Qadın yazıçılarımız haqda nə dedilər? SORĞU

Qadın yazıçılarımız haqda nə dedilər? SORĞU
8 mart 2015
# 11:00

Kulis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kişi yazıçılardan xanım yazıçılarla bağlı rəy öyrənib. Rəyləri təqdim edirik.

Qan Turalı Afaq Məsud haqqında

Afaq Məsud mənim nəzərimdə Azərbaycan modernist ədəbiyyatının ən parlaq simasıdır. Afaq xanımın yazdıqları hələ Sovet illərindən öz orijinal məzmunu, güclü bədii vüsəti və estetikası ilə seçilirdi. Afaq Məsud heç bir zaman elan etməsə də ən antisovet yazıçıydı. Onun əsl ədəbiyyatdan ibarət olan yaradıcılığı müstəqilliyin ilk illərində zirvəyə çatdı. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı və tənqidinin hələ illərlə çata bilməyəcəyi səviyyədə mürəkkəbdir. Afaq Məsud mənim üçün Azərbaycan ədəbiyyatıdır. Nə qədər ki, bu dünyada insan var, onun ağrıları, dərdləri var, Afaq Məsudun nəsri də o qədər aktual qalacaqdır.

Təbiklər, Afaq xanım!!!

Şərif Ağayar Nərmin Kamal haqqında

“Yazıçı Nərmin Kamal yeni dövr Azərbaycan ədəbiyyatının ən ciddi imzalarından biridir. Qocaman tənqidçilər demiş, onu lap uşaqlıdan tanıyıram... Bu arıq, sısqa, eynəyi özündən böyük qızcığaz sanki uçub gəlirdi ədəbiyyat tədbirlərinə. Tədbirdən sonra da qəfil yoxa çıxırdı. Səsində elə bir həlimlik vardı ki, adamın ruhuna sirayət edirdi. Amma həm də ötkəm, özünə güvənən idi bu səs. Oxuduğu “Qəribə şeirlər”i tənqid etməyə qıymırdı adamlar. Di gəl, təqdir də edə bilmirdilər. Çünki, o qədər də başa düşmürdülər. Bircə mən və dostum Rövşən Naziroğlu inanırdıq ona, əmin idik ki, tanıdığımız məşhur, qeyri-məşhur şairələrin hamısından daha istedadlıdır.

...Sonra çaylar axdı, tufanlar qopdu, AYB getdi, AYO gəldi və s. və s.

Nərmin Kamal mətbuatda çıxan ən kiçik yazılarından tutmuş “Aç mənəm” romanınacan əsl ədəbiyyata doğru qətiyyətlə addımladı, təfəkkürü, sözün həqiqi mənasında, sərhəd tanımayan xanımların birincisi oldu.

Nərminin “Umderto Eko və postmodernizm fəlsəfəsi” kitabı Azərbaycan ədəbiyyatı üçün əsl töhfədir. Eləcə də bir çox şeirləri və mükəmməl strukturu ilə seçilən “Aç mənəm” romanı. Esseləri isə, mübahisəsiz-filansız, birər-birər hadisələrdir.

Mən modern Azərbaycan qadını deyəndə gözüm önündə ilk canlanan Nərmindir. Bəlkə bu tanışlığımızın tarixi ardıcıllığı ilə bağlıdır ki, daha sonra Aliyəni, Sevinc Elsevəri, Aygün Aslanlını, Sevda Sultanovanı və digər xanım dostlarımı bu siyahıya əlavə eləmişəm. İndi hamı azadlıqdan danışır. Xüsusən, xanımlar. Virtual sərbəstliyin verdiyi imkanlarla qəhrəman görünmək asanlaşıb. Məsələn, istənilən qadın öz intim həyatından iki-üç etiraf etsə, istedadının miqyasına baxmayaraq maraqla qarşılanacaq. Çünki bu istiqamət bizdə boşdur. O qədər boş ki, ən balacasının da qaraltısı görünür. Ancaq bu dünyada bir dərk olunmuş azadlıq da var ki, Nərmin Kamalın şəxsində insana inam və ümid bəxş edir. Azadlığın zahiri nəsnələrdən daha artıq intellekt hadisəsi olduğunun canlı isbatı Nərmin Kamaldır. Geyimindən tutmuş düşüncəsinə, danışığına, yazısına, hətta susmasına qədər nümunə göstərmək istərdim.

Yazdıqlarımı tərif kimi qəbul edənlər səhvə yol verirlər. Mən adamları tərifləməyi sevmirəm, ancaq gerçəkliyin tərif kimi çıxmasından da qorxmuram.

Nərmin Kamalın və adını yuxarıda çəkdiyim-çəkmədiyim xanımların varlığı sənət cameəsi üçün bir nəfəslikdir.

Qadına kitabdan daha gözəl yaraşan HEÇ NƏ görmədim. Qadın kitabların təbliğ etdiyi yüksək dəyərlərlə yaşayanda isə əsl mələyə çevrilir.

Bu, böyük ucalıqdır.

Əskik olmayasınız!”

Fərid Hüseyn Elnarə Akimova haqqında

Elnarə Akimova qəribə deyim, ifadə tərzi, poetik və elmi yanaşması olan tənqidçidir. Bu mənada elə bilirəm Yaşar Qarayevdən daha çox dərəcədə onun danışmağa haqqı var, çünki o məktəbin layiqli davamçısıdır. Çox istəyərdim ki, o tez elmi işini müdafiə edib başından eləsin, ta içinin tapşırıqlarını yerinə yetirsin. Bu günlərdə Fərhad Mete barədə “Ədəbiyyat” qəzetində əl boyda dəyərli yazısını oxudum, bir daha ona olan hörmət, rəğbət və heç şübhəsiz ilk tanıdığım gündən öz balansını saxlayan ciddi münasibətimin bir az da “üstünü düzəltdim”.

Əsas odur ki, Elnarə xanımın yazılarının təyinatı əksərən düz olur. Müəllifdən yox, imkan daxilində mətndən yazanlara aiddir. İçindəki səmimiliyi qoruyub: sevmədən yazdığı yazılar da, sevə-sevə qələmə aldıqları da aşkar bilinir. Onu 8 mart qadınlar günü münasibəti ilə təbrik edirəm, arzum budur ki, zəhləsi gedən işlərlə məşğul olmasın, zəhlətökən adamlarla tale onu çiyindaş eləməsin. Xeyirli, cana cəfa olmayan ömür arzulayıram ona.

Mirmehdi Ağaoğlu Sevinc Elsevər haqqında

Azərbaycan qadınının problemlərini, onun həyatını ən yaxşı şəkildə ədəbiyyata gətirə biləcək qələm adamlarındandır. Elə ilk romanı “Şəhər”də faktların bolluğu Sevincin bu həyatı nə qədər dərindən tanıdığının, bizim bilmədiyimiz, əyalətdə qalmış, sosiallaşmamış Azərbaycan qadının dərdlərini nə qədər dərindən bələd olmasının göstəricisidir. Ümumiyyətlə Sevinc həyatında gördüklərini, ətrafında baş verənləri anında analiz edib hekayə və romanı vasitəsilə ədəbiyyat nəsnəsinə çevirməyi bacarır. Uşaqları üçün nağıl axtarışına çıxanda da müasir ədəbiyyatımızda bu boşluğu görüb təkrar qələmə üz tutdu. Bu dəfə “Donu qırmızı” adlı uşaq nağılları üzə çıxdı.

Üç gül balasını böyütməyi, əyalətdə yaşamağı, Bakının ədəbi mühitindən uzaq düşməyi Sevinc Elsevər heç vaxt özünə dərd etməyib. Həmişə məqalə, şeir, hekayələri, açıqlamaları ilə ədəbi mühitin içində olmağı, oxucunun diqqətində qalmağı bacarıb. Heç nəyi özünə dərd etməyib. Hər bir şəraitdə cəsarətlə yazıb. Bir dəfə mənə demişdi: “Səhər uşaqlar yuxudan durmamışdan qabaq oyanıb bir az yazıram. Sonra uşaqları dərsə aparıram. Evə gəlib onları dərsdən gətirən qədər qalan vaxtda yenə yazıram. Sonra uşaqlar gəlir... Ev işləri...”

Bu baxımdan Sevinc həmişə mənə “Tom dayının daxması” əsərinin müəllifi Harriyet Biçer-Stounu xatırladır. Sevinclə eyni məişət oxşarlığını yaşayan Biçer-Stou bununla belə Amerika qaradərililərinin problemlərini qabarda bildi. Sevinc Elsevərdən Azərbaycanın “zənci” qadınlarının problemlərindən bəhs edən “Tom dayının daxması” gözləyirik.

Səlim Babullaoğlu Rəbiqə Nazimqızı haqqında

Həmkarlarımızın və yaradıcı adamların sırasında deyirəm, mətnini, işini sevmədiyim adamlarla dostluq eləyə bilmirəm, yoldaşlıq eləmək olar. Və bu ola bilsin ki, mənim zəif yerimdir. Əgər dostamsa demək onun mətnini sevirəm. Mətn isə-yalnız kağız üzərində soldan sağa yazılan hərf-söz topası deyil, mətn- ilk növbədə zövq və vicdan deməkdir. Rəbiqə Nazimqızı mənim dostumdur. Bu isə o deməkdir ki, mən onun mətnlərini, şeirlərini və epistolyar üslubda olan esse və yazılarını sevirəm. Rəbiqə istedadlı və peşəkar tərcüməçidir. Rəbiqə-dostluğa olduqca sədaqətlidir, onunla, necə deyərlər, kəşfiyyata getmək olar. Və Rəbiqə zərif həmkarlarımızın arasında yeganə şeir həsr elədiyim adamdır.

Odur ki, 8 mart günü ona Allahın hər verən günü ona nə arzulamışamsa eyni şeyləri yenə də arzulamaq istəyirəm. Qoy canı sağ olsun! Qoy üzü gülsün! Aynuru xoşbəxt görsün! Çoxlu gözəl şeirlər yazsın! Böyük qonorarlar alsın! Və ən başlıcası həmişə olsun!

Qismət Könül Həsənqulu haqqında

Nənəmizin sandığından, valideynlərimizin köhnə kağız-kuğuzunun arasından tapdığımız sovetdənqalma dama-dama dəftərlərin içində rastımıza çıxan unudulmuş sarıvərəq məktubların tonunda başlamaq istəyirəm: Əzizim Könül! Sizə arzum budur ki, yazdığınız şeirləri oxuyub anlayanların sayı fotolarınızı “like” edənlərin sayına düz mütənasib olsun. Lakin Parisin qarasınca olmazın sözünü danışan Troyalı ağsaqqalların Yelenanı görəndən sonrakı vəziyyətini xatırlayanda, “like”-çıları da qınamaq olmur. Şeirlərinizi sevə-sevə oxuyuram. Bu şeirlər bizim poeziyada çatışmayan urbanistik tonu, zərifliyi, estetizmi ilə mənim üçün çox dəyərlidir. Bizim mühitdə artıq sənət klişesinə çevrilən, stereotipləşən bir məsələ var ki, o məsələnin aynasında çox qəribə şeylər əks olunur: kişisi cüvəllağı dişisi kurtizanka olmağa meylli, provinsial dünya görüşünü özündən atmaq istədikcə, bumeranq kimi qayıdıb üzünə çırpılan fitrətin qaçılmazlığını səs-küylə örtmək-basdır etmək istəyənlər... Könül xanım, sizin obrazınız mənim yadıma nədənsə həmişə “Ameli” filminin baş qəhrəmanını – Amelini salır. Onun utancaqlığı, çəkingənliyi, sadədilliyi, ürəyi təmizliyi mənim nəzərimdə həmişə sizin obrazınızla iç-içə keçir. Bəlkə də Amelidə olub sizdə olmayan, təkcə macərapərəstlik, gözlənilməzliklərə açıqlıqdır. Pişiklər respublikasında şokolad festivalı ümidilə, bayramınız mübarək!

# 1151 dəfə oxunub

Oxşar xəbərlər

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

18:40 15 may 2024
Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

18:00 15 may 2024
Anar:  "Deputatlığa namizədliklə bağlı təklif gəlsə..."

Anar: "Deputatlığa namizədliklə bağlı təklif gəlsə..."

17:30 15 may 2024
"Qarabağın incisi - Şuşa"  kitab-albomu boşnak dilində

"Qarabağın incisi - Şuşa" kitab-albomu boşnak dilində

17:00 15 may 2024
Teylor-Coydan "Mad Max" etirafı:  Asan olacağını düşündüyüm hər şey çətin idi

Teylor-Coydan "Mad Max" etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi

16:30 15 may 2024
Qardaşının həyat yoldaşı ilə yazışan şair

Qardaşının həyat yoldaşı ilə yazışan şair

16:00 15 may 2024
# # #