O qadın niyə kişini döyüb videoya çəkdi? - Ümumilli sadizm

O qadın niyə kişini döyüb videoya çəkdi? - Ümumilli sadizm
26 may 2025
# 18:03

Kulis.az Mirzə Alikin "Ümumilli sadizm" yeni yazısını təqdim edir.


1971-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford Universitetində aparılmış bir psixoloji eksperiment, elm tarixinin ən mübahisəli və ən çox müzakirə olunan araşdırmalarından birinə çevrildi. Psixoloq Filip Zimbardo tərəfindən həyata keçirilən bu eksperiment, insanların sosial rolları qəbul etdikdə necə dəyişdiyini, davranışlarının nə qədər tez və radikal şəkildə dəyişə bildiyini göstərmək məqsədi daşıyırdı.

Eksperimentin məqsədi

Stanford həbsxana eksperimentinin əsas məqsədi, insan davranışının nə dərəcədə situasiyadan və sosial rollardan asılı olduğunu araşdırmaq idi. Zimbardo və onun komandası belə bir sual üzərində düşünürdülər: Pis davranışlar fərdi xasiyyətin nəticəsidir, yoxsa sistemin və şəraitin təsiridir? Bu sual həm hüquq sistemi, həm də psixoloji nəzəriyyələr üçün dərin əhəmiyyət daşıyırdı.

Metodologiya və eksperimentin quruluşu

Eksperiment üçün qəzet vasitəsilə elan verildi və psixoloji cəhətdən sağlam, fiziki baxımdan sağlam 24 könüllü kişi tələbə seçildi. Bu şəxslər təsadüfi yolla iki qrupa bölündü: "mühafizəçilər" və "məhbuslar".

Stanford Universitetinin psixologiya fakültəsinin zirzəmisində improvizə olunmuş bir “həbsxana” yaradıldı. Real həbsxana atmosferi yaratmaq üçün “məhbuslar” həqiqi həbs proseduru ilə – evlərindən polis tərəfindən aparılaraq, barmaq izləri götürülərək və formalar geyindirilərək – “həbsxanaya” gətirildilər. “Mühafizəçilər”ə isə forma, dəyənək, eynək və digər atributlar verildi. Əsas qayda isə belə idi: mühafizəçilər məhbuslara fiziki zərər verə bilməz, ancaq intizamı təmin etməlidirlər.

Eksperimentin ilk günlərində davranışlar nisbətən neytral idi. Lakin artıq ikinci gündən etibarən “mühafizəçilər” daha sərt, aqressiv və itaət tələb edən davranışlar sərgiləməyə başladılar. Onlar məhbuslara alçaldıcı davranışlar tətbiq etdilər, uzunmüddətli cəzalar, fiziki məşqlər və psixoloji təzyiqlərlə “intizam” yaratmağa çalışdılar.

“Məhbuslar” isə qısa müddət ərzində ruh düşkünlüyü, passivlik və itaətkarlıq göstərməyə başladılar. Bəziləri psixoloji sarsıntı keçirdi, sinir böhranı yaşadı və eksperimentdən çıxarıldı. Maraqlısı budur ki, Zimbardo özü də roluna aludə olmuşdu — o, superindentent (həbsxana rəhbəri) kimi davranır, real bir psixoloq kimi obyektiv müdaxilə etmirdi.

Eksperiment əvvəlcədən 14 gün davam etməsi planlaşdırılsa da, yalnız 6 gün sonra — 20 avqust 1971-ci ildə — erkən dayandırıldı. Buna səbəb isə Zimbardonun bir həmkarı olan psixoloq Christina Maslachın vəziyyəti kənardan müşahidə edib dərin etirazını bildirməsi oldu. O, baş verənlərin insan ləyaqətinə uyğun olmadığını qeyd edərək, eksperimentin dərhal dayandırılmasını tələb etdi.

Eksperiment göstərdi ki, normal, sağlam insanlar belə, onlara verilmiş sosial rollar və struktur çərçivələr daxilində qəddarlaşa və itaətə məcbur ola bilərlər. Buradan çıxan əsas nəticə belə idi:

“Pis davranış təkcə pis insanların işi deyil. Bəzən sistem elə qurulub ki, yaxşı insanlar da pisliyə yönəlir.” — Philip Zimbardo

Bu eksperiment dünya tarixində qaldı və insanlığa göstərdi ki, istənilən insana ciddi sosial status, güc verildikdə insan qəddarlaşa, avtoritarlaşa bilir. İkinci Qarabağ müharibəsindən sonra bir çox insana bu sosial status verildi. İşlədiyim bir müəsisədə şəhid sevgilisi statusunda olan bir xanım işi sözün əsl mənasında yola verir, rəhbərlik onun işini tənqid etdikdə rəhbərliyi məhkəməyə, mətbuata verməklə hədələyir, özü özünə tətillər veriridi. Qeyd edim ki bu xanım şəhidin nə qohumu nə bacısı, nə anası deyildi, sadəcə iddia edirdi ki, nişanlanmaqlarına az qalmış sevgilisi şəhid olub. Sevgilisi ən ali distansiya olan şəhidliyə çatıb, üzünü belə görməycəyi insanlar üçün həyatından keçdiyi halda, bu xanım bu sosial statusdan istifadə edərək karyerasında irəliyəyirdi.

Dünən isə bir kişini dizi üstə çökdürən, döyən, təhqir edən üstəlik bunu videoya çəkdirən xanımın videosu qarşıma çıxdı. Əsgərlərimiz erməni əsirlərə qarşı belə rəftar etməzdi dedizdirən videoda qadın yüksək avtoritarlığını nümayiş etdirir. Kənd sakinlərinin müdaxilə etməməsindən görünür ki, Stanforda keçilirmiş türmə eksperimenti bu eksperimentin yanında heçnədir. Daha dəhşətli məqam isə budur ki, bu hadisə teatr, simulasiya, eksperiment deyil. Hər şey realdır. Bu hadisə nəyi sübut edir?

Bir çox gənc həyatını itirməyi, bir çox xatirə yaşamamağı gözə alaraq həyatından keçdi, bayraq, torpağın bütövlüyü onlar üçün ən ali dəyər idi, lakin, post-müharibə dövründə onların dəyərli xatirəsi belə hadisələrdə ucuzlaşır. Bu prosesdə ciddi imtiyazlar alan fərdlər ciddi şəkildə avtoritarlaşdı, sosial-ictimai statuslarına milli-mənəvi dəyərləri yükləyərək bu statusun ətrafını yan-yörəsini betonla hasarladılar, insanlara qarşı daima hücum mövqeyində oldular. Bu Sosial statuslar qanunun aliliyinin, konstitusiyanın önünə keçməməlidir, əks təqdirdə bütün ölkə Stanforddakı həbsxana eksperimentini xatırladacaq. Axı bizim, yəni uzaqgörən, müdrik, ağı qaradan, post-punkı rockdan, arthaus filməri mainstream filmlərdən seçən xalqımızın canında üzr istədib videoya çəkmək, başa idrar tökmək sonra bununla hansısa ucsuz-bucaqsız məcslisdə fəxr etmək kimi dəyərləri var. Bu proseslə bağlı tədbir görülməsə, hər bir insan bu sosial statusdan istifadə edərək öz balaca tiranlığını quracaq. Hər şey Balabanovun qruz-200 filmini xatırladır. İzləməyənlər varsa, bəndəniz bu filmi şiddətli şəkildə tövsiyyə edir.

Bu prosesin fonunda yadıma şəhid övladının şəklini tik-tokda qoyub hədiyyə istəyən analar düşdü, həqiqətən belə olmalı deyildi, o uca zirvə, uca həqiqət məqamı saflıqla qorunub saxlanılmalı idi.

Ümid edirəm ki, bu yazımla məni vətən xaini çıxarmarsız, mən sadəcə bu absurd teatra, bu əsrarəngiz simulasiyaya bir şərh verdim, hər şey yaxşılığa doğru...

# 641 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Mirmehdi Ağaoğlunun imza günü  olacaq

Yazıçı Mirmehdi Ağaoğlunun imza günü olacaq

11:03 28 may 2025
Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

18:36 27 may 2025
Xalq artisti  həbs olundu

Xalq artisti həbs olundu

18:20 27 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:00 27 may 2025
Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

15:56 27 may 2025
Xanəndə Aqil Məlikov:  "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə

Xanəndə Aqil Məlikov: "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə

15:37 27 may 2025
# # #