Anarın gözmuncuğu - Həmid Herisçinin yeni hekayəsi

Anarın gözmuncuğu - Həmid Herisçinin yeni hekayəsi
20 dekabr 2023
# 09:00


Kulis.az Həmid Herisçinin "Anarın gözmuncuğu" adlı yeni hekayəsini təqdim edir.

Xadimə Şölə xala qədim, sınaqlı adətini bir daha təkrarladı.

Çənəsi altındakı kəlağayı düyününü bir azcana da sıxdı.

Adətən o bu hərəkətini çətinə, müşkülə düşəndə daha peşəkarlıqla edərdi.

Səbəb acı məişət qayğılarıydı. Çantasına dürtdüyü kommunal ödəniş qəbzlərinin çox rəqəmli xofuydu.

Həftəsonu superfürsətlər, dükan qapı-pəncərələrini bəzəyən qiymət endirimləri, “Qara cümə” həyəcanı Şölə xalanın gözünə görünmürdü. İşlədiyi Landmark ofisinin qapısını açmaq, eşiyə sıçramaq ilk cəhddə uğursuz oldu. Əlacsız baxışları havada çox da sallanıb qalmadı. Qapıçı Mumtazın daş ürəyini əritdi:

- Tutmuşam. Cəld tərpən. Külək indi qapını əlimdən qoparacaq. Tez... - O, tam köməksiz Şölənin köməyinə gəlib qapını çərçivəsindən azcana araladı. Bədənindən azca aralı məsafədə saxladı ki, Şölə ordan sivişib tez eşiyə sıçrasın.

- Atan rəhmətlik də xəzrini ovcunda ovsunlayardı. “Kazbeki”ni həmişə xəzri vaxtı alışdırardı. İki ovcunun arasında. Maşallah. Atanın balasısan da...

Eşikdə xəzri həmlələri ara vermirdi. Şölə özünü güclə ayaq üstə saxlayırdı. Azca tərəddüd hissləri yaşadı. Axır yenə Mumtazı köməyə çağırdı:

- Bala, kömək elə zəmbilimi o tinəcən aparım. Ağırdı şoqərib. Bibinə kömək elə.

- O nə sözdü? Dayan. Qapını bir başqasına tapşırım. – Mumtaz, vaxtında köməyə gəldi. Zəmbildən də yapışdı, elə Şölədən də. İkisini də xəzridən qurtardı. Sanki qıl körpüsündən keçirib, ən yaxın sakit tinə tapşırdı.

- Bağışla, bibi. Sağ tərəfi tut. Xəzri oranı tutmur. Mən qaçdım.

Xəzri payız yarpaqları ilə qarışıq Mumtazı caynağına aldı. Apardı özüylə.

Mumtazın bu kişiliyindən sonra Şölə həm sevindi, həm də möhkəm, gözlə görünə biləcək dərəcədə kədərləndi. Hiss etdi ki, eşikdə daha heç bir Allah bəndəsi köməyinə gəlməyəcək. Xəzridən qorumayacaq. Məişət qayğıları ilə tam tək-tənhadı. Bu sondu.

Son.

O eşikdə işıqlı, xəlvət, küləksiz bir yer axtarırdı ki, çantasından o məşum qəbzləri çıxarsın. Öz çox sıfırlı dərdləri, rəqəmləri ilə təkbətək qalsın. Ağlının son qəlpələrini bir nöqtədə cəmləyib fikirləşsin-başıma haranın daşını töküm axı mən yazıq bicarə?

Belə sakit, işiıqlı, küləksiz yeri indi Bakıda tapmaq tam mümkünsüz olsa da... Şölə bunu sonmacalda bacardı. “Vaniş” yuyucu tozları satılan dükandan azca aralı bir yerdə öz Robinzon adasını tapdı elə bil. Zəif işıqda qəbzlərin uzun rəqəm sıralarını görmək də, həəə... yazıqdan xeyli güc istədi.

Bu işıqlı nöqtədə o öz kədərinin ömrünü çox da uzatmaq istəmədi.

Adladı yenidən küləkli, qaranlıq, soyuq Bakıya.

Kəlağayısının düyününü bir az da əvvəlkiindən daha çox sıxdı.

Gedəcəyi doğma Novxanı kəndinə qədər bu düyünə etibarı vardı. Boşalmayacaqdı.

Sonrasını Allah bilər. Bir də əri. Oğlu Anar.

Əyləşdiyi sərnişin avtobusunda bir ayağı üstə qaldı. İçəridə basabasdı.

- Maştağanın qoyun bazarına mal daşımırsan, sürücü!

Sürücünü sərnişinlərdən qoruyan ucuz pərdə azca silkləndi ancaq. Sonra Novxanıyacan dondu.

Lap arxada, mühərriyin qızdırdığı oturacaq üstə əyləşərdi adətən həmişə. İndi orda iki nəfər yad, bakılılar demiş “qıraqyerli” əyləşmişdi. Yerləri istiydi. Novxanıya qədər dünya siyasətindən danışdılar.

Şölə Mehdiabadda, şükür, ikinci ayağına birtəhər yer tapdı. Xamlamış pəncəsini xeyli vaxt hiss etmədi. Hissiyyat küt ayağına qayıdanacan aradan çox vaxt ötdü. Çox.

Ancaq Novxanıda canlandı bu ayağı. Dayanacaqda çox yubanmadı.

Uzaq doğma pəncərələrinin kəhraba sarısını görəndə sifəti azca gülümsədi.

***

- Zırıldama! Ulama! Səni görüm, ilan vursun... Həmşəri xuliqanı...

123 saylı Novxanı kənd orta məktəbində uşaqlar Anarı indiki dillə desək, kütləvi, dördtərəfli bullinqə salmışdılar. Dədə-baba diliylə danışsaq, yazığı elə bil elliklə qaralamışdılar. Çantasına siçan ölüsü atdılar, dinmədi. Paltosunu həmişə asılqandan yerə vızıltadlıar, nümayişkaranə, - dinmədi. Dözdü.

Ancaq son “Həmşəri xuliqanı” söyüşü Anarı lap cin atına mindirdi elə bil. Cavabında dediyi “Sovetski xuliqanı” ifadəsi bullinqi şişdirib çıxardı kəlləçarxa. Əlyetməz əcəlmayallaq nöqtəsinə. Məsələyə siyasi rəng verənlər də tapıldı.

- Kənddə antisovet söhbətləri uşaqlar da aparır. – Anası ilə avtobusda silkələnən həmin o “qırağyerlilər”di. Mücərrəd siyasi söhbətlərini, anında nağdlaşdırdılar.

Anar uşaqdı o vaxt . “Sovetski xuliqanı” deyəndə Bakıdakı eyniadlı iyrənc, zirzibilli, süpürgəsiz-süpürgəçisiz, tərbiyəsiz uşaqlarla dolu məlum və məlun küçəni nəzərdə tutsa da...

Kim idi ey Novxanıda bu qədər incəliklərə varan? Buğdanı kəpəkdən ayıran? “Qıraqyerliləri” kənd sakinlərindən seçib aralayan?

Yoxdu elə cayıl, başıpapaqlı Novxanada. Yoxdu. Milis avtomobilləri uzaq üfüqlərdən sıçrayıb məktəb həyətinə girdilər. Mühərriklərinin canlı musiqisi kəndlilərə tanışdı. Anında sifətləri ciddiləşdi. Qaraldı.

Hə... o gün acıdan acı külək adamın iliyinə işləyirdi. Anası Şölə xalanın qara atlas çadrası şəhərdə küləklə savaşırdı, düymələri düşmüş, yaxası açıq, yamaqlı, nimdaş pencəyi burda - Novxanının tozlu bağ yollarında. Məktəb darvazasından “Ceyran piri”nin qapısınacan iyirmi addımdı – dönə – dönə saymışdı. Külək kürəyindən vurduğundan, bu məsafəni – iyirmi addımı – həmişəkindən də tez, yeyin qət edə bilərdi… Qət edəcəkdi. Üşüyə-üşüyə, sazaqdan titrəyə – titrəyə… Küləkdə ovuclarını kip cütləyib Kazbekini alışdıran kənd cayıllarını görüb, özünə daha da inandı. Addımlarını sürətləndirdi.

Pirdən götürdüyü ilahi amanatı - ayna qırığını o, hələ də cibinə, yəni özünə etibar etmirdi. Əlində möhkəmcə sıxırdı. İntiqamı alsa, həəə... güzgünü cibinə basacaq. Almasa, heç... damarlarını doğrayacaq bu güzgüylə məktəb direktorunun meşin üzlü qapısı önündə.

Qoy sabah o da, sinif rəhbəri Müşərrəf müəllimə də BANO-dan, Təhsil Nazirliyindən gəlmiş istintaq qarğalarına cavab versin.

Pirdən evlərinə qədər məsafəni niyə qaça-qaça keçməsinin səbəbini heç kəs bilmirdi, - bir özündən, bir anasından, bir də düşməni Nəsibdən başqa.

Tez ev qapılarına çatmalıydı, qapını döyən kimi anası tələsik qapını açacaqdı, axı bilirdi… Bəlkə də, artıq açmışdı, gözləyirdi.

Qapılarına çatmağa bir addım qalmış buz kimi soyuq su başına tökülüb bütün vücudunu islatdı. Başına endirilən suya alışıqlı olsa da, bu dəfə vəziyyət başqaydı. Rusca yox. Novxanıcaydı. O pirdən gəlirdi. Pirdən gələni isə belə murdarlamaq olmaz.

- Can bala, – Şölə xala, çim yaş oğlunu bağrına basdı. – Görüm balama zülm eləyənlər bir udum suya həsrət qalsın…

Anar da, Şölə də bilirdilər ki, suyu üçüncü mərtəbədən atan hansı idarəninsə böyüyü Qasımın oğlu Nəsibdir.

***

Bakının Novxanı kəndi yaxındakı Duz gölünün iki addımlığındadır. Duz təşnəsi ceyranlar adətən qışda, gölə yaxınlaşınca, zalim ovçu-səyyadların amansız kor gülləsinə tuş gəlib yaralanırdılar.

Qanlı-qanlı, yaralı-yaralı, ora-bura boylanıb, bir müddəd beləcənə, köməksiz qalardılar gölün duzlu sahillərində. Al qanları ağ duza hopunca, mənzərə çox faciəvi məzmun və görüntü qazanardı. Boz fevral dumanlarında belə, hələ lap uzaqlardan oxşar mənzərələr gözə girib ürəkləri ağrıdardı.

Duzlu suyun şəfasıydı nədi? Qəfil yerə sərili ceyranlar əvvəl ön, sonra arxa ayaqları üstə qalxardılar. Duruşlarını düzəldib, sonmacalda yaxındakı “Ceyran piri”nin alçaq çəpəri üzərindən pir ərazisinə atılardılar.

Yaralı, qana bulaşmış zavallı ceyran pirin alçaq daş hasarını adladımı? Vəssalam! Toxunmazlıq statusunu qazanır, ovçular üçün əlçatmaz olurdu.

Məktəb bullinqindən, antisovetçi ittihamından qaçan Anar da bir siyasi sığınacaq kimi özünə bu qədim ünvanı seçdi.

Bir gün yatdı o pirdə. İki gün, üç gün...

Sonra cürətlənib pirlə doğmalaşdı elə bil. Səhər sübh azanında qəfil diksindi. Üzünə vuran işıq parıltısının ardınca gedərək qəfil tozlu küncdə ayna qırığı aşkarladı özüyçün. Şəfəqdəki al-əlvan, gözqamaşdırıcı günəş şüaları nədənsə ancaq məhz bu güzgü qırığını hədəfləmişdilər. Əksləri soyuq pir divarlarında təkrarsız naxışlara dönüb tez də əriyib itirdi.

Nəsib də günəş şüalarıyla eyni vaxtda bu pir ərazisinə soxulub Anarı bircə yumruğu ilə yerə sərdi.

- Al gəldi, həmşəri xuliqanı. Səni axtarışa veriblər. İndi gedib yerini milislərə deyəcəm.

- İşverən!

- İşverən atandı...

- Öz atandı!

Kürəyi üstə yıxılı qalmış Anarın sol əli bu vaxt öz-özünə, hörümçək torlu bir küncə girib orda sanki nəsə aşkarladı.

Sağ əliylə Nəsiblə vuruşan Anar sol ovucu ilə bu kəşfini bir-iki dəfə yoxladı. Bildi güzgüdü.

Nəsib növbəti yumruğunu havada düyünləyəndə, Anar, güzgünü əvvəlcə al şəfəqlərin şüalarına tuşladı. Nəsibin qonur gözlərini qamaşdırıb yaşartdığını duyunca bircə cavab yumruğula Nəsibi tirtap eləyib yerə uzandırdı.

Nəsib ayılanda artıq pirdə heç kim yoxdu. Özünə gec gəldi o.

- Baxarıq, küçük. Səni mələtmək qoy mənə borc olsun.

Adətən bütün səsləri xüsusi ahənglə təkrarlayan pir divarları nədənsə bu hədəni səsləndirmədilər. Tam boğdular, itirdilər bu səsi. Ancaq bu da Nəsibin vecinə deyildi. Son hədəsi çox amansızdı.

- Həmşəri xuliqanı... qoy kəndimizin zibili ölülərinin ehsanı olsun.

***

- Günlərin birində, uzaq 1907-ci ildə, bu xüsusi statuslu müqəddəs ocağa həmişə olduğu kimi, ceyran-cüyür yox...

Coğrafiya müəllimi Qiyas Cəfəri “ceyran” deyincə köhnə həmşəri, sevimli şagirdi Anarın üzünə sevgiylə baxdı. Sonra baxışları qalxdı yuxarı.

Rəyasət heyətində əyləşmiş rəsmi nümayəndələr üçün çox gözlənilməz, çox diksindirici idi bu mülayim dərin baxışlar.

Baxışlar uzaq hədəfliydi. Yaxın məsafəli deyildi. Səhnədəkilərin mələyini, şeytanını görmək istəyirdi elə bil coğrafiya müəllimi. Özlərini yox...

Mövzunun bir başqa gizli tərəfini-siyasi statusunu müstəntiqlərə açmağın tam vaxtıydı.

- Üz-gözü qanlı bir çopur kişini gətirirlər.

- Bir çopurumuz çatmırdı söhbətimizdə. Oğlunuz niyə Sovet adamalarına xuliqan deyir? Harda görüb o sovet xuliqanlarını? Bəlkə, bu sizin evdə ən çox işlənən sevimli ifadədir, həəə? - Məktəbdəki “Qadın şurası” üzvləri bir ağızdan tutuquşu kimi eyni ittihamları səsləndirirdilər.

- Gedib pirdə, yəni cəhalət yuvasında gizlənməsi də bir eyib. Biz orta əsrlər qaragüruhu, cadu-pitilərlə mübarəz aparmalıyıq. - Sinif rəhbəri Müşərrəf xanım iclas boyu sakitləşə bilmirdi. Kağızdakı qeydlərini hərdən qarışdırırdı. İclas ikinci nəfəs, tamam başqa məzmun qazanırdı belə nadir məqamlarda.

- Ötən əsrin min səkkiz yüz doxsan donuzuncu illərində...
Hə, kimsə o gün Müşərrəfin gözlüyünü dəyişmişdi. Yazığı çətin vəziyyətə salmışdı iclasda.

- Eynəyini unudubsuz, Müşərrəf xanım. – Direktor İbrahim müəllim gözlərini kürsüdən ayırdı. Küncdəki Anarı müqəssir bildi bu hoqqabazlıqda.
Direktor Nəsibin atası ilə bərk curdu. İstəyirdi Anarı da, atasını da lazımınca incitsin.

- Müşərrəfin gözlüyünü də o dəyişib!- növbəti ittiham hə... yenə də çox sərtdi.
İclasda məcburi fasilə yarandı. Küncdə durmuş Anar əl atdı cibindəki o pir güzgüsünə. Ucunu bir cıqqılı, azcana eşiyə çıxardı.
İclasın havası, səsi, ahəngi anında, əlüstü tam dəyişdi.
Müşərrəfdən sonra kürsü boşdu.
Anarın atası həmin lal dəvəti lal da qəbul etdi. Ağır addımlarla kürsüyə qalxdı.
Qəsdən Müşərrəfin səhvini təkrarladı:

- Ötən əsrin min səkkiz yüz doxsan donuzuncu illərində...
Direktor, iclasın təhlükəli məcraya dönüşünü sinəsiylə, gur səsiylə önlədi:

- Deyəsən, sizin də eynək taxmaq vaxtınızdı yoldaş Qafarzadə...

- Yox, hələ tezdi. Eynək sizə, sizlərə lazımdı. Milçəyi şişirdib fil edirsiz. İcazə verin bu “Ceyran piri”nin tarixini azca işıqlandırım. Bu pir də sovet inqilabı iştirakçısdır. Vaxiylə Stalini də labüd ölümdən qurtarıb.
Yoldaş Qafarzadə ərkyana kürsünü tərk etdi. Aşağı endi. Addımları artıq çox yüngüldü. Coğrafiya müəllimi Qiyas Cəfəri kürsüyə qalxmadan, elə aşağıdan mövzunu davam etdirdi:

- Bizim kəndçilər, - əlindəki məşəlin son şöləsini bu gürcü balasının sifətinə tuşlayınca, gecənin bağrını bir qışqırıq yarır - “Çopur sağdı. Köməyə gəlin. Atamı çağırın”. Ələkbər kişi hadisə yerinə gələrək, həmin çopuru pir ərazisində gizlədir. Novxanıda onu indi də Çopur adyla xatırlayırlar. Sizin üçün isə o sadəcə“Koba” idi. Yəni Stalin.
Yaxşı ki, başıpapaqlı kənd seyidi Mirkazım bu haqq-ədalət ifadələriylə kifayətlənmədi. İnadla, dönə-dönə təkid etdi ki, bu izahatlar protokollaşıdrılıb qovluğa tikilsin. Son nəticədə Anarın atası, təbrizli siyasi mühacir Qafarzadənin siyasi statusu da öz sözünü dedi bu cəncəl işdə.
Araşdırmanı qəfil, xırp qapatdılar.
Məktəb direktoru İbrahim müəllim əlləri əsə-əsə cibində çox eşələndi. Qismətinə bir ovuc qoz-kişmiş çıxardı ordan. Yoldaş Qafarzadə ilə ata malı, partiya malı kimi bölüşüb halallaşdı.
Müşərrəfin itmiş eynəyi qayıtdı, sanki mələklərin qanadları üstə, öz həmişəki meşin kisəcəyinə. Müşərrəfin baxışları, sifəti tam dəyişdi. Çənəsinin əyrisi düzəldi öz-özünə.
Nar kolunun tikanlı qəfəsində çapalayan bir sərçə də, eyni vaxtda, öz oxşar məhbəsindən qurtuldu. Yoldaş Qafarzadənin, Anarın başı üstdən uçdu. Bu boz məktəbdən, boş məktəbdən nəhayət canını birdəfəlik qurtardı.
Uçdu, qanadlandı buludsuz göylərin dərinliyinə. Anar o yaddaqalan uçuşu axıracan izlədi.
Məktəbin “Novxanı pioneri” divar qəzetinə son dəfə kinayə ilə baxıb yoluna düzəldi. Evə, anası Şöləyə doğru tələsdi. Şölə o gün kəlağayısının düyününü həmişəkindən daha möhkəm sıxmışdı.
Cibini yoxladı.
Güzgüsü öz yerindəydi.
Sonra isə...

****

Novxanıdan azan səsi çəkilincə səkidə başı xəz papaqlı, isti paltolu Nəsib göründü. Səkidəki qalın kölgəsi özünə ləzzət etdi. Ətrafdakılarına da elə bil bu kölgəsini sevdirmək istədi. Səkidə bir an yubandı bu səbəbdən. Tamaşaçıların sayına məmnun qalmadı.

Sürücüyə sol gözüylə işarə ötürdü qapını açsın. Mənzərə, deyərdim, çox yaddaqalan, kinomotoqrafikdi hətta.

Anar azca aralı məsafədə dayanıb bayaqdan bəri Anarı güdürdü. Qəfil o özünü arxasındakı lay divara sıxdı. Nəsibin şübhə dolu baxışlarından ustalıqla yayındı, şükür. Baxışları toqquşsaydı, qanı getdi. Nəsib bəlkə, yenə bir hoqqa da çıxaracaqdı. Neylon paketi havayla doldurub qulağı dibində partladacaq, sonra deyəcəkdi, “həəə..gəlmişəm...hardadı Anarın o məşhur güzgüsü? Anarın o gözmuncuğu?"

Anar par-par parıldayan qara avtomobili bir an tabut kimi gördü. Nəsibin qara xəz yaxalıqlı paltosuna, qulaqlı papağına baxdıqca, elə bil öz yuxa geyimi içində bir az da üşüdü. Bir an bu xəzli paltonun, qulaqlı papağın, meşin əlcəklərin, yun şalvarın istisini təsəvvür etdi və daha da üşüdü.

Nəsib saymazyana ətrafa göz gəzdirib – yəni görürsüz də məni – şoferin açdığı qapıdan maşına oturdu. Çox soyuqdu. Sürücü Tahir maşının müəhrrikini bayaqdan söndürməmişdi. Qorxurdu soyuyar. Buzlayar.

Saz mühərriyin ağ-appaq buxarı yaxındakı Bayıl məhbəsinin uca hasarından yuxarılara qalxmağı bacarırdı. Sonra göz görə-görə əriyib itirdi. Bakıda ancaq bərk soyuqlarda təkrarlanardı adətən bu acı mənzərə. Tamaşaçısı, adətən olmazdı. Tapılmazdı.

Nəsib də bu təbii qış nağılından təsirlənmədi. Heç görmədi bunu.
Mənzərəni dəmir barmaqlıqlar arxasından bir Bayıl dustağı gördü elə bil. Diksindi dərin mənasına. Nəsibi də gördü bir an. İzlədi sonadək bu qış kinosunu.

Maşın yerindən tərpəndi. Anar maşının ardınca yaş asfaltda qırmızı lent kimi sürünən arxa faraların işığına baxırdı. Dekabrdan fevraladək Bakını saran bu boz mənzərələr hələ çox təkrarlanacaqdı.

Çoxlarınını son mənzərəsinə çevriləcəkdi.

Qəflətən böyük sürətlə tindən burulan alabaş qara maşını qabağına qatıb xeyli sürüdü, divara çırpdı. Bir-birinə dəyən metalın tükürpərdici xırçıltısı eşidildi. Qara maşın xıncım-xıncım olmuş, qarmon kimi sıxılmışdı.

Küçədəkilər yüyürüb birtəhər maşının pərçim olmuş dal qapısını açdılar, üz-gözü qan hörrəsindən tanınmaz olmuş Nəsibin cəsədini çıxardılar.

Nəsibin qara avtomobilə... üzr istəyirəm, qara “Volqa”ya oturması səhnəsindən başlayaraq, “Alabaş”-ın zərbəsinə qədər sürən bu uzun mənzərəni Anar bir teatr pyesi kimi izlədi. Hissiyata qapılmadı.
“Anarın gözmuncuğu”, bu “Arximed güzgüsü” özünü tam doğrultmuşdu. Zərbə amansızdı.

Bayıl zindanının bir adsız dustağı da mənzərəni dəmir barmaqlıqlar arxasından axıracan izlədi. Gözlərini bircə dəfə də qırpmadı.

***

Anam Şölə xanım həmişə əvvəlcə küncədəki köhnə ağır kamoda kədərlə baxardı, sonra hamımıza:

- Kişi, oğul istəyirəm, bu kamodu yerindən tərpətsin.

- İnşallah, Anar böyüyüb tərpədər. – Atam Qafarzadənin cavabı həmişə eyniydi. Mənə tapşırmışdı o bu ağır tale yükünü.

Evimizdə, həəəə, çoxdan, mən göz açandan köhnə Finlandiya kamodu var. Hitler zamanı istehsal edilib deyilənə görə, arxasınada guya faşist nişanı, oxunulmaz qara-quralar var. 1945-ci ildə hərbi qənimət kimi Bakıya gətirilib. Əldən-ələ ötürülüb. Sahibləri sırasında yəhudi həkimi də var, erməni taksi sürücüsü də. Ancaq bu sahiblərindən bir xatirə nişanı belə qalmayıb həmin kamod üzərində. Hamısı silinib, itib. Bircə köhnə almanca alın yazısı pozulmazdı. Arxasındadı.

- Zəlzələ də, Allah göstərməsin, bu kamodu silkələyə bilməyəcək. Zəlzələ də! Silklənməyini, titrəməyini görmədim. Atana lap oxşayır. – anam Şölə xanım atamla həmin kamodu həmişə eyni tərəzi gözündə görərdi. Bir-birindən ayırmazdı.

Səthi çox hamardı. Bir gün dəmir pulları cibimdən çıxarıb atdım bu kamodun üzərinə.

Pulun biri, inanmazsız, böyrü üstə dik dayandı.

Lənətəgəlmiş faşizm... gör rəndələri nə qədər dəqiqmiş.

Möcüzədir bax bu mənzərə. Möcüzə. Qısası, əlim itidir. Kazinolara mən kimiləri buraxmırlar. Məşqimi o qənimət kamodun üzərində keçmişəm. Dəlləkliyimi qısası, bu kamodun başında sınamışam.

Arxasındakı yazını, cadunu oxumaq isə hələki imkan xaricindədir. Gərək zindan ağırlığında bu kamodu gücənib, yallah, soyuq divardan ayırasan. Arxasına əlində zərrəbin, boylanıb diqqətlə baxasan.

Güzgüm inanıram, kömək edəcək həmin taleyüklü vaxtda mənə. Sirlərini, yazılarını bittə-bittə deşifrələyəcək.

- Ana, məni yaxşı yedirt. Güclənim. Bir gün komodumuzu mütləq divardan aralayacam. – məişətimizi həmişə oxşar zarafatlarla bəzəyərdim. Bir gözüm həmişə o sirli, tam hərəkətsiz kamoddaydı.

Sonrakı baxışım isə həmişə gedib mütləq atamı axtarardı.

İlk belə fürsət 1971-ci ildə düşdü əlimə. Bu dəfə bir başqa cür, daha möhkəm sıxdım cibimdəki güzgümü. Günəş şüalarının yerini, dəqiq trayektoriyasını cızdım.

Köhnə evimizdən ayırılıb təzəsinə köçümüz vaxtı baş verdi deşifrələmə. Kamodun kürəklərini, nəhayət, o soyuq divarlardan ayırdıq.

Gördük ki...

***

Nərimanov xiyabanındakı evimizi göyərçinlər, siçanlar, avaralar, min cür həşarat, min cür xırdavat tərəfindən tam özəllşədirilmişdi deyə, valideynlərim çox rahatsızdı burdakı ikiotaqlı mənzilimizdə. İstəyirdik, göyərçinlərdən, həyətimizdəki cırıltılı zivə çarxlarından birdəfəlik halallaşıb ayrılaq. İpləri tez boşalırdı bu paslı zivə çarxlarının. Yaş paltarlarımızın bir ucu həyətimizin min cür zir-zibilini süpürürdü.

Day süpürgəçi Ziba xalaya bir iş qalmırdı kirli dar həyətimizdə.

- Anar, o uzun payanı götür yerdən. Çökmüş zivənin ortasına tax. Qaldır o zivəni... paltar qarışıq, bir azcana hündürə.

- Belə necədi, ana?

- Zivənin düz ortasını tap, bala. Gör ağırlıq nöqtəsi hardadı.

- Tapdım, ana.

Yox. Mən zivəmizin təkcə əsl ağırlıq nöqtəsini tapmamışdım o gün. Gözqamaşdırıcı gün şualarından qaçan baxışlarım 4-cü mərtəbədəki gözəl Aydanın incə pəri çöhrəsini tapmışdı həm də. Bir gözüm taxta payanın haça ucundaydı. Digəri bu pəricadu qızın təkrarsız, parıltılı üz cizgilərində. Qadına məhəbbətim bax bu vaxt baş tutdu. Payam özü gedib züvənin düz ortasını, ağırlıq nöqtəsini tapdı. Anam da xoşbəxtdi. Paltarlar daha həyəti süpürməyəcəkdi. Mən də. Çünkü sevgimi tapmışdım.

Həm də Arximedin dediyi o ağırlıq nöqtəsini öz həyətimizdə aşkarlamışdım.

Aydan ilə sözlə yox... ovcumda sıxdığım güzgüylə danışırdım. Gün şüalarının sınma bucağını, dəqiq koordinatlarını havadaca qamarlayıb beyin sayğacıma ötürürdüm. Canlı hərbi lakator istedadımı özümdə bax bu vaxt aşkarlaıdım. Ölçülərim, hesablamalarım mükəmməldi.

Göydə, 4-cü mərtəbədə aşkarladığım Aydan da o cümlədən.
Harda bir itkin gün şuası görsəm, bəsimdi. Güzgümlə bu şuanı tutub Aydana tərəf yönləndirərdim. Gözəl ala gözlərini qamaşdırardım əvvəlcə. Sonra incə bədəni boyu gəzişdirərdim alovlu şüalarımı. Döşlərini, ayaqlarını... hər yerini bu güzgümlə qızışdırardım.

Aydan qəfil hiss edirdi ki, döşləri, göbəyi, baldırları od tutub yanır. Mənzərə tam kinoluqdu. Qız çaşırdı əvvəlcə. Bu Prometey alovunun səbəbini özündə yox... məndə görüncə, cəld götürülüb qaçırdı. Allahapənah qaçırdı. Ən qaranlıq guşələrə çəkilib orda uzun-uzadı inildəyirdi.

- Anar, paya düşüb yerə. Zivə yatıb. Parltarları külək süpürür həyətdə. Tez payanı düzəlt. Atanın köynəyi yerlə birdi, a balam.

Anamın bu əmrləri tam ürəyimcəydi. Payanı yuxarı qaldıranda bir gözüm Aydandan heç ayırılmazdı. Gözlərimin nuru bir gün o güzgümdəkindən də iti, nurlu oldu birdən-birə.
Uşaqlığın son gecəsiydi.

****

Məni Ay işığı oyatdı. Çarpayımın yanında qoyduğum saata baxdım – gecə saat dördə on dəqiqə işləyirdi. Bədirlənmiş Ayın ziyasıyla çarpayımın qarşısındakı divardan asılmış iri göz muncuğu işıqlanırdı. Valideynlərimin fotoları sıranı qapsayırdı. Gecə sürdükcə ay işığı divar boyu gəzir, bu fotoları bir-bir sanki dirildirdi. Lal kinomotoqrof diliylə, danışdırırdı. Canlandırırdı.


Birdən elə bil kimsə məni yatağımdan qaldırıb eyvan qapısına tərəf apardı. Qapının tanış cırıltısı yox idi bu dəfə. Qapı laldı. Taxta qapını bax cür neytrallaşdırıb gəldim digər - şüşə qapının önünə. O biri tərəfində adam dayanmışd. Sifəti şüşəyə yapışsa da, eybəcərləşməmiş, gözəlliyin saxlamış, bəlkə də, artırmışdı. Əyri əyləncə aynalarında olduğu kimi, ağzı, burnu, çənəsi yastılanmışdı, amma dərhal tanıdım -qonşumuzun qızı Aydan idi. Arabir həyətdə rastlaşıb kəlmə kəsmədən xoş təbəssümlə salamlaşardıq. Təəccübüm bir an çəkərdi adətən. Sonra uzun bir baxışda xeyli davam edərdi.

Gözləri qapalıydı. Nərd taxtası kimi. Tam. Kip. Bir zərrə nur bəbəklərinə sızsa, heç... Oyanacaqdı. Və alovlanacaqdı elə bil. Hə...indi ancaq dərk etdim. Demə, bu qız somnambula – Ay adamıymış. Mənzillərindən bura, bizim mərtəbəyə Ay işığının cazibəsiylə gəlib. Eyvandan eyvana beş qarışlıq dar keçidlə gəlib. Keçid elə dar idi ki, iki adam yan-yanaşı dura bilməzdi. Bir ayaq- bir ayaq gəlib.

Hələ də yuxudaydı. Fil yox, ay yuxusunda. Qapını açıb qızı içəri dartmaq, oyatmaq, sonra dəhlizlə öz mənzillərinə ötürmək istədim, amma dərhal başa düşdüm ki, qapını açsam, o saat oyana bilər, oyansa, üçüncü mərtəbədən, Allah eləməmiş, yıxıla bilər. Ancaq şüşənin bu tərəfindən o tərəfinə bir-birimizə baxmağımız qalırdı. Daha doğrusu, mən baxırdım. Onun gözləri yumuluydu. Bir az şüşədən aralandı, yastılanmış sifət cizgiləri adi halına qayıtdı və indi yenə həmişə gördüyüm kimi qənirsiz gözəl idi. Aydandı.

Qorxurdum. Dua edirdim, ayılmasın, Ay işığıyla gəldiyi kimi mənzillərinə salamat qayıtsın. Sabah mütləq valideynləriylə danışaram. Bir əlac tapsınlar… Görəsən, qızlarının bu qəribəliyindən xəbərləri varmı?

***

Bu səfər özüylə bərabər pişiyi də gəlmişdi. Pişik açıq qapıdan içəri girdi, mıyoldadı. Aydan da otağa daxil oldu. Gözləri qapalıydı. Topuğunacan uzun çəhrayı gecə paltarındaydı. Şəffaf paltarının içində bədəninin bütün əzaları, incə cizgiləri aydın sezilirdi. Otaqda hərəkət etməyə başladı. Elə hərəkət edirdi, sanasan, bu otağa çoxdan bələd idi – bir yerə toxunmadan, bir şeyi yerindən dəbərtmədən… belədən – belə keçirdi. Bu, adicə hərəkətlər deyildi, rəqs idi və bu rəqsi otağıma düşən Ay şüalarından kənara çıxmadan edirdi. Musiqisiz rəqs edirdi, amma adama elə gəlirdi ki, həzin bir melodiyanın müşayiətiylə süzür.

Küncdəki paslı su lüləyindən bu vaxt həmişəki kimi damcı yox... musiqi süzülürdü elə bil. Ahəngini Aydan tez tutdu. Su luləyinə yaxınlaşdı.

Mən tez əl güzgümü əvvəl səmadakı dolu aya, sonra Aydana yönəltdim. Hərəkətlərim o rəqsin ahənginə çox tez uyğunlaşdı. Aydanı öz güzgümlə bax bu cür tam əhilləşdirdim sanki. İncə qıl körpü üstə kəndirbaz kimi, xeyli ora apardım, bura gətirdim.

Burnu axan su lüləyi yeganə musiqi alətimizdi. Aydanı bu səslərlə də tam kodlaşdırmışdım.

Çox davam edə bilməzdi bu ay səfərləri. Bir gün, ay nuru da, Aydan da gəlib divarımızdakı bir şəklin üzərində dayandı. İlk fotomdu. Dünyaya ilk baxışımı valideynlərim qeydə almışdılar. Təsirli fotoydu. İndi də baxanda daxilimi, gözlərimi tam doluxsundurur. Bu dəfə ay özü baxırdı həmin fotomdakı ilk baxışıma.

Sonra həmin aya laldinməz Aydan da qoşuldu. Aydan şəklə baxınca həəə... fəlakət baş verdi.

Aydan nəhayət ki, ilk dəfə öz somnanbula yuxusundan ayıldı. Belələrinə bizim pirlərdə “Qəmər xanım” da deyərlər. Bir gün ayılmaları mütləqdi. Qaçınılmazdı.

Aydanı mən yox, fotom diksindirdi. Ayağı sürüşdü evimizim çəmbərindən. Kəlləmayallaq yerə gedəndə cəld o öz payalarımdan yapışmağı bacardım. Paltar dolu zivələrdə ilişib havada bir-birimizə sarıldıq. Sanki sevgi yelləncəyində yelləndik. Toyumuz, ilk öpüş busələrimiz havada baş tutdu deməyə dilim gəlmir vallah.

Aydanın ayağı yerə dəyincə o məni özündən kənara itələdi:

- İtil. Oğraş. Anama deyəcəm. Sən kimsən ey. Güzgünlə məni yoldan çıxarırsan. Ayıbdı.

Valideynləri də yuxarıdan qışqırmağa başladılar:

- Uşağınız xəstədir. Aparın həkimə. Bəsdir həyatımızı zəhərlədiyiniz. Əlində güzgü, bütün günü evimizi, qızımızı güdür. Bezmişik.

Ayıq Aydanda ayın bircə zərrəsi nədi, heç tozu da yox idi. Üzünü məndən çevirməyi, çiyni üstən mənə söz atmağı, bütün vücudumu sarsıtdı.

Ancaq Aydandan fərqli olaraq pişiyi çətin ayrıldı məndən. Öpdü ayaq pəncələrimi. Əvvəl sağdan, sonra soldan fırlandı ətrafımda.

Sonra...

Sonra Aydansız başladı gəlməyə qapıma. Gecələr gələrdi. Ay nurunun belə deyək “marşrut taksisində”. Musiqi həminkiniydi. Su lüləyinin burnundan axırdı. Güzgümün bircə parıltısına bənddi. Tuşlayırdım bütün ünvanlara, qapılara... Gedirdi. Eynən Aydan kimi özündən tam xəbərsiz.

Bircə Aydangilin qapısından savay. Cəhdlərim həmişə uğursuz nəticələnirdi.

***

Daha bu evdə qala bilməzdik. Valideynlərim də eyni qənaətdəydilər.

Axşam Baksovetə məktub yazdılar ki, bizim ikiotaqlı mənzilimizi bəs beşotaqlıya dəyişsinlər. Atam siyasi mühacirdi. Sözü keçdi. 8-ci mikrorayonda təzə beşotaqlı mənzil aldıq.

Pişiyimə “Aydan” adını o vaxt verdim. Qorxdum ayrılmaz Aydangilin qapısından. Ayrıldı. Basdım məktəb çantama. Attım sol çiynimə.

Son dəfə köhnə evimizə baxırdım. Divarların Şərq hamamları üslubunda yaradılmış zövqsüz naxışlarına, yüz lampalı ağır, büllür çıl-çırağa, servanta düzülmüş qızıllı-gümüşlü qab-qacağa, servantın üstünə qoyulmuş şahə qalxmış at heykəlciyinə baxır və heç cür razılaşa bilmirdim ki, indicə evimizin əsas sirri açılacaq.

O faşist kamodunu hamballar, axır, öz gizli sevgilisindən-soyuq divarından zorla ayırdılar.

Həəə... özüm buna inanmasam da, gözmuncuğum, o sehirli güzgüm buna çoxdan hazırdı sanki.

Hamballar kamodu divardan ayıran kimi, tezmacal öz güzgümdə günəş şüalarını tutdum. Yönəltdim kamodun arxasındakı məxfi dünyaya.

Gözlərimə yox... güzgümə inandım. Əvvəl “Uşaqlığın son gecəsi” filminə baxdım elə bil güzgümdə- Xəzri küləyi ilk həmləsiylə Aydanın saclarını sifətinə çırpdı. Bir an üzürübəndli təbii Şərq gözəlinə çevirdi bu ilk sevgilimi. Məktəbdən evə gəlirdi. Külək qonşu məhəllədə bitincə, saçları sifətindən sürüşdü. Gözəlliyi birə on artmışdı deyərdim. Bu cür “Yeddi gözəl” baletinin həyəcanlı kölgələrini izlədim sifətində. O cilddən ayrılıb bu cildə düşürdü. Gözəlliyi yeddi cilvəliydi. Yeddi parıltılıydı. Yanağındakı xal bütün şübhələrə nöqtə qoyurdu. Dünyanın son nöqtəsiydi sanki. İstədim, yaxasına əl atım. Bu vaxt anası yuxarı mərtəbədən qışqırdı:

- Aydan, evə tələsmə. Get dükandan çörək al.

Güzgümdəki film, bu məişət qayğıları ilə, sifarişləri ilə bitdi birdəfəlik.

Sonra güzgümdə kamodun gizlədiyi qara rəqəmlər canlandı.

Bütün o əlaqəsiz cızmaqaralar, təsvirlər, şifrəli mətnlər qəfil bir düzən qazandı gözlərimdə. Kamod sanki hıçqırdı bu vaxt. Həqiqəti demədi yox... məhz hıçqırdı...

Güzgümdə “74\69” şifrəsi göründü qəfil.

Çox sonralar, valideynlərimin vəfatından sonra deşifrələdim bu “yoldan teleqramı”. İkisi də 74 yaşında dünyalarını dəyişdilər. 74 saylı təzə evimizdə. O ev 6 bloklu, 9 mərtəbəliydi. Qapımızın nömrəsi də 69-du.

Hamı bir gün öz “yoldan teleqram”ını alacaq. Çalışın, görəsiz o məşum rəqəmləri. Deşifrələyəsiz bu tale məktublarını. Mən bacardım bunu.

Çibimdəki o pir güzgüsü hesabına bacardım.

Pişiyim də miloyoldadı çantamda o vaxt.

Yazığı çantamdan çıxardım. Köhnə evimizin köhnə, son tikələrini bu “Aydanıma” yedirib hönkür-hönkür, için-için hıçqırdım daxilimin ən dərinliklərində.

Su lüləyimizin son göz yaşları, musiqisi də eyni ahəngi bölüşürdü mənlə.

Qapını örtdüm ardımca.

İlk evimdən, ilk sevgimdən gözüyaşlı ayrıldım.

Pirdən mənə yadigar cibimdəki güzgüydü. Köhnə evimizdən isə məktəb çantamdakı qara pişik.

Aydan dükandan çörək alıb evlərin tələsirdi. Böyrümdən tam etinasız ötdü. Heç görmədi məni. Deyəsən, mən artıq orda yoxdum. Tam demateriallaşmışdım.

***

Sonra atam Qafarzadə ilə birgə Nərimanov xiyabanındakı “Cəfər Cəbbarlı” kinoteatrına getdik. Dedik, köhnə həyatımız, köhnə evimizlə bax bu cür vidalaşaq.

“Bizim eradan million il əvvəl” filmi gedirdi içəridə. Bilet kassaları önündə quyruq növbəsi bir-iki düyün vurmuşdu.

- İki biletimiz var. – Alverçilər anında bizi hərif bilib gözaltı etdilər. Qiymətə aldansaq da, düzü, özümüz buna razıydıq.

Adi tamaşaçılardan ötrü film fantastik məzmunlu idi. Süjetə görə, qarasaçlı Tumak - cəsur döyüşçü, öz doğma tayfasından qovulub. “O dağ sənin, bu mağara mənim” deyib də, əjdahalarla dolu dünyada sərgərdandı. Qaçaqdı.

Bizim kimi siyasi mühacirdi.

Mən bu filmə də səhnədə yox... ovcumdakı güzgüdə baxdım. Hərdən güzgümü əyib ora atamın fərqli kədərli baxışların da əlavə edincə, həəə... film bütövlşərdi elə bil. Əhatə dairəsinə, kadrlarına bizi, ən vacibi zavallı atamı da məmnunluqla qəbul etdi. Filmin süjetinə həyatımız tam yatırdı.

Atam da o filmə elə mənim güzgümdə baxdı bir az.

- Anar, sənin gözün, sənin güzgün Məşhər gününü təkrarlayır. Ağırdı. Qoy filmə adi gözlə, səhnədə baxaq.

İlk dəfə mən də bu gözümdən, bu güzgümdən yorulmuşdum. Aydanın sifətini görürdüm filmdəki bütün qadınlarda. Qızlarda.

Bəli, adi tamaşaçıların gözündə bayağı məcara filmi kimi görünən bu Britaniya filmi, atamla mənə tam doğmaydı.

- Səs salmayın. Mane olursuz... - arxamızdakı tamaşaçılar çiynimizi silkələdilər. Haqlıydılar.

Bizim siyasi mühacir taleyimizə çox bənzəyirdi bu film. Tumakın “Sindibad, Odissey” səyahətində biz atamla özümüzü görürdük. Bizi qovan “qarasaçlılar” tayfası isə görünür Arazın o tayıydı.

- Təbrizdi elə bil. 21 Azər üsyanı. Şahnazda nümayişə çıxmışıq.

Filmdə Aydan da vardı, anam da. Hamı, - indiyədək gördüyümüz bütün insanlar, düşmənlər vardı. O cümlədən ikimiz də, atayla bala, həəə... bu filmdəydik.

Tumak sonra “sarısaçlılar” tayfasıyla üzləşir. Orda, Loala adlı bir dünya gözəli ilə ailə qurur. Sonra əjdaha Loalanı caynağına alıb, zirvələrdəki yuvasına gətirir. Ac balalarınını qarnını doyuzdurmaq istəyir. Tumak olmasa...

Əjdahadan qorxdum. Dedim, zalimə öz güzgümdə baxsam yaxşıdır.

- Ata, gülməlidir. Bax, əjdaha mənim güzgümdə məktəb direktorumuz İbrahim müəllimə tam oxşayır.

Söhbətimiz kino nəzarətçilərini əsəbləşdirdi. “Danışmayın” - deyib, bizi barmaqları ilə hədələdilər. Ekran işığında gördüyüm bu hədələyici barmaq, filmdəki zopalardan əsla seçilmirdi.

Əksinə, filmlə tam səsləşirdi.

Sonra, qarasaçlılarla sarısaçlıların toqquşması zamanı zəlzələ baş verdi filmdə. Dünya dağıldı.

Faciədən sağ qurtaran tam yalqız Tumak növbəti dəfə çöllərə düşdü.

Hə... adi tamaşaçılar ekranda baxırdılar bu məcara filminə. Mən isə öz güzgümdə. Bu cür daha genişformatlıydı o.

- Arazı eynən bu cür adlayıb keçdik. – Atam öz şərhlərini bu dəfə lap alçaqdan pıçıldadı.

Filmin ortasına çatınca gələcək süjet, sonrakı epizodlar artıq aydındı. Filmin ortasından, ekrandakı səhnələr itdi gözümüzdən. Öz qərib həyatımızın vəhşi axarı girdi görüntülərin arasına - Təbriz... ata yurdumuz, inqilab. Qaçqın həyatı... siyasi mühacir taleyi... Moskva mənzərələri, Şərqi Almaniya reallıqları...

Qəfil atamın qulağına film qəhrəmanın adını pıçıldadım: “Tumak”...

Cavabında “Bizim eradan milyon ilə əvvəl” - pıçıltısını eşitdim.

Beləcənə kadrları öz qərib taleyimizin dilinə çevirə-çevirə, filmin finalına yetişdik.

İşıq yandı. Film bitdi. Hamı kinoteatrı tərk etdi.

Mağarada bircə biz qalmışdıq: filmin qəhrəmanı Tumak, bir də mən.

O gündən sonra rəhmətliyə hərdən “Tumak” deyərdim həyatda. Həmişə yox...

Həyat bizi yeni mənzilimizdə yeni ciddi imtahana çəkəndə ancaq.

Ancaq.

***

“Tumak” sözünü o vaxt tam unudub, çox-çox sonralar, tələbəlik günlərimdə xatırlamalı oldum. Səbəb 2-ci kursda üzləşdiyim bir həyasız mənzərəydi.

...Ayağımın altından yer qaçdı o gün.. Birtəhər özümü ələ alıb qapını açdım. Qapını açıb otağa girməyimlə qadın qışqırığı eyni ana düşdü.

Torşerin zəif işığında ancaq onu gördüm ki, yazı masamın üstündə uzanmış çılpaq qadın lüt kişini itələyib sıçradı, o biri otağın qapısına tərəf qaçdı. Qadının çılpaq belində göyümtül, yumru-yumru küpə izlərini də gördüm.

Zakir - tələbə dostum, yerə atdığı xalatını – xalatımı tələsik qapıb ayıb yerlərini örtdü.

- Kimsən? – deyə baxdı. Deyəsən, hələ gözlərinə inanmırdı. Sonra bir an içində tok vurmuş kimi yerə çökdü. Arxasını divara söykəyib yavaş-yavaş döşəməyə sürüşdü. Dili topuq çala-çala:

- S… i… z.. – deyə bildi.

- Hə mənəm. Anar. Bu tələbə yuvasının sahibi. Evimi niyə şəhvət ocağına döndəribsiz?

Hə... Hələ tələbəlik illərindən Anar tay-tuşlarıyla oturub-durmağı xoşlamazdı. Bəlkə, səbəb orta məktəbdə, Aydandan aldığı mənəvi zərbələr, zədələr idi. Evdə də, məktəbdə də daima pisikdirilməsi, alçaldılması, ələ salınması onda kəmlik kompleksi yaratmışdı. Görürdü ki, tələbəlik dönüb bir növ əxlaqsızlıq yuvasına. Tələbələr ancaq bazlıq edirlər. Oxumurlar.

“Tumak” kəlməsi də məhz bu vaxt, gör neçə ildən sonra eyyy... Anarın dilinə qondu. O bu sehirli kəlməni daxilində təkrarlayınca mənzərə dəyişdi tələbə yuvasında. Əxlaqsızlar otağını tələsik lüm-lüt tərk etdilər. Özü də, paltarlarını lüt bədənlərinə sıxıb qapıya tərəf tərs gedirdilər. Kürəkləri qapıya baxırdı, sifətləri mənə. Qəribə mənzərə idi. Kinolentin tərsinə fırlanmasına oxşayırdı bu kadrlar.

Fikirləşdim “Tumak” duamın təsiridi.

O vaxtdan avaragor tələbələrdən tam ayrıldım. Dedim, gəl güzgümü, duamı, Aydan pişiyimi daha ciddi ünvanlarda sınaqdan keçirim. Həyatda yox, cəhənnəmdə sınaqdan çıxarım.

2015-ci ildi artıq. Cəhənnəm isə o vaxt Nardarandaydı. Payızı çox kədərliydi o ilin. Çox sarıydı.

“MakDonalds” sarısına meydan oxuyan bu payıza qoşuldum. Getdim Nardarandan reportaj yazmağa. Avara tələbə həyatıma ciddi rənglər qatmaq istəyirdim. Pişiyim razılıq əlaməti kimi, miyoldadı bu niyyətimə.

Yolumu açıq elan etdi. Qoşuldu mənə. Nardarana qədər arxamca gəldi. Gah da gizləndi isti qoynumda.

Arada öz dilimdə danışırdım öz-özümə. “Tumak” cadusunu təkrarlayırdım daxilimdə.

***

Mindiyim "131" saylı avtobusa əvvəlcə səyyar əl alverçiləri soxuldular. Başladılar öz mallarını tərifləməyə.

- Asma dualar, asma dualar...ikisi bir manat! İksi bir manat.

- Evdə hardan asıbsan bu duanı?- sualım havada bir xeyli cavabsız qaldı.

- Yola ağzıdualı çıxarlar. Al - arxamdakı sərnişin qulağımı isitdi.

Nəfəsi çox safdı deyə, inandım.

- Bir cüt ver. Sınayaq duanı.

"Koroğlu" metrostansiyasından Nardaran, Maştağaya gedən sərnişinlər, əvvəlkinə baxanda bu dəfə çox sakit, həm də fikirli görünürdülər. Dodaqlar səsiz tərpənincə, sürücü, mühərriki nərildətdi.

Jurnalist kimi bu qorxulu səfərə çıxanda özümü o filmdəki Tumakdan, rəhmətlik atamdan əsla ayırmırdım. Dodaqlarım “Tumak” duasana tərpəndi.

Əsas güzgüm də mənimləydi. Bir də çantamdakı qara pişiyim.

Müəhərrikin istisi altdan vurub yerimi qızdırırdı. Əla yer seçmişdim. Sonrası Allah kərimdi.

Nardarana çatmamış sərnişinlər arasında pıçapıç, bir də mehribançılıq artdı.

- Düş, dörd yol deyilən tərəfdə, bir az arxa yollarla get. Birtəhər Allahın köməyi ilə Nardarana çatarsan.

Birinci məsləhətə,anında ikincisi qoşuldu.

- Divarlar boyu get. Divarlardan ayrılma. Salamat qalarsan.

Deyilənlərə əməl edib Nardaran barrikadalarına yaxınlaşdım. Qaş qaralırdı.

Avtobusdakı əhdimi pozdum. Qara, doğma kənd divarlarından aralandım qorxa-qorxa.

Çantamdakı Aydan miyoldadı.

- Kəs! – qısa sərt əmr Aydanı susdurdu.

Kəndin işığını kəsmişdilər deyə, ətraf zülmətə qərq olmuşdu. Barrikadaların arxasında təkərlər yanır, yuxarı qara alov şölələri yüksəlirdi. Hərdən bu qara alov, rəngini al rəngə dəyişirdi. Bu vaxt imkan tapıb barrikadakıları tanımaq mümkün olurdu.

Kənddə işıq yoxdu deyə, televizor-zad işləmirdi, kənd dünyadan təcrid olunmuş vəziyyətdə idi. Ancaq kəndlilər burda da özlərini itirməmiş, özlərinə təzə canlı televizor icad etmişdilər. Bu televizor 9 yaşlı Bunyadov Əliəkbər idi. O, azyaşlı olasa da moizələr oxuyur, ətrafdalılara öz siyasi, dini savadını sərgiləyirdi. Mənə dedilər ki, atışma zamanı onun atası Rafael həlak olub. Əmisi Fərahim isə az əvvəl bir başqa münaqişədə öldürülüb.

Hava getdikcə daha da soyuyur, tonqalların qara tüstüsü daha da tündləşirdi... Bayraqların qara rəngini də bu mənzərəyə əlavə etsək, düşdüyüm ağır vəziyyətin necə olduğunu indi təsəvvür edin.

Güzgümü də, qələmimi də eyni vaxtda çıxartdım. Güzgümlə tonqal şölələrini tutdum qələmimlə eşitdiyim söhbətləri. Acı etirafları. Ancaq bilirdim ki, o şölələrin güzgümdəki, qələmimdəki əksi müsbət nəticələnəcək. Şər alovu sınacaq bu güzgümdə, ölüm tanrısı kənddən qaçacaq.

Göyərçin satanlar öz qəfəsləri üzərinə kapron örtük çəkib bir kənarda durmuşdular. Qorxurdular ki, soyuqdan quşları xəstələnib ölsün. Atılacaq güllələrdən isə elə bil heç qorxmurdular...

Bir xeyli söhbətləşdik. Mən dedim dağılsınlar evlərinə... Qısası, sülhməramlılıq nümayiş etdirdim. Arada bir, cibimdən tum çıxarıb digərlərinin də ovuclarına tökdüm. Tum çırtlada-çırtlada danışırdıq... danışırdıq...

Bağ qonşumuz Əbdürrəhman da burdaydı. Divardan ayrılmamağı diqqətimdən qaçmadı.

- Toyuq hininizə girən tülkü bicdi. Görümüşəm. Azan vaxtı girir hinlərə. Oxşar vəziyyətdi? – belə gərgin siyasi məqamlarda gərək ilk cümləni məişət mövzusundan başlayasan.

Əbdürrəhman kürəyini divardan ayırdı.

- Tülkü mənəm. Deyirsən , azan vaxtı bu tülkü yenə hinimizə girəcək?

Əbdürrəhmanın ovcuna tum töküb dodaqlarımı büzdüm. Lal söhbətim anında bütün ürəklərdə eşidildi elə bil.

Qürub şuasını güzgümlə tutmağı bacardım. Yönləndirdim.

Son günəş şüalarından sonra barrikadalara həyəcan içində boylandım. Gördüm bayaq Əbdürrəhmanın dərin ovcuna tum tökdüyüm yerdə bir dəstə ac sərçə ətrafı dimdikləyir...

Mənzərə ürəyimi dağladı... Gözlərim yaşardı... Qorxurdum, sabah bu insanların çoxusunu artıq həyatda tapmayım.

- Gərək dən verəsən insanlara da, quşlara da. – Etirafımı hamıdan gizlədim. – Şər alovunu bu güzgüdə sındırasan. – deyib, Aydanın başını sığallayıb bərk bağrıma sıxdım.

Avtobusda aldığım asma duanı divardan asınca...

Qəfil xəbər gəldi, bəs ağsaqqallar deyir evə qayıdın.... dağılışın... bəs meyidləri sabah gətirib kənd ağsaqqallarına təhvil verəcəklər.

Çoxlarının gözü yaşardı... Dəmir nizələrdən, dəyənəklərdən biri bu vaxt yerə düşüb bərk səs saldı...

Kəndlilər "qəbirləri harda qazaq?" - deyərək, pir tərəfə boylandılar.

Nərdaranlılar evlərinə dağılışdılar. Sabah bütün günü qəbir qazmaq lazım idi.

Son mənzərələrə bir də öz güzgümdə baxdım. Görmədiklərim ordaydı. Elə bayaqkı Əbdürrəhman da, pişiyim Aydan da, axır, ən vacibi-sərçələr də ordaydı. Tam mənzərə güzgümdəydi. Ətrafımda digər nə varsa, natamamdı.

Uzunplaşlı birisi güzgümə düşən kimi, həəə... bu natamamlıq da bitdi. Mənzərə, süjet bütövləşdi. Bildim, işverəndi. Sezdim-sabah telefonumu möhkəmcə silkələnib zırıldayacaq.

***

Səhəri gün 10 radələrində Anarın cib telefonuna SMS gəldi. Cingiltisi əvvəlkindən xeyli fərqlənirdi. Polkovnik Qasım Şeydayev bu telefona zəng etməsini xahiş edirdi. Polkovnikin adı və famili Anara tanış gəldi, amma kim olduğunu, nə qədər çalışsa da, yadına sala bilmirdi. Hər ehtimala qarşı, ekrana çıxan nömrəni telefonuna yazdı, yığdı. Cavab dərhal gəldi:

- Hər vaxtınız xeyir, Anar.

- Salam. Mənə SMS göndərmisiniz.

- Bəli. Çox vacib bir məsələylə bağlı sizinlə görüşməliyik.

- Kimsiz?

- Görüşəndə bilərsiniz. Axşam 6-da bizə gələ bilərsiniz? Ünvanı indi mobilinizə göndərirəm.

Cavab gözləmədən telefonu asdı. Az sonra ekranda ünvan çıxdı.

Nar kollarında qışa qalmış, gecikmiş meyvəni xatırladırdım. Dərilməmişdim. Küsmüşdüm bütün ətrafımdan. Belə küsülü narların qabığı dərin çat verir adətən. Mənim isə səbrim çat verdi bu zəngdən sonra. Tüpürdüm öz həyatıma: “Cəhənnəmə ki!”.

Hiss etdim, bu gecikmiş meyvənin də dərilmək vaxtı gəlib çatıb.

Dedim, qoy özüm qatillərimin ovcuna qoyum bu son meyvəni. Bu “Ömür urası”nı.

8-ci mikroraynda soldan üçüncü döngədə 20 nömrəli evin dəmir darvazası qarşısında durmuşdum. Sifətimi videofondan gizləyib zəngi basdım, darvaza açıldı və məni qarşıdakı evə tərəf apardılar. Geniş həyətin hər iki tərəfində xarici maşınlar düzülmüşdü. Yenicə “bəy hamamından çıxmışdılar” elə bil. Təzəcə yuyulmuşdular. Məni sözlə yox... gözlə ikinci mərtəbəyə ötürdülər. Geniş salona daxil oldum. İki kişi – biri çox qoca, biri nisbətən cavan – nərd oynayırdılar. Heç birini tanımırdım. Nərd atanlardan biri – ağ köynəkli, lampaslı şalvarlı, ayağında şap-şuplar olan kişi ayağa durub əlini uzatdı.

- Polkovnik Qasım Şeydayev, – dedi.

Evin sahibiydi və məni bura o dəvət etmişdi. Nərd atan ikinci kişi yerindən durmadan əlini mənə uzatdı. Üzünü mənə tərəf çevirəndə sol yanağında iri çapığı göründü. Nərd oyununa davam edirdilər. "İndicə Qasım şeş sə atacaq" - düşündüm və polkovnik şeş sə atdı. "Bu biri də çahar dü atacaq". Çahar du atdı.

Dedim içimdə “indicə qapı açılacaq”.

Və yan qapı cırıltıyla açıldı, qara geyinmiş, başına qara şal bağlamış qadın əlində üç stəkan çay, mürəbbə, konfet, qənd və limon qoyulmuş məcməyi içəri girdi. Çayları götürüb Qasımın, Çapığın qabağına qoydu, başını qaldırıb heç birinin üzünə baxmırdı. Amma Anarın çayını qoyanda üzünə baxdı, birdən- birə halı dəyişdi, stəkan əlindən düşüb çilik-çilik oldu, çay Anarın üstünə dağıldı. Qadın dodaqaltı nə isə deyirdi. Anar aydınca:

- ...qatil, qatil… – sözlərini eşidirdi, – bircə balamın qatili…

Daxilimə pıçıldadım - “itilsin burdan”.

Kəskin çevrililb otaqdan çıxdı. Heç çayı üstünə dağıtdığı üçün üzr də istəmədi. Əvəzinə Qasım üzrxahlıq etdi.

- Fikir verməyin, – dedi, – çox-çox illər əvvəl balamızı avtomobil qəzasında itirdik, anası hər təzə gördüyü adamı onun qatili sayır.

Çapıq dərhal mətləbə keçdi:

- Sizi mən çağırmışam, – dedi. – Polkovnikə dedim ki, sizi dəvət etsin. Gərək ki, tanışsınız…

- Yox, ilk dəfə görürəm onu.

- Amma mənə demişdilər ki, haçansa qonşu olmusunuz.

Qəfil gözüm qamaşdı. İstintaq işığı, gur gözyaşardıcı şüalarla məni azacıq kor etdi.

Dedim özümə “Qoy mətləbə keçsin”.

- Dəxli yoxdur, – dedi, – sizinlə bir məsələdən danışmaq istəyirəm. Qafarzadəni tanıyırsız?

-Tanıyıram, – dedim, – görkəmli alimlərimizdəndir. – qısa fasilədən sonra aləvə atdim. - Rəhmətlik atamdı.

- Bu feysbuk statusunu rəhmətlik haqda siz yazıbsız eləmi? İcazə verin, bir oxuyum bu statusunuzu Qasım müəllim də eşitsin.

Çapığın səs ahəngi AZTV-dəkindən bir zərrə də seçilmədi. Elə bil qarşımızdakı televizordan çıxırdı. Çapığın taxma çənəli ağzından yox.

“Rəhmətlik atam bir gün Xaqani Şirvaninin qəsidələrinin birində belə bir məlumatla tanış olur ki, bəs Bakı qala divarlarını Şirvanşah Mənuçehr inşa edib. Hə, atam bunu bilincə dinc durmur, başlayır İşərişəhərin qala divarlarını bittə-bittə tədqiq etməyə. Əvvəlcə uğursuzluğa duçar olur, istədiyinə çatmır. Yorulur yaman. Gəlib Qoşaqala qapıları tərəfdə fikirli-fikirli dayanır. Bu vaxt möcüzə baş verir. Qala bürclərinin biri qəfil dağılıb sökülür öz-özünə. İçindən bax bu kitabə aşkarlanır. Rəhmətliyin lal sualları, belə deyək, cavabsız qalmır.

Bu əhvalta möcüzə kimi baxıram. Axtaran tapar deyərlər. Allah heç vaxt öz sevimli bəndələrinin suallarını cavabsız buraxmır görünür.

Bir insanın ki arzusu, niyyəti qarşısında qala bürcləri töklüb dağılır... Hə... qəribədir... rəhmətlik Bakı qalasını bax bu cür fəth etdi...

İnşallah mən də Bakını belə fəth edərəm”.

Çapıq soyuq çayını təzələmədi. Dibində nə qalmışdısa, başına çəkdi. Polis səsini diriltdi.

- Statusunuzu yazıb sonra keçibsiz şairliyə: “Payızı küçələrdə, ağaclarda, çayda, dənizdə gör. İnsanda görmə... Binəqədidə nə görsən, kirlidi, tozludu. Ağaların avtomobillərindən savay”.

Çapıq əlini daz başına çəkdi. Təkrarladı bu sınanılmış adətini. Əlində xüsusi güc duyunca keçdi əsas mətləbə.

- Qorxuludu. Çox... Sizə bir təklifimiz olacaq. Keçək digər həyətə.

***

- Atanız ova tüfəngsiz gedənlərdəndi, görünür. – Çapıq, əlini yenə daz kəlləsinə sürüşdürdü. – Belələri nəsillikcə qorxuludurlar. – Keçək Marmizon baletimizin ikinci pərdəsinə. Söhbətimizin axırını başqa yerdə davam etdirmək məsləhətdi.

İçimin Marian dərinliyinə bu dəfə heç nə demədim. Susdum ancaq. Gözlərim divarlarda gəzişdi. Pəncərədəki əksim üzərində dayandı. Son nöqtəmi orda seçmişdim.

Elə bilirdim, indicə arxadan təpəmə güllə çaxacaqlar.

Çapığın bircə göz işarəsi mənə bəsdi.

Marmizon baletimizn ikinci pərdəsinə keçdik.

Həyətin geniş meydan adlandırıla biləcək sahəsində əcnəbi maşınlar düzülmüşdü: “Rols-Roys”, “Pejo”, “Nissan”, “Ford”, “Fiat”, “Mersedes”, “Bentli”, “Şevrole”, “BMV”. Anar saydı – doqquz maşın idi.

Həyətin o başında üçmərtəbəli iqamətgah ucalırdı. İqamətgah – bu binaya ayrı ad vermək olmazdı. Müxtəlif səviyyəli eyvanlar, şüşəbəndlər, erkerlər, lodjiyalar… Qapıda bayaq videofonda sifətini gördüyü adam dayanmışdı. Anarı qarşılayıb ikinci mərtəbəyə apardı. Geniş foyedən keçib ondan da geniş salona girmədən əvvəl nərd-taxta və atılan zərlərin boğuq sədalarını eşitdi.

Dəhlizdə addım səsləri eşidilincə hamı susdu. Nərd-taxta, zər səsləri anında xırp kəsildi.

Ön sıralarda adamlar əyləşmişdi. Arxa sıralar boşdu. Gecə saat dörddə nə tamaşaydı bu, kimdi bu saatda bura toplaşanlar?

Çapıqla içəri keçib qabaq sıraların birində oturduq. Tamaşaçılar hərəkətsizdi. Gözlərini səhnədə bir nöqtəyə zilləyib susmuşdular. Bir-bir sifətlərinə baxmağa başladım və birdən-birə anladım ki, çoxusunu tanıyıram. Yanımdan bir az aralı doqquz-on yaşında bir uşaq oturmuşdu, ona baxdım və ətim biz-biz oldu – bu həmin o xəz paltolu qonşum Nəsib idi. Tamaşaçıları bir-bir yadıma salırdım: bütün dostlarım, düşmənlərim bir sırada, özü də, qarışıq əyləşmişdilər - İbrahim müəllim, Müşərrəf xanım.

Bir dəfə görüb söydüyüm saxtakar balçı Elşən də burdaydı nədənsə. Barəmdə ifadələr verirdi... Elmi şuranın üzvləri. Qafarzadə. Aman Allah – adsız, gizli qurbanlarım da burdaydı.… Onlar da mənə yox, səhnəyə baxırdılar. Coğrafiya müəllimi Cəfər də burdaydı. Əlinədki xətkeşlə məni vurmaq istədi. Sonra qəfil havadakı əli tədricən astaca aşağı enməyə başladı.

Hə… bir də Aydan ordaydı. Lap kənarda əyləşmişdi. Pişiyi ayaqlarına sürtünürdü.

***

Yox. Bu aldadıcı ilğımdı. Baş Ordu Qərəgahındaydıq.

Baş Qərərgah komandanı, - canısulu yaşlı, ağsaç birisi, - bizi bütün ordu növlərinin baş generalları ilə bir-bir tanış etdi.

- General mayor Atəş Məmmədov. Quru qoşunları komandanı.

Yumşaq xalça addım səslərini uddu. General əlimizi növbəylə sıxdı.

- Əlahiddə “Yarasa” məxfi dəstə rəhbəri Polad Şeydayev. – bu yerdə Komandan rəsmi protokol qaydaların azca pozdu. – Soyadına bircə hərif artır “Şeytan” olacaq.

Ünvan sahibi də qoşuldu bu zarafata. Üzümüzə azcana gülümsədi. Əlimizi sıxıb iti addımlarla geri, öz oturacağına qayıtdı.

- Raket-arteleriya ordusu general Yusuf Hacinski. Keçin irəli. Əlinizi uzadın. Tanış olun yaxşı-yaxşı.

Generalın pəncəsi düzü, əlimi ağrıtdı. Ufuldadım hətta. Komandan ağrımı zarafatla ovutdu:

- Kəndlərimizdə bu ovsunu hamı bilir: “Ayə, Usub bəri gəl dayna”. – Baş Komandan mövzunu xırdaladı - Biri Josef deyir, digərləri mənim kimi Yusif, başqası İosif, italyan lotuları Cuzeppe, ukraynalılar Osip... bizim tərəkəmələr Usub...

- Düzgün tələffüzü isə heç kim bilmir. – Ordu Kəşfiyyat rəhbəri diqqəti özünə yönəltməyi bacardı.

- İtirmişik bu İlahi tələffüzü. – Havadan Müdafiə Qüvvələri komandanı tənqidi təfəkkürünü sərgilədi.

- Mən isə... bilirəm. – dilimi dinc saxlayammadım. Bircə sərt baxışımla hamını susdurdum.

- Bilirsən? – hamı bir ağızdan eyni sözü təkrarladı. Sonra mat-məəəttəl bir mənə baxdılar, bir də digərlərinə.

Son qısa sual sahibini görmədim. Axıracan naməlum qaldı o mənimçün.

- Bəlkə, bu dövlət... yox, sirri-xudanı bizə açasınız, olarmı? Lütfən... - Dövlət Təhlükəsizlik Xidməti rəhbəri yaranmış sükut buzunu vaxtında qırdı.

Daxilim pıçıldadı: “İndicə bütün baxışlar bir nöqtədə birləşəcək”.

Həəə, sonrakı bütün baxışları divardakı Məkkə mənzərəsi birləşdirdi. Baxışlar orda bir xeyli yubandı. Yavaşca ordan sürüşdü sifətimə.

Top mənim meydançamdaydı. Zərbəmi gözləyirdi. Hərdən adam gərək papağını yox... öz başını kəsib qarşısına qoysun.

Fikirləşsin yaxşı-yaxşı.

Oxşar vəziyyətdəydim. FB meydançasında yox. Baş Ordu Qərərgahındaydım. Məsuliyyətimi dərk edirdim. Cavabdehliyimi də.

Küncdən zərbəm hamını rahatladı. Köksünü ötürənlər də tapıldı.

Cavabım ruscaydı: “Я знаю. Я понимаю, но понимаю субъективно”.

Xeyirxah baxışlara öz dilimdə cavab verdim:

- Düzgünü, vallah, bəlkə, elə bizim tərəkəmələrin ağzıdı USUB.

Hamı bir ucdan gülüşüb axırda Baş Komandana zilləndilər. Çox-çox uzaqlarda uçan təyyarə səsini sezdik bir an.

Hə... milçək vızıltısı, təyyarə vızıltısı... Nə fərqi var belə gərgin məqamlarda?

- Səhər namazdan sonra cəbhə boyu hücuma keçirik. Bütün ordu növləri “Silaha!” əmrini alacaq. İtkilərdən qorxmayın. Düşmən bizi düz yarım saat görməyəcək. Gözəgörünməz övliyalar gəlir köməyimizə. Düşmən bizi görməyəcək.

Baş Qərərgah rəisinin fentezi janrına keçməsi generalları azca əsəbləşdirdi sanki. Başını yırğalayanlar da tapıldı.

- Etiraz edirik. Multfilmələrə deyəsən çox baxırsız.

- Hörümçək adam bəs necə? O da səhər-səhər sıralarımıza qoşulacaq?

Bütün ordu generalları bir ağızdan “gözəgörünməzlik” əfsanəsinə yekdilliklə üç nidalı “Yoxxx” dedilər.

- Demateriallaşın. Bu əmrdi. Düz yarım saat demateriallaşın. Vəssəlam. Səhəri, sübhü tələsdirək.

Qərərgah rəisi iti addımlarla otağı tərk etdi. Qədimləri çox ağırdı. Döşəmə titrədi. Yumşaq xalça səsləri udammadı.

Qaldıq çiyni ulduzlu genarallarla təkbətək. Çapığ yazıq sifəti almışdı.

Dünən də üstəlik, əli nərddə gətirməmişdi. Bunu min tərəfə yozurdu.

Əmr qısaydı: “Şəfəqdə hücum” əməliyyatının icrasına başlayın!

- Saatlarınız yoxlayın. – komandan qapı ağzında qəfil yubandı. Sol biləyini qaldırdı havaya:

- Mənimkində saat üç sıfır-sıfırdı.

Sonra bir kəlmə ilə iclası qapadı.

- Demateriallaşın!

***

Düşmən qərbdəydi. Biz şərqdə. Düşmən gün batandaydı, biz gün doğanda.

Al şəfəqdən bərq vuran ilk günəş şüaları köməyimizə gəldi. Düşmənin gözünü qamaşdırdı. Yarım saat demateriallaşma imkanı qazandıq. Görünməz olduq.

Atəş zərbələrimizlə göyə qalxan toz buludları düşmənin sulanmış, yaşarmış gözlərinə doldu. Qaşındırdı, qanatdı, çaşdırdı gözlərini.

Kor oldu düşmən. Kor.

Eşitmədi heç nə. Kar oldu.

Bir övliyalar gəldi köməyimizə, bir də mənim o güzgüm.

İlk günəş şüalarını güzgümlə oğurladım.

Düşmənin bütün optikası bu şüaları görüb parıldadı. Yerini göstərdi kəşfiyyatımıza. Koordinatları, dalğaları dəqiqləşdirib lazımı ünvanlara ötürdüm.

Təyyarələr qalxdı havaya. Qara əlcəkli əllər düymələrə uzandı.

Arxada mən dayanmışdım. Əlimdə güzgüm. Böyrümdə pişiyim.

Əskərlərdən biri o gün, döyüşdən sonra, fəth etdiyimiz ilk düşmən səngərində silahdaşlarına “Anarın gözmuncuğu”ndan danışdı.

Dedi, anası gözmuncuğunu köynəyinə tikib.

Bəs qələbənin səbəbi budu.

Ancaq hamı bu əsgərin sözlərinə gülürdü.

Hamı.

Hamı.

Sosial şəbəkələrdə o gün kimsə çox mübahisəli bir foto paylaşmışdı: “DANTE VƏ VERGİ-li”.

Müzakirəsi xeyli davam etdi bu fotonun. Tükənmədi. Qələbənin əsl pərdəarxa qəhrəmanı deyilənə görə, oydu - VERGİ-li.

Hə... düz eşitdiz. "Vergiliy" yox, məhz "VERGİ-li."

# 8122 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
# # #