Kulis.az Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatından reprotajı təqdim edir.
Havanı dəqiq tuta bilmədiyimiz may günündə üzü Elmlər Akademiyasına tərəf gedirəm.
Ünvanım bəllidir: Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” adlı yeni kitabının təqdimatı. Ancaq yolumun üstündə, Akademiyanın parkında “IV Türk Dünyası Ədəbiyyatı Festivalı” da keçirilir. Ayaq saxlamadan keçə bilmirəm.
Bəli, gözlədiyimiz kimidir, bu sərgidə də seyrəklikdir, tək-tük adamlar gözə dəyir, sükut hökm sürür. "Yəqin hələ səhərdi, tezdi deyə oxucular gəlməyib, birazdan gələrlər" - deyib, özümə təsəlli verirəm, sonra üz tuturam Akademiyaya, Şuşa zalına.
Deyəsən, bir az gecikmişəm. Buna görə də, təəssüf ki, foyedə olan söhbətlərdən xəbərim olmadı. Təqdimatların ən maraqlı məqamlarından biri də tədbirdən əvvəl və sonra qonaqların ayaqüstü etdiyi söhbətlər olur.
Mən zala daxil olanda, artıq himnimiz səslənməyə başlamışdı.
Şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad ediləndən sonra tədbir başladı.
Tədbiri giriş sözü ilə tanınmış jurnalist Qulu Məhərrəmli açdı.
Qulu Məhərrəmli Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" kitabı haqqında məlumat verdi və kitabın bizim ruhumuzun qidası və ağıl dünyasına açılan qapımız olduğunu qeyd etdi.
Tədbirdə xeyli yazıçılarımız, şairlərimiz də var idi. Bir-bir tanış imzaları görürdüm: Şərif Ağayar, Elçin Hüseynbəyli, Zamin Hacı, İlham Əziz, Şəhriyar Del Gerani...
Sözü yazıçılardan ilk olaraq qocaman yazıçı Seyran Səxavət aldı.
Qulu Məhərrəmli çıxışlar başlamazdan əvvəl reqlamentin beş dəqiqə olduğunu bildirsə də, elə bunu ilk olaraq Seyran Səxavətim pozacağını bildiyi üçün zarafatla "Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq!" - dedi.
“Seyran Səxavətin daha çox danışacağını gözləyirdim. Yaxşı qurtardıq” - bunu da Qulu Məhərrəmli Seyran Səxavət çıxışını bitirəndə dedi.
Tədbirdən reportaj yazmaq belədir ki, gərək maraqlı hadisələr də olsun.
Elə bilməyin ki, burada maraqlı heç nə olmadı. Özü də, şok!
Seyran Səxavət çıxış edəndə eks-deputat Etibar Əliyev yanındakı adamla nəsə danışdı, yəni, anlıq olaraq qulağına söz dedi.
Seyran Səxavət bunu görmədimi? Gördü! Pəəəh!
Bir də gördük ki, batıq səsi ilə mikrofona qışqırır:
“Yeraz, ay yeraz!”
Arxa sıra nə baş verdiyini başa düşmürdü.
Bu dəm Etibar Əliyevin səsi gəldi:
“Seyran müəllim, haqlısınız, danışmaq olmaz, ancaq yeraz yox, Qərbi azərbaycanlı!”
Allahdan dava düşmədi, Qulu müəllim aranı yumşaltdı. Seyran Səxavət də əsəbiləşib “Təzədən danışacam” deyibən təzədən danışmağa başladı. Sağ olsun. Bu barədə daha heç nə deməyəcəm.
Qulu Məhərrəmli orada da sağ olsun ki, hər çıxış arası vaxtı xatırladırdı.
Bu reqlamentə əməl edən şəxslər isə daha çox deputatlar idi.
Ancaq burada da bir maraqlı məqam var.
Sən demə, çıxışçıların siyahısında deputatları sona saxlayıblar.
Qulu Məhərrəmli buna da etiraz etdi. Dedi ki, özüm də vəzifəyə gələndən bilirəm, gərək deputatları qabağa salaq.
Qabağa ilk olaraq deputat Qüdrət Həsənquliyev düşdü.
Qüdrət Həsənquliyev həm kitabdan, həm də Bahəddin Həzidən danışıb oturdu.
Daha sonra Vüqar İskəndərov da çıxış etdi.
Vallah, doğrudan da, vaxt qaydasına əməl edən adamlar elə deputatlar imiş.
Onu da, çox yəqin, Milli Məclisin plenar iclaslarında öyrəniblər.
Beləliklə, ayrı-ayrı şəxslərin çıxışlarından sonra təqdimat sona yaxınlaşdı.
Son sözü də çıxışı ilə deyən Bahəddin Həzi gələn hamıya təşəkkür edib, sevgilərini çatdırdı. Yavaş-yavaş imza mərasiminə keçdik.
Oxucular kitabı imzaladıb çölə çıxırdı.
Elə özüm də.
Yolum yenə də Elmlər Akademiyasının parkında təşkil olunan kitab sərgisindən düşdü.
Tədbirə gələndə oxucuların azlığını səhər olmasına bağladım.
Çıxanda günorta idi. Yenə də az idi.
Ümid edirəm, axşam düzələr...