Yanlış peşə - Əyyub Türkayın hekayəsi

Yanlış peşə - Əyyub Türkayın hekayəsi
11 yanvar 2024
# 17:20

Kulis.az Əyyub Türkayın "Yanlış peşə" hekayəsini təqdim edir.

Atam ayaqqabı ustası idi. Onun ayaqqabı təmiri zamanı istifadə etdiyi bıçağı tez-tez götürüb ağacların qabığını cızıb oraya yazılar yazırdım. Bəzən öz adımı, bəzən də dostlarımın, yaxud yaxınlarımın adlarını yazırdım. Bunu etməklə elə başa düşürdüm ki, görənlər çox razı qalıb mənə təşəkkür edəcəklər. Çünki onların adları ağaclar var olduqca daim budaqlarda görünəcəkdi.

Bir gün yenə həmin bıçağı götürüb bağımızda atamın uzun illər öncə əkdiyi dəmirağacın yoğun budağına dırmaşdım. Bu dəfə mən çox sevdiyim atamın adını səliqə ilə cızıb ağaca yazmağa başladım. Söhbət atamdan getdiyi üçün digərlərindən daha gözəl yazmağa çalışırdım. Həqiqətən də iş bitdikdən sonra gördüm ki, atamın adı hamısının adından daha qəşəng görünür. Sevincək budaqdan yerə hoppandım, bıçağı yerinə qoyduqdan sonra atamın yanına getdim. Əlindən tutub onun üçün maraqlı sürpriz hazırladığımı dedim. Atam da bu sözümə ən azı mənim qədər sevincək oldu. Gülümsəyərək mənimlə birlikdə dəmirağacın yanına gəldi. Budaqda öz adını görəndə atamın üzündəki gülüş bir anda yox oldu. Qaşlarını çatıb əlini budaqda yazılmış adına sürtərək mənə dedi:

-Oğul balam, cızma üsulu ilə sənət əsərləri yaratmaq çox maraqlı işdir. Bu işlər adətən daş, taxta və ya müxtəlif metallardan hazırlanmış əşyaların üzərində edilir. Bu sənətə nəqqaş, oyma sənəti də deyilir. Əgər bu sənət növünə marağın çoxdursa, bu sənəti dərindən öyrənmək istəyirsənsə, dərsdən sonra boş vaxtlarında səni sənətkar yanına apara bilərəm. Lakin həyətimizdə olan yaşıl ağacların budaqlarını cızıb yaralamaq heç də doğru iş deyil. Ağacların qabıqları onlar üçün geyim rolunu oynayır. Bitkini xarici təsirlərdən qoruyur. Eynən bizim əynimizdə olan geyimlər kimi. Geyimlərimiz bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Ağacların qabığını cızıb yaraladığın üçün onlar yayda Günəşin yandırıcı istisindən, qışda isə güclü şaxta səbəbindən məhv ola bilər. Atamın sakitcə səhvimi başa salması məni nə qədər utandırdısa, təbiətə vurduğum ziyana görə də bir o qədər utandım. Yaraladığım ağac budağının həmin hissəsinə atamın göstərişi ilə yaş torpaq qoyub bağladım. Bir daha ağaclara ziyan vurmayacağıma dair atama söz verdim.

# 1409 dəfə oxunub

Oxşar xəbərlər

İnsanların sağlamlığı ilə oynayan əczaçılar - Günel Natiq

İnsanların sağlamlığı ilə oynayan əczaçılar - Günel Natiq

18:51 17 iyun 2025
Keçmiş nazir:  "Miri Yusif və Röyaya qulaq asıram" - Müsahibə

Keçmiş nazir: "Miri Yusif və Röyaya qulaq asıram" - Müsahibə

14:43 17 iyun 2025
Məşhur serialın çəkiliş meydançasında xaos

Məşhur serialın çəkiliş meydançasında xaos

14:31 17 iyun 2025
Barış Mançonun bacısı vəfat etdi

Barış Mançonun bacısı vəfat etdi

13:33 17 iyun 2025
Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

12:41 17 iyun 2025
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

12:13 17 iyun 2025
#
#
# # #