"Ər və arvad" - Toqay Murodun hekayəsi

"Ər və arvad" - Toqay Murodun hekayəsi
15 avqust 2025
# 12:00

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində özbək yazıçı Toqay Murodun "Ər və arvad" hekayəsini təqdim edir.

Özbək nasir, publisist, tərcüməçi, redaktor Taqay Murad (Taqaymurad Menqnarov, 1948-2003) Surxandərya vilayəti Denay rayonunun Xujasoat kəndində anadan olub, orta məktəbi orada tamamlayıb, Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1972), respublika radiosunda redaktor (1972-1976), qəzet və jurmallarda əməkdaş (1976-1984) işləyib, Moskvada Ali Ədəbiyyat Kurslarında təhsil alıb (1987), sonra mətbuatda çalışıb (1987-2003).

T.Murad bədii yaradıcılığa ötən əsrin 70-ci illərinin əvvəllərində qələmə aldığı hekayələrlə qədəm qoyub, “Ulduzlar əbədi yanır” (1976) povesti ilə diqqəti çəkib. Sonra “At fınxıran axşam” (1979), “Tərlan” (1979), “Ay işığında adamlar” (1980), “Doğma torpağın nəğməsi” (1985) povestləri, “Atamın çölü” (1993), “Bu dünyada hətta ölmək belə olmaz” (2001) romanları ilə özbək nəsrinə yeni nəfəs gətirib. Dünya nəsrinin bir sıra nümulərini özbək dilinə çevirib.

T. Murad yaradıcılıq uğurlarına görə "Aybek" (1981/1985), "A.Qədiri"(1994), mükafatlarına, “Özbəkistanın Xalq yazıçısı” (1999) fəxri adına layiq görülüb.

Yox, Anhorun yanında görüşmədilər. O, görüş vaxtı qıza öz yazdıqları kimi təqdim eləmək üçün başqalarının şeirlərini köçürüb oxumadı. Bir-birilərinə hamıya məlum olan “Ah, mən sizi mox sevirəm, sizsiz yaşaya bilmirəm!” söyləmələrinə ehtiyac yox idi. Qız onunla ayaqlarının ucuna qalxıb öpüşmürdü. Oğlan sevgilisini küçə xuliqanlarından qorumalı olmamışdı...

Uralbay yaxşı şair idi, məhəbbət şeirləri yazır, hər bir misranın üzərində əsir, onları öz balaları kimi böyüdürdü. Tez-tez də ilk məhəbbətini – bir sinifdə oxuduğu Xolbuvini xatırlayırdı... O, zülməti qucaqlayıb sanki qızı gerçəkdə duyurdu. Qəlbi gecə kimi qapqara kədərdən əməlli-başlı sıxılırdı. Yatağından qalxıb işığı yandırdı. İlk kitabını vərəqlədi. Şeirləri ona bir qədər adi gəldi. Ağrıdan sir-sifətini turşudub kitabı çarpayının altına tolazladı...

Hə, şair özünəməxsus, dahiyanə bir şey yaratmalıdı axı. Uralbayın artıq otuz yaşı vardı, amma indiyəcən bu barədə düşünməmişdi. Xirtdəyəcən xırda, ikinci dərəcəli qayğılara batmışdı...

Axır ki, vaxtı çatdığını hiss eləyib, bundan da təəssüflənib evlənmək üçün qız axtarmağa başladı. Adi tikişçi olan Bərçinayı tapdı. Səmimi olmasa da, çox nəzakətlə söhbət elədilər, şəhər bağında gəzdilər. Yarım kilo dondurma yedilər.

Uralbay gələcək arvadının gözlərinin içinə baxdı... və həyəcan-filan duymadı. “Hə, neyləmək olar, həyat belədi, cəhd eləmək lazım gəlir”, - o, beynindən keçirdi, sanki öz-özünü, yaxud fikirlərini təqdir eləyib başını tərpətdi. Bərçinaysa onun şair olduğuna hətta inana da bilmirdi: “Poeziya – zəriflikdi, gözəllikdi. Amma o, görün necə oturub...”

Qıza elə gəlirdi ki, Uralbay onu o qədər də ciddi qəbul eləmir, heç bir elə xoşlanmır da. Yenə də evlənməyə razılıq verdi. Necə olsa da artıq yaşı ötürdü...

Nəhayət, dahiyanə əsər – uşaq da dünyaya gəldi! Onu Uralbaya doğum evinin pəncərəsindən göstərdilər. Gülümsəyə-gülümsəyə oğlunu süzdü: “Bu da misilsiz əsər! Onun “Anna Karenina”sı! Yox, “Xəmsə”si!”

Özünü böyük yazıçı saydı. Sanki nəhəng bir əsərinin son nöqtəsini qoymuşdu.

Uralbay günlərin bir günü, yaradıcılıq vüsəti hiss eləyəndə xeyli işlədi, şeirlər yazdı, gecədən xeyli keçmiş yatdı. Səhəri gün günorta oyandı. Eyvana çıxdı. Gözəl, saf hava olduğundan gəzmək istədi. Yadına düşdü ki, Vasili Şukşinin “Qırmızı başınağacı” filminə baxmayıb.

-Geyin, kinoya gedək, - arvadına dedi.

Bərçinay yeni dəbli köynək-şalvarını geyindi. Uralbay qaşqabağını töküb əlini dizinə çırpdı:

-Bərçinay, mən arvadımı atlas donda görmək istəyirəm.

-Şairlər çox şey istəyirlər.

-Qadın – qadın olaraq qalmalıdı...

-Gedək, gecikirik.

-Mən gedirəm, sənsə getmirsən.

-Hə, istəmirsiniz, onda getmərəm!

-Niyə hirslənirsən axı, istəyirəm ki, gözəl görünəsən!

-Oy, oy, yaman maraqlı adamsınızmış! Təkcə mən belə geyinirəm? İndi mədəni qadınların hamısı bu cür geyinir...

-Deməli, atlaz başqa mədəniyyətdi, mədəniyyətsizlikdi, hə? Axtar, gör buna oxşar bir şey tapa bilərsənmi? Siz naşükürlər oz mədəniyyətinizi dərk eləmirsiniz, əlinizin altında yatan sərvəti görmürsünüz...

-Həmişə beləsiniz. Elə hey eyni şeyi təkrar eləyirsiniz – bütün aləm bizim atlasımızdan vəcdə gəlir, Səmərqənddə olan tarixi zənginlik heç yerdə yoxdu. Mənə boş-boş şeylər söyləməyinizə nə ehtiyac var...

-Bəsdi!

-Tutaq ki, susmadım, neyləyəcəksiniz?

Uralbay hirslə yerindən sıçradı, çaşqın halda dayanmış Bərçinaya şillə çəkdi. Qadın divana yıxıldı, əlləriylə üzünü örtüb ağlamağa başladı. Uralbay onu kədərlə süzüb iş otağına getdi. Stula çöküb gözlərini yumdu, saçlarını qarışdırmağa başladı.

Qadına ilk dəfəydi ki, əl qaldırırdı...

Bərçinay uzun-uzadı ağladı, sakitləşə bilmədi. Yuxudan oyanan oğlu da ağladı. Qadının hövsələsi daraldı. Qalxıb güzgüdə özünə baxdı, diksindi, narazı halda dodaqlarını büzdü, yenidən hönkürdü.

Sonra oğlunu götürüb sinəsinə basdı. Uşaq sakitləşib balaca ağzını açdı. Bərçinayın qəlbi isindi. Artıq ağrı hiss eləmirdi. Oğlunun başını sığallaya-sığallaya əmizdirdi, alnından öpüb dilləndi:

-Oğlum, sevgisiz yaşamağın mümkün olmadığını bilir, duyurdum. Elə bu cür də oldu.

Bərçinay pəncərədən səmaya baxa-baxa fikrə getdi. Oğluna layla çaldı, sonra yatağına uzandı. Ərinin yastığını düzəldə-düzəldə beynindən keçirirdi: “Tək yata bilməyəcək, yanıma gələcək, sakitləşdirmək üçün nəvaziş göstərəcək...” O, uzun müddət çevrikdi, nəhayət, yuxuya getdi.

Səhər qüssəylə qapıya nəzər saldı: “Hətta otaqdan belə çıxmadı, bircə kəlmə də demədi... Eh, elə kəndçi kimi də qalıb... Yatmazdan əvvəl oğlunu da öpmədi. İndiyəcən məndən belə bezdiyini hiss eləməmişəm”.

Qapının zəngi çalındı. Bərçinay həvəssiz halda açdı. Kandarda iki yad kişi, bir də Uralbayın əmisi dayanmışdı. Qışlaqdan gəlmişdilər.
Bərçinay zorla gülümsünüb qonaqları içəri dəvət elədi. Uralbay otağından çıxıb qonaqlarla görüşdü. Oturdular.

-Sabah qurultaydı, ona görə gəlmişik. Sizi görmək istədik... – Əmisi dilləndi.

-Çox yaxşı, çox yaxşı, - Uralbay birtəhər gülümsündü.

-Hə-ə, işlər necə gedir şair? Şeir planını doldurursan, ya yox? Biz pambıq planına yüz əlli faiz əməl elədik. Hə, indi haqqımızda yazın, tərifləyin də...

Uralbayın əmisi tarla işləri barədə xeyli danışdı, qəfildən də Bərçinayın sifətindəki göyümtül ləkəni sezdi. O, artıq süfrə açırdı.

-Ay gəlin, sifətinə nə olub?

Uralbayın ürəyi düşdü. Başını aşağı salıb oturmuşdu, nəfəsini udub üstündə it şəkli olan konfet kağızını oynadırdı. Bərçinay əsəbi halda əliylə ləkəni ötrüb gülümsündü:

-İndi yeni evlərdə döşəməyə linoleum vururlar. İslananda yaman sürüşkən olur. Dünən döşəməni yuyanda qəfildən sürüşüb yıxıldım...

-Vay, vay, ehtiyatlı olun, iş bitib-tükənmir ki...

Berçinay diksindi, nəfəsi tutuldu, başını aşağı salıb qızardı. Qalxıb qonaqları bir daha süfrəyə dəvət elədi.

-Yaxın oturun, yemək yeyin. Uralbay əkə, onlara çay süzün...

Uralbay ancaq bundan sonra özünə gəldi. Çay süzə-süzə qonaqlara təklif elədi:

-Yeməyə buyurun.

Qonaqlar ordan-burdan, işdən-gücdən, eşidib-eşitmədiklərindən danışmağa başladılar. Bərçinay süfrəyə xörək gətirdi, bir şüşə bolqar konyakı və şampan şərabı qoydu.

-Qonaqlara içki süzün, Uralbay əkə.

Uralbay qədəhlərə konyak süzdü. Əmisi başının işarəsiylə onu göstərib Bərçinaydan soruşdu:

-Hə, ay gəlin, şairlə necə keçinirsiniz?

-Hər şey yaxşıdı, çox yaxşıdı.

-Bir pis hərəkətini görsəniz, bizə çadırın, onunla danışarıq.

-Yox, nə danışırsınız? Hər şey qaydasındadı. Anam onu daim tərifləyir...

Uralbay baxışlarını yayındırdı. Qonaqları gözləmədən qədəhini götürüb içdi, xiyar turşusu götürdü.

Qonaqlar xeyli oturdular, Uralbayı və arvadını qışlağa qonaq dəvət elədilər. Uralbay onları yola salandan sonra yenə otağına çəkildi. Üzü üstə qatlama çarpayının üstünə yıxıldı. Əllərini başının altına qoyub baş vermiş hadisəni götür-qoy eləməyə başladı.

Sifətində təbəssüm peyda oldu. Çarpayıdan qalxıb duyduğu ləzzətdən əllərini ovuşdura-ovuşdura, tütündən saralmış dişlərini ağarda-ağarda uzun müddət pəncərədən bayıra baxdı. Sonra qəfildən dönüb qonaq otağına getdi.

Bərçinay yataq otağının qapısı ağzında qaşqabaqlı halda, dodaqlarını büzüb dayanmışdı, arabacıqdakı oğlunun adyalını düzəldirdi. Uralbay onun əlindən yapışdı:

-Yaxşı, fikir vermə, adam hirslənəndə bəzən düşünüb-daşınmadan danışır...

Bərçinay ərinin üzünə baxmırdı, əli əsəbi tərzdə əsirdi.

-Bərçinay, özün bilirsən ki, şairlər həmişə çox əsəbi olurlar...

Berçinay dinmədi, əliylə qapını göstərdi. Bu məqamda Uralbay onun əllərindən bərk-bərk yapışdı, üzünü özünə tərəf çevirdi, qucaqlayıb qaraşın yanağından öpdü...

Berçinay ərinə sığındı... Ağladı. Onun isti göz Yaşları Uralbayın boynuna töküldü...

Gecə üzbəüz oturub uzun müddət bir-birini süzdülər. Uralbay məclisdən sonra qalmış bir qədəh konyakı son damcısınacan içdi. Arvadına uzun-uzadı baxdı. Berçinay gözlərini yayındırdı. Amma baxışları bir anlığa qarşılaşanda artıq nəzərlərini bir-birindən çəkə bilmədilər.

Uralbay qəlbində arvadına qarşı zərif, həlim hiss dalğalarının yarandığını duyurdu.

Bu hisslər ilk məhəbbətinə - sinif yoldaşı olan o qıza baxanda duyduğu hisslərə yaman oxşayırdı...

# 191 dəfə oxunub

Oxşar xəbərlər

"Sünnətsiz" - Hikmət Orhunun hekayəsi

"Sünnətsiz" - Hikmət Orhunun hekayəsi

12:00 13 avqust 2025
Yazıçı - Faruk Mustafa Paşanın hekayəsi

Yazıçı - Faruk Mustafa Paşanın hekayəsi

12:10 9 avqust 2025
Qatilə didaktika dərsləri -  Rafiq Tağının hekayəsi

Qatilə didaktika dərsləri - Rafiq Tağının hekayəsi

14:30 5 avqust 2025
İki söz - İzabel Alyendenin hekayəsi

İki söz - İzabel Alyendenin hekayəsi

11:21 2 avqust 2025
Bir qoca ilə bir qarı vardı – Fazil İskəndərin hekayəsi

Bir qoca ilə bir qarı vardı – Fazil İskəndərin hekayəsi

10:20 31 iyul 2025
Professor və məşuqəsi - Alpay Azərin hekayəsi

Professor və məşuqəsi - Alpay Azərin hekayəsi

17:00 23 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər