"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?
31 iyul 2026
# 16:30

Kulis.az Etimad Başkeçidin sosial şəbəkə hesabında paylaşdığı nəşriyyat işi və tərcümə məsələləri ilə bağlı fikirlərini təqdim edir.

Əziz dostlar, gözəl insanlar!
Deyirəm, ürəyimdə qalmasın, axşam-axşam bir növ borcumdan çıxıram.
Azərbaycanın kitab bazarında, nəşriyyat sektorunda kök salmış sistemli bir xaosu və süni intellekt proqramlarının bədii ədəbiyyatı sürətlə məhvə sürükləməsindən doğan milli təhlükəni diqqətinizə çatdırmaq istəyirəm.

Aydındır ki, bədii tərcümə tarix boyu müxtəlif elmi-nəzəri yanaşmaların və fərqli yaradıcı məktəblərin mübarizə meydanı olmuşdur. Bu sahədə adekvatlıq və ekvivalentlik prinsiplərini əsas götürənlər, bədii mətnin adaptasiyasını, yerli mühitə uyğunlaşdırılmasını müdafiə edənlər, yaxud orijinalın sintaktik strukturuna sadiqliyi, hərfi tərcüməni ön plana çəkənlər və s. hər zaman mövcuddur. Bütün bu yanaşmalar bədii tərcümənin daxili zənginliyini təmin edən qanuni eksperimentlər, estetik seçimlərdir. Ən əsası da, insan zəkasının, fərdi üslubun, məsuliyyətin məhsuludur.

Lakin süni intellekt proqramlarını həyata keçirdiyi mexaniki proses heç bir tərcümə məktəbinə, metodologiyasına və ya estetik cərəyana aid edilə bilməz; maşın tərcüməsi bədii mətnin fəlsəfəsini, alt qatındakı metaforik düşüncəni və dilin milli ruhunu duya bilmədiyi üçün ortaya çıxan nəticə bədii yaradıcılığın açıq profanasiyası, bəsitləşdirilməsi və urvatdan salınmasıdır. Məhz buna görə də bu məsələ yaradıcılıq azadlığı sferasından çıxaraq, dövlət səviyyəsində ciddi diqqət yetirilməli və tənzimlənməli olan bir problemə çevrilir.

Bədii tərcümə sadəcə bir dildəki sözlərin digər dildəki mexaniki qarşılıqlarını tapmaq sənəti deyil. Tərcümə millətin təfəkkür sistemini, dilin bədii potensialını, söz ehtiyatını və üslub zənginliyini formalaşdıran mədəni-mənəvi mühitdir, özünəxas yaradıcılıq laboratoriyası və məkanıdır. Təəssüf ki, bu gün həmin məkan ciddi bir kommersiya işğalı altındadır.

Bu işlə məşğul olan bəzi naşirlər və işbazlar illərdir səsləndirilən tənqid və iradlardan heç bir nəticə çıxarmır, əksinə, cəzasızlıq mühitindən istifadə edərək öz fəaliyyət sahəsini daha da genişləndirir. Son illərdə bəzi naşirlər xərcləri minimuma endirmək və tez qazanc əldə etmək üçün dünya ədəbiyyatı incilərini Google Translate, ChatGPT və s. kimi alqoritmlərə "tərcümə” etdirir. Qeyd etdiyimiz kimi, süni intellekt bədii mətnin alt qatındakı ismarışları, bədii-estetik enerjini, üslubi çalarları, frazeoloji birləşmələri və s. və i.a. hiss etmək iqtidarında deyil. Odur ki, quru, mexaniki, aşağı səviyyəli, milli sintaksisimizə tamamilə yad olan hibrid mətnlər bədii tərcümə adı altında tirajlanır.

Bu tip kitabların kütləvi satışı gənc nəslin dil bazasını zəhərləyir. Oxucu ana dilinin orijinal çalarlarını deyil, xarici dillərin, əsasən də, ingilis və rus dillərinin kalka olunmuş strukturlarını mənimsəyir və ya ümumiyyətlə əsərləri Azərbaycan dilində oxumaqdan imtina edir.

Maşın tərcüməsi illərini bu sahəyə vermiş peşəkar, istedadlı bədii tərcüməçilərin, peşə kodeksini gözləyən nəşriyyatların əməyini kölgədə qoyur və onları maddi baxımdan bazardan sıxışdırıb çıxarır. Bu gedişat peşəkar əməyin dəyərsizləşdirilməsi, yerli tərcümə məktəbinin tamamilə məhv olması deməkdir.

Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…
Bu işə kim əncam çəkəcək?
Bəlkə qanunverici orqan və ya Mədəniyyət Nazirliyi?
Əlaqədar təşkilatların bu və ya digər səbəbdən "tərcümə sahəsi azad yaradıcı sferadır, dövlət tənzimləməsinə gedilə bilməz" yanaşması ilə prosesdən kənarda qalmaq ehtimalını öncədən nəzərə alaraq bildirmək istəyirəm: biz dövlətdən yaradıcı prosesə müdaxilə etməsini yox, bədii tərcümə sənətini xilas etməsini xahiş edirik.

Dövlətin bədii tərcüməçinin estetik seçiminə, mövzusuna və ya fərdi üslubuna, müdaxilə etməsi əlbəttə ki, qəbuledilməzdir. Lakin bu tip tərcümələrin Azərbaycan dilinin qrammatik strukturunu eybəcərləşdirməsinə, kitabı sadəcə xammala çevirən naşirlərin oxucuya açıq-aşkar kələk gəlməsinə göz yummaq yaradıcılıq azadlığından xəbər vermir, bu ən azından milli mədəni irsə qarşı laqeydlikdir.

Süni intellektin bədii yaradıcılığa təhdidi bu gün qlobal mədəniyyət aləminin ən çox müzakirə etdiyi və müqavimət göstərdiyi məsələlərdən biridir. Dünya miqyasında fəaliyyət göstərən nüfuzlu tərcümə qurumları, məsələn, Beynəlxalq Tərcüməçilər Federasiyası və Avropa Bədii Tərcüməçilər Assosiasiyaları Şurası, rəsmi bəyanatlarında maşın tərcüməsinin əsərin orijinallıq statusunu məhv etdiyini bildirirlər. Fransa və Almaniyanın peşəkar bədii tərcümə birlikləri, eləcə də Avropa Yazıçılar Şurası hazırda hökumətlər qarşısında kəskin tələblər qaldırırlar. 34 Avropa ölkəsindən 55-dən çox təşkilatı və 260.000-dən çox müəllifi təmsil edən EWC tələb edir ki, əgər kitabın tərcüməsində süni intellektdən istifadə edilibsə, bu məlumat oxucudan gizlədilməməli, kitabın üzərində "Süni intellekt dəstəyi ilə hazırlanmışdır" qeydi mütləq və məcburi qaydada yerləşdirilməlidir. Avropa İttifaqının qəbul etdiyi Süni İntellekt Aktı da yaradıcı sferada maşın “yaradıcılığı”nın insan əməyini qanunsuz sıxışdırmasının qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan olaraq bizim bu qlobal hüquqi-mədəni müqavimət dalğasından kənarda qalmağımız daxili ədəbi mühitimizin intiharı deməkdir.

Hörmətli və həşəmətli Yuxarılar, yaranmış böhranın aradan qaldırılması üçün təcili olaraq aşağıdakı addımların atılmasını təklif edirəm:
Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi yanında peşəkar dilçilər, yazıçılar və tərcüməçilərdən ibarət səlahiyyətli "Bədii Tərcümə üzrə Keyfiyyət və Nəzarət Şurası" yaradılsın.
Çap olunan bədii tərcümə kitablarının titul vərəqində mətnin hansı metodla (insan əməyi, yaxud maşın tərcüməsi) hazırlandığı barədə şəffaf məlumatın qeyd olunması məcburi dövlət standartına çevrilsin.

Tamamilə süni intellekt vasitəsilə çevrilmiş və lazımi peşəkar bədii redaktədən keçməmiş mətni "bədii tərcümə" adı altında oxucuya satan, dil korlayan nəşriyyatlara qarşı monitorinq və xəbərdarlıq sistemləri işə düşsün.

Dövlət sifarişli tərcümə layihələrində və qrantlarda yalnız canlı insan əməyinə üstünlük verilsin, yerli tərcümə məktəbinin dirçəldilməsi üçün xüsusi proqramlar və müsabiqələr təşkil edilsin.
İnanmaq istəyirəm ki, ölkə mədəniyyətinin bu strateji və həssas cəbhəsində yaşanan böhrana biganə qalmayıb, tərcümə sahəsinin peşəkar nüfuzunun müdafiə edilməsi istiqamətində lazımi addımları atacaqsınız.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər