Buddist rahibin arvadıyla yatan azərbaycanlı

Buddist rahibin arvadıyla yatan azərbaycanlı
8 yanvar 2015
# 11:48

Kulis.az gənc yazar Xan Abdullanın “Prado”sunu satan rahib” hekayəsini təqdim edir.

Yemək yemə tərzi olduqca iyrənc idi. Xiyarı bütöv ağzına dürtür, üstündən bir qurtum şirin çay içib, daha sonra qızardılmış kartofu ağzına təpirdi. Bu səbəbdən qarnı az qala dizinə dəyir, döşləri qoca qarının döşləri kimi sallanır, buxağı boğazını görünməz edirdi. Bununla belə ona çirkin də demək düzgün olmazdı. Bütün kök insanlara xas olan şirinlikdən Şəmsəddin də öz payını ala bilmişdi. Nazik bığları da bu şirinliyə şirinlik qatırdı. İncə səsi, gözəl dişləri, məsum gülüşü də bu şirinliyi pik həddə çatdırırdı. Bu məsum görünüş iyrənc əməllərini həyata keçirmək üçün Şəmsəddinə Tanrının hədiyyəsindən başqa bir şey deyildi.

Yeməkdən başını qaldırıb ətrafı nəzərdən keçirdiyi zaman gözü oğlunun əlindəki kitaba sataşanda sanki ilan gördü, diksindi, loğması az qaldı boğazında qalsın.

- Ə, bu nə kitabdı oxuyursan?

- “Ferrarisini satmış rahib” kitabıdı, dədə.

- Sənə yüz dəfə demişəm ki, belə səy-səy şeylər oxuma. Oxumaqdan kimə xeyir gəlib? Ver görüm bura.

Kitabı oğlundan alıb evdən çıxdı. “Prado”suna mindi. Şəmsəddinin ağırlığından maşın sola əyilib, təzədən düzəldi. Ofisinə getdi. Şəhərin mərkəzində ofisi var idi. “Prado”nu da, şəhərdəki üç, rayondakı iki evi də bu ofisdən qazanmışdı. Həmçinin bir marketi və çörək sexi, qəssab dükanı var idi. İşinin adı dəllal (makler) olsa da onun bu ofisdə nə iş gördüyündən şeytanın özü də baş aça bilməzdi. Şeytana başmağını tərs geydirərdi Şəmsəddin. Şeytana fırıldaqçılıqdan dərs keçər, dərslərdən geri qaldığı üçün məzəmmət belə edə bilərdi. Kimisə aldatmaq onun üçün şərəf, pul atmaq baş ucalığı, soymaq şücaət, dolandırmaq mərdlik idi. Sənə elə kələk gələrdi ki, ayaqların göydə qalardı. Sən hələ də Şəmsəddinin ovu olmadığın üçün, bilirsənmi, necə şanslısan? Bunu da unutma ki, sıra sənə də gələ bilər, ehtiyatlı olmalısan. Əgər ehtiyatı əldən versən və bir gün Şəmsəddinlə qarşılaşsan, onunla salamlaşsan görəcəksən ki, barmaqlarından biri yoxdur. Şəmsəddin işinin maestrosudu, karifeyidi, ustadıdı. Şəmsəddin canlı əfsanədi. O, işini dərinliklərinə qədər bilən, peşəkar adamdı. Şəmsəddinin günü ofisdə keçir. Səhərdən axşama qədər telefonu susmur, sonra ora get, bura qayıt, bunu ona çatdır, onu buna çatdır, bundan al ona ver, ondan al buna ver, ondan yüz, bundan min, o birindən 10 min... Düzdü, arada kompüter arxasında sosial şəbəkələrdə fırlanmaqdan, çay gətirməkdən, dalını burcutmaqdan başqa əlindən heç nə gəlməyən iri döşlü, saxta təbəssümlü sarışın katibəsi ilə stress atdığı da olur. Ancaq, gəlin bunu ona çox görməyək, dostlar. Günü beləcə keçib gedir bizim biçarə Şəmsəddinin. Axı o avtomat deyil, robot deyil, insandır. Yorulub, əldən düşüb, o da dincəlmək istəyir, rahat, firavan ömür arzulayır. Nə qədər söyüş yiyəsi olasan? Nə qədər çirkaba batasan? Arada özü ilə baş-başa qaldığı zamanlarda öz-özünə düşünür:

- Ə, özüm ölüm, belə həyat olmaz. Adam nə qədər zülm çəkər, adam nə qədər qorxu çəkər? Bir gün kimsə anamı ağlar qoyacaq. Bir il də keçsin, arvad-uşağı da götürüb gedəcəm rayona.

Sonra aldatdığı adamları, qazandığı pulları düşünüb arsız-arsız hırıldayar, etdiyi əməllərdən mazoxistcə zövq alardı.

Bu gün sakitlik idi. Telefonuna zəng gəlmirdi, katibəsi də kiminləsə telefonla danışırdı. Nəsə onunla mazaqlaşmağa həvəsi yox idi Şəmsəddinin. Səhər oğlundan aldığı kitabı vərəqləməyə başladı. Yəqin ki, axırıncı dəfə məktəbdə əlinə kitab almışdı. Bununla belə, oxumaq qərarına gəldi. Həm etməyə başqa işi yox idi, həm də bilmək istəyirdi ki, qırışmal oğlu nə kitab oxuyur?

Oxumağa başladı. Kitabda bir vəkildən söhbət gedirdi. O, gərgin iş rejimindən sonra məhkəmədəcə infarkt olub. Milyoner vəkil xəstəxanadan çıxdıqdan sonra bütün malını-mülkünü, “Ferrarı”-sini satıb Hindistana gedib. Orda Raman adlı bir yoqdan xoşbəxtliyin sirlərini öyrənib, sanki iyirmi yaş cavanlaşıb, vətənə tamam başqa bir insan kimi qayıdıb.

Kitab olduqca maraqlı gəlmişdi Şəmsəddinə. Oxuduqca oxumaq istəyirdi. Qəlbinə sakitlik, hüzur dolurdu. Kamilləşirdi Şəmsəddin. Qiraətin şirin yerində telefonuna zəng gəldi. “Qoymazlar kitabımızı oxuyaq” deyərək “yes” düyməsinə basdı.

- Alo...

- Şəmsəddin, salam.

- Salam, kimdi danışan?

- Məciddi.

- Hansı, Məcid?

- 20 min pul atdığın Məcid. Bir ildi süründürdüyün Məcid. Sən necə adamsan, Şəmsəddin? Biz də pul atmışıq, ancaq belə yox da. İnsaf da yaxşı şeydi.

“Üzünü mürdəşir yumuş, nömrəmi bir həftə qabaq dəyişmişəm, hardan tapıb görəsən? Nömrə dəyişməkdən, obyekt dəyişməkdən bezara gəlmişəm alçaqların əlindən” - deyə düşündü Şəmsəddin.

- Qardaş, narahat olma. Pulun çatacaq. Bu nə söhbətdi eləyirsən? Heç sənə yaraşdımı? Kişiyik, söz kəsmişik. Çatacaq dedimsə, çatacaq. Ürəyini buz kimi saxla.

- Şəmsəddin, məni oyuna gətirmə. Bir ildi eyni şeyi deyirsən. Mən bilmirəm. Bu gün gələcəm ofisə. Çatdırmasan məndən incimə.

- Danışığına fikir ver ə, xotux! Buna bax, mənə hədə-qorxu gəlir. Atamın goru, başına oyun açaram.

- Şəmsəddin, əzrayilin olacam, yortacam səni, görərsən.

Məcid bunu deyib dəstəyi asdı. Şəmsəddinin qanı qaraldı. Bayaqkı hüzurdan əsər-əlamət qalmamışdı. Belə hədə-qorxuları çox eşitmişdi. Hətta öyrəşmişdi bunlara. Ancaq yenə də dilxor oldu, kitabı kənara atdı.

- Seva, mənə çay gətir. Tez ol!

Bir neçə saat sonra ofisdən çıxdı. Maşına minirdi ki, tükürpədici səs eşitdi.

- Salam, Şəmsəddin. Tanıdın?

- Məcid. Qardaş...

Yazıq görkəm aldı. “Qardaş”-ın ikinci hecasındakı “a”-nı bir xeyli uzatdı.

- Pulu doğ, qardaş.

“Qardaş”ın birinci hecasını xüsusi vurğu ilə dedi, Məcid. Səsində qətiyyət var idi. Əlində də bıçaq. Şəmsəddinin ayaqları arasından isti maye axaraq şalvarının balaqlarından yerə axdı. Nə edəcəyini bilmirdi. Çıxılmaz bir vəziyyət idi. Qaçmaq istədi, Məcid yaxasından yapışıb bıçağı qarnına soxdu. Şəmsəddin yerə sərildi, qarnından axan qan sidiyinə qarışdı. Məcid qaçıb getdi. Yerdə zarımağa başladı Şəmsəddin. Yaxşı ki, qarnındakı illərin əməyi və bəhrəsi olan piy qatı var idi. Yoxsa çoxdan cəhənnəmdə zəbanilərlə qucaqlaşmışdı.

Gözlərini xəstəxanada açdı. Olanları xatırlamağa çalışdı. Məcidin nəslinə yağlı bir söyüş söydü. Otaqda səssizcə öz işində olan tibb bacısının yançaqlarına baxdı. “Mala bax, mala!” - deyə düşündü. Bir neçə saat sonra arvad-uşaq görüşünə gəldi. Öğluna tapşırdı ki, gedib “Ferrarisini satmış rahib” kitabını ofisdən gətirsin. Xəstəxanada qaldığı bir həftə müddətində kitabı oxuyub bitirdi. Qərara aldı ki, xəstəxanadan çıxıb Hindistana getsin. Bir az dincəlsin. Bu kitab ona o qədər təsir eləmişdi ki, Məcidlə bağlı ifadə almağa gələn müstəntiqə “Oğraşın mənə borcu var idi, mən də adam balası kimi tələb edəndə bıçağı soxdu qarnıma” - deyərkən vicdan əzabı da çəkdi. Ancaq, tezcənə də keçdi. Xəstəxanadan çıxdıqdan sonra “Prado”sunu, rayondakı evini satdı, arvad-uşaqla sağollaşdı, başını keçəl qırxdırıb Hindistana yola düşdü.

İki aydan sonra

- Şəmsəddin!!!

- Yoq Raman!!!

- Sən necə bir məxluqsan, Şəmsəddin? Sən nə cür insansan? Etdiklərin bəs deyil indi də arvadımla yatırsan?

- Raman, əsəbləşmə. Məni də başa düş. İki aydı əlim arvad əlinə dəymir. Nə etməliydim?

- Ya sən, Minetra? Necə edə bildin bunu? Özü də bizim qızılgül komamızda, bizim yatağımızda? Necə etdin?

Ağlamağa başladı Yoq Raman.

- Raman, sənin yüzdən çox yaşın var. Şəmsəddin əsl kişidi.

Dünya bu yaşına qədər dərd-qəm nədir bilməyən, özünü dünyanın ən xoşbəxti sayan, dağlardan daha təmkinli, quşlardan daha azad, çaylardan daha təmiz Yoq Ramanın başına yıxıldı, dərddən az qaldı bağrı çartlasın.

- Şəmsəddin, sənə yalvarıram çıx get bu məbəddən. Sən gələndə hüzurumuz qalmayıb. O gün iki rahib bir-birini bıçaqladı. Oğurluq baş alıb gedir. Hamı it-pişik kimi rəftar edir bir-biri ilə. Beş min ildi biz kin, nifrət nədir bilməmişik. Əcdadlarımızın bizə öyrətdiyi sirlərlə xoşbəxt yaşamışıq. Ancaq sən... Sən necə murdar məxluqsan ki, bu beş min illik ənənəni darmadağın elədin.

- Raman danışığına fikir ver. Yaşına hörmət qoyuram, özünü çox buraxma. İndi isə bizi tək qoy. Get meditasiyadı-nədi, onunla məşğul ol. Özün demirdin heç nəyi düşünməyin, vecinizə almayın? İndi də gəlib qanqaraçılıq salmısan burda.

Raman hönkürərək qışqırırdı:

- Şəmsəddin... Get... Get... Çıx get bizim məbəddən.

- Yaxşı söz, bir ay da qalıb gedəcəm. Xahiş edirəm, Raman, bizi tək qoy.

Raman ağlaya-ağlaya otaqdan çıxdıqdan sonra Şəmsəddinlə Minetra mazaqlaşmağa davam elədilər. Birdən Minetranın gözü Şəmsəddinin qarnındakı çapıq yerinə sataşdı. Erotik, incə səsi ilə “i”-ni uzadaraq:

- Şəmi...

- Haycan. Nədi, bal dığırcağım?

Çapığı şəhadət barmağı ilə sığallayaraq soruşdu Minetra:

- Bu çapıq nədi?

- Bu çapıq... Bu çapığı o vaxt Qarabağ müharibəsində almışam. Erməni ilə vuruşanda bıçağı soxdu qarnıma...

Özündən inandırıcı bir əhvalat uydurub danışdı Minetraya. Əhvalatdan təsirlənmiş, gözləri pişik gözü kimi bərq vuran Minetra Şəmsəddinin üstünə çıxdı:

- Qəhrəman Şəmsəddinim mənim. Canavarım...

- Quzum...

Bunlar burda mazaqlaşmağında olsun, sizə kimdən deyim, Yoq Ramandan. Komadan çıxdıqdan sonra məbədin ucqar bir yerinə gedib doyunca ağladı. Həyatda hər şeyini itirmişdi. Həyata olan sevgisini, beş min illik ənənələrə inamını, xoşbəxtliyini, həmçinin arvadını, evini. Daha yaşamağın mənası yox idi. Gedib dağın başından özünü yerə atdı. Heç tikəsi də tapılmadı.

Şəmsəddin bir aydan sonra məbəddən çıxıb getdi, lakin xoşbəxtlik bu beş min ildir xoşbəxt yaşayan tayfadan üz döndərdi və bir daha o məbədə yaxın gəlmədi.

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü gördü

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü gördü

13:00 17 may 2024
“Yaşıl dünya naminə həmrəylik”  adlı tədbir təşkil olundu

“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil olundu

12:30 17 may 2024
Məşhur bəstəkar insult keçirib - Yeriyə bilmir

Məşhur bəstəkar insult keçirib - Yeriyə bilmir

12:00 17 may 2024
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti  Prezidentə təşəkkür etdi

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Prezidentə təşəkkür etdi

11:30 17 may 2024
Salman Mümtazın ekspozisiyasının açılışı olub

Salman Mümtazın ekspozisiyasının açılışı olub

10:55 17 may 2024
Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

10:18 17 may 2024
# # #