Axı bu payızda təzə nə var ki… - Yeni hekayə

Axı bu payızda təzə nə var ki… - Yeni hekayə
15 oktyabr 2024
# 16:06

Kulis.az Azər Allahverdiyev "Axı bu payızda təzə nə var ki…" adlı hekayəsini təqdim edir.

Bu payız illərin payızıdır. Bu xəzanlar köhnə xəzan, köhnə yarpaqlardır, qoca çinarın əyilmiş budağının yarpaqlarıdır. Bu yarpaqlar ötən ilki budaqlardan tökülüb, elə ötən ilki yarpaqlardır.
Aylar keçəcək bu yarpaqlar yenə torpağa qarışacaq, itəcək, heç payızı xatırladan bir nişanəsi də qalmayacaq.

Axı, bu payızda təzə navar ki?

Ötən payızda saçlarını tumarlayardım, bu gün yoxsan, payızın xəzanını, sarı yarpaqlarını, ağacların üstündəki mamırları tumarlayıram. Mamırlar da ağacların saçlarıdır. Hansı gözəlin saçlarından əskikdir ağacların saçları?
Ötən ilki payızdır, köhnə meşə, qoca ağaclar, yenə saralmış yarpaqlar…
Yenə sakit-sakit axır bulaqlar, yenə sakit-sakit düşür axşamlar, yenə cəh-cəh vurur quşların səsi, yenə hiss edilir payızın nəfəsi.

Axı, bu payızda təzə nə var ki?

Zirvədəki dümağ qardır, dərədəki ətir çiçəkdir, qayadakı qartallardır, səmalarda qatar-qatar uçan durnalardır. Köç eyləyir yurdlarına.

Ötənlərə nəzər salaq, meşələri ağac-ağac, ağacları budaq-budaq, budaqları yarpaq-yarpaq, şəhərləri küçə-küçə, küçələri bina-bina dolaşdığımız payızdır.

Xatirələri təzələyək varaq-varaq, kitab-kitab, hissə-hissə, dolaşdığımız küçələri yenə gəzək qarış-qarış, addım-addım, cığır-cığır, təkcə qalan izimizdir.

Axı, bu payızda təzə nə var ki?

Yerə tökülüb sarı yarpaqlar, saralıb küçələr, saralıb bağlar, yenə sızıldayır ürəyim.
Bir payız axşamı, “payız adamı” ac qalmış ruhumu elə döyür ki, hönkür-hönkür ağlamaq istəyirəm. Meşədəki bozqurd sevdası, yuxularımı ərşə çəkir bozqurdların ulaşması, sırğa kimi qulağımda asılıbdır. Gözümün önündən bozqurdların orduları keçir. Yenə köhnə meşə, qoca çinarlar, bomboz ağaclar, saralmış yarpaqlardır.

Axı, bu payızda təzə nə var ki?

Yazılanlar yazılacaq, pozulanlar pozulacaq, ağlayanlar güləcək, gülənlər ağlayacaq, sarı yarpaqlar yer üzünə işıq saçacaq. O yarpaqlar zaman ötdükcə torpağa qarışacaq, yenə payız gələcək, tər-təzə sevgilər iz salacaq. Ağbirçək nənələr, ağsaqqal babalar, yenə əsasına söykənəcək, didərginlər çadırlara, quşlar yuvasına sığınacaq.

Bu, illərin payızdır.

Biz sevginin şərbətinə acı qatıb, bir kimsənin kədərinə gülməmişik. Dönə-dönə danmasaydıq sevgimizi, saralmazdı bu yarpaqlar, qocalmazdı bu çinarlar, ağarmazdı saçlarımız, əvəzində təzə-təzə şəhər salıb ev tikərdik, bulaqlardan su gətirib gül əkərdik, saçlarına yarpaqlardan çələng toxuyardım.
Bu, illərin payızıdır, köhnə payız, köhnə meşə, qoca çınarlardır.

Axı, bu payızda təzə nə var ki?

İzin qalan küçələrə yolun düşsə denən mənə, yolu- izi təmizləyim, sarı yarpaqlar düzüm.
Sən meşə, mən meşədəki tənha palıd, mən yağış, sən bulud, mən ağac, sən yarpaq ol.
Oturaq yarpaqların üstündə, quzu kimi, sakit axan çayların büllur sularında üzən yarpaqlara baxaq, cəh-cəh vuran turacların, kəkliklərin nəğməsinə qulaq asaq, ötənləri xatırlayaq.

Axı, bu payızda təzə nə var ki?

Xəzanlar harayıma çatır, intihar edən yarpaqlar yenə səpələnib yer üzünə,yenə ötən payız, yenə ötən yarpaqlar. Bir payız küləyi dolanır indi. Yenə xəyallara dalıb köksümü ötürüb saralmış yarpaqlara baxıram.

Payız yarpaqları alnımın qırışıdır, ağaclardan düşüb yerdə belə ölür, biz dünyada sevənlərə iz qoyuruq, iki qoca uşaq kimi.

# 4551 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

10:00 7 avqust 2026
"Ölənlərin üzündəki o dinc ifadə..."  -  "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

"Ölənlərin üzündəki o dinc ifadə..." - "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

17:00 6 avqust 2026
"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

12:00 6 avqust 2026
Mağara - Kamal Abdullanın hekayəsi

Mağara - Kamal Abdullanın hekayəsi

10:00 6 avqust 2026
Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

10:50 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər