Gilənar çiçəkləri və fleyta - Yapon yazıçısının hekayəsi

Gilənar çiçəkləri və fleyta - Yapon yazıçısının hekayəsi
19 iyun 2023
# 21:00

Bu gün görkəmli yapon yazıçısı Osamu Dazayın doğum günüdür. Kulis.az bu münasibətlə, onun "Gilənar çiçəkləri və fleyta" adlı hekayəsini təqdim edir.

Osamu Dazay Tsuqaru yarımadasının mərkəzi yaxınlığında olan Kanaqidə anadan olub. Əsl adı Şuuci Tsuşimadır. Ailədəki siyasətçilik ənənəsinə qarşı çıxaraq yazıçı olmağa qərar verib. İyirmi yaşında Tokio Universitetinin Fransa ədəbiyyatı şöbəsinə daxil olub. Əksər yapon yazıçısı kimi o da bir neçə dəfə intihara cəhd edib. Dazay 1948-ci ildə məşuqəsi ilə birlikdə çaya tullanaraq özünü öldürüb. Ölümünün üstündən illər keçsə də, Yaponiyada hələ də onun əsərləri oxunur.

“Hər il gilənar ağacı çiçəklərini töküb yarpaqlayanda bu hadisəni xatırlayıram...” – deyə qoca qarı söhbətə başlayır:

- Otuz beş il əvvəl, atam hələ sağ idi. Atam, mən və kiçik bacım birlikdə yaşayırdıq. Anam yeddi il qabaq, on üç yaşım yenicə tamam olanda ölmüşdü. Mənim on səkkiz, bacımın on altı yaşı olanda atamı dənizin sahilindəki Sirosita şəhər məktəbinə direktor təyin elədilər, ailəmiz ora köçdü. Münasib bir ev tapa bilmədik və məbədin arxasında, dağın ətəyində qərar tutmuş tənha binada iki otaq kirayələdik. Orada altı il yaşadıq, sonra atamı Masueyə təyin elədilər. Masuedə iyirmi beş yaşımın tamamında ailə qurdum. O zamanlar üçün bu, gecikmiş nikah sayılırdı. Mən gənc yaşımda anasız qalmışdım. Özünü bütünlüklə işinə həsr eləmiş atam məişət məsələlərindən uzaq idi və mən olmasaydım, bəlkə də ailəmiz dağılardı. Bunu çox yaxşı başa düşdüyümdən, bütün evlilik təkliflərinə rədd cavabı verirdim. Heç olmasa, bacım sağlam olsaydı... Amma, təəssüf ki, mənə qəti bənzəməyən bu gözəl, ağıllı, uzun saçları olan qız həmişə xəstə olurdu. Sirositaya köçəndən iki il sonra o öldü. Onda mənim iyirmi, onun on səkkiz yaşı vardı. Mən elə həmin dövrdən danışmaq istəyirəm.

Bacım bərk xəstəydi, özü də çoxdan. Yaman pis xəstəlik tapmışdılar onda – böyrək vərəmi. Amma xəstəliyi gec aşkar eləmişdilər, hər iki böyrək sıradan çıxmışdı. Həkim onun yüz gündən artıq yaşamayacağını atama demişdi. Daha heç nə ona kömək edə bilməzdi. Bir ay keçdi, sonra ikinci ay keçdi, ona qoyulan vaxt sona çatmaq üzrəydi. Əlimizdən heç nə gəlmirdi, susub gözləməkdən başqa.

Bacımın heç nədən xəbəri yox idi. Son günlər yataqdan qalxa bilməsə də, kefi kök idi, mahnılar oxuyur, zarafat eləyirdi. Mən isə gırxca gündən sonra hər şeyin bitəcəyini düşündükcə qəhərdən boğulurdum, fikirləşirdim ki, bu itkiyə dözə bilməyəcəm və bütün vücudumu dözülməz bir ağrı bürüyürdü. Mart da keçdi, aprel də. May ayı gəldi. Hər şey əvvəlki kimiydi. Mayın ortalarındakı bir gün isə heç vaxt yadımdan çıxmır.

Çöl-çəmən yenicə çiçəklənmişdi, elə istilər düşmüşdü ki, az qalırdın, soyunasan. Göy otlar par-par yanır, gözəlliyi ilə göz oxşayırdı. Əllərimi qurşağımdan arxada çarpazlayıb, fikirli-fikirli bu yaşıllığın arasıyla dolaşırdım. Fikirlərim o qədər qəmliydi ki, bəzən nəfəsim daralır, ürəyim sıxılırdı.

Yerin altından, sanki cəhənnəmdən gələn gurultu eşidildi. Səs uzaqdan gəlirdi, elə bil cəhənnəm təbili çalırdılar. Nə baş verdiyini anlamadım, elə bildim başıma hava gəlir, qorxdum, yerimdə donub qaldım, sonra yerə sərilib hönkürtü ilə ağladım. Sonradan öyrəndim ki, məni belə dəhşətli dərəcədə qorxudan Yaponiya hərbi dəniz donanmasının gəmilərdən atdığı topların səsiymiş. O zaman baş komandanın bir zərbə ilə Rusiyanın Sakit Okeandakı donanmasını məhv etmək əmrini həyata keçirmək üçün başlayan hərbi əməliyyatların ən qızğın çağıydı. Hə, məhz həmin vaxtıydı. Yaponiya hərbi dəniz donanmasının qələbəsi bu il də qeyd olunacaq. Silah gurultusunun səsi Sirosita sahil şəhərciyinə çoxdan gəlib çatmışdı və əhalini təşvişə salmışdı. Təkcə mən heç nəyin fərqində deyildim. Pərişan halda bacımın xəstəliyini düşünürdüm. Bu partlayış səsləri mənə yaxınlaşmaqda olan bədbəxtlikdən xəbər verir, cəhənnəm davulunun gurultusunu andırırdı. Üzümü torpağa qoyub xeyli ağladım. Günəş batanda ürəyimdə qəribə bir yüngüllük hissiylə evə qayıtdım.

- Bacı! – xəstə məni çağırdı. Yazıq lap arıqlamış, taqətdən düşmüşdü. Deyəsən, sayılı günləri qaldığını başa düşürdü. Hər halda, daha mənimlə əvvəlki kimi zarafatlaşmır, özünə qarşı diqqət tələb eləmirdi. Bu, məni bir az da mütəəssir eləyirdi.

- Bu məktub nə vaxt gəlib?

Elə bil ürəyimə bıçaq sapladılar, rəngim qaçdı.

- Nə vaxt gəlib? - o, məndəki dəyişikliyə əhəmiyyət verməyib, bir də soruşdu.

Özümü zorla ələ alıb dedim:

- Bir az əvvəl, sən yatanda. Yuxuda gülümsəyirdin, mən də məktubu yavaşca yastığının yanına qoydum. Heç nə hiss eləmədin?

- Yox, - bacım gülümsədi. Onun gözəl, ağ dişləri otağın alaqaranlığında parıldadı. – Oxudum! Qəribədi, tanımadığım bir adam yazıb.

Necə yəni tanımadığı adam? Onu necə tanımaya bilərdi? Mən məktubu yazan adamı tanıyırdım. Adı M.T. idi. Onu çox yaxşı tanıyırdım. Yox, yox, heç vaxt görməmişdim. Amma bir neçə gün əvvəl bacımın dolabında, yeşiyin küncündə yaşıl lentlə sarılı bir dəstə məktub tapmışdım. Əlbəttə, başqasının məktubunu oxumaq yaxşı deyil, amma yenə də özümü saxlaya bilmədim və məktubları açdım. Otuza yaxın məktub vardı. Hamısının da sonunda M.T. hərfləri yazılmışdı. Zərfin üstündə məktubu göndərənin adının yerində müxtəlif qadın adları yazılmışdı. Bu, bacımın rəfiqələrinin adları idi. Buna görə də nə atam, nə də mən onun uzun zaman bir kişiylə məktublaşdığını heç ağlımıza da gətirməmişdik. Bu M.T. çox tədbirli adammış. Çox güman ki, bacımdan rəfiqələrinin adını öyrənib və ona göndərdiyi məktublara növbə ilə o qızların adlarını yazıb. Bu gəncin cürəti məni heyrətləndirdi və qorxudan ətim ürpəşdi. Birdən atam xəbər tutsa? Sonra məktubların tarixlərinə görə ardıcıllıqla düzüb oxumağa başladım. Qəribə bir xiffət hissi ruhumu bürüdü. Bu sevgidəki uşaq sadəlövhlüyünə səssizcə gülürdüm, mənə elə gəldi ki, qarşımda qəfildən yeni dünya açıldı. Unutmayın, o zamanlar mənim iyirmi yaşım yenicə tamam olmuşdu və heç kimə danışmağa ürək eləmədiyim sirlərim vardı. Məktubları birnəfəsə oxudum. Onlar mənə dupduru dağ çayını xatırlatdı. Son məktub ötən ilin payızında yazılmışdı. Elə təsirləndim ki, nəfəsim tıncıxdı, dizlərim tutuldu. Belə məlum olurdu ki, gənclərin bu hissləri ilahi sevgi olmaqdan çıxmış və adiləşmişdi. Məktubları yandırdım. Bu M.T., görünür, Sirositadan olan biçarə şairdi və bacımın xəstəliyini eşidən kimi, onu atıb. İnsanlar necə zalımdılar! Adam məktubunda tamamilə sakit halda yazırdı: “bir-birimizi unudaq”. Görünür, elə bu cür də eləmişdi, çünki bu, son məktub idi. Əgər mən indi sussam, gözəl bacım ürəyində bu dərdlə öləcək. Yox, bu sirri heç kim öyrənməyəcək və mən bunu ürəyimdə saxlamağa qərar verdim. İndi hər şeyi bildiyimdən, bacımın halına daha çox acıyırdım. Ağlıma qəribə fantaziyalar gəlirdi. Qarmaqarışıq, qaranlıq düşüncələr bütün ruhumu çulğamışdı. Həyatım cəhənnəmə çevrilmişdi, mənim o günlərdə nələr yaşadığımı ancaq bir qadın anlaya bilər. O qədər əzab çəkirdim ki, elə bil məni aldadıb atmışdılar. Ümumiyyətlə, mən o illərdə bir az qəribə qız idim.

- Sən Allah, al bir özün oxu, mən heç nə başa düşmürəm. Bu nədi belə?

Bu qədər səmimiyyət məni bir az çaşdırdı.

- Olar? - yavaşca soruşdum və məktubu götürdüm.

Barmaqlarım titrəyir, bu da məni karıxdırırdı. Məktubun məzmununu əzbər bilirdim, amma çarəm yox idi, axıracan və hündürdən oxudum:

- “Səndən üzr istəməliyəm. Bu günə qədər sənə məktub yazmaq arzumu içimdə boğmuşam. Səbəb özümə inamsızlığımdı. Bilirsən ki, kasıb adamam, elə bir istedadım da yoxdu. Bu səbəbdən sənin həyatını öz həyatımla bağlaya bilmərəm. Bunlar gəlişigözəl sözlər deyil, həqiqətdi, inan mənə. Öz gücsüzlüyümdən usanmışam, öz sevgimi heç nə ilə sübut eləyə bilmirəm, gücüm sözlərə çatır. Bütün bu günlər ərzində bir dəqiqəm də səni düşünmədən keçməyib. Amma mən talelərimizi birləşdirə bilmərəm. Məhz bu qərarsızlığım məni səndən ayrılmağa məcbur elədi. Sənin talesizliyin, mənimsə sevgim böyüdükcə, sən mənimçün daha əlçatmaz olursan. Başa düşürsən? Yox, mən səni aldatmıram. Belə bir qərar verməyimin səbəbi məsuliyyət hissi və borcdur. Amma indi görürəm ki, bu, böyük səhvmiş. Hə, səhvmiş.

Bağışla məni! Mən səndən uzaq durmaqla, özümü ən axırıncı əclaf kimi apardım. Bu günə qədər düşünürdüm, madam ki, biz belə zəif və tənhayıq, başqa yolumuz qalmır. Varlığımı sənə sübut eləməyin yeganə ən düzgün yolu sənə sədaqətimi hədiyyə eləməkdi. Bunu ürəkdən deyirəm, inan mənə. İndi başa düşdüm ki, insan imkanı çatan hər şeyi eləməlidi. Heç nədən utanmadan, sevdiyinə bir dəstə zəncirotu hədiyyə eləmək - əsl kişilikdi, əsl kişiyə yaraşan hərəkətdi. Daha səndən qaçmayacam. Hər gün şeirlər yazıb sənə göndərəcəm. Hər gün sizin evin divarlarının arxasında səninçün fleyta çalacam. Səninçün. Sabah mənim fleytam səninçün hərbi dəniz donanması marşı çalacaq. Mən fleytada kifayət qədər yaxşı çalıram. İndi bu, səninçün eləyə biləcəyim yeganə şeydi. Gülmə. Ya da istəyirsən, gül. Təki sağal. Tanrılar bizə baxırlar. Mən buna inanıram. Biz – sən və mən onların sevimli bəndələriyik. Biz səninlə çox gözəl cütlük olacağıq.

Mən çox gözlədim. Budur, nəhayət, şaftalı ağacı çiçək açdı. Deyirdilər “şaftalı çiçəyi bəyaz olur”. Mənim ağacım al-qırmızı çiçək açdı. İndi mən işləyirəm. Hər şey yaxşıdı. Sabaha qədər. M.T.”

- Çox sağ ol, - bacım sakitcə dilləndi, bu məktubu özün yazmısan, bilirəm.

Utandığımdan məktubu tikə-tikə cırmaq istədim. Görünür, belə vəziyyətlər üçün deyiblər ki, “utandığımdan az qaldım yerə girəm”. Doğruydu, bu məktubu mən yazmışdım. Bacımın çəkdiyi əzablara daha baxa bilmirdim və M.T.-nın xəttini bərpa eləyərək, ömrünün son günlərinə qədər ona məktub yazmağa, şeirlər göndərməyə qərar vermişdim. Axşam saat altıda isə hasarın arxasına keçib fleyta çalmağı düşünmüşdüm.

Ay Allah, necə utanırdım! Hələ bir bənd miskin şeir parçası da yazmışdım. Həyəcandan nitqim tutulmuşdu.

- Narahat olma, - bacım sakit-sakit gülümsəyirdi. - Yəqin lentlə sarıdığım məktubları oxumusan. Onların heç biri doğru deyil. Çox yalqızdım, inişil payızda özüm-özümə məktublar yazmağa başladım və üstünə öz ünvanımı yazıb poçt qutusuna atırdım. Məni aldatma. Gənclik ömrün ən gözəl çağıdı. Bunu xəstələnəndən sonra daha yaxşı başa düşdüm. Özü özünə məktub yazmaq bir az bayağıdı, abırsızlıqdı. Eyni zamanda, sadəcə axmaqlıqdı. Əgər bir kişiylə görüşəcək qədər cəsarətim olsaydı... Yəqin ki, güclü kişi əlinin səni qucaqlaması dünyada ən gözəl hissdi. Mən bu günə qədər bir dəfə də yad kişiylə danışmamışam, sevgilimsə yerli-dibli olmayıb. Sənin də olmayıb, elə deyil? Bax, bizim səhvimiz də elə bundadı. Biz çox ehtiyatlıyıq. Ah, bir bilsəydin, ölmək necə iyrənc bir duyğudu. Öz əllərimə, barmaqlarıma, saçlarıma heyifim gəlir. İyrəncdi!

Kədər, qorxu, sevinc hissləri ürəyimdə bir-birinə qarışmışdı. Daha heç nə haqqında düşünə bilmirdim. Yanağımı bacımın zəifləmiş yanağına qoydum, onu bərk-bərk qucaqlayıb hönkürdüm. Bu zaman, hə, məhz bu zaman səslər eşitdik; aydın eşidilmirdi, zəif gəlirdi, amma fleyta səsi olduğuna şübhə yox idi. Biz qulaq asmağa başladıq. Saata baxdım – altı idi. Anlaşılmaz bir qorxu hissiylə bir-birimizə qısılmışdıq və bağın dərinliyindəki gilənar ağacının ləçəkləri arasından süzülüb gələn bu qəribə marşı qımıldanmadan dinləyirdik.

Tanrılar var! Məhz həmin gün mən bu fikrə inandım.

Bacım iki gün sonra öldü. Həkim başının üstündə durub heyrətlə qaşlarını çatmışdı. Yəqin, nəfəsinin belə sakit və belə sürətlə kəsilməsinə heyrətlənirdi. Mənsə təəccüblənmirdim. Mən Tanrıların gücünə inanırdım. İndi qocalmışam, dünyanın hər yükünü çəkmişəm və bundan utanıram. Bəlkə Tanrılara inamım indi əvvəlkindən çox deyil. Hərdən şübhələr məni sıxır və düşünürəm ki, görəsən, o gün fleytanı çalan atam deyildi ki? Axı bu da mümkün idi ki, atam işdən qayıdıb, yan otaqdan bizim söhbətimizi eşidib və bizə yazığı gəldiyi üçün ömründə bircə dəfə bizimlə zarafat eləmək istəyib.

Amma çətin... Onda ki atam sağıydı, soruşa bilərdim. Artıq on beş ildi ki, atam da yoxdu. Yox, məncə, hər halda Tanrıların bizə yazığı gəlmişdi. Buna çox inanmaq və mənəvi rahatlıq tapmaq istəyirəm. Amma çox qocayam, dünyanın yükü artdıqca inam azalır, öz yerini şübhələrə verir".

Tərcümə: Güldəstə

# 1487 dəfə oxunub

Oxşar xəbərlər

Qatil - Ruslan Mollayev

Qatil - Ruslan Mollayev

15:00 18 iyul 2024
Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

11:30 16 iyul 2024
Milan Kunderanın yeni əsəri çap olunub:  "Girov götürülən Qərb"

Milan Kunderanın yeni əsəri çap olunub: "Girov götürülən Qərb"

10:51 16 iyul 2024
Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

09:00 15 iyul 2024
Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

16:00 14 iyul 2024
"Bitməyən berqmanomaniya" - Alpay Azər

"Bitməyən berqmanomaniya" - Alpay Azər

15:00 14 iyul 2024
# # #