Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə
2 avqust 2026
# 10:00

Kulis.az məşhur britaniyalı rejissor Alan Parkerin Sven Milukeçlə müsahibəsini Sadiq İsmayılın tərcüməsində təqdim edir.


1976-cı ildə uşaqların rol aldığı, gözlənilmədən böyük uğur qazanan və uzunömürlü olan "Baqsi Meloun" musiqili qanqster filmindən başlayaraq, janr sərhədlərini aşan "Pink Floyd – Divar", unudulmaz "Gecə yarısı ekspresi" "Missisipi alovlar içində" və şəxsi favoritimiz olan "Mələk ürəyi" vasitəsilə, yaradıcılıq ehtirasını başqa sahələrə yönəltməzdən əvvəl çəkdiyi 2003-cü il istehsalı olan və layiq olduğu dəyəri görməyən "Devid Geylin həyatı" filminə qədər Ser Alan Parker Atlantikin hər iki tayında uzun və hörmətəlayiq bir karyera sürmüşdür. Televiziya reklamı sahəsindən gələn rejissor, tezliklə 20-ci əsrin son dörddəbirinin ən görkəmli Britaniya kinematoqrafçılarından birinə çevrildi. Həm kino sənayesinin sərt tənqidçisi, həm də onun fədakar təbliğatçısı olan Parker, yaradıcı enerjisini büruzə vermək üçün kino aləmini çox dar bir pəncərə hesab edən mürəkkəb və ziddiyyətli bir şəxsiyyətdir: romançı, karikaturaçı, rəssam, rəngarəng maraqları və sayısız-hesabsız baxışları olan bir insan.

2016-cı ildə "Camerimage" Beynəlxalq Film Festivalında, televiziya müsahibələri üçün hazırlanmış rahat, balaca bir səhnədə, hərfi mənada diqqət mərkəzində onunla birgə əyləşmək şansı qazanmağımın mənə necə böyük zövq verdiyini təsəvvür edə bilmərsiniz. Cilalanmış taxta masanın qarşısında cəngavər tituluna layiq görülmüş elə bir rejissor əyləşmişdi ki, o, yalnız "Mələk ürəyi" kimi zamansız, iblisanə neo-nuar şah əsərini çəksəydi belə, yenə də Britaniya kinosunun əfsanələrindən biri kimi qəbul edilərdi.


― Tərcümeyi-halınıza baxanda məni ən çox təəccübləndirən şey yaradıcılığınızın rəngarəngliyi, genişliyidir. Müzikllər, trillerlər, psixoloji qorxu filmləri... Təkcə filmlər də deyil: romanlar, rəsmlər, rəsmlər... Bu cür rəngarəng zövq və maraqlar haradan qaynaqlanır?

― Ya mən inanılmaz dərəcədə çoxşaxəli istedada sahibəm, ya də ümumiyyətlə, diqqətimi bir yerə cəmləyə bilmirəm (gülür). Bir dəfə kimsə məndən soruşdu ki, niyə bu qədər fərqli növdə filmlər çəkmisiniz, mən də dedim ki, çünki bacarıram. Həyat yoldaşım mənə bunun bərbad cavab olduğunu dedi. Bunun lovğa səsləndiyini düşündü. Amma mən həqiqətən fərqli filmlər çəkmək iqtidarında idim, ona görə də çəkdim. İllərlə pasportumdakı peşə bölməsində "yazıçı" yazılması maraqlı faktdır. Heç vaxt "kinorejissor" yazdırmamışam. Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil. Yazılarımın böyük hissəsi kinolar üçün olsa da, ssenari yazmaq müəllif kimi sizi çox məhdudlaşdıran bir şeydir. Ona görə də mənim yazıçı kimi ən böyük idddiam roman yazmaq idi. Bilirsiniz niyə?

Çünki roman yazanda tək olursan. Yalnız sən və vərəq var. Film isə böyük kollektiv əmək tələb edir və çox bahalıdır. Məni ruhdan salan yaradıcılıq prosesi deyildi - filmlər üzərindəki yaradıcılıq prosesini çox sevirdim — məni yoran incəsənət üçün pul tapmaq məcburiyyəti idi. Əgər rəssamsansa, sadəcə boya və fırça almalısan. Və qalan hər şey sənsən. Amma film üçün böyük insan ordusu lazımdır və bu, böyük xərc tələb edir. İncəsənətin qarşısını kəsən, əslində, elə pul məsələsidir.

Filmlərimin çoxu müəyyən miqyasda olan işlər idi və əsasən Amerika pulu ilə çəkilirdi. Amerika kino sənayesi isə elə bir həddə gəldi ki... mürəkkəbləşmədi, əksinə, sadələşərək yalnız tək bir film növünə fokuslandı: gənc auditoriya üçün nəzərdə tutulmuş fantastik filmlər. Buna görə də mənim çəkdiyim filmləri ərsəyə gətirmək daha da çətinləşdi.


Yaxşı bacardığım digər şeylər daha önəmli olmağa başladı və son illərdə yaradıcı insan kimi rəssamlıq mənim üçün film çəkməkdən daha vacib hal aldı. Nəyi ki bacarırsan və nəydən ki daha çox zövq alırsan, təbii olaraq ona tərəf yönəlirsən. Mən universitetə getməmişəm, işə çox gənc yaşda başlamışam. İncəsənət məktəbinə getmək istəyirdim, amma atam kifayət qədər təhsil aldığımı və yaşımın keçdiyini düşünüb icazə vermədi, beləliklə, işləməli oldum. Amma şansım gətirdi ki, reklam sahəsinə düşdüm və kopirayter kimi uğur qazandım. Yazdığım müddətdə paralell olaraq həmişə rəsm də çəkirdim: ideyanı təkcə sözlərlə deyil, vizual olaraq da tamamlayırdım (havada rəsm çəkirmiş kimi jest edir). Mənim təməlim bu idi və sonra təsadüfən bir televiziya reklamı çəkdim.

Agentliyin zirzəmisində idik, təcrübə aparırdıq, ssenarini mən yazmışdım. Kameradan və səsdən anlayışım yox idi, ona görə mənə sadəcə "kadr" deməyimi tapşırdılar. "Kadr" dedim və sonra başladım: "yox, yox, yox, belə eləyin, elə eləməyin, bunu yoxlayın" və hamı birgə "oooooooo, kinorejissor!" dedi (gülür). Birdən-birə rejissor oldum və bu həvəs məni film çəkməyə qədər gətirib çıxardı. Yazmaq, vizual duyğulara sahib olmaq... Kinonun möhtəşəmliyi ondadır ki, o hər şeyi özündə birləşdirir. Amma mənim ilk sevgim həmişə rəssamlıq olub, ona görə də yenidən ona qayıtdım. İndi məşğul olduğum iş elə budur.

― İlk dəfə deyil ki, filmin kollektiv bir əmək olduğunu müdafiə edirsiniz. Məhz "Camerimage"də olduğumuz üçün operator sənətini nümunə göstərəcəyəm, lakin bu sual səs dizaynı, musiqi, montaj, quruluşçu rəssam işi və s. üçün də keçərlidir: Sizcə, operatorluq peşəsi ictimaiyyətin gözündə layiqincə qiymətləndirilməyən bir peşədir?

― Məncə, tamamilə haqlısınız. Hesab edirəm ki, fransızların "müəllif kinosu" nəzəriyyəsinə görə rejissora filmdə həddindən artıq pay çıxarılır. Bir filmdə ən vacib şəxs kimdir? Sözsüz ki, rejissor. Amma o, yeganə insan deyil. Elə rejissorlar var ki, çox yaxşı rejissorlardır, amma heç vizual duyğuları yoxdur və onların filmlərini adətən operatorlar ərsəyə gətirir. Seçimlər, kadrlar... Ad çəkməyəcəyəm, amma bəzi yaxşı rejissorlar tanıyıram ki, "mən belə şeylərlə maraqlanmıram" deyirlər. Digər tərəfdən, iddia etmək olar ki, mən bunu şəxsən iddia edərdim, "Harri Potter" filmlərində ən vacib şəxs quruluşçu rəssam Stüart Kreyqdir. O dünyanı yaradan, hər şeyi vizuallaşdıran onun təxəyyülüdür. Bəli, müəllif C.K. Roulinqdir, amma Stüart onun yazdıqlarını götürüb tamamilə başqa səviyyəyə qaldırdı. O filmlərdə ən yaxşı operatorlar da çalışıb. Amma mənim üçün ən vacib yaradıcı şəxs şəksiz-şübhəsiz Stüart Kreyqdir. "Harri Potter"i sevən insanlardan Stüart Kreyq haqqında soruşsanız, adını belə bilməzlər. Kino sənayesinin bərbad tərəfi odur ki, töhfəsi olmayan insanlar layiq olmadıqları tərifi alırlar (gülür). Həqiqətən belədir.


― Bu film seriyasında çalışan operatorlardan söz düşmüşkən, "Azkaban məhbusu" filmini sizinlə bir çox layihədə birgə çalışan Maykl Serezin çəkib. Sizi bu cür komanda edən nə idi?


― Hər şeydən əvvəl, biz işə çox gənc yaşda başladıq və birlikdə böyüdük. Kinosənətini, fotoqrafiyanı, incəsənəti birlikdə öyrəndik. Zövqümüz və həssaslığımız eyni idi. Ən başlanğıcdan bir yerdə olduğumuz üçün eyni sərgilərə, eyni muzeylərə gedərdik; vizual şeylərə qarşı ikimizdə də eyni təməl baxış formalaşmışdı. Bir də ki, mənim fikrimcə, bu kiçik detal kimi görünə bilər, amma yaradıcılıq baxımından çox vacibdir — film çəkmək uzun vaxt aparır, ən azı üç ay. Film çəkilişləri demək olar həmişə üç ay çəkir, yaxşı, mənim üçün hazırlıq, yazmaq, bitirmək daha uzun sürür... bu, iki illik prosesdir. Amma sırf çəkiliş dövrü üç aydır və sən adətən evdən uzaqda olursan və bu çox çətindir. Rejissor həmişə doğru qərar verə bilmir. Mən nə edəcəyimi yaxşı bilsəm də, filmdə elə məqamlar olur ki, çaşıb qalıram və məncə hər bir rejissor bunu etiraf edər. Bu, beynin yorğunluğudur.

Yüzlərlə, minlərlə kadrı beynində saxlaya bilməzsən. Bəzi günlər düşünürsən ki, ağlıma tək bir kadr da gəlmir. Ya da, məsələn, çox çətin bir aktyorla işləyirsən. Bununla necə bacaracaqsan? Bütün bu anlarda sənə yalnız vizual zövqünü bölüşən operator deyil, bir dost lazımdır. Hər bir sahədə sənə dəstək olacaq bir insan gərəklidir. Maykl bu mövzuda xüsusilə güclüdür, mənə ruhdan düşməyə imkan vermir (gülür). Bu çox vacibdir və bu cür münasibəti yalnız birlikdə çoxlu filmlər çəkməklə qazanmaq olar. Həmişə deyirəm: əgər rejissor və operator ziddiyyət təşkil edirsə, yola getmirlərsə, yaxşı film ərsəyə gətirə bilməzsən. Bu, qeyri-mümkündür. Yaxşı filmlər həmişə rahat münasibətlərdən doğmur, çoxu münaqişələrdən yaranır. Aktyorla münaqişədə olub yenə də ortaya yaxşı iş qoya bilərsən. Amma operatorla münaqişən varsa, başın bəladadır deməkdir.


― İllər ərzində çəkdiyiniz filmlərin sayına baxanda aydın olur ki, aldığınız ssenarilərə çox seçici yanaşırsınız. Bir ssenarinin diqqətinizi çəkməsi üçün onda nə olmalıdır?

― Məncə, ilk növbədə təməl hekayə və onun nə demək istədiyi önəmlidir. İkincisi isə hekayənin cərəyan etdiyi mühitdir. Bu, mənim üçün həmişə vacib olub. Mühit filmi fərqli bir kimliklə təmin etməyə imkan verir. Mən heç vaxt başqalarının çəkdiyi filmləri təkrar etməyi sevməmişəm. Həmişə fərqli bir yerə getmək istəmişəm. Dəblə heç vaxt maraqlanmamışam, həmişə fərqli şeylər etməyə çalışmışam və bəzən etdiklərim özü dəbə çevrilib. "Pink Floyd – Divar" filmini çəkəndə demək olar ki, tamamilə yeni janr icad etdik, amma onu hazırlayanda bu, həqiqətən inqilabi addım idi. Yaxşı yazı stilinə heç vaxt aldanmıram, çünki ssenarilərimi həmişə özüm yazmağı xoşlayıram. Əgər mənə ssenari göndərilibsə, deməli, kimsə artıq həmin layihədə xeyli yol qət edib. Mənə kitab göndərilməsi və ssenarini özümün yazmağı daha yaxşıdır. Amma ssenari gələndə də oxuyuram və bəzən düşünürəm ki, bu, bəlkə də böyük bir ədəbi nümunə deyil, amma yaxşı ideyadır və mən bundan nə isə düzəldə bilərəm. Mən çox vaxt yazının keyfiyyətinə deyil, ideyanın özünə reaksiya verirəm. İndi film çəkməsəm də, Los-Ancelesdən o qəhvəyi zərf gəlsəydi, açsaydım və ssenari mükəmməl, çəkilişə hazır vəziyyətdə olsaydı, bu, möhtəşəm olardı. Amma belə bir şey heç vaxt baş vermir.

― Ustadınız Fred Zinnemann bir dəfə sizə demişdi ki, film çəkmək boşa xərclənməməli olan bir imtiyazdır. Hollivudun çox də riayət etmədiyi bir düşüncədir, eləmi?

― Fredlə bağlı maraqlı məqam o idi ki, o mənim müəllimim idi və filmlərimi bitirəndə ilk ona göstərərdim. Ona göstərdiyim ilk film "Quşcuğaz" oldu və o, filmin müharibə əleyhinə verdiyi mesajı bəyəndiyi üçün filmi çox sevdi. Sonra isə ən yaxşı filmlərimdən biri hesab etdiyim "Mələk ürəyi"ni çəkdim və o, bu filmi heç bəyənmədi. Düşündü ki, bu, yüngül (ciddi olmayan) bir işdir. Məhz onda mənə dedi ki, imkanlarını boşa xərcləmə, vacib şeylər çək. Məncə, Avropa kinosu düşüncəsi Amerika düşüncəsindən fərqlənir. Avropa kinosunun ənənəsi və tarixi ondan ibarətdir ki, filmlər vacibdir, insanların düşüncəsini dəyişə bilər, siyasi olmalıdır, müəyyən mövqeyi və deməyə sözü olmalıdır. Amerika filmlərinin isə mütləq nə isə demək kimi öhdəliyi yoxdur. Və əslində onların bu qədər uğurlu olmasının səbəbi də budur, çünki yüngüldürlər. İnsanı intellektual olaraq yormurlar. Və məncə, gənc amerikalı kinorejissorlar bu işdə çox mahirdirlər, çünki onlar insanları əyləndirməyin bu sadə yolunu və yeni texnologiyaları tamamilə mənimsəyiblər. Mən vaxtilə kino məktəblərinə gedərdim. Avropa kino məktəbində mənə müəyyən məzmunlu suallar verərdilər, Amerikada isə həmişə nəyisə niyə etdiyimi deyil, texniki olaraq necə etdiyimi bilmək istəyərdilər. Yenə də Ken Louçun dediyinə qayıdıram: Mən kino çəkməyə başlayanda Louç mənə "necə"ni deyil, "niyə"ni soruşmağı tapşırmışdı.. Mən Amerika kino sənayesinin bir hissəsi idim, amma özümü Avropa rejissoru kimi hiss etməkdən heç vaxt vaz keçmədim. Şansım gətirdi ki, istədiyim filmləri çəkə bildim. İnsanlar bəyənə və ya bəyənməyə bilər, hörmətlə qarşılayıram, amma onlar mənim filmlərim idi. Studiyalar heç vaxt mənə nəzarət edə bilmədi, lakin sonradan hiss etdim ki, bu artıq baş verir. Studiya rəhbərlərinin bu yeni nəsli əvvəlkilərə nəzərən daha idarəedici və müdaxiləçidir. Həddindən artıq. Yenə də texnologiya məsələsidir: onlar çəkilişdən ertəsi gün hər şeyi öz masalarında görürlər. Və dərhal rəy bildirirlər. Bu gün çəkilən bəzi filmlər, əslində, studiya rəhbərlərinin kabinetindən idarə olunur. Rejissor isə sadəcə icraçıya çevrilir (gülür). Bu, mənim parçası olduğum kino deyil.


― "Mələk ürəyi" filminə dönüb baxanda nə hiss edirsiniz?

― İnanılmaz idi. Gözəl mühit yaratdıq. Qısaca Nyu-Yorkda, sonra Nyu-Orleanda olduq, əla təcrübə idi, çox zövq aldım. İki möhtəşəm aktyorum var idi. Ən parlaq dövrünü yaşayan De Niro və eynilə Maykl Rurk. Məncə, bu, Mayklın normal davrandığı sonuncu film idi... bundan sonra o, biraz çərçivədən çıxdı. Yaxşı, tamamilə çərçivədən çıxdı (gülür) və başqa bir insana çevrildi, hətta xarici görünüşü də dəyişdi. Amma məncə, o filmdə möhtəşəm idi, ola biləcəyi ən yaxşı formada idi. Adrian Layn mənə demişdi ki, əgər Maykl "Mələk ürəyi"dən sonra vəfat etsəydi, Ceyms Dindən daha böyük əfsanə olardı (gülür). De Niro və Maykl Rurkla çəkdiyim səhnələri bir rejissor kimi həmişə xatırlayacağam, çünki belə bir şey heç vaxt yaşamamışdım. İkisinin birgə işləyərkən yaradığı o elektrik, aralarındakı təhlükə hissi... Və səhnənin nə qədər möhtəşəm ola biləcəyi kimi, nəzarətdən çıxsaydılar, nə qədər bərbad ola biləcəyi reallığı. İkisi də həmin səhnələrdə impovizasiyaya başlayırdı və birdən düşünürdün ki: bunun mənim yazdıqlarımla heç bir əlaqəsi yoxdur, ona görə də onları məcburən ssenariyə qaytarmalı olurdun. Böyük təcrübə idi.

― "Mələk ürəyi"nin ana mövzusu - ruhunu iblisə satmaq ideyası kino sənayesini nə qədər tənqid etdiyinizi nəzərə alsaq, xüsusilə maraqlıdır. Bu, bəlkə də kino biznesinə qarşı gizli, ya da o qədər də gizli olmayan bir tənqiddir?

― Çox yaxşı sualdır. Bu haqda heç vaxt düşünməmişdim. Heç vaxt. Amma doğru ola bilər (gülür). Bəlkə də elə buna görə sənətin daha təmiz növünə qayıtdım. Bütün həyatımı sistemlə mübarizədə keçirmişəm. İstəsəm də, istəməsəm də Amerika kino sənayesinin bir hissəsi idim. Heç vaxt Britaniya kinosunun hissəsi olmadım. Ken Louç Britaniya kinosunun özüdür. Mən və mənim nəslimin digər rejissorları — hansı ki, Ridli Skott aramızda ən uğurlusudur, biz heç vaxt rahat olmadıq... Mən Birləşmiş Ştatlarda rahat idim, Amerikanı sevirəm, mənə çox yaxşı münasibət göstəriblər, bir amerikalı ilə evlənmişəm və Amerikanın fərqli yerlərində film çəkməkdən həmişə zövq almışam. Amma icraçılarla danışmaq üçün studiyaya getməyi heç vaxt sevməmişəm, bu, film çəkməyin ən bərbad hissəsi idi. Və bunu etməyə məcbursan, çünki pul torbası onların əlində idi.

― Büdcə nə qədər böyük olarsa, rejissorun azadlığı bir o qədər kiçilir.

― Tamamilə. Ortada nə qədər çox pul varsa, investisiyasını qorumağa çalışan insan sayı bir o qədər artır. Tamamilə doğrudur.


― "Devid Geylin həyatı" filminə baxmağım yadımdadır. O vaxt 15 yaşım var idi və film məni mənəvi olaraq çox sarsıtmışdı. İllər sonra filmin tənqidçilər tərəfindən nə qədər soyuq qarşılandığını öyrəndim. Filmləriniz haqqında yazılan rəyləri oxuyursunuz? Onlar sizi narahat edir?

― İlk vaxtlar çox narahat edirdi, bəli. Fransız tənqidçiləri işi bəyənməyəndə xüsusilə amansız olurdular. Amma sonra onlarla qarşılaşırsan və (gülür) anlayırsan ki, bəziləri ilə heç bir fincan kofe də içmək istəməzsən. Onlar fərqli insanlardır. Filmlərim dünyanın 50 ölkəsində nümayiş olunurdu və hər ölkənin ən azı 20 film tənqidçisi var. Etdiyin iş haqqında ötəri hökm çıxaran çoxlu insan var. İndi müəyyən mənada daha asandır, çünki məncə film tənqidçiləri indi daha gəncdir. O vaxtlar tənqidçilərin çoxu fərqli dövrə aid idilər: mən gənc rejissor idim, onlar isə yaşlı tənqidçilər. Bu çox vacib demoqrafik məsələdir. Onlar tamamilə fərqli bir kinodan gəlirdilər və mənim kinosənətim onlar üçün qəbuledilməz idi. Amma incəsənət tarixi boyunca — əgər kinonu incəsənət adlandırsaq — tənqidçilər böyük sənətkarları həmişə dərhal qəbul etməyiblər.

Yaşlandıqca daha filosof olursan, yəqin ki, indi daha az əhəmiyyət verməyimin səbəbi budur. İşlərim həddindən artıq təriflənəndə də utanc hiss edirəm. Rəsmlərimlə bağlı maraqlı bir şey oldu; bu ilin may ayında böyük bir sərgim keçirildi. İnsanların nə hiss etdiyinə qarşı tamamilə laqeyd idim. O demək deyil ki, orada tənqidçilər var idi; onları dəvət etməmişdim, heç kim sərgimdən xəbərdar deyildi. Artıq o qədər də narahat olmuram, niyəsini bilmirəm. Məncə, səbəb odur ki, bir rəsm çəkə bilərəm və əgər kiminsə xoşuna gəlməsə, başqasını çəkərəm. Film isə həyatının iki ilidir, ona qarşı çox mühafizəkar olursan, insanların nə düşündüyünə qarşı həssaslaşırıq. "Devid Geylin həyatı" haqqında çox yaxşı rəylər də var idi. Çəkdiyim 14 filmin hər biri üçün diqqətlə axtarsanız, pis rəy də taparsınız, möhtəşəm tənqid də. Bu, çox subyektivdir.

― "Missisipi alovlar içində" filmi yalnız yaxşı çəkildiyi üçün deyil, həm də mövzusu Amerika xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün böyük mənəvi çəkiyə malikdir. Bu gün o filmə necə baxırsınız?

― Şadam ki, o filmi çəkmişəm. Təəccüblüdür ki, operator işinə görə "Oskar" mükafatı qazandı. Düşünürdüm ki, qaradərili icma filmi mənimsəyəcək və çox sevəcək, çünki filmdəki ən güclü səsin mənə deyil, qaradərililərə aid olduğunu düşünürdüm. Amma qaradərili icma filmi birdəfəlik bəyənmədi. Martin Lüter Kinqin dul arvadı filmi nifrətlə qarşıladığını, ondan zəhləsi getdiyini bildirdi. Soruşdum ki, filmi izləyibmi? Dedilər yox (gülür). Çünki filmdə ağdərili qəhrəmanlar var idi. Vətəndaş hüquqları uğrunda mübarizə qaradərililərin döyüşü və qələbəsi idi, hansı ki, bəzi librel ağdərililər də kömək etmişdi. Digər tərəfdən, o vaxt Cin Hekmen və Uillem Defo olmasaydı, mən o filmi çəkə bilməzdim. İki qaradərili aktyorum olsaydı, film ərsəyə gəlməzdi. İndi çəkmək olar, amma o vaxt yox.


― Ağıllı kino sənayesinin məhvinə görə Stiven Spilberq və Corc Lukasın əlləri qanlıdır. Bu sizin sözlərinizdir. Bura bir az aydınlıq gətirə bilərsiniz?

― Xatırladığıma görə, bu, oxuduğum axmaq bir şeyə verdiyim reaksiya idi. Bunu harada yazdığımı bilmirəm... (gülür)

― Bunu sizin veb-saytınızda tapdım.

― Deməli, həqiqətən demişəm. (gülür). Düşünürəm ki, o ikisi bir məqamda kino sənəti haqqında çox təşəxxüslü danışırdılar. Müəyyən mənada əllərində qan var. Belə deyəndə çox sərt səslənir... Mən çoxlu karikaturalar çəkirəm və bu ifadə də demək olar ki, o kateqoriyaya aiddir. Amma bu iki şəxs kinonun tamamilə kommersiya və populyar xarakter almasında, düşüncədən uzaqlaşmasında tarixdəki bütün rejissorlardan daha çox məsuliyyət daşıyır.

İllər əvvəl Corc Lukasla danışmışdım, mənə "Ulduz müharibələri"nin ikincisini çəkməyi təklif etmişdi (sonunda İrvin Kerşner çəkdi). Stivenlə də bu haqda danışmışdım. Bir dəfə ziyafətdə onu küncə sıxışdırıb dedim: "Sən çox güclüsən və çox istedadlısan, bəs niyə davamlı olaraq bu cür filmlər çəkirsən?" O, inanılmaz dərəcədə möhtəşəm filmlər çəkməyə qadirdir. Və çəkdi də, növbəti filmi — mənə görə deyil, onsuz da çəkəcəkdi (gülür) — "Şindlerin siyahısı" oldu. O, həqiqətən anladı, bu, onun ürəkdən çəkdiyi bir film idi. İnsan sadəcə arzulayır ki, onlar bu güclərini daha vacib işlər üçün istifadə etsinlər. Əlbəttə, onların "vacib" anlayışı mənimkindən fərqlənir.

# 126 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

13:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər