Kitabını almayan tələbələrin qiymətini kəsən müəllim - Yeni hekayə

Kitabını almayan tələbələrin qiymətini kəsən müəllim - Yeni hekayə
14 avqust 2021
# 15:34

Kulis.az Furqanın "Xoş arzular" hekayəsini təqdim edir.

Nihat Pir üçün

- O gələni görürsən? - dedi Əli.
- Görürəm! - dedim.
- Qıvrımsaç olan...
- Ahaa...
- Şairdi!
- Doğrudan? - təəccübləndim.
- Hə! Hər semestr bir kitab çıxarıb tələbələrə satır.
- Sən almısan?
- Almışam. Birinci kursda dərs deyirdi bizə. Kitablarını on beş manata satırdı. Almaq istəmirdim, sonra gördüm qiymətimi kəsir, məcbur qalıb aldım.
- Almasaydın, kəsərdi imtahandan? - mənim təəccübüm getdikcə artırdı.
- Kəsərdi, üstəlik canımı da alardı.
Artıq gəlib bizim yanımızdan keçmiş qıvrımsaç müəllimə çevrilib qorxu ilə baxırdım.
- Bizə də dərs deyəcək? - soruşdum.
- Həə... - dedi Əli əminliklə.

Əli üçüncü kursda oxuyurdu, mən isə universitetə təzə girmişdim. Əli qohumum idi və ixtisaslarımız da eyni idi. Eyni evdə qalırdıq. Neçə gün idi ki, Əli mənə universitet haqqında məlumat verirdi. Mühazirə nədi, seminar nədi, kollekvium nədi, hansı müəllim yaxşıdı, hansı müəllim pis, hansı müəllim imtahanda pul verməsən qiymət yazmaz, hansı müəllimə rüşvət təklif etsən əsəbiləşər, nə bilirdisə, bir ucdan danışırdı. Həm yorulurdum Əlinin çox danışmağına, həm də sevinirdim ki, tək deyiləm, yanımda qohumum var.

Həmin gündən bir gün sonra Əlinin “şair” dediyi müəllim bizim qrupa dərsə girdi. Mən artıq ondan qorxurdum və düşünürdüm ki, görəsən o, yaxşı şeirlər yaza bilirmi?

Və bir həftə sonra bizim qrupun nümayəndəsi tənəffüslərdən birində “şair” müəllimimizin təzə çapdan çıxmış kitabını almalı olduğumuzu bildirdi.

- Böyük kurslar deyir ki, kim onun kitabını almasa, qiymətini az yazır, imtahana elə balla göndərir ki, həmin tələbə imtahandan kəsilir.
- Mənim şeirdən zəhləm gedir axı! - qrup yoldaşımız olan qızlardan biri dedi.
- Guya kimin xoşu gəlir ki?! - qrup nümayəndəsi onun cavabını anındaca verdi.
- Qiyməti nə qədərdi?
- On beş manat!
- Ohaaaa... on beş manat mənim bir aylıq yolpulumdu e...
- Mən də piyada gəlmirəm! - qrup nümayəndəsi yenə həmin qızın cavabını verdi və söhbət bununla bitdi. Sonra elə özü də son nöqtəni qoydu:
- Sabah hamı pulu gətirsin, kitabları alaq.

Pullar yığıldıqdan iki gün sonra qrup nümayəndəsi kitabları gətirmək üçün iki oğlan çağırdı. Kitablar gəldi və hər kəsə paylandı. Hər kitabda müəllif oxucuya ürək sözlərini yazıb imza çəkmişdi. Mənim kitabımdakı ürək sözləri nəyə desən, dəyərdi:

“Şeirə, sənətə yüksək qiymət verən dəyərli tələbəm İslama xoş arzularla!”

# 5266 dəfə oxunub

Oxşar xəbərlər

Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

10:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər