz” qoşqusunun qəhrini çəkməkdə idi. Şahnaz müəllimə bayaq — yoldaş zavxoz, — deyib, onu çağıranda əhvalı korlansa da, az sonra bu incə, munis səsdən içinə xəfif bir həyəcan düşmüş, qarnında kəpənəklər uçuşmuşdu. Niyə çağırdığı məlum olanda isə— laboratoriya otağına iki dənə üçyüzlük işıq lampası istəyirdi, — yenə məyusluqdan boynu bükülmüş, dilini sürüyə-sürüyə — baş üstə, —deyib, şəhvətli baxışlarını qadının elə bir cüt üçyüzlük lampa kimi qabarıq, iri sinəsində ümidlə gəzdirərək nəsə axtarmışdı. Ümumiyyətlə, belə qəribəliklər onun xarakterinin nüvəsini təşkil edirdi; göy üzü kimi tutulub yağdığı yerdə baxardın, qəfil gün doğdu, içini ilıq bir həzinlik bürüdü, ya da əksinə, — otyeyəndən ətyeyənə, filantropdan mizantropa çevrildi. Bəli, bu dəfə də möcüzə baş vermədi; müəllimənin tufliləri döşəmənin köksünü yox, onun sinəsini dələ-dələ uzaqlaşıb getdi.

İlan ulduz görməsə ölməz, qoy qnişkanı əlimə keçirim... — yenə öz-özüylə danışıb xəyal qururdu: Aralarında Şahnaz müəllimənin də olduğu iş yoldaşları, hətta qohum-qonşular belə şəkil çəkdirmək üçün şair Filman Alovluya üz vurur, xahiş edir, o da üç barmağın sevimli kombinasiyasını qurub — ala bax, ala! — deyir, riyakarlıqlarına görə tulasifət edirdi hamısını.

Bu qısametrajlı şirin xəyallar iztirabını az da olsa səngitdi. Divardakı boy güzgüsündə özünə baxdı. Yorğun və məğlub görünürdü. Sallaq çiyinlərini gərib gülümsədi. Hardansa oxumuşdu ki, bütün çətinliklərə rəğmən, həyata gülümsəmək lazımdır. Barmaqlarını daraqlayıb ağarmış saçlarının arasıyla arxaya doğru kotan kimi şırım çəkdi. Enli pırpız qaşlarına tumar verməyi də unutmadı. Tanınmış şairin onun haqqında söylədiyi tərifləri xatırlayıb xeyli rahatlandı. Qaranlıq beynində kibritin ucu boyda işıq közərib alışdı. Ancaq, alışmağıyla sönməyi bir oldu, tüstüsü də təpəsindən çıxdı; iki il qazancını Bakıdakı bu ləlöyün şair-yazıçıların qarnına tök, dəridən-qabıqdan çıx, səni hələ də Yazıçılar Birliyinə üzv eləməsinlər, əl boyda vəsiqəyə tamarzı qalasan, — ürəyində deyindi. Ötənlərdə toydan kefli gələndə, hərbi xidmətdən yeni qayıtmış, dörd bacının bir qardaşı, evinin sonbeşiyi Ülvinin dedikləri yenə yadına düşdü:

Ay dədə, onları yedirtdiyin pula məni çoxdan “Fövqəladə”yə, ya da polisə işə düzəltmişdin.

Oğlunun söylədiyi yarızarafat-yarıgerçək həqiqət onu tıncıxdırmışdı. Dostu Vəzirin "soyuqdəymədən qoruyur", — deyib, lağlandığı enli qalstukunu boşaldıb istəmişdi gədənin qulağının dibini alışdırsın, ancaq, qapının ağzında qəzəbli arvadını görüb özünü yığışdırmışdı.

Yetər də Yetər idi. Daha cavanlığındakı kimi çəkinmirdi ondan, söz gəldi, şappadan deyirdi. O gün də qoparağını götürdü:

Düz deyir uşaq, qapıda-bacada qaz-ördək qoymadın, qoyun-quzunun axırına çıxdın. O qnişkanı heç alan günün olmasın.

İndi bunları xatırlayanda yenə acizlikdən büzüşdü, alnı qırışdı. Nimdaş kreslosuna çöküb iri okean tısbağası kimi başını çiyinlərinin arasına soxdu.

Adətən, qadınlar evə pul gətirməyən kişilərlə bu tonda danışırlar. Ancaq, bu məsələnin Filmana dəxli yox idi. Düzdür, əvvəlki kimi qazanmasa da, dolanışıq sarıdan korluq çəkmirdi. İllərdir Ələm müəllimin qara-qura işlərinə çəki-düzən verirdi. Bir dəfə sərxoş olub qohumlarının yanında ağzından qaçırmışdı ki, məktəb dəryadır, dərya. Torunu axşam qur, səhər yığ apar. Doğru da demişdi, — kimin nə işi olsa, direktorun etibarlı adamı kimi zavxoz Filmanla həll edirdi. Şöhrətli şairə urcah olmazdan qabaq pulunu yığıb Xırdalandan birotaqlı mənzil almışdı ki, gədə hərbi xidməti bitirəndən sonra evi satıb polis məktəbində oxutdurar, oranı bitirənə kimi də pulun başını düzəldib rayonda yol polisinə düzəldər, pula pul deməz, zolaqlı dəyənəyinin dalı da kəsər, qabağı da. “Sən saydığını say, gör fələk nə sayır” — deyib atalar, ötən il az qala tutacaqdılar, bu səbəbdən evi satmalı oldu. Bir az uzun söhbətdir, qısaca danışım: Analıq məzuniyyətinə çıxan müəllimənin yerinə yeni diplom almış başqa bir gənc müəlliməni “hörmət” qarşılığında müqaviləylə işə götürürlər. Elə olur ki, məzuniyyətdəki müəllimənin körpəsi çox qalmayıb tələf olur və o, yenidən işə qayıdır. Bu dəfə pulunu aldıqları əvəzedici müəlliməni məcbur çıxarıb, bir müddət səbr etməyini deyəndə mərəkə qopur, aləm dəyir bir-birinə. Qızın atası Filmandan şikayətçi olub izahatında hər şeyi açıq-açığına yazıb göstərir. Məlum məsələ, o da evi satmalı olur.

*****

Qoşatalaya payız həmişəkindən tez gəlmişdi. Aramsız yağışlardan torpaq soyumuş, ağaclar saralmışdı. Odun tədarüklərini yaydan görmüş tədbirli kəndlilər bacaların hisini-qurumunu təmizləyib peçlərini qurmuşdular. Tala-tala mamır bağlamış kirəmit damlardan göyə millənən ağ tüstü burumu neçə gündən bəri ilk dəfə qızaran sübh günəşinin ilıq şəfəqlərinə qarışıb ərisə də, çataçatla yanan meşə ağaclarının qoxusu kəndin üstünə yaslanıb durmuşdu.

Əvvəlki günlərlə müqayisədə, Filman Alovlu yuxudan xeyli nikbin oyandı; özüylə bərabər, beynində işıqlı xəyallar da baş qaldırmışdı. Ədəbiyyat məsələləri pis getmir, şeirləri tez-tez ölkənin müxtəlif qəzet və saytlarında yayımlanır, şöhrətli şairin vasitəsi ilə arzusunda olduğu televiziyaya da ayaq açmışdı.

Qəfil içində yenə nəsə qırıldı, ovqatı təlx oldu, — kənddə hələ də ona — dünən səni televizorda gördük, şair, səninlə fəxr edirik, axşam bizə gələrsən, yengən beçəli xəngəl bişirsin, — deyib, adını urvata mindirən yox idi. Təkcə, uşaqlıq dostu, yekəbaş Vəzirdən savayı, onun da "sidiyi duru deyil”di, adam görəndə özündən çıxırdı. Zapravkanın arxasındakı çayxanada, — ay şair Alovlu, ehtiyatnan gəl sən canın, zapravkaya od düşər, — deyib, milləti ona güldürəndən bəri Vəziri dindirmirdi. Buna görə özünü də bağışlamırdı, — gərək oğraşın yekə başını ilan başı kimi əzəydim o gün, — deyə peşimanlıq çəkirdi.

Evdən çıxıb məktəbə çatana qədər qırmızı qnişkanı düşündü. İş gününün sonunadək beyni bu fikirləri üyütməklə məşğul oldu:

Offf, bircə əlimə keçirim o qnişkanı... Günah mənim özümdədi axı. Sizin kimi nanəcibləri yemləyəndə, gərək üç dəfə bismillah deyəydim, yoxsa o dünyada da pişik kimi adamın üzünə durarsınız. Mirzə Cəlilə, Sabirə nə qiymət verdiniz ki, mənim də qədrimi biləsiniz? Siz nə qanırsınız, ədəbiyyat nədi. Mənim haqqımda o boyda hörmətli şair özü rəy yazıb, fikir bildirib...

Doğrudan da, onun satirik şeirləri haqqında tanınmış şair dostu bir qəzet səhifəsi tərif yazmışdı. Ancaq, Filman da onun xəcalətindən artıqlamasıyla çıxmışdı. Ümumiyyətlə, hansısa qəzetdə və ya saytda şeirləri çıxsa bir yekə səbət kənd payı aparırdı şairin qapısına, hələ üstəlik, ona sədr Anarın əhli-əyalı kimi təqdim etdiyi dostlarına da neçə dəfə qonaqlıq vermişdi Bakıdakı yerlilərinin işlətdiyi “Meşəbəyi” restoranında. Doğrudur, ona kübar təsiri bağışlayan Anarın bu sərxoş, ağızdan yava adamları tanıdığına, üstəlik, onlara hörməti olduğuna şübhə ilə yanaşsa da, sonda hörmətli şair dostunun yalan danışdığına da inanmaq istəməyib qəlbinin qaralığına görə özünü xeyli danlamışdı.

Ona bu təxəllüsü yaraşdıran şöhrətli şairlə sonuncu telefon danışığını xatırladı. Birliyə üzv olmaq istəyini növbəti dəfə dilə gətirəndə, həmsöhbəti xəttin digər ucunda başını qaşıyıb ağlına bir fikir salmışdı:

Qardaş, mən yenə maraqlandım dostlarımızdan. Dedilər ki, Filman müəllimin heç “Qızıl Qələm” mükafatı yoxdur hələ, imzası çox çılpaq görünür. Ağlı Sovet vaxtına getməsin, — dedilər. Düz də deyirlər. Özün fikirləş, quruca Filman Alovlumu yaxşı görünər, yoxsa “Qızıl Qələm” mükafatçısı şair Filman Alovlumu? Belədə üzv olmaq da asanlaşar.

Qağa, “Quran”ın ortasından deyirsən, bizi yaradan haqqı, — ürəyinin sarı teli qımıldamışdı onda. Bəs yaxşı, bu “Qızıl Qələm”i necə almaq olar? — soruşanda tanınmış şair bunun telefon söhbəti olmadığını, Bakıya gəlməli olduğunu, hər ehtimalla, bu işlərə baxan adamları “görmək” üçün də beş-altı “qırmızı alma” gətirməsini tapşırmışdı. Bu “alma”ları Filman çoxdan qulağına sırğa eləmişdi. İlk dəfə Bakıya şeirlərini yığıb aparanda, şöhrətli şair telefonda Filmana işarəylə bildirir ki, qəzetdə şeirləri yığan xanıma iki dənə qırmızı alma gətirsin. Kənd nemətlərindən bir yekə zənbil sovqat düzəldən Filman bazarda qırmızı almaların ən gözəlindən üç kilo çəkdirib Bakıya aparanda dostunun məzəmmətindən üzünün rəngi gətirdiyi almalar kimi qızarmışdı.

Ona görə əyalət şairi deyirlər də sizə... A kişi, bu almanı Bakıda biz tapa bilmirik səncə? Ən bahası qoy olsun, beş manat. Filmanın gətirdiyi ağır zənbili, üstəlik, uşaq kimi tutulduğunu görüb vəziyyəti yumşaltmışdı bir az:

Telefonda açıq danışmaq olmur, mənim sadəlövh şair qardaşım. O xanım əziyyət çəkib kompüterdə şeirlərini yığır. Qırmızı alma deyəndə, qırmızı yüzlük nəzərdə tutmuşdum. İşi başa düşən Filman əlini cibinə salır, pullarının arasından dörd dənə əllilik ayırıb sevincək şöhrətli şairin cibinə basır və bununla da məsələ bağlanır.

Üstünə düşməsəm, bunlara kar eləməz, — hal-əhval tutmaq bəhanəsiylə dostuna zəng etdi. Tanınmış şair Bakıdakı evində bu zəngi gözləyirmiş kimi dərhal cavab verdi:

Eşq olsun, anadan şair doğulan qardaşım Filman Alovluya!

Bu ehtişamlı sözlərdən Filmanın kefi əməlli-başlı duruldu. Başını çiyinlərinin arasından yavaş-yavaş sıyırıb çıxartdı. Əvvəldən bilsə onun səsini telefona yazdırıb sonra təkrar-təkrar dinləyərdi.

Yaşa, ustad! Ancaq, vallah da, billah da mən sənin yanında cızmaqaraçıyam. Sabah Bakıya gəlirəm, deyirəm, imkan olsa görüşək.

Şöhrətli şair əvvəlcə səliqəli enli bığına tumar çəkdi, başını qaşıyıb bir az dodaqaltı mızıldanandan sonra dilləndi:

Mənim alov dilli şair qardaşım. Gəl bunu iki gün sonraya saxlayaq. Sabah toydayam, o biri gün də Anar müəllimlə bir məclisə dəvətliyik. Qulağına Anarın adı dəyəndə uşaq kimi sevindi Filman. Bayaq kibritin ucu boyda közərib sönən işıq indi lopa kimi beynini işıqlandırdı. Anarla görüş nə zarafatdır, bundan yaxşı fürsət bir də nə vaxt ələ düşəcək? Alverçilərə xas çevikliklə qətiləşdirdi ki, nəyin bahasına olur - olsun, tanınmış şair dostunu sabah görüşməyə razı salmalıdır.

Ustad, məsələ ondadır ki, qara quzunu kəsdirib soydurmuşam, tərs kimi də havalar qızıb, hayıfdır onu xaladilnikə basmaq. Almaları da hazırlamışam,—deyəndə şöhrətli şairin gözləri parıldadı. Guya fikirləşəcəkmiş kimi Filmandan möhlət istəyib, nəhayət:

Məni yendin, dağlar oğlu, məni yendin. Ancaq, dediyimi pis başa düşmə, kababdan bezmişəm, vallah. Mətbuat prospektində yaxşı bir yer var,—”Taras Bulba”, — xaxolların restoranıdı. Ürəyin istəyən borş olur, “soçnu” kiyevski katlet verirlər. Sabah yeddidə elə orda görüşək. Dost yolunda boynum qıldan incədir, neynim, toya nəmər göndərərəm uşaqlardan, — dedi.

Filman Alovlu telefonu qulağından götürüb məmnun-məmnun qımışdı. Şöhrət mərəzinə yoluxandan bəri hədəfinə bu qədər yaxın olmamışdı. İşdən sevincək çıxıb hazırlıq görmək üçün evə tələsdi. Yolboyu həyətlərin çəpərlərindən sallanan sarı-qırmızı yarpaqlar, şirəli, narıncı xurmalar, ayağının altında qalıb xırçıldaşan quru xəzəllər gözünü-könlünü oxşadı. İlk dəfəydi payızı belə gözəl görürdü. Ürəyi riqqətlə dolub söz verdi ki, üzvlük vəsiqəsini alan kimi məktəbdəki qara-qura işlərindən əl çəkib halal maaşıyla dolanacaq.

Nəyimə lazımdı, beş-üç manata görə risk eliyim. Qnişkanı alan kimi düz başçının qəbuluna gedirəm. Qoy uşağa çak-çuklu bir iş versin. Rayonda sözü tutulacaq neçə şair var ki? Varsa da, görüm Yazıçılar Birliyinin üzvüdümü? Bir Loğman Elobadır, o da havaxdı, Bakıya köçüb.

Evə çatan kimi arvadı Yetəri və oğlunu hayladı. Yetər həmişəki kimi qaşqabaqlı idi. Başının işarəsiylə — nədir, nə var — soruşdu.

Məsələ, deyəsən həll olur, — qətran qarası gözlərində hiyləgər təbəssüm yanıb-söndü,—iki kəliməylə o boyda kişini toydan saxlayıb sabah görüşməyə razı saldım.

Hansı məsələ? Kişi kimdi? Düz əməlli de görək!

Yetərin də qəlbində şirin bir maraq oyandı. Çətinliklə səbrini basıb ərinin hansı xeyir xəbəri deyəcəyini gözlədi.

Qnişkanın bircə addımlığındayam, a keçəlin qızı, — cavanlığındakı kimi qayınatasına sataşdı, — xeyirdə-şərdə sən də arvaddanarsan indən belə, deyərsən, — mən zavxozun arvadı yox, respublika səviyyəli şair Filman Alovlunun xanımıyam! Şəstlə — bə nədi! — deyib, dərhal da qayğılı görkəm aldı:

Quzunu kəsmək lazımdı, bizim buğa haralardadı, gəlsin kömək eləsin.

O axşam gecədən keçənə qədər oğluyla köməkləşib quzunu kəsib-soyub təmizlədilər. Bu zillətin bitəcəyinə nəhayət, Yetər də, oğlu da möhkəm inanıb, sabahkı tədarükə canla-başla kömək edirdilər. Hələ səhər hamama girib çiməndə də cavanlığında olduğu kimi, Yetər kürəyinə kisə çəkmişdi.

*****

— Laskavo prosimo do restoranu “Taras Bulba” — başına qoyun dərisindən hündür “kuçma” qoymuş, əyninə göy rəngli enli şalvar və qırmızı naxışlı ağ “vişivanka” köynək geyinib, üstündən göy atlas parçadan qurşaq bağlamış portye — kürən, gülərüz oğlan qalın, lay şüşəli ağır giriş qapısını açıb gələnləri öz ana dilində hərarətlə salamladı. Onlar da öz növbələrində minnətdarlıqla gülümsəyib başlarını tərpədərək qarşılıq verdilər gənc oğlana. Qış zalının o başındakı kiçik səhnədə bir başqa gənc oğlan gitaranı köksünə sıxıb boğuq səslə slavyan dilində hansısa kədərli mahnını oxuyurdu. Mahnının sonunda pəncəsinin bir təkanıyla əyləşdiyi diyircəkli yumru kreslonu tam dövrə fırladıb pəncəsiylə də dayandırdı. Tavandan qaranlıq səhnəyə tuşlanan girdə gur işıq bu ecazda Tanrıya aparan işıqlı tuneli xatırlatdı şöhrətli şairə. İşıqlar yanan kimi bir anlıq sükutun ardından qəfil alqışlar qopdu.

Düz saat yeddi tamamda, hələ beş dəqiqə də əvvəl restoranda yer seçib əyləşmişdilər. Şöhrətli şair adəti üzrə ərkinə güvənib yanında gənc şair dostunu da gətirmiş, səbəbkar Filman Alovlu isə yollardakı tıxac səbəbindən yubanırdı. Yaxasındakı kiçik lövhəyə "Boqdana" yazılmış zərif, sarışın ofisiant qız hər ikisini mehribanlıqla salamlayandan sonra balaca qeyd dəftərçəsiylə qələmini əlində hazır tutub sifarişi gözlədi.

Aşpazından ofisiantına kimi hamısı xaxollardı bu restoranın,— şöhrətli şair gənc dostuna xırda bir izahat verib, səliqəli bığlarına tumar çəkə-çəkə menyu kitabını vərəqləməyə başladı. Onun ukraynalıları xaxol deyib təqdim etməsi sarışın qızın xoşuna gəlməsə də, — bunu onun çatılan qaşlarından asanlıqla sezmək olardı, — etiraz edib izahat verməyə həvəs göstərmədi.

Çox keçmədi, Boqdana qeyd etdiyi sifarişlərlə geri qayıtdı. Saçaq-saçaq didilmiş ağ kələm turşusu, az duzlu ağ xiyar turşusu, bir pors “xolodes”, dörd ədəd qızardılmış “vareniki”, limonad və araq. Şöhrətli şair çəngəllə götürdüyü didilmiş ağ kələm turşusunu süfrəyə tökə-tökə birtəhər ağzına dürtüb gah sağ çənəsində, gah da sol çənəsində çeynəməyə başladı. Gənc şair onu çənəsində müdam nəsə gövşəyən iribuynuzlu mala bənzətdi.

Bu turşunu xaxollarla, malakanlar kimi heç kim əmələ gətirə bilmir, —deyib elə gövşəyə-gövşəyə də hər ikisinin qədəhinə araq süzüb sağlıq dedi:

Sən mənim kiçik qardaşımsan, çünki şairsən. Mən dünyanın hər yerindəki yaxşı şairləri, — bir-iki saniyə duruxub əlavə etdi — lap elə ortabab şairləri də özümə qardaş bilirəm. Sən mənə görə yaxşı şairlərin cərgəsindəsən. Bu Filman var ha, görəcəksən, “bezdarnı”nın yekəsidi. Adamı mən gətirmişəm ədəbiyyata. Ciddi deyirəm. Hansısa tədbirdə tanış olduq, apardı bizə qonaqlıq verdi. İndi o bir tikə çörək sümük olub boğazıma keçib, bunu ədəbiyyata gətirməklə məşğulam, — burda sözünə ara verdi, ovunu güdən şir kimi ətli gözlərini qıyıb qalın bığlarını bir az da qabartdı, — indi ədəbiyyatı da, özümü də zibilə salmışam. Di gəl, bu əbləhin də canı çıxır hərdənbir qonaqlıq versin, bax belə bərkdi—gənc şairə Filmanın Alovlunun xəsisliyinin miqyasını izah etmək üçün əvvəlcə yumruğunu düydü. — İstedad da sıfır, — bu dəfə işarə barmağını qatlayıb masaya yüngül taqqıldatdı ki, Filmanın həm də boş adam olduğunu həmsöhbətinə tam aydınlığı ilə çatdıra bilsin.

Qaldır rumkanı, — deyib badəsini uddu, — əslində, gənc şairin gözünə belə göründü. Sonra çəngəlinə sancdığı kələm xotmasını yenə ağzına təpib çeynəməyə başladı. Ağzını açırdı ki, sözünə davam etsin, zalın o başında Filmanı gördü. Dərhal gözüylə gənc həmsöhbətinə işarə verərək — ulu sözün şərəfinə! — deyib, sağlığını tələsik bitirməli oldu.

Filman Alovlu masaya çatanda hər ikisi arağı içib ağızlarının qırağını silirdilər. Şöhrətli şair əvvəlcə özü ayağa durdu, sonra da dostu. Filman ilan kimi hissiyatlı biri idi: əlini uzadanda gənc qonağın ondan xoşu gəlmədiyini o saat duyub təlaşlandı. Ancaq, qarşısında zərif və sarışın Boqdananı görüncə tez kefi duruldu, iki pors “salyanka”, üç pors “Kiyev kotleti” və əlavə bir araq da gətirməsini nəcibliklə xahiş etdi. Şöhrətli şair əvvəlcə gənc şairi Filmana təqdim etdi. Onun istedadından, savadından qısa şərh verib həm də poliqlot olduğunu, — rus, ingilis və türk dillərindən gözəl tərcümələr etdiyini xüsusi vurğulayanda, gənc şair gülə-gülə—italyancanı da öyrənirəm, — deyib lovğalandı. Bu qısa tanışlıqdan sonra şöhrətli şair badəsini götürüb məclisin səbəbkarı Filman müəllimin şərəfinə sağlıq söylədi. Onun nə qədər alicənab, intellektli və istedadlı olduğunu xeyli tərifləyib qaşla gözün arasında gənc şairə göz də vurdu. Onun riyakarlığı gənc dostunun xoşuna gəlməsə də, zorən gülümsəməli oldu.

Filman Alovlu şəninə söylənən tərifi fürsət bilib söhbətin ağzını ona dinclik verməyən məsələyə yönəltmək istədi:

Qardaş, haqqımda xoş sözlər deyirsən həmişə, çox sağ ol, — əliylə qalın qaşlarına tumar çəkdi... Sözünün “mustafasını” deməyə gənc şairdən utanırdı, bir anlıq susub ürəyində necə deyəcəyini götür-qoy edəndən sonra yenidən dilləndi:

Ömür bir göz qırpımında keçib gedir, arxasından çatmaq olmur, —üzünü tanınmış şair dostuna tutub mütiliklə gülümsədi. Sandıq ədəbiyyatımı siz dostların təkidindən sonra üzə çıxaranda elə bilirdim mənə beş-üç ilə Nobel zad da verəllər. Sənin sözün olmasın, mən hələ heç “Qızıl qələm”i almamışam, — əlini əlinə vurub yaşına yaraşmayan tərzdə qaqqanaq çəkdi. Onun şizofrenik gülüşündən duruxan gənc, lovğa şair qaşlarını çatdı.

Mükafatda zadda gözüm yoxdur, and olsun bizi yaradana,— Filman gözlənilməz dönüş edib qayğılı sifət aldı, — sadəcə, adamlara sübut etmək istəyirəm ki, üstümü unlu görüb dəyirmançı bilməsinlər məni. Beləliklə, çiyinlərini əzən yükdən xilas olub sual dolu baxışlarını şöhrətli şairin üzünə dikdi, qıfıla düşən açarın məhz onda ola biləcəyinə işarə idi bu. Tanınmış şair müdrik ədasıyla yenə siqaret yandırdı, tüstünü göyə püləyib baxışlarını da o tüstüdən asdı.

Ay, Alovlu, söz adamının mükafatı onun oxucusudur, — bu yerdə boğazını yüngül arıtladı,—təvazökarlıqdan uzaq olmasın, bir də mənim kimi bu yolda külüng vuran dostları. Bu iki komponentsiz nəinki ölkə xaricinə, heç Biləcəridən o tərəfə də çıxmaq olmaz. Gənc qardaşımız da təsdiqləyər,— gənc şair üzünə müti ifadə verib başını iki dəfə qaldırıb-endirdi.

Filman Alovlu daha sədaqətli duruş alaraq,Ziyarət haqqı, mən də hər yerdə deyirəm, məni sən tapıb üzə çıxartdın. Başına dönüm, gör üzvlük məsələmi…

Əslində, biz kimik ki, — şöhrətli şair Filmanın sözünü ağzında qoydu,—Tanrı istədi, biz də vəsilə olduq. Böyük Mövlanə də buyurub: ”Sən qapını döy, gec-tez açacaqlar”. O qapıları sən çox döymüsən, əziz dostum, indi o “sim-sim” qapıların üzünə açılmaq zamanıdır. Dediyim kimi, sabah Anarla bir məclisdə olacam. Narahat olma, sənin üzvlük məsələni xahiş edəcəm. Tanınmış şair gözlərini qıyıb danışdıqca gənc şairi gülmək tuturdu, Filman Alovlu duyuq düşməsin deyə yaylığını cibindən çıxarıb asqıracaqmış kimi ağzına tutdu.

Skripkanın D majorunda yüngül və şən “polka” çalınırdı. Anarın adını növbəti dəfə eşidən Filman xəyal gücünə zəhmət verməli olub beynində o anı işıqlandırdı: Anar şeirlərini dinləyə-dinləyə qəlyanını tüstülədib razılıqla başını tərpədirdi. Filmanın sevinci üzünün dörd yerindən tökülürdü, istədi qucaqlayıb dostunu öpsün. Sonra oturduğu yerdəcə çiyinlərini musiqinin ritminə uyğun bir neçə dəfə oynatdı. Gənc şairin ona yazığı gəldi birdən-birə. Sarışın Boqdana sonuncu sifarişlərini, — “Kiyev kotletləri”ni də gətirdi. Şair dostundan ümidli mesajlar alan Filman Alovlu çəngəlini iri kotletlərdən birinə sancıb iki dişləmə ütələk-ütələk uddu.

Bütün bu mənzərəni seyr edən gənc şairin könlündən Filmanı bərkə-boşa çəkmək keçdi birdən:

Müəllim, “6 nömrəli palata”nı bilirsiniz də kim yazıb, — Filmanın məlumatsız olduğuna arxayın idi, gözünü üzündən çəkməyib israrla cavab gözlədi. Filman Alovlu bu yersiz, qəfil sualdan duruxub istədi “bilmirəm” desin, amma elə həmin anda ağlına gəldi; bunu həkim kimi Nərimanov yazmış olar və tərəddüdlə Nəriman Nərimanov —deyəndə gənc şair əzici rişxəndlə gülümsəyib ayağını ayağının üstünə aşıraraq siqareti külqabı əvəzinə elə bil Filman Alovlunun alnında söndürdü...

Hirsindən qanı dümağ təraş olmuş üzünə sıçradı Filmanın. Belə bir tərbiyəsiz adamla tanışlığına peşiman oldu, üstəlik də xərcini özü çəkdiyi qonaqlıqda. Şöhrətli şair burda olmasa idi, bu heyvərəni məmnuniyyətlə məclisindən qovardı. Nəsə demək istədi, ancaq sözləri şüşə kimi çiliklənib içinə töküldü...

Elə bu arada bacısıoğlunun zəngi yerinə düşdü. O, dayısına zəng vurub ünvanda olduğunu deyəndən sonra mümkün qədər çox yubanmamasını da xahiş etdi, çünki, yenidən rayona qayıtmalı idilər. Filman —narahat olma — deyib, üzünü tanınmış şairə tutdu:

Qardaş, burasını demədim, rayondan məni gətirən sürücü həm də oxucum çıxdı, — oxucu məsələsini özündən uydurub gözünün qırağıyla gənc şairə baxdı: xahiş elədim, zənbili sizin ünvana aparsın. İndi ordadı, sizin binanın qabağında. Kimə versin?

Nə zənbil? — şöhrətli şair Filmanın dediyi qara quzunu unutmuş kimi təəccübləndi. Onun bu gözütoxluğu Filman Alovlunun qəlbindəki yerini bir az da genəltdi.

Həə, bildim, — laqeydliklə başını buladı, — a kişi, nə zəhmət çəkirdin, qonaq-qərəvən olur, hələ o fağır oxucuna da əziyyət vermisən. Yaxşı, qoy zəng vurum, görüm uşaqlardan kim var evdə.

Zəng vurdu və məlum oldu ki, kiçik oğlu evdədir, düşüb götürəcək.

Dərsindən beşdi... — gənc şair ürəyində yaşlı dostunun bacarıqlarına qibtə edib dodağının bir küncünü azca qaldıraraq üzünə yeddi rəngli qəribə ifadə verdi; kinayə, qəzəb, ikrah, istehza, məzəmmət… Bütün bu emosiyaları bir baxışda cəmləyib istəyirdi Filmana desin:

Tələs, ağsaqqal, tələs! Anar dünənki müsahibəsində qarşıdakı qurultayda namizədliyini verməyəcəyini bəyan edib.

Ancaq, şair dostunun onu növbəti qonaqlığa dəvət etmə ehtimalını nəzərə alıb fikrindən daşındı. Adətən, sərxoş olanda haqq-ədalət, həqiqət axtarışı onu cığallıq edib dava salmağa sövq edirdi. Telefonu cibində titrədi. Ekranda arvadının zəngini görüb özünü toparladı.

Eşidirəm, Gülnar xanım.

Gəlmirsən?

Əlbəttə, gəlirəm. Nə alım gə… — arvadı telefonu üzünə qapadı. Vaxtikən getmək lazımdır, — fikirləşdi.

Filman Alovlu tualet adıyla gedib hesabı ödəyəndən sonra qalxdılar. Şöhrətli şair Filmanın “Qızıl Qələm” üçün gətirdiyi beş yüz manatı giriş qapısının ağzında sayıb cibinə dürtdü. Məclisin əvvəlindəki müdrik, təmkinli tövründən bir nişanə qalmamışdı. Dil-boğaza qoymurdu:

Qardaş, sən Bryus Lisən, vallah, — gülə-gülə Filmanı öydü, — nə tez verdin hesabı? Mən də kömək etmək istəyirdim. Yaxşı edirsən, ancaq, düz eləmirsən, — Filmanın qoluna girib sağ-soluna, arxaya boylandı, gənc şairi tapıb ona bir göz basmaq istədi yenə. O isə artıq taksidə əyləşib aynadan çıxartdığı qolunu ağır-ağır onlara yelləyirdi. Qırmızı qnişkanın eyforiyasında gənc şairin bayaqkı hörmətsizliyini unudan Filman Alovlu əlini yelləyib qarşılıq verdi ona. Taksi yerindən tərpənəndə sərxoş gənc onların anlamadığı dildə:

Zbriqati, veççio, zbriqati. Anar non si kandidera, — deyib, qaranlığa qərq oldu. Ancaq, istehzalı gülüşü bir müddət havada dalğalandı. Bu yad sözlərin arasında təkcə Anarın adını başa düşmüşdülər. Arzuolunmaz qonağın təhlükədən xəbər verən gülüşü o gecə Filmanın qulaqlarından çəkilmədi, kilsə zəngi kimi hey başının divarlarını döyəclədi.

Anarın son müsahibəsindən ertəsi gün xəbər tutdu. Bu isə tamam başqa hekayənin mövzusudur.

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Xəncər - İlyas Əfəndiyevin hekayəsi

Xəncər - İlyas Əfəndiyevin hekayəsi

17:00 26 may 2025
Atam və mən - Nobel mükafatçısının hekayəsi

Atam və mən - Nobel mükafatçısının hekayəsi

15:30 23 may 2025
Gilənar çiçəkləri və fleyta - Günün hekayəsi

Gilənar çiçəkləri və fleyta - Günün hekayəsi

18:38 22 may 2025
Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

10:40 20 may 2025
Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

17:54 19 may 2025
Toyuq günü - Oljas Süleymenovun hekayəsi

Toyuq günü - Oljas Süleymenovun hekayəsi

10:00 18 may 2025
#
#
# # #