Ağ kəlağayı - Vəli İlyasov

Vəli İlyasov

Vəli İlyasov

12 dekabr 2021
# 17:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vəli İlyasovun “Ağ kəlağayı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


(Sənədli hekayə)

...Günəşin axırıncı zərrin şəfəqləri yer üzündən çəkilirdi. Təndir istisi kimi sifəti qarsalayan hava ayazıyır, hərdən sərin meh əsirdi.Tərtərbasar qız-gəlinləri çiyinlərində səhəng qıjıltı ilə axıb gedən Tərtər çayından su doldurub evə qayıdırdılar.

Kimsə uzaqda zil səslə şikəstə oxuyurdu. Bu səs sevənləri odsuz-ocaqsız yandırır, ürəkləri göynədirdi. Qız-gəlinlər göz-qaşla Sonaya işarə edərək ”Aaaz, ay canı yanmış, nə gözəl oxuyur!”-deyə atmaca atırdılar. Sona addımlarını yavaşıdıb geri qaldı. İndicə eşitdiyi səs onu çoxdan ovsunlamış, qızın kövrək qəlbini öz sahibinə bağlamışdı. O, səsin sehri altında addımlarını lap yavaşıtdı. Elə bu dəm sevgilisi ona yaxınlaşdı.

- Axşamın xeyir, Sonası, necəsən, ay qız? - dedi.

- Aqibətin xeyir, İsa, yaxşıyam, neçə gündü hardasan, görünmürsən? - deyə qız soruşdu.

- Başım biçinə qarışıb, taxıl əldən gedir, ruzini yağışa, küləyə vermək olmaz, gərəkdir ki, tez biçib yığışdıraq-belə cavab verdi İsa, ancaq qızın tutqun çöhrəsi, pərişan halı diqqətini cəlb etdi. Soruşdu:

- Mən burda olmayanda bir hadisə baş verməyib ki?

Qız kədərlə dilləndi:

- O gün Ovlaxdakı şah qulluqçusu kəndimizdən keçəndə rastıma çıxdı, məndən su istədi. Mən də səhəngi yerə qoyub ona su verdim. Amma hiss etdim ki, su içə-içə mənə baxır. İki gündən sonra darğa Məmməd atama deyib ki, kişi, şahın qulluqçusu Kirman ağanın gözü qızına düşüb, toya hazırlaş. Atam da cavab verib ki, a bəy, çulucırıq Səfər hara, Kirman ağa hara? Tərtərbasar hara, Xorasan hara? Darğa atamın sözünü kəsib, üstünə qışqırıb deyib ki, Kirman ağa kimi böyük mənsəbli, cah-cəlallı bir kişi səni adam yerinə qoyub qızını özünə halalca arvad eləmək istəyir, sən də başlamısan ki, Tərtərbasar belə gəldi , Xorasan elə getdi. Ağlını başına cəm elə, toya tədarük gör, xoşluqla verməzsən qızı zorla aparar, sən də yanını qaşıya-qaşıya qalarsan.

O gün atam evə qanıqara gəldi. Bir küncə çəkilib pıçhapıçla xeyli danışdılar, anam qapqara qaralmışdı, məni bayıra aparıb Kirman ağanın məni istədiyini bildirdi.

- Ana, görürsənmi bu gözüqızmış ağanı, bizi saya alıb qapımıza elçi göndərmir. Yaşlı adamdır, yəqin arvad-uşağı da var. Məni beşgünlük kefinə qurban eləmək istəyir. Xorasana kimimiz var gəlsin, ora getsəm ölənəcən məni görməyəcəksiniz, Ana, daha gizlətmirəm, mən İsanı sevirəm, o da məni, əhd-peyman bağlamışıq. Anam bir söz demədi, amma razı olduğu hiss olunurdu.

Anam da, mən də sükut içində idik. Birdən ağlıma gələn fikri dilimə gətirdim:- Ana, atamı razı sal, qoy İsanın elçiləri bizə gəlsin, Kirman ağa eşitsə ki, nişanlanmışam, onda məndən əl çəkər,-dedim. Anam sevincək razılaşdı.

Bu sözlərdən sonra İsanın bulud kimi qaralan sifəti açıldı, qızın əllərini dodaqlarına sıxdı.

- Mənim ağıllı Sonam, biz bir-birimizin olacağıq-dedi pıçıltıyla.

- İnşallah, Allah ağzından eşitsin, İsa-deyib Sona başını ehmalca sevgilisinin sinəsinə söykədi.

***

Cümə günü uğurlu hesab olunduğundan Nəbi kişi arvadı Zeynəblə Səfər kişigilə elçi düşdü.

Söhbət rəvan getdi, əvvəl olub-keçənlərdən danışdılar, sonra Nəbi kişi mətləb üstünə gəldi. Səfər kişi də, arvadı Minayə də razılıqlarını bildirdilər. Məsləhətə gəldilər ki, toy payızda, çöl işləri qurtarandan, ruzi-bərəkət yığılandan sonra olsun. Qudalar şirinlik şərbətini içib şad-xürrəm ayrıldılar.

...Yay keçdi, çöl işləri qurtardı, İsa və Sonagildə toy tədarükünə başlandı. İsa sevgilisini görmək üçün hər axşam dilsov axan Tərtər çayının sahilinə tələsər, məlahətli, yanıqlı səsi ilə bayatı, gəraylı, şikəstə oxuyar, sevgilisini görüşə səsləyərdi:

Əzizinəm, ay keçdi,
Gün dolandı, Ay keçdi,
Söz vermişdin görüçək,
Gəlmədin, bir ay keçdi.

Sevgilisinin harayına dözə bilməyən Sona cəld səhəngini çiyninə aşırıb bulağa gələr, sal daşın üstündə əyləşib gələcək talelərindən şirin-şirin söhbət edərdilər.

Bu axşam İsanın əhvalı çox yaxşı idi. Sabah toy üçün xüşgəbər, nəmər şirnisi almaq üçün Bərdəyə getməli idi. Ayrılıq məqamı çatanda İsa soruşdu:

- Əzizim, bazardan sənə nə alım?

- Əgər pulun çatsa, mənə ağ kələğayı alarsan, təzə gəlinlərə yaman yaraşır- dei və yanaqları allandı.

Sübh tezdən İsa heybəsini belinə bağlayıb bəzəkli xurcununu çininə aşırdı, Tərtərin sahilinə tələsdi, sevincindən əl-ayağı yerə dəymirdi. Çayın dayaz yerindən keçib Bərdə yoluna düzəldi. “Sirli su”ya çatanda həm bir qədər dincəlmək, həm də sərinləmək üçün çayın qırağına endi, üzünə, boynuna sərin su vurub göy çəməndə əyləşdi.

Gözlərini çayın lap ortasında şölələnib yanan alova zillədi. – Dünyanın nə qəribə işləri var, suyun axarında od yanır-deyə fikrindən keçirdi. Toyumuzdan sonra Sonanı da gətirəcəyəm, qoy o da sirli suyu görsün-deyə ürəyində düşündü.

...At ayaqlarının tappıltısı onu şirin xəyaldan ayırdı. İyirmi-otuz addımlıqdan yaraqlı-yasaqlı dörd atlı keçirdi. Baxan kimi tanıdı. Qabaqdakı atlı qırx-qırx beş sinnində nataraz görkəmli Kirman ağa idi.Yəhərin üstündə özünü özünü çəkib elə oturmuşdu ki, deyəsən oxlov udmuşdu.

Atlılar İsanın yanından saymazyana ötüb keçdilər, heç elə bil kasıb rəiyyət oğlunu görmürdülər.

- Bu zalımlar görəsən indi kimin evini yıxmağa, hansı yazığa zülm etməyə gedirlər,-deyə düşündü. İsa atlılar gözdən itənə qədər qədər onların arxasınca baxdı və dönüb yoluna davam elədi.

...Bərdə bazarı həmişəki kimi gur idi. Çərçilər, alverçilər, dəllallar, tacirlər dil boğaza qoymur, müştəri çağırır, mallarını canı-dildən tərifləyirdilər. Bazar bahalıq, İsanın cibində pul az idi. Bu səbəbdən də gənc çalışırdı ki, alacağı şeylərin qiymətini aşağı saldırıb kələğayı da ala bilsin. Xüşgəbəri, nəmər şirnisini çox çənə-boğaz vurandan donra ucuz ala bildi, indi kələğayı almağa da pulu qalmışdı. Gözləri ilə kələğayı axtarırdı ki, birdən onca addımlığında qatırın üstündə çoxlu kələğayı gördü. Adamları yara-yara tez özünü ora yetirdi. Çalper tacir əvvəl qiyməti qaldırdı, sonra İsanın qayıdıb getmək istədiyini görüb arxadan onu səslədi. İsa kələğayının pulunu verib onu köynəyinin altında, ürəyinin başında gizlətdi və sevincək bazardan çıxdı.

***

İsa Tərtərbasara çatanda solan Günəş qüruba gedirdi. Nəbi kişinin alçaq, ufacıq daxmasının həyəti və bütün məhəllə lal sükut içərisində idi. İsa üzündə təəccüb ifadəsi yarıqaranlıq daxmalarına girdi. Atası köhnə həsiri üstündə oturmuşdu, kişi dizlərini qucaqlayıb büzüşərək yumağa dönmüşdü. Saktcə başını qaldırdı, iki damcı yaş gözlərindən sıçrayıb saqqalı aşağı yuvarlandı. Bayaqdan için-için ağlayan Zeynəb tablamayıb hönkürdü:

- El içində xar olduq oğul, bizi ayaqladılar, Kirman ağa Sonanı qaçırdı.

Axırıncı dörd kəlmə İsanın beynində ildırımtək guruldadı, nitqi batdı, boğazı qurudu. Yerində donub sifətində təəccüb, təəssüf, qəzəb qarışıq heykələ döndü. Handan-hana özünə gəlib həyətə çıxdı. Ancaq atasının məhzun səslə onu çağırdığını eşidib ayaq saxladı. Geri qayıdıb qapının astanasında başını aşağı salıb durdu. Nəbi kişi yana-yana dedi:

- Oğlum, mən qocalmışam, dizimdə taqət, qolumda qüvvət qalmayıb, sən də təksən, güclü qohum-əqrəbamız yox, atımız yox, tüfəngimiz yox, xəncərimiz-qılıncımız yox, getmə, gedərsən səni öldürərlər, çırağımız sönər, evimiz yıxılar.

- Yox, ata, mərd-mərdanə ölərəm, amma bu binamusluğu götürmərəm, gedirəm, ya ölərəm, ya da gəlinini gətirərəm,-deyə İsa cavab verdi. Nəbi kişi dedi:

- Şər qarışıb, gecəgözü getməyin heç bir faydası olmaz. Sübh tezdən bir-iki ağsaqqal da götürüb gedərəm Ovlağa, yalvararam, minnət edərəm, diz çökərəm o qudurğan ağanın qabağında, Allah bəndəsi olsa insafa gələr.

***

...İsa yorğanı başına çəksə də əzabdan qovrulur, heysiyyətinin tapdalanmasına dözə bilmirdi...Sevgilisini zorla əlindən almışdılar, sinəsindən ürəyini qoparmışdılar, qəlbini param-parça doğramışdılar, ona zülm eləmişdilər. Payız gecəsi İsaya qərinə qədər uzun gəlirdi. Gecə qurtarmaq bilmirdi ki, bilmirdi...

Dan yeri ağarar-ağarmaz İsa geyinib çarıqlarının qaytanını bərkitdi, quzu dərisindən tikilmiş papağını baçına qoyub evdən dışarı çıxdı. Ətrafa boylandı, dinşədi, hələ yatan kəndə şirin layla çalan Tərtərə baxdı. Birdən gördüyünün qarabasma olduğunu zənn edərək, gözlərini ovcalayıb geniş açdı, yenə baxdı, yox, qarabasma deyildi, səhv də eləməmişdi, doğrudan da böyük bir atlı dəstəsi kəndə girməkdə idi. Atların kişnərtisi eşidilirdi. Bir su içimi qədər vaxt keçməmiş yaraqlı-yasaqlı atlılar göründü. Birinci süvari yəhərdə ağayana oturmuşdu, çiynində tüfəng, belində qılınc, qurşağında bəzəkli gümüş xəncər vardı. O, Qarabağda öz ağlı, ədaləti, tədbirliliyi, səxavəti və igidliyi ilə tanınmış Pənahəli xan Cavanşir idi.

Pənahəli xanın böyük qardaşı Nadir Şahın sarayında eşikağası olmuşdu. Günlərin birində Nadir Şah çuğulların yalanlarına inanaraq xain əli ilə Fəzləli bəyin başını kəsdirmişdi. Sonra Qarabağa çapar yollayaraq Pənahəli xana başsağlığı vermiş, qardaşının yerini tutmaq üçün yazılı fərman göndərmişdi. Pənahəli bəy yaraşıqlı görkəmi, ağlı-kamalı, bacarığı ilə Şahın hörmətini qazanmışdı. Ancaq yan-yörədəki əyanların gözləri bunu götürmürdü. Onlar məqam düşdükcə Şahın damarına zəhər yeridərək Pənahəli xanın qardaşının qanını almaq üçün ona qəsd hazırladığına şübhəli eyhamlar vururdular. Axır ki, onlar Şahın ürəyində şübhə toxumlarını cücərtməyə nail oldular. Həmişə Pənahəli xana yer göstərən, onu başqa əyanlardan üstün tutan Şah indi onu soyuq dindirir, bəzən eyham və rişxəndlə danışırdı. Pənahəli xan cavan olsa da Şahın soyuq münasibətinin arxasında ona təhlükə durduğunu bilirdi. Artıq Nadir Şahı inandırmışdılar ki, eşikağası qardaşı Fəzləli bəyin intiqamını almağa fürsət axtarır. Belə şəraitdə bir gün Şah əsabələri ilə səfərə çıxdı. Bundan istifadə edən Pənahəli xan gecənin birində yeddi nəfər sədaqətli dostu başda naxçıvanlı Qara Murtuza bəylə saraydan qaçmışdı. O, ata-baba yurdu Ağdama gəlmişdi. Hər yerdə camaatın haqqını, ədaləti müdafiə etdiyinə görə tezliklə dəstəsi böyüdü, sayı iki yüzdən keçdi. O, kəndbəkənd, oba-oba gəzərək birlik yaradırdı. Məqsədi Qarabağı güclü xanlıq etmək idi. İndi bu məqsədlə gəlib Tərtərbasara çıxmışdı.

Camaat evlərdən çıxıb onu görmək üçün başına toplaşırdı . Köməksizlərin köməyi, pənahsızların pənahı Pənahəli xanı tanıyan İsa irəli yeriyib atın üzəngisindən yapışdı.

- Qurbanın olum xan, ölmüşəm, məni yerdən götür, nişanlımı zorla əlimdən alıblar, onu mənə sən qaytara bilərsən, ölənə qədər qapında sədaqətli qulun olaram,-dedi.

Pənahəli xan işdən hali olandan sonra üzünü yanındakılardan birinə tutub əmr elədi:

- Özünlə iyirmi nəfər götür, get Ovlağa, hər necə olsa qızı al, gətir!

Sonra xan ucadan özü-özünə danışırmış kimi dedi:

- Payimal olasınız, xalqı çapıb-taladıqları bəs deyil, namusuna da əl yetirirlər.

Silahlı süvarilər atları yançidar eləyib çəmənliyə buraxmışdılar, özləri isə göy çəməndə yanpörtü uzanıb dincəlir, Sonanı gətirməyə gedən yoldaşlarının yolunu gözləyirdilər. Hamıdan çox darıxan İsa idi, gözünü yoldan çəkmirdi.

Kənd camaatı qaçaqlara səhər yeməyi, yola götürməyə çörək, pendir, göy-göyərti gətirirdilər. Günəş bir boy qalxmışdı. Gözü yolda qalan İsa tezliklə sevgilisinə qovuşacağına ümid bəsləyirdi.

Ovlağa gedən atlılar günortadan xeyli keçmiş qayıtdılar... Onlar xəbər gətirmişdilər ki, çox axtardıqdan sonra öyrəniblər ki, dünən axşam Kirman ağa qızı da götürüb Araz sahilinə aparıb, arxasınca getməyin mənası olmaz, çünki daha çatmaq mümkün deyil. Xəbərdən dəhşətə gələn İsanın ürəyinin sapı qırıldı sanki, deməli, Sona Kirman ağanın arvadı olacaq! Bunu ağlına gətirəndə İsa sarsıldı, acizlikdən, haqsızlıqdan doğan hiss onu əzdi.

Hamı sükut içərisində susmuşdu. Pənahəli xan dərin fikrə getmiş, qaşları çatılmışdı. İsa lal baxışlarını yerə zilləmişdi, ürəyində ədalətsiz dünyaya nifrin yağdırırdı, məhəbbəti qarşısında xəcil qalmışdı. Sanki qeybdən qulağına Sonanın fəryadı gəlirdi:-Hardasan İsa, özünü yetir, məni bu canavarın pəncəsindən xilas et. Sonsuz qəzəb seli İsanın boş qalmış ürəyinə doldu, qəlbindən Xorasana getmək, düşmənindən intiqam almaq istəyi keçdi. Ancaq dərhal düşündü ki, bu, axırsız işdir.

Pənahəli xanın gur səsi İsanı ağır düşüncələrdən ayırdı:

- Cavan oğlan, çox təəssüflənirəm ki, sənə kömək eləyə bilmədim, indi mənim əlim Xorasana çatmır, ancaq vaxt gələr çatar-deyib süvarilərinə atlanmağı əmr etdi. İsa cəld irəli yeriyib atın yüyənindən yapışıb iltimas elədi ki, onu da ğz dəstəsinə götürsün. Düşündü ki, daha bu kənddə yaşaya bilməz, burda hara yön çevirsə Sonanın xəyalı onu izləyəcək, səbri-qərarı kəsiləcək. Xiffət əlif qəddini əyəcək, günü ah-zarla keçəcək, tay-tuşlarının üzünə heç vaxt şax baxa bilməyəcək.

***

Pənahəli xanın zülmkarlarla mübarizə dəstəsində bir nəfər də artdı. Dəstə Şahbulaq meşəsinə çəkildi.

Aradan illər keçdi. Yerli zülmkar bəylərə və xanlara qarşı, Şah qoşuunları ilə müharibələrdə İsa şir kimi vuruşur, dinc vaxtlarda isə yanıqlı şikəstələri ilə ürəklərə od salırdı. Neçə ildir ürəyinin başında gizlədib saxladığı ağ kələğayını gecələr çıxarıb dodaqlarına sıxır, sevgilisinin xəyalı ilə danışırdı. Neçə ildi bircə yuxu görürdü...Xorasana gedib Sonanı tapır, atının tərkinə alıb Tərtərbasara gətirir. El yığlır, mağar qurulur, toy başlayır, aşıq bəyi tərifləyir, sağdış-soldış bəyi toy mağarından çıxarıb gəlin otağına ötürürlər, yengələr gülə-gülə pıçıldaşır, gəlinin ətrafında ora-bura vurnuxur, qulağına nəsə deyirlər, İsa bəzəkli gərdəyin arxasına keçir. Ancaq gərdək boşdur, gəlin otağında kimsə yoxdur...İsa hövlnak yuxudan oyanır səhəri dirigözlü açır, ürəyini neştər kimi deşən ayrılıq həsrəti şikəstəyə, bayatıya çevrilib dağlara, dərələrə, düzlərə, meşələrə car olurdu.

Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

Ürəyi daş olanlar belə bu bayatını eşidəndə mum təki yumşalır, nakam məhəbbətə acıyırdılar.

Çuğullar Şaha xəbər aparmışdılar ki, Pənahəli xanın qoşununda İsa adlı bir nəfər var, onun sirli-sehrli səsi qoşunu coşdurur, qüvvələrini birə-beş artırır. Qəzəblənən Şah İsanı nə yolla olsa tapıb al qanına boyamağı əmr etdi.

...İsti yaz günlərindən birində Şahın qoşunu ilə Pənahəli xanın qoşunu qarşılaşdı. Qüvvələrin bərabər olmadığını görən Pənahəli xan dağlara çəkilməyi əmr elədi. Qoşun dağın ətəklərindən xeyli uzaqlaşdı, Şah qoşunu möhkəm yerdə səngərlənmiş üsyançı qoşunla döyüşməkdən çəkinərək təqibi dayandırdı.

Pənahəli xanın döyüşçüləri atlardan tökülüşüb su axtardılar. Özləri də su içməyi, atlarını sulamağı və bi qədər də dincəlməyi lazım bildilər.

Ancaq bu yerdə axar su yox idi. Su axtaran İsa təpənin döşündə parıldayan su damcılarını görüb aşağı əyildi, xəncərini qınından çıxarıb təpənin döşünü eşdi, zəif sızan suyun axarını açdı, bir ağac qırığı tapıb eninə böldü, içini oyub novça düzəltdi, sonra onu suyun axarına qoydu. Su novdan şırıltıyla axdı, süvarilər əyilib doyunca su içdilər, atları da sulayıb qurtarandan sonra çəmənliyə yayılıb kimi əyləşdi, kimisi uzandı.

Pənahəli xan özü də sərin sudan sirab olandan sonra ucadan dedi:

- İgidlərim, bu çeşməyə ad qoyuram, İsa bulağı!

Yerbəyerdən hamı bu fikrə qüvvət vedi və sonra İsadan bir ağız oxumağı iltimas elədilər. Xanın sözlərindən fərəhlənən İsa bir az aralıdakı iri qayanın başına çıxıb yerini rahatladı, sonra üzünü mavi səmanın ənginliklərinə tutub zil səslə oxumağa başladı:

Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax,
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax,
Uy mən ölləm, bəri bax!

Qaçaqlar arasından qarışıq səslər ucaldı:

- Var ol, əyə, gözünə dönüm!

- Ay zalım, ağzını açanda ürəkləri viran qoyursan!

- Namərd oğlu belə gəncin qismətini əlindən alıb çöllərə düşməyinə bais oldu.

İsanın səsi isə doğrudan da yandırıb yaxırdı.

Səni mənə versələr,
Ay bəri bax, bəri bax,
Hər görənə xoş gələr,
Ay bəri bax, bəri bax,
Uy mən ölləm, bəri bax.

Qəflətən hardansa güllə açıldı, İsanın səsi qırıldı, bağrının başı od tutub yandı, sinəsini xışmalayıb yıxıldı.

Pənahəli xanın göy gurultusunu andıran səsi eşidildi:

- Tez olun uşaqlar, İsaya qıyan kimdirsə başını gətirin!

Döyüşçülər yaralı İsanı əlləri üstə ehmalca aşağı endirdilər. İsa gözlərini dolandırıb dostlarının üzünə baxdı və getdikcə öləziyən səslə dedi:

- Mən ölürəm, heyif ki, arzularım gözümdə, qisasım qiyamətə qaldı. Sonra o, əlini ehmalca köynəyinin altına apardı, nitqi batdı, gözləri süzüldü. Bu an güllə səsi eşidildi, İsa gözlərini açdı. Pənahəli xan onu onu ürəkləndirmək üçün-sən hələ çox yaşayacaqsan İsa, qatilini də cəzasına çatdırdılar-dedi. Kimsə xainin tüfəngini və yosma papağını İsanın gözləri önündə yerə tulladı. İsanın dodağı xəfifcə qaçdı, son vəsiyyətini elədi:

- Bunu yazıq, dərdli anama verərsiniz-güclə deyərək qoynundan al-qana bulanmış ağ kələğayını çıxartdı-deyərsiniz ki...- Sözünün ardını gətirə bilmədi, başı yana düşdü, həsrət və məhəbbətlə dolu ürəyi döyünməkdən qaldı. Pənahəli xan İsanın sinəsi üstündə hələ də əlində sıxdığı ağ kələğayını götürdü.

- Pərvərdigara, bu qarabəxtin günahı nə idi ki, buna belə sitəm elədin. - deyə sonsuz göylərə üsyan etdi.

Dağın başını qara buludlar aldı, az keçmiş bəyaz yaz yağışı başladı.

- Allahın nuru pak elədi, bu bədbəxtin qəbrini qazın, - deyərək xan yaşla silələnmiş gözlərini sildi.

Qəbir qazıldı, cəmi bir saat əvvəl şirin avazla oxuyan, nakam məhəbbətini həsrətlə dolu ürəyində yaşadan İsanın cansız cəsədini ora qoyub dəfn elədilər, vüsal həsrəti ilə illərdi sızıldayan bir aşiqi arzuları ilə bərabər qara torpağa tapşırdılar...

Yağış ara verdi. Döyüşçülər İsanın tapıb qazdığı bulaqda əl-üzlərini yudular.

- Allah sənə rəhmət eləsin, İsa bulaqı səni min illərlə yaşadacaq, nakam sevgini gözündən su içən bütün təşnələrə pıçıltı ilə nağıl edəcək, bu dağın isə bağrı qandır-astaca dilləndi Pənahəli xan.

O vaxtdan zümzümə ilə axan İsa bulağı nakam bir gəncin uğursuz taleyindən ellərə əfsanələr danışır.

1737-ci ildən ellərə acı məhəbbət dastanı söyləyən İsa bulağı indi də bayatı çəkir:

Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

# 3451 dəfə oxunub

Oxşar xəbərlər

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
# # #