Mavrı - Güşvər Şərifova

Güşvər Şərifova

Güşvər Şərifova

14 dekabr 2021
# 13:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Güşvər Şərifovanın “Mavrı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hər iki əlimdə bazar torbası evə gəlirəm. Binaların böyründəki aşıb-daşan zibil qutularının yanından nəfəsimi tutub sürətlə keçmək istəyəndə gördüm yolun ortasında balaca pişik başına keçən salafan torbadan canını qurtarmaq istəyir, alınmır. Pişik çabaladıqca salafan onun belinə, qarnına doğru sürüşür. Artıq bədənin yarısı torbanın içindədi. Balaca həm çabalayır, həm qəzəblə miyoldayır. İri bir pişk isə zibilliyin yanında dayanıb balacaya baxır və sakit miyoldayırdı. Yəqin anasıdı. Balaca gah yoldan kənara çıxır, gah qayıdırdı. İri pişik arxadan balaya yaxınlaşmaq istədi. Amma balaca yerində dövrə vuranda torbaya keçmiş başını iri pişik görən kimi hürküb kənara tullandı. Yəqin başı torbalı balası ona qorxunc, vahiməli görünürdü. Mən ayağımı yerə bərk vurdum ki, heç olmasa yoldan kənara çıxsın. O, qaçdı, amma yol boyunca yüyürdü, yenə kənara çıxmadı. Eyni vaxtda arxadan da, qabaqdan da maşınlar gəldi. Başa düşdüm ki, artır seyrçi olmaq zamanı deyil, bu pişiyi hökmən yoldan aralamaq və başındakı torbanı çıxarmaq lazımdı. Pişiyin arxasınca qaça-qaça eyni zamanda bazar çantalarının hamısını bir əlimə götürdüm ki, o biri əlimlə onun başındakı salafanı çıxarım. Maşınlar yaxınlaşırdı. Mən pişiyə çatmışdım, amma hər dəfə əlimi atdıqca əlim boşa gedirdi, pişik sağa-sola qaçırdı, başıma fırlanırdı, bir yerdə durmurdu. Maşınlar çatıb dayandılar. Mən yenə, bir daha cəhd elədim...və nəhayət əlimi uzadıb onun başındakı torbanı tutdum. Pişik mənim ayağıma tərəf cumdu. Onun caynağından qorxub ayağımı geri atdım, amma əlimdəki salafanı buraxmadım. Pişiyin başı torbadan çıxdı, xilas oldu, mən özümü saxlaya bilməyim büdrəyib yıxıldım. Maşınların birindən bir qız düşüb gəlmək istəyəndə əlimlə işarə etdim ki, lazım deyil. Özüm qalxıb yoldan kənara çəkildim və torbadan çıxmış pişiyin arxasınca baxdım. Bozumtul, ağımtıl qəşəng, sevimli mavrı idi. Böyüyün yanına getmişdi. Bir-birinə sürtüşürdülər, atdanıb-düşürdülər.

Maşın yanımdan keçib gedəndə bayaqkı qız pəncərədən mənə nəm salfetka verdi ki, şalvarımın dizinin tozunu silim. Qız üzünə zorla qəmgin ifadə verməyə çalışırdı. Sanki mənim halıma acıyır. Amma bilirəm ki, mən pişiyin ardınca qaçanda, o, mənim ətrafımda fırlananda, yaxud mən pişiyin başına dolananda, dəfələrlə əlimi atıb salafanı çıxarmağa cəhd edəndə, büdrəyəndə, nəhayət yıxılanda və yıxılarkən əlimdəki 3 kq əncir kloku zibilliyin yaxınlığındakı asfalta dəyməsin deyə disrəyimi yerə qoyub əlimdəkiləri yuxarıda tutmağa çalışanda necə gülməli görünürdüm. Və yəqin maşında oturanlar gizlicə nə qədər gülüblər. İndisə mənim xətrimə dəyməmək üçün qız üzünə zorla kədər yükləməyə çalışırdı.

Mən çox yıxılmışam və bilirəm yıxılanda çox gülməli oluram. Hamıdan əvvəl özüm gülürəm, hətta ağrım, acım, yaram olsa belə. Bir müddət keçəndən sonra əzilən yerlərim ağrımağa başlayır, hə onda zıqqıldayıram. Mənim yıxılmağımı görənlər bu sətirləri oxuyanda həmin günləri xatırlayıb yenə gülürlər yəqin.

Maşındakı qızın mənə yazıq-yazıq baxması mənə mövzu verdi ki, evə çatan kimi bu vaxta qədər yıxılmaqlarımı bir-bir xatırlayıb yumoristik bir hekayə yazım. Yumoristik yazıları çox xoşlayıram. Amma evə gələndən sonra mürəbbə bişirdim, yır-yığış, sil-süpür, xülasə məişət qayğıları başımı qatdı. Düşündüm, əşi sonra yazaram da, nə qaçaqaçdı!

Amma dünən....

Həmişəki kimi yenə zibilliyin yanından evə gəlirdim. Mənim pişiyim yolun kənarındakı otların üstündə uzanmışdı. Xilas etdiyim üçün artıq onun mənə məxsus olduğunu düşünürdüm və "mənim pişiyim, mənim dəcəlim, mənim, mənim", deyə ürəyimdə onu əzizləyirdim.

Hava çox isti idi. Düşündüm ki, "bu səfeh niyə gedib kölgədə yatmır?!... Hə, yəqin ərinir, tənbəllik eliyir. İndi məni görən kimi duracaq. Lap yaxşı, qoy dursun getsin sərinliyə". Addımlarımı sürətləndirdim, yaxınlaşdım. O, qalxıb qaçmadı. Ürəyim döyündü, ağlıma gələn dəhşətli fikirlə razılaşmadım. Ayağımı yerə bərk vura-vura bir az da yaxınlaşdım. O, durmadı. Əyilib baxdım. Donub qaldım! Ola bilməz! Onun gözünə milçək qonmuşdu. Qəhər boğazımı kəsdi, amma ağlamadım. Üzümü çevirdim. Getdim, sonra dayandım. Dözə bilmədim dönüb yenə baxmaq istəyirdim. Bəlkə maşın vurmuşdu?... Yaxşı görmədim, deyəsən bədəni tərtəmiz idi. Dayanmışdım amma geriyə dönüb baxa bilmirdim.

Zibil qutularına tərəf boylandım. Gözümlə anasını axtarırdım. Kimisə danlamaq, kimisə söymək istəyirdim. Dünən anasıyla oynayırdı, onun başına dırmaşırdı, atdanıb-düşürdü.

Atdanıb-düşənlərin başına əvvəl torba keçir, sonra da canı alınır.

Can?! Mənim 7 canlı, kəpənək ömürlü balaca, dəcəl pişiyim.

11 avqust 2021

# 828 dəfə oxunub

Oxşar xəbərlər

# # #