Atamın Bilik Günü

Atamın Bilik Günü
14 sentyabr 2016
# 12:22

Çinarə Ömray yazır

Mən heç uşaq olmadım ki... Gözüm həyata qayğılarla açıldı. Atamın şilləsi ilk acım oldu, anamın hönkürtüləri ilk laylam...

Atam bizdən gedəndə uşaq idik. Sevgimizi soyunub, qayğıları ta o yaşdan geyinmişdik.

Birinci 15 Sentyabr

Anam məni həyəcanla məktəbə hazırlayır, mənimsə bir gözüm, içimin bir yanı atamı axtarır. Anama bildirmirəm ki, birdən pis olar. Həmin o bir gözümlə, o bir yanım deyəsən atam gələn yola çox baxacaqdı. Amma o yoldan heç vaxt atam gəlməyəcəkdi.

Birinci 15 Sentyabrın sonu

Yenə anam çox həyəcanlı, yenə mənim bir gözüm, içimin bir yanı həmin yoldadı. O yoldan çox atalar gəldi, o bir gözümün və içimin bir yanının üstündən keçib getdilər. Övladlarının sevinci gözlərini necə tutmuşdusa, heç ayaqlarının altına da baxmadan tapdalayıb getdilər o yolda dayanıb atamı gözləyən həmən bir yanımı. Amma mən... mən atam kimi insafsız olmadım. Tez gedib o tapdanan yanımın əlindən tutub qaldırdım, üst-başının tozunu çırpdım, gözləməsi üçün yenə onu orada qoyub gəldim. Böyüdükcə anlayırdım ki, o yolda dayanan, hər dəfə tapdalanan o yanımın öz adı varmış - ümid. Hər sinif adladıqca o ümidimi bir az daha tapdaqlar altına atdı atam. Amma gəlmədi.

Düşünürdüm ki, yəqin məni istəmir. Amma bacım məktəbə gedəndə mütləq gələcək.

2-ci sinfə hazırlaşırdım. Məktəblərin açılmasına az qalırdı. Anamın gül almağa pulu çatmamışdı. O gecə səhərə qədər Allah babaya yalvarmışdım ki, atam gəlsin, bizi görmək istəmirsə, görməsin, eybi yox, elə gülü qapıyaca qoyub getsin. Hər zamankı kimi, Allah da atam kimi ümidlərimi məhv eləmişdi. İndi mən nə allaha, nə də atama inanırdım.

İkinci 15 Sentyabr

Gülsüz getmişdim məktəbə. Eşitdiyim hər “oğlum” kəlməsinə diksinirdim. Babamın “oğlum” sözünə qızınırdım bir az. Artıq yavaş-yavaş öyrəşdim 15 sentyabrları məktəbə atasız, gülsüz getməyə. Alışmışdım ümidlərimin, ata yolu gözləyən baxışlarımın yad ataların ayağı altda əzilməsinə. Anama hiss etdirməməyə çalışsam da, atasızlıq həq an içimə bir nifrət kərpici hörürdü.

Dördüncü 15 Sentyabr

Qardaşım 1-ci sinfə gedir, mən 4-cü. Uşaqlıqdan içimdə düşündüyüm o arzu da bu gün məhv olur. Hələ də zənn eləyirdim ki, sadəcə, məni çox istəmir atam, amma artıq bacım məktəbə gedəcək. Deməli, atam gələcək! Bəli, mütləq gələcək.

On birinci 15 Sentyabr

Yenə anamdı, bacım, mən. Amma bir əskiyimiz var. Yoldaki ümid... 11 il tapdanan ümid bu gün aramızda yoxdu.

Sonuncu 15 Sentyabr

Anam, bacım və mən... biz hər zaman üç olduq. Nə anam aramıza dörüncünü saldı, nə də atam birinci olmağa gəldi.

Birinci böyük 15 Sentyabr

Artıq ümid yoxdu, amma yerində ümiddən yekə boşluq var... Evə qayıdıram, məni səbirsizliklə evdə gözləyən anama və bacıma institutda ilk günümdən danışmaq üçün.

Metroya çatırdım ki, kiminsə məni səslədiyini eşitdim. Arxaya dönəndə ahıl bir kişi olduğunu gördüm.

- Bala, bayaqdan səni səsləyirəm. Bir dayansana...

- Bağışlayın, eşitməmişəm. Buyurun.

- Sən Amal deyilsənmi?

- Bəli, mənəm.

- Sahibin oğlu.

- Bəli...

- Məni xatrlamadınmı? Əli dayıyam da. Atanın ən yaxın dostuydum.

- Mən atamı belə güclə xatralayıram...

- Axtarıb-axtarıb oxuduğun məktəbi tapdım, atandan sonra hara köçdüyünüzü də zülm-billah tapmışam. Hə, məktəbi tapdım, orda şəklini görsətdilər, hansı instituta, hansı fakültəyə qəbul olduğunu dedilər, elə-elə tapdım səni. Maşallah, fəxr ediləsi oğul olubsan.

- Niyə axtarırdınız ki?

- Bilirsən, bala, demək nə qədər çətin olsa da, deməliyəm; dünyadı da, bu gün varsan, sabah yox; uzun sözün qısası: bu gün atanın qırxıdı. Nə qəbrinə gedəni var, nə ziyarət edəni. Dedim, hər nə olubsa-olub, amma sən onun oğlusan, get bir ziyarət elə. Boynunda nə qədər olmasa da, haqqı-sayı sayı var. Danışmaqdansa, yaxşısı, gəl, indi mənnən gedək, həm məzarını tanı, həm də bir ziyarət elə... Ruhu şad olar...

Heç nə demirəm, sadəcə, susub ona qoşuluram. Deməli, bizi tapa bilmək bu qədər asan imiş... Amma axtarmadı.

Məzarlığın girişində qərənfil satılır. İki qərənfil götürürəm.

Düşünürəm... 11 il hər 15 Sentyabr günü bacımla gül gözlədiyimiz, ümidlərimiz tapdaladan, gözümüz qalan yollarda heç zaman görünməyən, insanlar bizi sıxanda, atasızlıq başımıza vurulanda, “oğlum, qızım” sözünün istisinə qızınanda, onca insan içində bacımın ürkək baxışlarla məktəb darvazasına baxdığını görəndə, ürəyim param-parça olanda...

Eh, nə isə, anam döyməyi atamdan, biz isə için-için ağlamağı anamdan öyrəndik...

Hə, bu gün də atamın birinci 15 Sentyabrıdı. Bilik Günü...

# 2584 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər