Süfrəm ərzaqların edam kürsüsü... – Yeni Şeirlər

Süfrəm ərzaqların edam kürsüsü... – Yeni Şeirlər
7 avqust 2019
# 16:03

Kulis.az Amil Amalın şeirlərini təqdim edir.

Uşaq vaxtı yıxılanda

deyərdilər bir az da böyüdün,

bir az da yekəldin,

ağlama.

İndi böyümüşəm.

Yıxılanda deyirlər ki,

yekə adamsan

uşaq kimi ağlama.

***

Axşamlar gün batanda

Boynunu bükər günəbaxanlar.

Nə qədər nur saçsa da ay

Başını qaldırıb baxmaz.

***

Nə bizim eradan əvvəl

nə bizim eradan sonra.

Bizim üçün həyatda

yalnız iki dövr olub.

Bizim sevgidən əvvəl,

bizim sevgidən sonra.

***

Süfrəm

ərzaqların edam kürsüsü.

Başı əzik soğan, dişlək kolbasa.

Yiyəsiz küt bıçaq,

hər tərəf nar ləkəsi.

Külqabım

başı öz kötüyündə vurulan

siqaret kötükləri.

Boşqabım

rəssam palitrası kimi

sarı xardal və

qırmızı ketçup qarışığı.

Fırçam

quru çörək loxması.

Mədəm

yağlı yeməklə çəkilmiş

kətan dərimin altındakı

iki ayaqlı

arıq malbert taxtası.

***

Ali təhsilli işsizlər kimi

ali sevgili qadınsızdım.

İxtisasca sevgini bitirsəm də

öz sevgim üzrə sevmirdim.

Əmək kitabçası kimi

sevgi kitabçama düşən

yeganə qız o idi.

O qız ki, ürəyində alıcı,

qürurunda satıcı,

ayaqlarında başmaqçı,

əllərində falçı,

ayaqqabılarında pinəçi,

gözlərində gözətçi,

başında baş məsləhətçi,

dodaqlarında dilənçi,

kürəyində mühafizəçi,

dərdlərində əczaçı,

arzularında inşaatçı,

keçmişində tədqiqatçı,

hisslərində tərcüməçi,

geyimində tənqidçi,

ciblərində iqtisadçı,

ümidlərində işıqçı,

xəyallarında şərhçi,

qulağında xəbərçi,

dilində dilçiydim.

O isə deyirdi

yalançısan, yalançı.

Burax bu gic şeirləri,

get özünə bir iş tap.

Elə sanırdı zarafatdı,

ona ciddi şeir yazan

bu şair, bu yazıçı.

***

Barmağı olmayan adam

barmaqsız əllərinə baxıb

düşünürdü.

Bura yer kürəsi idi.

Burda hər şey barmaqla idarə olunurdu.

Çünki hamı bir-birini burda

beşbarmağı kimi tanıyırdı.

Məsələn, burda adamlar

barmaqla sayılıb təriflənir,

barmaqla göstərilib pislənirdi.

Barmaqların dişləyib heyfislənir

ya da barmaqların silkələyib

bir-birini hədələyirdilər.

Çox qəribə idi burda adamlar.

Burda adamlar

barmaqlarının qanından analiz,

barmaqlarının izindən iz

qoyardılar.

Burda adamlar barmaqlarına dolayıb

bir-birini ya sarıyarlar

ya da barmaqlarını bir-birinə dolayıb

sevişərdilər.

Barmaqsız adamlar da vardı burda.

Ancaq onların da barmağı vardı bu işlərdə.

Nə isə ki, çox qəribə idi

burdakı adamlar,

burdakı adamların barmaqları.​

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər