Xalça Muzeyində “Xəzinənin yeni inciləri” sərgisi

Xalça Muzeyində “Xəzinənin yeni inciləri” sərgisi
17 noyabr 2017
# 10:16

Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 110 illiyi çərçivəsində təşkil edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: "Xalça bizim mədəniyyətimizin ayrılmaz hissəsidir. Azərbaycan Xalça Muzeyinə ən müasir şəraitə malik və memarlıq abidəsinə çevrilən bina inşa olunub. Bu gün Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin inciləri sırasında qorunur. Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq. Bu gün elmi tədqiqatlar, xalçaçılığa aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir. Bu il ölkəmizdə uğurla V Beynəlxalq Xalça Simpoziumu keçirildi. İndi Azərbaycan xalçaçılıq məktəbinin əsas məqsədi əsrlərdir inkişaf edən bu sənət növünü daha da inkişaf etdirməkdir. Dövlət başçımızın diqqəti sayəsində bu sahəyə xüsusi qayğı göstərilir”.

Nazir daha sonra prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş muzeyin bir qrup əməkdaşına diplom və medalları təqdim edib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək son zamanlar rəhbəri olduğu qurumun gördüyü işlərdən, həyata keçirilən layihələrdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açıb.

Muzeydə yer alan tarixi eksponatlardan danışan Şirin Məlikova son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu deyib.

O qeyd edib ki, sərgidə bu siyahıdan olan yeddi dəyərli eksponat təqdim olunur. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik “Şamaxı” xalçası da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatlar siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilib.

Şirin Məlikova daha sonra birinci vitse-prezident Mehriban Əliyevaya muzeyin kollektivi adından minnətdarlıq məktubunu oxuyub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, muzeyin keçmiş direktoru Röya Tağıyeva və başqaları çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətində xalça sənətinin önəmli yerindən danışıblar.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən xaricdə auksionlardan əldə olunmuş XVIII əsrə aid Azərbaycan xalçası muzeyə hədiyyə olunub.

# 2746 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası feyk xəbərdir - Açıqlama

Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası feyk xəbərdir - Açıqlama

18:39 21 sentyabr 2025
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli dəfn edilib

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli dəfn edilib

18:00 21 sentyabr 2025
Dünyanın ən böyük kolleksiyalarına malik  Metropoliten İncəsənət Muzeyi

Dünyanın ən böyük kolleksiyalarına malik Metropoliten İncəsənət Muzeyi

15:00 21 sentyabr 2025
"Başımda məğlub eşqim yol gedirəm..." - Qadınlığın müstəsna halı

"Başımda məğlub eşqim yol gedirəm..." - Qadınlığın müstəsna halı

12:00 21 sentyabr 2025
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna hökm oxundu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna hökm oxundu

16:43 20 sentyabr 2025
Sanki hamilə qadınlar ürəyimdə zəfəran arıtlayırlar... -  Qulamrza Borusanın şeirləri

Sanki hamilə qadınlar ürəyimdə zəfəran arıtlayırlar... - Qulamrza Borusanın şeirləri

15:00 20 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər