“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır
15 mart 2026
# 16:15

Kulis.az Nadir Yalçının "Sözün və dövrün qismətinə düşən" yazısını təqdim edir.


Olmayan qəvvasi-bəhri-mərifət arif degil,

Kim, sədəf tərkibi-təndir, löli-şəhvar-söz.

(Məhəmməd Füzuli)

Azərbaycan ədəbiyyat tarixinin ərəbcə yazan, adı və istəkli misraları qızıl lövhələrə həkk edilən qədim söz ustalarından tutmuş qədim, orta və yeni dövrün ədiblərinə, bu yandan üzü Sovet ədəbiyyatı və müstəqillik dövrünə qədər şəkildən şəkilə düşən söz, fikir ifadəsi və məzmun məsələləri ilə bərabər, müxtəlif istiqamətlərdə formalaşan ziyalı, ədib obrazı, duruşu, xarakter və kimliyi var. Bəzən cəmiyyətlə müəllif arasında uzun körpülər yaradan səbəblərdən biri də bu günün formalaşdırdığı ədib obrazını inkar, ötən dövrlərin ziyalı libas və təfəkkürünü axtarmaq cəhdidir.

Bunun təbii, yaxud qeyri-təbii olduğunu müəyyənləşdirməyə vaxt sərf etmək əbəs olduğundan, artıq təbii və süni zəkaların müharibədə olduğu dövrdə sadəcə özünü və sözünü aydan arı, sudan duru saxlamaq öhdəliyindən başqa çıxış yolu qalmır.

Şübhəsiz, bu gün yaşı qədimdən hesablansa da, əslində, indi vətəndaşı olduğumuz Azərbaycanın çox cavan, hələ konturları, koordinatları, istiqamət və amalı indi-indi dəqiq formalaşan gənc ədəbiyyatının postziyalı obrazı ilə identifikasiya edilən, özünü və sözünü qorumağı bacaran barmaqhesabı yazı-pozu adamlarından biri şair, tərcüməçi, esseist, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmovdur.

Bu mürəkkəb girişdən yorulmamaq üçün qısa ricət yerinə düşər. Dünən bir dostla nərd oynayanda adəti üzrə zərinin biri yerə düşdü. Təəssüf, bu onunla oyun zamanı tez-tez təsadüf edilir. Bu dəfə zərin hara düşdüyünü gec müəyyənləşdirdiyindən telefona gələn ismarışları gözdən keçirməyə vaxt tapdım və təqvim martın 14-ü olduğunu bir daha xatırlatdı, elə bu an sabahısı – martın 15-i Qismət Rüstəmovun 40 yaşı tamam olacağı yadıma düşdü.

Dost zərin digər tayını tapan kimi ovcunun içində silkələyib yenidən atdı: şeş qoşa. Həmin vaxtsız gələn şeş qoşa oyunun taleyinin mənim leyhimə həlli üçün kifayət etdi. Dostum şeş qoşa əvəzinə du və bir, yaxud sə və du atsaydı, tamam başqa cür ola bilərdi. Ən azı, məğlubiyyəti yubana bilərdi.

Bəzən parıltılı və əzəmətli görünən şeş qoşa belə uğursuzluğa düçar edə bilir. Gərək, qismətin gətirə, texniki oyun bacarıqlarınla yanaşı, zər də sözünə baxa. Qismət Rüstəmov Azərbaycan ədəbiyyatının qisməti gətirən tərəfində qərar tutmağı birdən-birə, göydəndüşmə yox, böyük zəhmətlə qazanıb.

Müəllif üçün istedadla bərabər, zəhmət də, şans da vacibdir. Amma istedadlı adam zəhmət çəkəndə və şansı gətirəndə qazanan təkcə özü olmur, bu qənaət çox mikroskopikdir. Bütöv Azərbaycan ədəbiyyatı qazanır. Məsələyə geniş bucaqdan baxanda dəyərləri ayırd etmək olur.

Qayıdaq bu günün ziyalı obrazına. Necə olmalıdır? Mütləq hökm vermək üçün hələ tezdir. Amma bir yaxşı, layiqli, adamın üzünü ağ edən nümunə varsa, onun üzərində təşəkkül tapmaq olar. Daha çox gənclərin prizmasından yanaşsaq, nələrin şahidi olmaq mümkündür?

1. Çox geniş və sistemli mütaliə. Qismət Rüstəmovun söhbətlərini dinlədikcə agah olan məqamların birincisi, oxuduğu əsəri, onun müəllifini, müəllifin yaşadığı dövrü və müasirlərini, əsərin yazılma prosesindəki bəzi maraqlı məqamları sistemli oxuyub nəzərdən keçirməyidir.

2. Qənaətləri. Təbii ki, geniş mütaliə nisbi məsələdir. Amma minimum, minimumdan yuxarı və maksimuma yaxın tələblər var. Qismət Rüstəmovun hansı səviyyədə bu tələblərə cavab verdiyi qəanətlərindən məlum olur. Onun janrlar, üslublar, istiqamətlər, mövzu və ideyalar, ədəbi məktəb və cərəyanlar barədə artıq birxətli yox, müxtəlifcəhətli qənaətləri formalaşıb. Tədqiqatçı pozisiyasından irəli gələrək yersiz mütləq hökmlərdən qaçır, bütün bəhs etdikləri barədə paralellər aparır, müqayisəli-tarixi, yaxud sadəcə müqayisəli ədəbiyyatşünaslıq fəndlərindən istifadə edir. Ən maraqlısı odur ki, istinad gətirdiyi ədiblərin fikirləri, müxtəlif sitatlarla yanaşı, Qismət Rüstəmovun şəxsi qənaətləri, ədəbi görüşləri formalaşıb.

3. Öyrədici niyyət. Qismət Rüstəmovdan sonra gələn ədəbi nəslin bir çoxunun kitabxanasında nəşrlərin ilk səhifəsində “Qismətin kitabxanasından” sözləri yazılıb... Orta məktəbdə oxuyanda kitabın əvvəlində və 17-ci səhifədə şifrələri əks etdirən möhür görürdük. Hansı kitabın 17-ci səhifəsində möhür olmurdusa, özümüz qələmlə qeyd edirdik. Sinifdən sinfə keçib yeni kitablarla tanış olan kimi 1-ci və 17-ci səhifəyə baxırdıq...

Qismət Rüstəmovun öz kitabxanasından bağışladığı nəşrlər mənə həmin ilkin məlumatları alıb həyatı tanımaqda kömək edən məktəb dərsliklərini xatırladır və bu mənada təkcə tövsiyə etdiyi, bağışladığı kitablarla ona rahatlıqla “müəllim” deyə xitab etmək mümkün olur. Həm esseləri, həm videolayihələrdə çıxışları, həm də canlı söhbətlərdə danışdıqlarının əksəriyyəti “mən bilirəm” nidasını çatdırmaq üçün yox, “sən öyrən” niyyətinə söykənir.

4. Özünə uyğun tərcümə. Qismət Rüstəmovun, xüsusən xarici ədəbiyyatdan tərcümə etdiyi şeirlərin hansı dərəcədə orijinalı ilə səsləşməsi barədə nəsə deyə bilmərəm. Amma Azərbaycan dilində oxuduğumuz versiyadan onun poetik tərənnüm arealının zəngin leksik fondu ilə necə ustaca həmahəngləşməsinə şahidlik edirik.

Bob Dilanın “Şiddətli leysan tökəcək” şeirini tərcüməsini nümunə gətirmək olar. Kifayət qədər geniş lövhələr var. Riyazi dəqiqliklə hiss və düşüncəni tarazlaşdırır. Onun şair kimi öz yaradıcılığında da belə gedişlər var və çox maraqlıdır ki, Qismət Rüstəmovun tərcümə etdiyi şeirlərin böyük əksəriyyəti öz mövzu, üslub və tərzinə yaxın nümunələrdir.

... Və nəhayət şair Qismət... Şair Qismət barədə danışanda bundan əvvəl sadaladığım dörd məqam barədə söhbəti yubatmaq da olar. Onu auditoriya belə qəbul edib. Ədəbi mühit də, oxucu da tanıdığı Qisməti şair kimi, misra-misra, söz-söz ürəyinə isindirib.

... Hərəniz bir siqaret yandırın: sən və dəniz,

Sən burnundan burax tüstünü,

dəniz uzaqdakı gəmilərin borularından,

işığında şeir yazmaqdan bir-iki ulduz al gecədən...

İnsan və onun ətrafındakı bütün var olan, var olmayan, konkret və mücərrəd, əlyetməz, xəyalyetməz, yaxud lap burnunun dibindəki şeylərlə insan arasında bütün sərhədləri, xətləri itirmək Qismətin, bu misralar kimi, çox şeirində mövcuddur. Qismətin poetikası insan və digər şeylər arasında dialoq üzərində bərqərar olub.

... Kədər satan gecəyə müştərisənsə əgər...

yaxud

... Küləklər daha əsmir, sənə köks ötürürsə...

Səni kədər satan gecənin müştərisi, küləyisə sənə köks ötürən kimi şifrələyib bütün sərhədləri yoxa çıxardır...

Özünə məhkum olduqca,

özün cavablar verdikcə öz suallarına

çəpərlərin böyüyər, hasarların ucalar,

adamlar o tayda qalar,

sən eynəklərinin arxasında.

İlk şeirlərindəndir... Burda isə mətndəki sərhədləri itirməzdən əvvəl özünün müəllif, subyekt, lirik qəhrəman olaraq sərhədlərini izah edir, pasportundakı təyinatı və olduğu yeri yazır. Eynəklərin arxasında olan məni ilə mətndəki məni arasındakı məsafələri tənzimləməyə çalışır, bəzən yaxınlaşdırır, bəzən uzaqlaşdırır...

... Əllərimdə darıxır əllərinin boş yeri...

Hər bu misra yadıma düşəndə Vaqif Bayatlı Odərin

... Sən bağlayan pəncərənin

Bir dön geri bax yeri var...

misraları yadıma düşür.

Azərbaycan şeirinin inkişaf tarixinə dair maraqlı bir nümunədir. 80-lərin tərk edilməyi ilə 2000-lərin tərk edilməyi arasındakı şeir dili ilə ifadə fərqinə nəzər yetirin. Bu mənada, Qisməti günümüzün poetik mənalandırmasını, şəkilləndirməsini, izahını tapan müəllif kimi təqdir etmək mümkündür.

... Poeziyası barədə daha ətraflı başqa vaxt...

Qismət Rüstəmov ələk kimi üzümüzə tutub harasa gedə biləcəyimiz ədibdir. Sanballıdır, alicənabdır və təfəkkürlüdür.

Bu günü elə bu gün yaşasaydıq,

onda zaman axsaq addımlarla

yanımızdan ötüb keçməzdi...

Özü də yazıb bunu. Qisməti günümüzün ədibi və ziyalısı kimi qiymətləndirməkdən qorxmayın, bu, yalnız fayda verər və verir də. On il, iyirmi il, otuz il sonra ayılmaq lazım deyil. Bu gün, bu gün...

Arifdir, Füzulinin təbirincə desək, mərifət bəhrində qəvvas olduğundan bilirəm. Qırx yaşı tamamlayıb. Nuhun tufanı qırx gün davam edir, Musa Tur dağında qırx gün qalır, İsa qırx gün səhrada oruc tutur, Məhəmmədə peyğəmbərlik qırx yaşında verilir...

“Oğuznamə”də, Altay miflərində, “Manas”da, “Koroğlu”da, “Qaraqalpa”da... yer-göy doludur bu qırx rəqəminin fəziləti barədə deyilənlərlə. Bir onu bilirəm, qırx dəfə, qırx gün-qırx gecə izah etməkdən yorulmaram: Qismət sözün və dövrün qismətinə düşən müəllifdir.

# 144 dəfə oxunub

Oxşar xəbərlər

"İlin bu vaxtları ilham pərisi yaradıcı insanları dingildədir..." - Niyə onu üzüntü hissiylə qarşılayıram?

"İlin bu vaxtları ilham pərisi yaradıcı insanları dingildədir..." - Niyə onu üzüntü hissiylə qarşılayıram?

17:00 15 mart 2026
Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

15:00 15 mart 2026
Orxan Fikrətoğlunun 60 illiyi qeyd olunacaq

Orxan Fikrətoğlunun 60 illiyi qeyd olunacaq

13:35 15 mart 2026
Yazar Elnaz Eyvazlının anası vəfat etdi

Yazar Elnaz Eyvazlının anası vəfat etdi

10:54 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər