Adamın xoşbəxtliyi deyil, kədəri böyüyür

Adamın xoşbəxtliyi deyil, kədəri böyüyür
26 oktyabr 2015
# 11:30

Gülüşümüzü bölərdik...

Bir tikə çörəyə tamarzı idik onda.

Həsrət idik

bir qırıq oyuncağa,

bir təzə paltara,

zavod qoxuyan ayaqqabıya...

Qonşunun fasonlu qızına,

dikbaş oğluna həsədlə baxırdıq.

Gözümüz böyüyüb

nəlbəki boyda olurdu...

Onlar elektrik sobaların istisinə qızınanda

biz günəbaxan şaxının tüstüsünə kor olurduq;

onlar televizora baxanda

biz özümüz çalıb oxuyar,

evdəkilərə "konsert" verərdik;

onlar çiyninə ala-bəzək çanta asanda

biz əlimizə üstü şəkilli sellofan götürərdik.

Bir az daha az yeyər,

bir az daha gec durar,

bir az daha qəndə-şəkərə qənaət edərdik...

Bir az daha az gülərdik.

Acanda gülüşümüzü bölərdik

kökə yerinə...

Böyüdükcə anladıq.

Ki, təbəssümümüzə qədər

yeyib bitirib aclıq.

Qaş-qabağımız -

dolu döymüş kimi...

Darıxmaq

Birdən onacan say,

sonra ondan birəcən.

Sonra beşi bir say, beşi bir...

Gördün alınmır,

onacan bir say,

doqquzacan bir say,

səkkizəcən bir say...

Sıfıra düşənəcən say,

yuxun gələcək...

Darıxmaq kopolu şeydi,

çox sınamışam...

Köç

Təpəmizdən döyür Günəş,

ayaqlarımıza dağ basır

qızdırdığı daş...

Xilas olmağa çalışırıq

yapışqan olmuş bədənimizə

daraşmağa hazır qarışqalardan...

Acmışıq -

qarşımıza çıxacaq ac qurddan

qorunuruq...

Susamışıq -

yağıb başımızı dələcək doludan

qorunuruq...

Günəş qürub edir,

gün gecəyə hamilə...

Yuxusuzluqdan

çuxura düşən gözlərimizi

ova-ova yol gedirik.

Yoldaşımın qadını hamilə...

Bu gecə doğsa

sayımız artacaq,

köçümüz böyüyəcək...

Saqqız şişirdən uşaq

Axı, hardan biləsən

həyat nədir?!

Ağrı nədir hardan biləsən?!

Əzab nədir xəbərin yox.

Haqq-hesab nədir

xəbərin yox.

Birini əzilən görəndə

vicdanın sızlamayıb.

Vicdan nədir xəbərin yox.

Gözlərinin gözəlliyinə xatir

başını sığallamaqlarına baxma,

insan nədir xəbərin yox.

Xoşbəxtsən xoşbəxt uşaq...

Ordu partlayanadək

saqqız şişirdən uşaq.

Təzəcə puçurlamış

dodağında gülüşlər...

Gündüz it qovmaqdı işin

axşam yatmaqdı peşən mışıl-mışıl...

Yuxuna dovşanlar girər,

ovcuna kəpənəklər qonar...

Bax, beləcə

kəpənək qov, balaca...

Nə dərdin yiyəsisən

böyümək istəyirsən?!

Böyümə, böyüyəndə

adamın xoşbəxtliyi deyil,

kədəri böyüyür, balaca...

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər