Həyat yoldaşıma etdiyim xəyanət, sevdiyim qadınınsa məni aldatmağı

Həyat yoldaşıma etdiyim xəyanət, sevdiyim qadınınsa məni aldatmağı
4 fevral 2023
# 11:00

Kulis.az Xalid Xancanlının "Onsra" adlı hekayəsini təqdim edir.

Psixoloqum gözəl qadındır. Onun yam-yaşıl düzənlikdə axan, ensiz su kanalları kimi qıvrılan sarı saçları var. Qəhvəyi gözləri, mülayim insan olmağı və qarşı tərəfdə mən varam deyə ona aşiq olmaq olardı. Ta ki verdiyi bəd xəbərə qədər. “Mənə hər şeyi danışa bilərsən” deyəndə sanmışdım ki, hisslərində səmimidir. Ona həyat yoldaşıma etdiyim xəyanətdən, sevdiyim qadınınsa məni aldatmağından danışanda ayağa qalxıb məni alqışladı. “Evrika, Evrika” söyləyərək sevinclə qəhqəhə çəkdi. Diaqnozu qoydu. “Onsra”. Afrikada sevgiylə əlaqədar sözmüş. Daha doğrusu sevgisizliklə bağlı. Həmin xəstəliyə tutulmuşdum. Məni acıladı, xətrimə dəyməyə çalışdı, xəyanət etdiyimçün ikiüzlü olduğumu dedi, bu xəstəliyə layiq olduğumu, bu bəd xəbəri mənə çatdırdığı üçün şad olduğunu bildirdi. Seçdiyi danışıq tərzi məndə olduqca iz buraxdı. Sərf etdiyi itələmə qüvvəsi əksinə, məni özünə çəkdi. Bəlkə də, ondan iyrəndiyimi düşünürdü.

Artıq kiməsə aşiq olmayacağımı anladıqda bir qəhər bürüdü içimi. O gün çox içdim. Qusdum. Yenə içdim. Nə ayılmaq, nə də ötən həyatımdan ayrılmaq istədim. Həqiqəti anlamaq istəmədim. Bir faişə tapdım. Onunla sevişdim. Qoynunda ağladım. Dərdimi danışmağa başqa adam yox idi. Məni anlayacaq qadın yox idi. Faişələr səs çıxarmır, sözümü kəsmir, öyüd vermir. O nəvazişlərin saxta olduğunu bilirdim. Pulla alınmış bir neçə təsəlli verici söz və bir az qayğı. Sağolsun. Etiraz etmədi. Bezdiyini sezdirmədi. Bəlkə də, bezməmişdi. Bəlkə də, bir eynilik hiss etmişdi. Bəlkə, o da kiməsə aşiq deyil və olmayacağını, ya da mənasız olduğunu sezmişdi. Mən nə edirəm. Bu ağlamaq hardan çıxdı. Axı mən soyuqqanlı idim. Və ən böyük həqiqət də məni yıxmazdı.

Düzü, bu həqiqəti həyat yoldaşıma necə deyəcəyimi bilmirəm. Əlimdə bir tək o qalıb. Artıq onu sevmirəm. Mənə elə gəlir ki, evliliklərin çoxunda cütlüklərin bir-birinə olan sevgisi bir müddət sonra ya nifrətə, ya da hörmətə çevrilir. Olmaz. Axı biz sevib evlənmişdik. Söz vermişdim ki, onu ömrümün sonunacan sevəcəm. Bu halda mən yalançıyammı, yoxsa, doğrudan da, tale əlimdə deyilmiş? Xeyr. Saxtakaram. Axı bu xəstəliyin arvadıma qarşı soyuqluğuma dəxlisi yoxdur. Onu əvvəlcədən aldatmışam. Yenə də məndə ona qarşı az da olsa nəsə qalmışdı. İndi isə özümü arvadımı sevirmiş kimi aparacam. Bu rol mənə heç yad deyil.

Zaman taxtbiti kimi ömrümü yeyir. Get-gedə yoxa çıxıram. Kədərin qoynunda dərdlərimdə qucaq-qucaq gəzirəm. Qaranlığın ağuşunda mənasızca işıq axtarıb bezdim. Artıq əvvəlki kimi deyiləm. İntihar düşüncəsindən daşınmağa çalışıram. Tamamilə hissiz olmasam belə, kimisə sevə bilmirəm. Əlimdə qalan son hiss bu xəstəliyə verdiyim reaksiyadır. Buna qarşı üsyanım. Özümlə danışmaqdan, dərdləşməkdən bezmişəm. Sanki bir kameranın qarşısında əyləşib gələcək nəsillərə öz bədbəxt həyatımdan danışır, lakin tövsiyə verə bilmirəm. Çünki bu zəhrimarın çarəsi yoxdur. Tapanda mütləq bölüşəcəm.

Sanki daxilimdə mənə qarşı bir provakasiya var. Siyasi bir çaxnaşma. Hisslərim ayrı-ayrılıqda hərəsi bir partiya qurmuş, nəhayətində kədər bunların arasında qalib olmuşdur. Mənimsə artıq göz yaşlarm yanağımdan üfüqi istiqamətdə yastığıma süzülürdü. Yastığım sanki içkidən bihuş olmuş, qırışmışdı. Həyatımın sonrasıyla bağlı məchulluqdan qaça bilmirdim. Ayağımın büdrədiyi hər yerdə o vardı. Xəstəliyə tutulmamışdan qabaq ona vurğun idim. Onun ətrafa qəlpələrini saçırmış kimi bədənimi dərmə-deşik edən ətri bir nikotin kimi ciyərlərimə nüfuz etmişdi. Ətrindən bir cığır çəkib, yalnız o yol ilə gedib gəlirdim.

Yeni həzzlərlə tanış olmağın vaxtı gəlib çatıb. Bir motosikl alıb üzərində matadorluq etmək, hər iki qolunu qaldırıb küləyi, riskdən yaranan ölüm hissini hiss etmək; dərinliyi məndən hündür sularda üzmək və əgər cəsarətim çatacaqsa uzun müddət quruya çıxmamaq; paraşütlə uçmaq, hündür bir binanın zirvəsindən asvalta tullanmaq, amma ölməmək; müharibənin ən qızğın anlarında irəli atılıb mərmiləri səpələmək, ölməmək, lakin onu duymaq, bədəninin hər bir zərrəsində gəzdirmək. Bu xəstəliyi başqa nə unutdura bilər? Xoşbəxtlik bir halda ola bilərdi. Sevincli anlarımız saatın bütün hissələrinə yayılar və əqrəbin dövr etməyi bizdən nəsə almazdı. Sonsuz gözəl bir çarx yaranardı.

Bir qıza ilk dəfə aşiq olanda hələ birinci sinifdə oxuyurdum. Həmin qızı təsadüfən klipini izləyib bəyəndiyim bir müğənniyə bənzətmişdim. Sonradan elə oldu ki, aşiq olduğum bütün qadınlar həmin müğənniyə bənzəyirdi. Həmçinin o da.

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
# # #