Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi
7 aprel 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Samirə Əşrəfin "Arzusuz illər" adlı yeni hekayəsini təqdim edir.

Xuraman müəllimənin zəhmli sifəti yaxşıya əlamət deyildi. Bədənim su içərisindəydi. Bilirdim ki, onun kişi əlinə oxşayan əlindən çıxan şillə indi ya üzümdən, ya da qulağımın dibindən yapışacaq.
Bayırda sərt payız havası başlanmışdı. Sinif otağımızın pəncərəsindən süzülən yağış damcıları yayın kir-pasını yuyub aparır, navalçalardan axıb gedən suyun səsi adama yuxu gətirirdi. Lalənin baxışları pəncərədən bayıra zilləndi. Körpünün altı ilə axıb keçən çay bulanıqlaşıb gil rəngi almışdı. Körpünün o tərəfində anasının iş yeri “izberkassa” yerləşirdi. İndi yəqin anası səhər çayını içib işə başlamışdı. Qəfildən Lalənin üzünə bərk zərbə dəydi, gözlərinin önündə rəngarəng qığılcımlar yanıb söndü. Elə bil qaranlıq otağa kimsə bir qutu zər səpdi. O, səntrilədi, divardakı yazı lövhəsi Laləni yıxılmağa qoymadı, qəhvəyi məktbəbli formasının arxası lövhənin aşağısına yığılmış tabaşir tozuna bulaşdı. Xuraman müəllimənin dəhşətli səsi onu özünə gətirdi:
- Ay qız, səninlə deyiləm? Yeddini altıya vuranda neçə edir?

Daşdan səs çıxdı, Lalədən çıxmadı. Navalçaların səsi, pəncərədəki payız mənzərəsi, körpünün altından axan çaylaq, anasının mürəbbəli çayı, hamısı birlikdə Xuraman müəllimənin bir şilləsinə məğlub olmuşdular. Lalə dinməzcə xəyallarından sürüşüb sinif otağına qayıtdı. Uşaqlar içini çəkib onlara baxırdı. Sükutu yenə müəllimənin gur səsi pozdu:
- Bu dəqiqə səni təpiyimin altına salacam. Cavab ver görüm, yeddi dəfə altının neçə edir.

Lalə ürəyində dənə-dənə hesablamağa başladı. İki altı on iki, iki on iki iyirmi dörd, iki altı otuz altı, yox, yox, otuz səkkiz. Hə, otuz səkkiz edir. Ürəyinin səsi sinif otağında əks-səda verdi:
- Otuz səkkiz.
- Otuz səkkiz dəfə ilan çalsın səni, otuz səkkiz girsin sənin gözünə. Gözün də ovulub tökülsün ovcuna.

Xuraman müəllimə bu sözləri deyə-deyə Laləyə yaxınlaşdı. Alnına tökülən sarı kəkilindən tutub var gücü yolmağa başladı:
- Çıx, rədd ol bayıra, dərsin sonuna qədər içəri girmə. Gələn dərs vurma cədvəlini əzbərləməsən, səni qovacam.

Lalə pörtmüş halda sinifdən bayıra çıxdı. Ondan əvvəl döyülən sinif yoldaşları Zaurla, Yavər pilləkəndə oturub bir-birinə dolaşan bir topa məftilinin düyününü açmağa çalışırdılar.

O, bilmədi hara getsin, bayırda yağış yağırdı, sinifə zəngin sonuna qədər qayıda bilməzdi, Zaurgillə də pilləkənin başında oturub zəngin vurulmasını gözləmək yorucuydu. Ən yaxşısı yuxarı mərtəbəyə sinif yoldaşı Minənin qaldığı otağa getmək idi.

Laləgilin sinfi məktəbin sol korpusunda ikinci mərtəbədə idi. Korpusun üçüncü mərtəbəsi isə yataqxanaydı. Burda ən çox kənddən gələn uşaqlar qalırdılar. Bu uşaqlar əsasən uzaq Dağtumas, Mahmudlu, Sirik kəndindən olurdular. Lalənin sinif yoldaşı Minə Mahmudludan idi. Anası həbs olunmuşdu, dörd uşaq başsız qalmışdırlar. Ataları gətirib iki uşağını məktəbə yazdırmışdı, o biri iki uşağına isə evdə baxırdı. Lalə

Minənin otağına çatıb qapını döydü. İçəridən yad qadın səsi eşidildi:
- Gəl.

Lalə qapını araladı. Yağda qovrulan soğan qoxusu ətrafı bürüdü. Mİnənin dəmir çarpayısında ətli-canlı bir qadın uzanmışdı. Onun baxışlarından bilmək olardı ki, həyat təcrübəsi və zəhməti çox olub. Sadə, rahat ömür yaşamayıb. Yerdəki daş piltədə arıq, 18-19 yaşında bir qız soğan qovururdu. Qız və qadın başını qaldırıb Laləyə baxdılar. Lalə tanımadığı yad adamların baxışlarından özünü itirdi:
- Bağışlayın, səhv gəlmişəm deyəsən.
Qız əlini saxlayıb dikəldi:
- Kimi axtarırsan?
- Minəni. Sinif yoldaşımdı, burda qalırdı.
Qız gülümsədi:
- Səhv gəlməmisən, onları dəhlizin sonundakı otağa köçürdülər, buranı müvəqqəti bizə veriblər.
Lalə qızın xoş münasibətindən duruxdu:
- Onda mən gedim.

O, həm səhərin bu vaxtında ətrafı bürüyən soğança qoxusundan xilas olmaq istəyir, həm də sinif otağının düz yaxınlığında olan bu ev, ailə şəraitinə dayanıb tamaşa etmək, hətta onun bir parçasına çevrilmək istəyirdi. Qız elə bil onun ürəyindən keçənləri oxudu:
- Hara gedirsən? Gəl, əyləş, yaxşı isti çayımız da var. İndi pəncərəni açacam, iy dağılacaq.

Lalə ürəkləndi. Qız elə bil onu uşaqlıqdan tanıyırdı. Bir suyu da qonşuları Rahilə xalanın qızı Ruhiyyəyə oxşayırdı.

O, sıxıla-sıxıla içəri girdi. Otaq çox dar idi. İki çarpayı birtəhər yerləşmişdi. Qapının arxasına güclə sığan ikinəfərlik masa, iki balaca taburetka qoyulmuşdu. Divarın sol tərəfinə isə içi paltar və ərzaqla dolu çantalar atılmışdı. Qız balaca taburetlərdən birini çəkib Lalənin yanına qoydu:
- Sənin adın nədir?
- Lalə
- Mənim də adım Zərrindir. Bu qadın da anamdır.

Lalə qadının qırmızı dolu sifətinə baxdı. Qadın da yüngülcə gülümsədi.

Zərrin tavanı piltənin üstündən götürüb əvəzinə balaca çaydanı qoydu. Lalə Zərrinin sağ əlinin ortadan içəriyə doğru batdığını gördü. Əlinin üstündə barmaq qalınlığında eninə sərt kəsik yeri vardı. Zərrinin sağ əlinin barmaqları hərəkətsiz idi. O, ancaq baş barmağını hərəkət etdirirdi. Nəyisə götürmək lazım gələndə sağ əli baş barmaq vasitəsiylə ona kömək olurdu. Onun başı işə qarışsa da, Lalə ilə söhbət edirdi:
- Neçənci sinifdə oxuyursan?
- Dördüncü sinifdə.
Zərrin soğançanın üstünə pəncərənin yanından götürdüyü qatıq bankasından qatıq əlavə edib davam elədi:
- Bəs, bu vaxtı dərsdə olmalı deyilsən?
Lalə pis işinin üstü açılan uşaq kimi başını aşağı salıb mızıldadı:
- Xuraman müəllimə çıxardı. Zəng vurulanda gedəcəm.
Zərrin gülümsədi:
- Dərsi öyrənməmisən?
Lalə başı ilə cavabı təsdiqlədi.
- Hansı dərsdən çıxardıb?
- Riyaziyyat. Vurma cədvəlini öyrənə bilmirəm. Yadımda qalmır.

Zərrin iki nimçəyə qatıqlı soğança çəkib birini anasının, o birini də Lalənin qarşısına qoydu. Hərəsinə də iki dilim çörək ayırıb verdi. Qadın üstündəki adyalı kənara atıb dikəldi, sağ ayağını çarpayıdan salladı, nimçəni qarşısına qoydu. Lalə ancaq bu zaman qadının bir ayağının dizə qədər olmadığını gördü. Onun dizinin qutaracağına ağ parça bağlanmışdı.

- Ye, dadlıdır. Mən də tavanın dibini özümə saxlamışam – Zərrinin səsi onun fikirdən ayıltdı.

Lalənin soğançadan həmişə zəhləsi gedib. Anasının bişirdiyi bütün xörəklərdən soğanları seçib boşqabın altına yığıb. Bunun üstündə nə qədər də döyülüb. İndi yağda üzən soğanları yemək onun üçün çox iyrənciydi. Amma nədənsə Zərrinə heç bir etiraz edə bilmədi. Ona elə gəlirdi ki, belə eləsə, Zərrin ondan bərk inciyər, oturub uşaq kimi ağlayar. O, çörəkdən bir tikə qoparıb qatığa bulaşdırıb ağzına qoydu.
Zərrin ayaqüstü dayanıb pəncərənin önünə qoyduğu tavadan yeyirdi. O qədər iştahla yeyirdi ki, elə bil qarşısındakı kabab idi. O, Laləyə tərəf baxdı:
- Riyaziyyat, vurma cədvəli nədir ki, oxuya bilmirsən? Mən sənə vurma cədvəlini öyrədərəm. Asandır narahat olma. Onun öz texnikası var. O biri dərslərini də başa salaram. Özün də zirək qıza oxşayırsan.

Lalə Zərrinlə söhbət edə-edə boşqabındakı bütün yeməyi bitirdi. Soğança onun çox xoşuna gəlmişdi. Sonra onun üçün süzülən çaydan içdi. O, elə hey danışır, deyib gülürdü. Zəng vurulanda Lalə Zərrinlə sağollaşıb siniflərinə getdi. Həmin gündən sonra o, demək olar ki, hər gün Zərrinin yanına gedirdi. Bəzən elə olurdu ki, bir gündə iki, üç dəfə onların yaşadığı otağa qalxırdı.

O, Zərrinlə dostlaşa-dostlaşa onun haqqında çox şey öyrənmişdi. Zərringil İrəvandan qaçqın düşmüşdülər. O, Evin tək qızı idi. Zərrinin atası Kamal Ağrı və anası Gülbikə Ağrı İrəvan Teatrının məhşur aktyorları olmuşdular. Ancaq Zərrinin atası bir neçə il əvvəl ölmüş, anasının bir ayağı şəkər xəstəliyindən qanqrena olub kəsilmişdi. Onlar evlərindən sonuncu dəfə çıxdıqları gecə Zərrinin əli qapı arasında qalıb sınmışdı. Bir dəfə Zərrin bu barədə danışanda Gülbikə dodaqaltı erməni adları çəkib kimlərisə söymüşdü. Amma Zərrinin ona acıqlanması ilə də, qadın söyüşünü yarıda saxlaması bir olmuşdu. Zərrin zahirən təmkinli, həyata nikbin baxan, hər sözdə yumor axtaran qız kimi təsir bağışlasa da, Lalə hiss edirdi ki, onun gənc qəlbində dəhşətli, gözlə görülməz fırtınalar, tufanlar qopur.
Onlar hərdən evdə çox darıxanda çıxıb məktəbin stadionunda gəzişirdilər. Zərrin saatlarla qoyub gəldikləri evlərindən, atasından, anasından, İrəvan teatrında tamaşalara baxa-baxa valideynlərini gözləyib yuxuya getməyindən, xoşbəxt günlərindən danışırdı. Hərdən onun mavi gözləri yaşla dolur, boşalırdı. Amma Zərrin heç vaxt ağlamırdı, özünü tox tutmağı, qürurlu olmağı bacarırdı. Bir gün isə onun gözünün bulağı açıldı. Özü də bu gözlənilmədən baş verdi.

Məktəbin stadionunda Novruz bayramı keçirilməliydi. Hər gün stadionun meydançasında məşqlər gedirdi. Dərnəyin rəqslə məşğul olan qız və və oğlanları milli geyimlərdə rəqs edir, mahnı oxuyub, şeir deyirdilər.

Zərrinlə Lalə həmin gün şirinçayla pendir çörək yeyib meydançaya düşdülər. Al-əlvan paltarlı rəqqasələr pərakəndə şəkildə stadionda dayanmışdılar. Onların düzülüşü bərabər deyildi. Amma görüntüləri bir dəstə dağ çiçəyinə bənzəyirdi. Elə bil qədim zamanlardan gəlib meydançaya düşmüşdülər. Zərrin onlara xeyli tamaşa etdi, gözləri yol çəkirdi. Onun susqunluğu ağrılı, yol çəkən gözlərindəki kədər dərin idi. Gözlənilmədən Zərrinin yanağında iki damla yaş parladı. Lalə duruxdu, Zərrinin əlindən yapışdı. Amma qız yüngül hərəkətlə əlini Lalənin əlindən qopardı. Rəqqasə qızlar məşqlərini bitirəndən sonra gülüşə-gülüşə Zərrinin yanından ötüb keçdilər. Sonuncu gedən qızın başındakı çəhrayı tül örpək sürüşüb yerə düşdü. Zərrin qızdan əvvəl qaçıb örpəyi götürdü, əlləri ilə onub sığalladı, elə bil onun əlində canlı nə isə vardı. Rəqqasə qız onun əlindən yaylığı alıb təşəkkür edənə qədər Zərrin diqqətlə örpəyə baxdı. Sonra çevrilib Laləyə dedi:
- Mənim də bu cür örpəyim, rəqs paltarlarım vardı. Atamın iş yoldaşı dərzi Rita tikmişdi. Bayramlarda geyinib səhnəyə çıxırdım. Rəqs dərslərinə gedirdim. Atam söz vermişdi ki, mənə səhnəyə çıxmağa qadağa qoymayacaq. Mən əllərimi bu qızların hamısından yaxşı göyə qaldırır, vaxtında qoşalaşdıra bilirdim. Atamın iş yoldaşları həmişə deyirdilər ki, Zərrin səhnədə göyərçin kimi süzür, ayaqlarını görmək olmur. Saçlarımı da buna görə uzadırdım. Bilirsən, rəqqasənin saçı, uzun hörükləri onun var-dövlətidir. Görürsən, saçlarımı yenə uzadıram. Əgər çoxlu pulumuz olsa, əlim əməliyyat olunsa, bəlkə yenidən rəqs edə bildim. Kitablarda oxumuşam ki, indi həkimlər sınan əli, ayağı yenidən sındırıb ora kauçuk qığırdaqlar yerləşdirməklə bərpa edə bilirlər. Əgər əlim sağalmasa, onda saçlarımı kəsəcəyəm, lap dibindən.

Lalə heyrətlə rəfiqəsinə baxdı:
- Necə əlin gələcək?
- Gələr, gələr. Onsuz da şikəst əllə onları yumaq mənə zülüm verir.
Lalə diqqətlə Zərrinin üzünə, sonra da onuun saçlarına vurduğu ağ mirvarili sancağına baxdı. Mirvari dənələri günəşin şüaları altında par-par parlayırdı. Zərrin Lalənin uşaq həyəcanını dərhal başa düşdü.

Əlini yavaşca sancağına tərəf uzadıb dedi:
- Narahat olma, əgər saçlarımı kəssəm, bu sancağı sənə bağışlayacam. Amma kəsməsəm, rəqqasə olsam, sənə yenisini, bundan da gözəlini alacağam. Təki, əlim sağalsın...
... Zərrin üstü şıramlı, eybəcər hala düşmüş əlinə baxanda, sözünü yarıda kəsib səssizcə ağlamağına davam etdi.

Onun gözündən axan yaş boyun boğazında iz salırdı. Lalə ona təsəlli verməyə çalışdı:
- Eybi yox, sağalarsan. Qorxma, indi həkimlər hər şey edirlər. Özün deyirsən ki, əməliyyatla bu mümkündür. Hə, bax saçların da uzundur. Daha da uzanana qədər əllərin də düzələr, sonra da gedib rəqqasə olarsan.

Bu sözlərdən Zərrin daha da pis oldu, o, hönkürtü ilə ağlamağa başladı:
- Yox, əzizim, mən bir də heç vaxt rəqs edə bilməyəcəm. Bu əllə, barmaqlarla necə rəqs etmək olar? Görmürsən, heç nəyə yaramır. Hərdən az qalıram onu baltanın altına qoyub kəsib atım.

O, zədəli əlini irəli tutdu. Əlinin üstündəki çəhrayı şıramın üzərindəki kövrək dəri soğan qabığı kimi parıldayır, qıc olmuş barmaqlar qurumuş ağac budağını xatırladırdı. Lalə sanki Zərrinin əllərini ilk dəfə idi görürdü. O, rəfiqəsinin əlini unutmuşdu. Onunla keçirdiyi zamanda Zərrin o qədər xoşbəxt hərəkət edirdi ki, onun və ailəsinin başına gələnlər, ömrünün iyirminci ilində bir gənc qızın bu qədər bədbəxt olması Lalənin yadından çıxmışdı.
- Atam gözümün qarşısında öldü. Qarmaqarışıq düşüncələrdən Laləni rəfiqəsinin titrək səsi ayırdı:
- “Dağılan tifaq” tamaşasının premyerası idi. Atam bu tamaşada Fəxrəddin bəy rolunu ifa edirdi. Aylarla bu tamaşanın premyerasına hazırlaşmışdı. Bu rola görə onun yaşı bir az çox olsa da, rejissor rolu atama vermişdi. Özü də dublyorsuz. Sonra orda vəziyyət pisləşdi. Bizə onsuz da əvvəldən gün vermirdilər. Azərbaycanlı aktyorların heç bir uğurunu həzm edə bilmirdilər. Atamın da, anamın da adını hər dəfə fəxri adlar, mükafatlar siyahısından silir, yerinə özlərinin, ağzından süd iyi gələn uşaqlarının adlarını əlavə edirdilər. Hətta buna görə bir dəfə atam Moskvaya etiraz etmişdi. Teatrın erməni işçiləri bunu öyrənən kimi atamı qrim otağına salıb döymüşdülər. Əlbəttə, orda atamın dostları da vardı. Bəzən onu, anamı müdafiə də edirdilər, sənətlərini qiymətləndirirdilər. Amma onlar da qorxurdular. Premyera günü Fəxrəddinin ölüm səhnəsində atam yerə yıxıldı. Biz hamımız bilirdik ki, səhnədə ölüm hissəsi var. Ona görə də bu hal bizim üçün adi gəlmişdi. Ancaq sonradan səhnə arxasına keçəndə bildik ki, atam artıq həyatda yoxdur.

Zərrin yemək içməkdən korluq çəkirdi. Lalə onalara gedib gələndə evlərindən soğan, kartof, pendir, mürəbbə, mermeyvə daşıyıb onlara gətirirdi. Amma onun gətirdiyi bu cüzi ərzaqlar onlara çatmırdı. Anasının dərmanlarını almağa Zərrin pul tapa bilmirdi. Ehtiyac onları məhv edirdi.

Yay tətili Zərrini Lalədən ayrı salmışdı. Ancaq bir gün Lalə atası ilə anasının iş yerinə gələndə səssizcə sivişib məktəblərinə tərəf götürüldü. Məktəbin davazaları taybatay açıq idi. Lalə gözətçidən yayınıb təngənəfəs tanış pilləkənləri qalxdı. Yaşıl boyalı qapının qarşısında dayanıb nəfəsini dərdi. İndi qapını döyəcək, mavigözlü, gülərüz Zərrin qapını açacaq, ondan neçə vaxtı harda olduğunu, niyə onun yanına gəlmədiyini soruşacaq. Amma ətrafdakı səssizlik onu narahat etdi. Qapının arxasından həmişə ya Zərrinin, ya anasının səsi gəlirdi. İndi isə hər tərəfdən kimsəsizlik yağırdı.

O, ehtiyatla qapını araladı. Sakitlik davam edirdi. Yüngülvari təkanla qapını bir az da açdı. Gözünə ilk sataşan Gülbikənin dəmir çarpayısındakı boşluq oldu. Otağın ortasında dayanan Lalə Zərrinin dəmiri parıldayan çarpayısına baxırdı. O, sustalmış addımlarla irəli yeriyib çarpayının üstündə əyləşdi. Ordan-burdan çıxan dəmirlər Lalənin yumşaq yerini əzdi. Döşəmənin küncündə bir neçə cücərmiş kartof vardı. Gülbikənin yemək yediyi dəmir cam pəncərənin ağzında idi. Sonuncu dəfə boşqabın içərisində həlməşik, sıyığa bənzər nə isə yeyilmiş, artığı quruyub camın dibinə yapışmışdı. Zərrinin uzun saçlarını toplayıb yığdığı mirvari muncuqlarla işlənmiş saç sancağı isə pəncərənin bir küncünə qoyulmuşdu. Sancağın üstündə onun saçlarından bir neçə tük ilişib qalmışdı. Lalə yavaşca sancağı götürüb diqqətlə baxdı, sonra donunu cibinə qoydu. Onun gözündən axan bir damla yaş otağın tozlu döşəməsinə damcıladı. Lalə otaqdan çıxdı. O, ikibir, üçbir pilləkənləri enib həyətə düşdü.

Avqust 2025

# 196 dəfə oxunub

Oxşar xəbərlər

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:10 7 aprel 2026
Gizli duyğu - Ayzek Azimovun hekayəsi

Gizli duyğu - Ayzek Azimovun hekayəsi

10:10 6 aprel 2026
Yadplanetli - Günel Mehrinin hekayəsi

Yadplanetli - Günel Mehrinin hekayəsi

13:23 4 aprel 2026
Cütbulaq - Coşqun Xəliloğlunun hekayəsi

Cütbulaq - Coşqun Xəliloğlunun hekayəsi

11:45 4 aprel 2026
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

11:26 4 aprel 2026
"Desəydilər, sənin gəlişinlə Qarabağı azad edəcəyik, yenə getməzdim" - İllər sonra edilən etiraf

"Desəydilər, sənin gəlişinlə Qarabağı azad edəcəyik, yenə getməzdim" - İllər sonra edilən etiraf

10:00 4 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər