Bir insanı kifayət qədər tanımırsınızsa, onu sevə bilərsiniz... - "Çirkli realizm" ustasından aforizmlər

Bir insanı kifayət qədər tanımırsınızsa, onu sevə bilərsiniz...  - "Çirkli realizm" ustasından aforizmlər
16 avqust 2025
# 12:40

16 avqust alman mənşəli tanınmış ABŞ yazıçısı və şairi Çalrz Bukovskinin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında maraqlı faktları və onun məşhur aforizmlərini təqdim edir.

Əsl adı Henrix Karl Bukowski olan Çarlz Bukovski 16 avqust 1920-ci ildə Almaniyanın Andernax şəhərində doğulub.

Polyak əsilli amerikalı bir ata və alman mənşəli ananın övladı olan Bukovski hələ 2 yaşında olarkən ailəsi ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Bukovski müasir Amerika ədəbiyyatında sərt, birbaşa və bəzən də qəddar həqiqətləri yazma tərzi ilə seçilən yazarlardan biri olub.

Əsərlərində əsasən cəmiyyətin diqqətindən kənarında qalmış insanları, onların gündəlik mübarizələrini, depressiya və alkoqolizmlə dolu həyatlarını qələmə alıb.

Bu tərzin bir səbəbi də onun öz şəxsi həyatında yaşadığı təlatümlü təcrübələr idi. Deyilənə görə, o, yazdıqlarını yaşamadan yazmazdı.

Əsərlərində tez-tez istifadə etdiyi "Henry Chinaski" obrazı da onun alter-egosu hesab olunur.

1929-cu il Böhranı zamanı işsiz qalan atası tərəfindən fiziki zorakılığa məruz qalan Bukovski uşaqlığında qapalı və qəribə davranışları ilə seçilirdi.

Los-Anceles Liseyindən məzun olduqdan sonra sənət və ədəbiyyat dərsləri alsa da, universitet həyatı cəmi bir il davam etdi.

İlk yazılarını müxtəlif jurnallara göndərsə də, uzun müddət heç biri qəbul edilmədi.

24 yaşında ilk hekayəsi "Aftermath of a Lengthy Rejection Slip" dərc olundu. Amma bu uğur onu tam razı salmadı və nəşriyyat dünyasından küsdü – düz 10 il yazını tamamilə buraxdı.

Bu müddətdə o, ABŞ-ı dolaşdı, qısa müddətli, adi işlərdə çalışdı, ucuz pansionlarda yaşadı. Bu illər ərzində yaşadıqlarını daha sonra məşhur "Factotum" romanında təsvir etdi. Ata nifrətini və burjua dəyərlərinə qarşı çıxışını həyat tərzinə çevirdi – o, "heç nə olmaq"la fəxr edirdi.

Barlar, qadınlar, at yarışları və spirtli içkilərlə dolu həyat Bukovskinin gündəlik reallığı idi.

1950-ci illərdə ABŞ Poçt İdarəsində işləyən Bukovski, 1955-ci ildə spirtli içki səbəbiylə komaya düşdü.

Ölümə yaxın bu təcrübədən sonra şeir yazmağa başladı. Qısa müddətdə evlənsə də (Barbara Fry ilə), bu evlilik də uzun sürmədi.

1965-ci ildə Fransis Smit adlı qadından bir qızı dünyaya gəldi.

1969-cu ildə "Black Sparrow Press" adlı nəşriyyatdan aldığı ömürlük maaş təklifi onun həyatında dönüş nöqtəsi oldu.

"Ya məktub ofisində qalaraq dəli olacaqdım, ya da yazmağa başlayıb aclıqdan öləcəkdim. Mən ac qalmağı seçdim" – deyə yazdığı məktubunda bildirmişdi. Elə həmin il "Post ofisi" adlı ilk romanını tamamladı.

Bukovski qadınlarla münasibətlərində kobud, sərt və emosional baxımdan məsafəli idi.

Buna baxmayaraq, onların həyatında qalıcı izlər buraxırdı. Əksər hallarda zəngin qadınların evində yaşasa da, bu "rahat" həyata alışa bilməyib, daim əvvəlki sərbəst yaşamına geri dönürdü.

Onun üçün azadlıq və qeyri-sabitlik rahatlıqdan daha dəyərli idi. At yarışları isə onun üçün bir növ həyat fəlsəfəsinə çevrilmişdi – yazılarında tez-tez bu mövzuya toxunurdu.

1976-cı ildə Linda Lee Beighle ilə tanış olan Bukovski 1985-ci ildə onunla evləndi. Son illərini San Pedro şəhərində keçirdi.

O, yazmaqdan heç zaman vaz keçmədi. Son romanı olan "Pulp"u tamamladıqdan sonra, 9 mart 1994-cü ildə xəstəlik səbəbindən vəfat etdi. Ölüm mərasimi buddist rahiblər tərəfindən idarə olundu.

Çarlz Bukovski 45-dən çox kitab müəllifidir. Onun əsərləri arasında romanlar, hekayələr və şeirlər yer alır.

Ən məşhur əsərləri arasında “Post ofisi”, “Factotum”, “Qadınlar”, “Pulp”, “Bar kəpənəyi”, “Sıravi dəlilik əhvalatları”, “Hollivud” və “Sevimli bir eşq hekayəsi” kimi kitablar var.

O, öz dövrünün yazı qaydalarına və ədəbi estetikaya meydan oxuyaraq, 20-ci əsr Amerika ədəbiyyatında fərqli bir səs, alternativ bir perspektiv yaratdı. Yazı üslubu kobud, sarkazm dolu və birbaşa idi – lakin oxucunun ruhuna toxunmağı bacarırdı.

Çarlz Bukovski – nə qəhrəman, nə də tipik bir yazıçı idi. O, həyatın ən alt qatlarını, ən qaranlıq guşələrini yazıb. Onun hekayəsi "ucuz pansion otaqlarından" başlayıb ədəbi zirvələrə qədər gedən bir anti-qəhrəman hekayəsidir. Hər şeyə qarşı – ailəyə, sistemə, burjuaziyaya və hətta ədəbiyyatın öz qaydalarına belə.

***

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı...

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxanca danışandan da incimə, onu insan yerinə qoyan yenə sənsən.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.

Dünyadakı ən saf insan olduğunu iddia edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar.

Əgər iki nəfər arasında qalırsınızsa, ikincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikincisi olmazdı.

Hər kəs hər kəsi eyni sevə bilməz, dostlarım.. Kimlərsə qürurunun çatdığı qədər sevər, kimlərsə də ömrünün çatdığı qədər.

Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa."

İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmayanda özümü daha yaxşı hiss edirəm.

İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan.

İnsanların, sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən, məsələn.

Mənim də ürəyim boşdu artıq, eynilə sizin beyniniz kimi.

Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim.

Sadə kişi, bütün qadınlara "gözəlsən" deməyi seçər. Bəsit qadın buna inanar, çətin qadın gülər və keçər. Həyat davam edər.

Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa...

Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.

# 177 dəfə oxunub

Oxşar xəbərlər

"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..."  - O,  Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..." - O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

14:48 16 avqust 2025
Obrazlarının fikirləri "həbs qoxuyan"  yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

Obrazlarının fikirləri "həbs qoxuyan" yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

13:50 16 avqust 2025
1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

13:40 16 avqust 2025
Novruz Bayramına görə təqiblərə məruz qaldı... - Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

Novruz Bayramına görə təqiblərə məruz qaldı... - Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

12:40 16 avqust 2025
Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində

Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində

12:20 16 avqust 2025
Keçmişi bu günə daşıyan zehni "zaman maşını" - Mahnılar niyə xatirələrimizi oyadır?

Keçmişi bu günə daşıyan zehni "zaman maşını" - Mahnılar niyə xatirələrimizi oyadır?

12:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər