2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür
2 avqust 2026
# 11:30

Bu gün Azərbaycan Kinosu Günüdür.

Kulis.az bu münasibətlə milli kinomuza aid materialı təqdim edir.

Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi. 1915-ci ildə Pirone qardaşlarının açdığı səhmdar cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası" adlı bədii filmi ekranlara çıxardı. Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya Vsevolod Pudovkin, Nikolay Şengelaya, Mixail Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov və başqa kinooperatorlar dəvət olunmuş, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926–1930), "Azərkino" (1930–1933), "Azfilm" (1933), "Azdövlətsənaye" (1934), "Azərfilm" (1935–1940), Bakı kinostudiyası (1941–1958) kimi adlar daşımışdır, 1961-ci ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. 1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 1920-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4–5 nömrə) buraxılmağa başlandı.

1930-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət", "Almaz" və "Yeni horizont", "Bakılılar", "Kəndlilər" və s.

1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejrabpomfilm” kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936–1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır. 1930-cu illərdə səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. "Şöhrətli Azərbaycan" bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 1930-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol", "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir.

İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi", vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir.

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab" və s. 1944-cü ildə Bakı kinostudiyası Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi.

1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor Hüseyn Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Həmin ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə görə rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko, bəstəkar Üzeyir Hacıbəyov, aktyorlardan Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər Kələntərli və Lütfəli Abdullayev 1946-cı ildə Stalin mükafatına layiq görüldülər.

1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Bakı kinostudiyasının əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 1950-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar. Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı: "Qızmar günəş altında", "Qara daşlar", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız", "Ögey ana".

"Bakı və bakılılar", "Azərbaycan mədəniyyətinin baharı", "150 il. Mirzə Fətəli Axundov" və digər sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan "Xəzər neftçiləri haqqında dastan və "Dənizi fəth edənlər" filmlərini, rejissor Roman Karmen Bakı kinostudiyasında çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski Lenin mükafatına layiq görülmüşlər.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Bakı kinostudiyasında müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. Partizan Mehdi Hüseynzadəyə həsr edilmiş rejissor Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır.

1960-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Səhər" filmi Bakıda 1905–1907-ci illər inqilabı hadisələrindən söhbət açır. "Mahnı belə yaranır" filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Leyli və Məcnun" əsasında eyniadlı film çəkilmişdir.

"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. "Görüş", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana" və s. filmlərdə bu ənənə davam etdirilmişdir.

XX əsrin 1960–70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. 1966-cı ildə “Azərbaycanfilm”də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969-cu ildə “Azərbaycanfilm”də yaradılmış multiplikasiya sexində Alla Axundovanın Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli "Cırtdan" cizgi filmi çəkilmişdir.

Azərbaycan bədii televiziya filmlərindən "Ad günü" xüsusilə fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" və digər bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Üzeyir ömrü" televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.

1960-cı illər sənədli kinosunda Oqtay Mirqasımov, Yalçın Əfəndiyev, Ruslan Şahmalıyev, Teymur Bəkirzadə, Nicat Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Oqtay Mirqasımovun "Dəniz", "Qobustan", "Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev" filmlərində 1960-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əfval-ruhiyyə, dəqiq montaj) özünü göstərir. Həmin filmlərə görə, 1967-ci ildə Oqtay Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür. Bundan əlavə, "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filminin rejissoru Yalçın Əfəndiyevə, ssenari müəllifi İsmayıl Şıxlıya, operator Z. Məmmədova, Cəfər Cabbarlının xatirəsinə həsr olunmuş "Solmaz bir bahar kimi" filminin rejissoru Cahangir Zeynallı Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir.

O illərin bəzi filmlərində, İkinci dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim", "Bakıda küləklər əsir", "Tütək səsi" və "Şərikli çörək" filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Həmin dövrün filmlərində, həm də mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" və s. filmləri göstəmək olar.

1970-ci ildən Azərbaycanfilm kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur.

1970–80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. Mosfilm kinostudiyası ilə birgə yaradılmış Nəriman Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir. Səməd Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm…" filmi 1920-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım", "Qatır Məmməd" filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası", "Atları yəhərləyin", "İşarəni dənizdən gözləyin" filmləri də tarixi mövzulardadır.

"Nəsimi" filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" filmi poetikliyi ilə fərqlənir. "Babək" filmində IX əsr sərkərdə Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" filmində Nizami Gəncəvinin, "Qəm pəncərəsi" filmində isə Cəlil Məmmədquluzadənin obrazı canlandırılmışdır.

1970-ci illərdə "Fitnə", "Tülkü Həccə gedir", "Cırtdanın yeni sərgüzəştləri", "Çaqqal oğlu çaqqal" və s. cizgi filmlər yaradılmışdır. 1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına başlanmışdır. Rejissor Vaqif Behbudovun "İlham", "Göyçək Fatma" və "Möcüzələr adası" cizgi filmləri Ümumittifaq televiziya filmləri festivalında mükafata layiq görülmüşdür. Həmin dövrdə Azərbaycanfilm kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.

Həmin dövrdə Azərbaycanfilm kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.

1970-ci illərin sonralarında və 1980-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi Rüstəm İbrahimbəyovla rejissor Rasim Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür: "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm… bağışla". Həmin mövzular "De ki, məni sevirsən", "Bizi bağışlayın", "Gümüşü furqon", "Şeytan göz qabağında", "İşgüzar səfər", "Bağ mövsümü", "İlıq dənizdə buz parçası", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" filmlərində yeni cəhətlərdən açılmışdır. "Yaramaz" filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film Azərbaycanda və xaricdə böyük maraq doğurmuşdur.

1980-ci illərdə Azərbaycan kinematoqrafında uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi", "Gəmi saatının sirri". 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi olan "Əlaqə" yaradılmışdır.

Həmin dövrdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: "Naxışların yaddaşı", "Qızıl balıq", "Haradasan, yaşıl sahilim", "Eskulap piyaləsinin sirri", "Dirçəlmə", "Torpaq borcu" və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor Teymur Bəkirzadənin "Dissonans", "Abşeron qalaları", Zaur Məhərrəmovun "Baharla birgə", "Köç", Cahangir Zeynallının "Səfillər", "İntizar", Rauf Nağıyevin "Ölü zona" filmləri diqqətəlayiqdir.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. Bu dövrdə Azərbaycan kinematoqrafında çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər: "Yarasa", "Özgə vaxt", ""Yapon" və yaponiyalı" və s. 1990-cı illərdə Azərbaycanfilm kinostudiyası öz aparıcı rolunu saxlamaqda idi və bu ərəfədə Azərbaycan xalqının dərdini və düşdüyü faciəni ağrı ilə, vətən sevgisi ilə, bədii formada açan vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin "Fəryad", Ənvər Əblucun "Ağ atlı oğlan", Gülbəniz Əzimzadənin "Ümid" filmləri tamaşaçının rəğbətini qazanmışdır.

1996-cı ildə Hüseyn Mehdiyevin "Özgə vaxt" filmi, I Beynəlxalq Madrid Kinofestivalında "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktrisa" nominasiyaların qalibi olur və "Qızıl Sevilla" və "Gümüş Sevilla" mükafatlarına layiq görülür. Bu film 30-dan artıq ölkədə festivallarda nümayiş olunur. 1998-ci ildə isə Yavər Rzayevin "Sarı Gəlin" filmi Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis etdiyi "Azadlıq" mükafatını və Rusiyanın "Kinoşok" Festivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olur.

2005-ci ildə rejissor Oqtay Mirqasımovun "Ovsunçu" filmi Kazanda keçirilən "Qızıl minbər" Birinci Beynəlxalq İslam Kino Festivalında ən yüksək mükafata "Qran-pri"yə layiq görülüb. Eldar Quliyevin "Girov" filmi isə 2005-ci ildə İsveçdə Geteborq Ekzayl Film Festivalında, 2006-cı ildə Misirdə Qahirə Beynəlxalq Kino Festivalında, 2007-ci ildə Çexiyada "Karlova Varı" Beynəlxalq Kino Festivalında və 2008-ci ildə Polşanın Varşava və Krakov şəhərlərində nümayiş etdirilmiş və mükafatlara layiq görülmüşdür.

2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində "Dolu" filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilib. 2014-cü ildə Elçin Musaoğlunun "Nabat" filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb.

Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust "Azərbaycan Kinosu Günü" – ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

2007-ci ilin fevralın 23-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalamışdır.

20 aprel 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər