Xalq rəssamı: "Fransada bizi hədələyən erməni hədiyyə vermək istədi, götürmədik" - Müsahibə

Xalq rəssamı: "Fransada bizi hədələyən erməni hədiyyə vermək istədi, götürmədik" - Müsahibə
6 avqust 2025
# 14:21

Kulis.az Xalq rəssamı Sirus Mirzəzadənin APA-ya verdiyi müsahibəni təqdfim edir.

İndi süni intellekt dövrüdür

- Son zamanlar gənc rəssamlar qrafik dizayn sahəsinə yönəlirlər. Bunun səbəbi nədir?

- Kətanda işləmək ağırdır. Hərə özünə rahat yol axtarır. Bizim vaxtımızda kompüter, telefon olmayıb. O vaxt danışmaq indiki kimi deyildi. İndi istəyirsən Amerika ilə, hara ilə istəyirsən danış. Ona görə o vaxtın rəssamlığı ilə indinin rəssamlığı arasında fərq var.

- Necə fikirləşirsiniz, kompüter ekranı kətanın yerini verə bilər?

- İndi süni intellekt dövrüdür. Bu yaxınlarda mənim üçün bir nəfər qızının işini göndərmişdi. Hardasa 12-13 yaşında qızıdır. Bir rəsm çəkib. Tabloda qız arxadan dayanıb. Onu süni intellektlə hazırlamışdılar. Saçını darayır, nəsə edir. Süni sünidir də. İndi gənclərimiz də elə sünidir. Süni intellekti də insan yaradıb. Mənim aləmimdə təsviri incəsənət də elə bir dörd yolun ortasında ilişib qalıb.

- Bilmir hansı tərəfə getsin.

- Yox, hansı tərəfə aparsalar, o tərəfə də gedəcək. Bu, sənətdən asılı deyil, onu yaradanlardan asılıdır. Ona görə də indiki cavanlar çalışırlar süni intellektlə, kompüterlə nəsə etsinlər. Hətta görürəm, planşetdə çəkir, silir, yazır. Çox maraqlıdır. Amma bu, insan əli deyil.

Foto çox gözəl ola bilər, amma canlı deyil

- Kətanla təmas etmir.

- Bilirsən, rəssam kətanda işləyərkən onun bütün düşüncələri, həssaslığı, hisləri – hamısı kətana hopur. Qadın necə ki, dünyaya uşaq gətirir, eləcə də kətanlar rəssamın balalarıdır. Ona görə də kətanlarda bir qüvvə var. Deyirlər ki, “tabloya baxdım, məni sakitləşdirdi, yuxu gətirdi”, “hirsli idim, baxdım, sakitləşdim”. Çünki tabloda bir mistika var – rəssamın hissəsinin orada olması. Buna görə də insanı təsirləndirir, sakitləşdirir. Amma süni yaradılan tablolarda bu yoxdur. O, sadəcə fotodur. Foto çox gözəl ola bilər, amma canlı deyil. Mənim aləmimdə tablolar canlıdır. Çünki bu, rəssamın düşüncəsi, ideyasıdır. Hətta elə olur ki, tabloda nəyisə çəkərkən gecə yatanda yuxuda görürsən, fikirləşirsən: “Səhər ora düzəlməlidir, qırmızını götürüm”. Səhər durursan, görürsən ki, doğrudan da, fikirləşdiklərin düz imiş – silirsən, düzəldirsən, yerinə düşür. Rəssam gecə də o hisslə yatır. Mən sənətdən, rəssamdan danışıram. Bəzən kompüterdə özüm də nəsə edirəm. Kompüterdə bir düyməni basırsan, hər şey bir anda mozaika olur. Baxırsan, doğrudan da gözəl görünür. Ya da qrafik effekt verir. Amma bu, sünidir. Məsələn, Pablo Pikassonun “Öküzlər”i var. O, ilk öküzü naturadan çəkib – realist. Sonra ondan 40-50 dənə variant yaradıb. Tədricən gətirib bir xəttə çıxarıb. Axırda elə bir formaya salıb ki, öküz bircə xətlə verilib. Elə baxanda deyirsən, nə var ki, bunu etməyə? Amma onu etmək üçün Pikasso kimi düşünmək, sənətkar olmaq lazımdır. Real öküzdən başlayıb, abstrakt xəttə çatmaq böyük yol tələb edir. Bu, düymə ilə olmur.

- Siruz müəllim, gənclərin qrafikaya yönəlməsində rəssam olaraq dolanmaqda çətinlik çəkmələrinin rolu var?

- Bu gün rəsm satmaqla pul qazanmaq mümkün deyil. İndi biz bəzən nəsə satırıq, amma artıq yaşımız keçib, bu həyatı yaşamışıq. Cavanların iştahaları böyükdür, doğrudur, onlar cavandır və yaşamalıdırlar, həyatlarını qurmalıdırlar. Tablo sataraq qazandıqları pulla bu mümkün deyil. Ona görə də dizaynla məşğul olurlar, hansısa şirkətdə işə girirlər və yaxşı maaş alırlar. Bəlkə də indiki tələbat belədir. Ona görə onları qınamaq düzgün deyil.

Bizə bu qədər rəssam lazım deyil

- Axı belə olduqda rəssamlıq sənəti itir. Sizdən sonra sənəti yaşatmaq üçün gənclər gəlməlidir.

- Azərbaycan əhalisi 10 milyondur. Sovet dövründə Rəssamlar İttifaqının üzvləri 300-350 nəfər idi. Əksəriyyət Leninqrad, Moskva, Kiyev və Baltik ölkələrində təhsil alıb geri dönürdü. Buna baxmayaraq, Sovet İttifaqı dağılanda Rəssamlar İttifaqının üzvlərinin sayı təxminən 400 nəfər idi. İndi isə bu rəqəm 2 mindən çoxdur. O vaxt hər il 40-50 nəfər yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirirdi. İndi isə çox saylı kollec mövcuddur və yüzlərlə şagird, tələbə məzun olur. Bundan əlavə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, digər ali məktəblərin 70 faizi rəssam və dizaynerlər yetişdirir. İldə təxminən 500-600, bəzən daha çox rəssam məzun olur. Ancaq bizə bu qədər rəssam lazım deyil.

- Onların içindən rəssamlığın arxasınca gedən nə qədər olur?

- Az olur. Hətta Rəssamlıq Akademiyasını bitirənlərin çoxu rəssam olmur. Sovet vaxtı da belə idi. Bitirirdi, rəssam kimi işləyirdi, amma həqiqətən rəssam olmurdu.

- "Rəssam kimi işləyirdi, rəssam olmurdu" - bu nə deməkdir? Buradakı incə məqam nədir?

- O vaxt texnoloji vasitələr yox idi. Bütün işləri rəssamlar görürdü – şriftlərdən tutmuş plakatlara, divardakı afişalara qədər hər şeyi onlar hazırlayırdı. Elə buna görə də onlar rəssam sayılırdı. Amma kətanda işləyib ad qazanan rəssamlar çox az olurdu.

- Onlar elə bil indinin kompüter arxasında oturub işləyənləri idilər.

- Bəli.

- Necə oldu Rusiyada təhsil aldınız? Ümumiyyətlə, rəssam olmaq qərarına necə gəlmisiniz?

- Mən 7 nömrəli məktəbdə oxumuşam. Bizim bir rəsm müəllimimiz var idi. O, rəsm haqqında elə danışırdı ki, mən onu dinləyib valeh olurdum və dediklərini edirdim. Sonra mənimlə oxuyan bir yoldaşım var idi. O, Pionerlər Evinə gedirdi. İndiki Yazıçılar İttifaqının binası o vaxt Pionerlər Evi idi. Bir dəfə dedi ki, rəssam olmaq istəyirsən? Dedi gəl mən səni aparım Pionerlər Evinə yazdırım. Dərsdən çıxdıq, aparıb yazdırdı. O vaxtdan Pionerlər Evinə getməyə başladım. Məktəbi bitirəndən sonra Əzim Əzimzadə adına məktəbə qəbul oldum. Oranı bitirdikdən sonra Moskvaya getdim.

Bakıda yaşadığım üçün rəng hissiyyatım güclü idi

- Moskvaya öz istəyinizlə getmisiniz, yoxsa dəvət etdilər?

- Yox, öz istəyimlə getdim. Əvvəlcə Leninqrada gedib imtahan verdim, amma orada kəsildim. Sonra elə həmin il Moskvaya gəldim və Stroqanov adına Rusiya Dövlət İncəsənət və Sənaye Universitetinə müraciət etdim. Orada imtahanlar avqustun 1-dən başlayırdı. İmtahan verdim və bu dəfə Leninqradda etdiyim səhvləri təkrarlamadım. Leninqradda rəngli işlə çalışdığıma görə mənə “2” yazmışdılar. Bakıda yaşadığım üçün rəng hissiyyatım güclü idi. Amma onlar belə çox rəngli işləri sevmirdilər.

- Bunu Bakının nəyi ilə əlaqələndirirsiniz?

- Bizim günəşimiz, rəngimiz həmişə al-əlvan olub. Ona görə də rənglərimiz bir az daha parlaq, daha canlıdır. Sonra orada, Moskvada rəngləri bir qədər boğdum və nəticədə qəbul oldum. Orada monumental rəngkarlıq ixtisası üzrə təhsil aldım. Bu, o dövrdə bir nömrəli fakültə sayılırdı.

- Orada necə il təhsil aldınız?

- 5 il.

- Bitirən kimi qayıdıb burada fəaliyyətə başladınız?

- Bitirdikdən sonra məni magistratura üçün orada saxlamaq istədilər. Amma qayıdıb gəldim. Gəldikdən sonra bir çox monumental mozaikalar üzərində çalışdım. Səadət Sarayının qarşısındakı mozaikanı bir neçə monumentalçı dostumla birlikdə hazırlamışıq. Sonra “Fəhlə əlləri” kompozisiyasını yaratdıq. Fəvvarələr meydanında bir vaxtlar retro fotostudiya var idi, onu da biz etmişdik. Sovet İttifaqı dağılandan sonra oranı satdılar, rənglədilər, dəyişdilər, getdi. “Əfsanə” kafesi var idi, 500 kvadratmetrlik sahəni İsmayıl adlı rəssam dostumla birlikdə bəzəmişdik. Gənc Tamaşaçılar Teatrının mozaikasını isə təkbaşına işləmişdim. Təmir zamanı piltələri sökdülər. Əvvəllər 100 kvadratmetrdən çox idi, sonra 1 metrlik sahədə nəsə etdilər, amma o, əvvəlkinin yerini vermədi.

- Daha mozaika sifarişi olmur?

- Yoxdur.

- Axırıncı dəfə nə vaxt olub?

- Sovet vaxtı ilə də hər şey bitdi. İndi ofislərdi, şüşəli binalardı, hardasa bir vitraj, yaxud işləmə eləsinlər, elə şey yoxdur. Bilirsən, evdə bişməyib, qonşudan da gəlməyib. Amma xaricdə belə şeylər olub, həmişə də olacaq.

- Xaricdə elə işləriniz olub?

- Yox, xaricdə monumental işlərim olmayıb. Monumental işlərim əsasən Bakıda olub. Amma tablolarım xaricdə çoxdur - demək olar dünyanın 50-60 ölkəsində mənim işlərim var.

Türkiyədə kasıbından zəngininə qədər hamının evində rəsm var

- Onların sizin əsərlərinizə göstərdiyi maraq, sevgi, diqqətlə bizimkilərin göstərdiyi arasında fərq hiss etmisiniz?

- Götürək Türkiyəni, qardaş ölkədir. Mənim orada 1995-ci ildə fərdi sərgim oldu. Sərgidə xanımlar əl uzanda əlimi öpdülər, mən isə çəkindim. Yanında həyat yoldaşı dayanmışdı, dedi niyə elə edirsən? Bizdə kişi qadının əlini öpər. O isə dedi ki, bununla yaradanın əlini öpdü. Bu, onların sənətə olan məhəbbəti və sevgisidir. Türkiyədə kasıbından zəngininə qədər hamının evində rəsm var. Bizdə isə yox. Sovet vaxtı hamının evində xalça asılı olurdu, bəzən kiçik pianino, servantın üstündə büllur qab olurdu. İndi görürsən, bəziləri sənəti dəlicəsinə sevir, amma almağa pulu yoxdur. Digərlərinin isə pulu var, amma onlar üçün Pikassonun və ya Modilyaninin işi ilə küçədə satılan rəssamın işi arasında heç bir fərq yoxdur. Deyirsən, bu işin qiyməti 200 milyon funt sterlinqdir, cavab verir ki, buna pul vermək üçün dəli olmalısan. Mənim yadımdadır, bir dəfə çox varlı adam gəldi, iş almaq istəyirdi. Dedi, mən dəliyəm sənə bu qədər pul verim?

- Pul vermək istəmir.

- Yox, klassikanı qanmır. Sənəti başa düşmək, sevmək lazımdır.

- Sirus müəllim, sizin üçün əsərin qiymətini nə müəyyənləşdirir?

- Rəssam var, işini 200-300 manata satıb sevinir. Rəssam da var ki, 10-20 min manat verirlər, amma satmır. Deməli, o rəssamın sənəti qiymətlidir. Qiymət onun yaratdığı işdən, ideyasından, üslubundan, həyata baxışından və özünəməxsus ağırlığından asılıdır.

- Tabloya sərf etdiyiniz vaxt onun qiymətinə təsir edir?

- Ola bilər ki, bir tablonu sən 2 saata, ya da 5 ilə çəkəsən. Bəzən 5 ilə çəkdiyin iş əzik-üzük olar, baxanda adam iztirab çəkər. Amma digər tablo, bəlkə 2 saata, ya da 1 günə çəkilib, səni sevindirər. Onun qiyməti bəzən 5 ilə çəkiləndən də çox olur. Yəni tablonun qiyməti onun necə çəkilməsindən yox, onu yaradan rəssamdan asılıdır. Məsələn, mənim tablomun altına Pablo Pikassonun imzası qoyulsa, onun qiyməti milyonlara qalxar. Addan çox şey asılıdır.

- Dövlət səviyyəsində əsərləriniz alınır?

- Sovetlər vaxtı alırdılar. Rəssamlar İttifaqı, SSR Mədəniyyət Nazirliyi alırdı. O vaxtı elə idi.

- Yəqin ki adi adamlar da alırdı.

- Adi adamlara iş satmırdıq, çünki onlar o pulu verməyə hazır deyildilər. Amma yaxşı alıcılar vardı və onlar yaxşı qiymət verirdilər. Həmçinin, müqavilələrimiz mövcud idi. Sovet İttifaqı dağılandan sonra, 90-cı illərdə vəziyyət bir az çətinləşmişdi. İşləri yığıb Türkiyədə satırdıq. O zamanlar qiymətlər çox yüksək deyildi, çünki orada bizi tanıyan yox idi. İndi isə Türkiyədə də tanınırıq. Yaxınlarda Türkiyədə sərgi oldu, orada 4 işim asılmışdı. Ucuz işlər satıldı, amma mənim işlərim satılmadı, qiymətlər çox yüksək idi. İnsan öz işinin qiymətini bilməli və onu aşağı salmamalıdır. Sonra işlər Fransaya aparıldı. Orada da bir işim vardı, türk qalereyasında, amma satılmadı. Qiymət yüksək idi, amma gec-tez satılacaq.

- Ən baha satdığınız əsərin qiyməti nə qədər olub?

- Gəl bu haqda danışmayaq (gülür).

- Konkret rəqəm istəmirəm.

- Məndən gəlib iş üçün qiymət soruşurlar. Deyirəm 60-70 min manat.

Almağa pulu olmayanlara hədiyyə etmək olar

- Məsələn, gələn 10 nəfərdən o pulu verən çıxır?

- Bəzən elə adam gəlir ki, heç deməzsən ki, əsər alacaq. Bir dəfə yeni evlənmiş cütlük emalatxanaya gəldi. Qız hamilə idi. Dedi ki, ata-anamız bizə ev hədiyyə edib. Sərgidə mənim əsərimi görüb, indi həmən əsəri almaq istəyirlər. Balaca bir iş idi. Qiymətini soruşdular. Dolların 70-80 qəpik olduğu vaxtlar idi. Dedim, qiyməti 4 min manatdır, təxminən 5 min dollar olur. Dedilər, bir az ucuz olsa, yaxşı olar. Mən də dedim, onda tablonu sizə hədiyyə edirəm. Amma qız razılaşmayıb, dedi 3 min manat versəm, olar? Dedim, olar. Dedi, 1500-nü indi verim, ayda 300 manat da ödəyəcəm. Mən də dedim, qızım götür. Dedi, iş qalsın. Soruşdum, niyə? Dedi, pulu ödəyib qurtardıqdan sonra əsəri götürərəm. Bəziləri götürüb sonra pulu vermir. Dedim, qızım götür. 1500 verib getdilər. Bir neçə ay keçdi, gəldilər, uşaq artıq 6-7 aylıq idi, pulu gətirmişdilər. Dedim, istəmirəm o pulu, vaxtı keçdi, qoy sənə hədiyyə olsun. Dedi, bir dənə də iş istəyirik. Seçdilər, onun pulunu verdilər. Mən isə götürmədim. Hədiyyə üçün balaca bir iş eləmişdim, güllər idi. Gördüm uşaq əllərini uzadır, əsəri ona verdim, tutub saxladı. Anası dedi, burax. Dedim, yox, onun hədiyyəsidir. İlk dəfədir gəlib əsəri tutub. Dedim, sənətə qarşı qoy sevgisi olsun. Sevindilər, getdilər. Belə hallar olur, hərdən gələn olur. Almağa pulu olmayanlara hədiyyə etmək olar.

- İmkanlı, vəzifəli adamlar necə, əsərlərinizə maraq göstərirlər?

- Vəzifəli adamlardan maraq göstərənlər çox azdır. Bəlkə də onların əvəzinə sərgiyə kimsə gəlib baxır, amma özləri getmirlər. Bu da ola bilər. Amma ümumilikdə Azərbaycanda sənətə maraq çox azdır. Gürcüstanda isə hansı evə getsən, 5-10 dənə tablo asılıb. Onlarda sənətə sevgi çox böyükdür.

- Bizdə niyə yoxdur? Deyirsiniz sovet vaxtında xalça asırdılar. Nəyə görə hazırda o xalçanın yerini rəsm tuta bilmir? Bunun səbəbi nədir?

- Çünki bizdə bu ənənə olmayıb. Tarix boyu İslamın təsiri ilə rəsm çəkmək qadağan olunub. Sovet dövrü dağılandan sonra sənət inkişaf etməyə başladı, muzeylərə, rəsm qalereyalarına yol tapdı. Amma evlərə daxil ola bilmədi. Məsələn, sovet vaxtı bir sərgi keçirildi, mənim sərgimə 500-600 adam gəlmişdi, zalda oturacaq yer tapılmırdı, insanlar növbə ilə içəri daxil olurdu. O da sərgi üçün böyük rəqəm idi. Əgər 1 ay davam edən sərgi dövründə 300 nəfər ziyarət edirsə, bu da yaxşı nəticə sayılır. Xaricdə isə gündə 1000 nəfər sərgilərə baxır. Bizdə isə vəziyyət belədir: mən rəssamam, sənətkaram və sənətkarlar üçün sənət mövcuddur. Sərgilərə də əsasən rəssamlar və sənətsevərlər gəlir.

Türkiyədə də İslam dərin köklərə malikdir, hətta bizdən də güclüdür. İran isə tam İslam Respublikasıdır. Orada da sərgilər keçirilir, insanlar gedir, əsərlər alırlar. Eyni şey Türkiyədə də müşahidə olunur, maraq çox böyükdür. Mənim yadımdadır, 90-cı illərdə Atatürk Mərkəzində bizə pulsuz sərgi yeri verilirdi. Dünyanın müxtəlif yerlərindən insanlar gəlirdi, ildə bir-iki dəfə sənət və el sənəti sərgiləri təşkil olunurdu. Biz də dəvət alırdıq, amma bizdən orada heç bir yer pulu alınmırdı. O vaxt tabloların qiymətləri bizim indi dediyimiz qədər baha deyildi. Bir dəfə təqaüdçü qadın gəldi, dedi ki, pensiyamı verib bu mənzərəni alıram. Dedi, çörəyimi yeyəndə ona baxıb doyacağam. Bu, adamda həm sevinc, həm də təəssüf hissi oyadırdı. Amma o ürəkdən deyirdi. Mən ona dedim ki, pul lazım deyil, götür. Amma o da “yox, bu nə sözdür” dedi. Bizdə isə zəngin insanlar gəlib deyirlər, bağışla mənə, amma əl çəkmirlər. Mən bağışlayıram, gedirlər. Türklər isə belə etmirlər.

Rəssamın dəsti-xətti olmalıdır

- Yaradıcı adam üçün din nə anlama gəlir? Sizin təsəvvürünüzdə yaradan kimdir?

- Birincisi, insan kiməsə və nəyəsə inanmalıdır. Əgər insanın qəlbində inam yoxdursa, yaşaya bilməz. Ona görə də kainatı yaradan bir qüvvə var – o da Allahdır. Mən Allaha inanıram. Hər axşam yatanda, səhər duranda dua edirəm. Allahsız həyat mümkün deyil. İnsanın ruhunda, canında bir qüvvə var. İkincisi, həmişə deyirlər ki, rəssamlara Allah tərəfindən vəhy verilib. Deməli, biz Allahın sevimli bəndələriyik ki, bizə bu tabloları yaratmaq imkanı verilib. Hər kəs bunu bacarmır. Üçüncüsü isə rəssamın yetişməsi üçün çox vaxt lazımdır. Rafael kimi 28 yaşında dünyasını dəyişənlər olub, Modilyani 36 yaşında vəfat edib. Belə rəssamlar olub, amma əksər rəssamlar hardasa 45-50 yaşında öz "mən"lərini tapır, başlayırlar yaxşı mənada "mən" deməyə. Əgər bir sərgidə rəssamın 5 tablosu asılıbsa və görən kimi bilirsənsə ki, bu işlər ona məxsusdur, deməli artıq öz yerini tutmuş rəssamdır. Bəzən də olur ki, bir əsərə baxırsan, altından müəllifin adı oxunur, sonra başqa əsərə baxırsan, həmin əsər tam fərqli tərzdə işlənib, deməli bu rəssamın öz fikri yoxdur, sadəcə fərqli üslublardan parçalar yığıb. Küçədə gedəndə səni tanıyırlarsa, deməli sən birdənəsən. Yox, əgər beş işin yan-yana asılanda tamaşaçı onları ayırd edə bilmirsə, deməli, sənin dünyagörüşün kasaddır. Ən əsası isə rəssamın dəsti-xətti olmalıdır...

İnsanın Allahı olmalıdır

- Bu yaxınlarda nisbətən gənc rəssamlardan biri intihar etdi. Əvvəllər də belə hallar olub. Ümumiyyətlə, yaradıcı insanlarda - şairlərdə, yazıçılarda, bəstəkarlarda belə vəziyyətlər müşahidə olunub. Neqativ, xaotik həyat tərzi və yaradıcılığın gətirdiyi xaos onların həyatına təsir edir. Bu barədə gənc rəssamlara nə məsləhət verərdiniz?

- Hər kəsin vəzifəsindən, həyatda tutduğu mövqedən asılı olmayaraq, pis və yaxşı günləri olur. İnsanda inam olmalıdır. İnsanın Allahı olmalıdır. Əgər kimləsə məsləhətləşmək, dərdini bölüşmək istəmirsənsə, Allahla danış. Bu insanı daxilən yüngülləşdirir. İkincisi, bəzən görürsən ki, rəssamdır, şairdir, fərqi yoxdur, yaradıcı insandır, amma tutduğu yolda nədənsə uğur qazana bilmir. Ola bilsin ki, bu onun yolu deyil. Kiminsə təsiri ilə gedib rəssam, ya yazıçı olub. Uşaqlıqda şeir yazıb, deyiblər ki, sən şair olacaqsan. Bu insanlar çox zaman özlərinə qapanır, heç kəsdən kömək istəmirlər, gizlənirlər. İnsanların içində olurlar, amma daxillərində gizlənirlər və buna tab gətirə bilmirlər. Bu səbəbdən bədbəxtliklər baş verir. Bəlkə də kimləsə məsləhətləşsəydilər, onlara deyirdilər ki, get sürücülük et, ya da rəssamlıq elə, amma malyarlıqla məşğul ol. Bəlkə də onda daha çox pul qazanar, həm də daxilən rahat olarlar.

- Rəssamlar İttifaqının fəaliyyətindən razısınız?

- Mən Rəssamlar İttifaqının üzvüyəm. Buna baxmayaraq, ordan mənə heç bir xeyir yoxdur.

- Niyə? Səbəb nədir?

- Əvvəllər Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanır, işlər alınırdı. İndi belə şey yoxdur. Nazirlik ildə uzağı 5-10 iş alır, onların da imkanları məhduddur. Hazırda Rəssamlar İttifaqının da rəsm əsərlərini almağa pulu yoxdur. Sovet vaxtı isə Rəssamlar İttifaqının büdcəsi yaxşı idi, çünki kombinatlar fəaliyyət göstərirdi, onlardan gəlirlər daxil olurdu. Məsələn, bu binanı da o vəsaitlə tikmişdilər. İndi isə belə imkanlar yoxdur, pul ayrılmır və Rəssamlar İttifaqı da kifayət qədər fəal deyil - bütün ittifaqlar kimi.

- Bəlkə Rəssamlar İttifaqının fəaliyyətinin daralmağının səbəbi təkcə gəlirlərinin azalması deyil, başqa səbəblər də var?

- Ola bilsin. Burada hər şey bir-biri ilə əlaqəlidir.

Rəssam öz işi ilə, siyasətçi də siyasətlə məşğul olmalıdır

- Müsahibələrinizin birində demisiniz ki, siyasətdən uzaq qalmağa çalışıram. Bunun səbəbi nədir?

- Bilirsiniz, mən rəssamam. Mənim işim göz önündə olan tablolardır. Qadınları çəkməyi, onları tablolarımda vəsf etməyi sevirəm. Mənim işlərimdə siyasət yoxdur, yalnız sevgi və məhəbbət var. Siyasətlə siyasətçilər məşğul olmalıdır. Mənim siyasətə qarışmağım yalnız zərər gətirər. Ona görə də mən qulaq asıram. Məsələn, bu gün Rusiyada soydaşlarımıza qarşı zorakılıq olub, döyüblər, şikəst ediblər, tutublar. Buna heyiflənsəm də, görürəm ki, siyasətçilər bütün günü bununla məşğuldurlar. Mən onlara qarışsam, mənasız olar. Buna görə siyasətdən kənarda qalmaq, öz işimə fokuslanmaq mənim üçün daha məntiqlidir. Ola bilər ki, mən Azərbaycanı onlardan da çox sevirəm. Rəssam öz işi ilə məşğul olmalıdır, şair şeirini yazmalıdır, siyasətçi siyasətlə məşğul olmalıdır. Vətən haqqında şeir yazmaq da, tablolar çəkmək də siyasət deyil, bu, bizim vətənə olan sevgimizdir.

- Bir növ içinizdən gələn bir şeydir.

- Bəli.

Mələklər də deyir Qarabağ Azərbaycandır!

- “Qafqazda sülh mənim yaradıcılıqda ən böyük arzumdur”. Sizin belə bir ifadəniz var. Elə bir tablo işləmisiniz və yaxud hazırda işləyirsiniz? Ümumiyyətlə, bu arzu sizdə nədən sonra yarandı?

- Mənim yaddaşımdadır, 90-cı ilə kimi çəkdiyim tabloların hamısı sarı, qırmızı, göy rənglərdə idi. Amma 90-cı ildən sonra, ermənilərin bizim rayonları işğal etdiyi vaxtdan etibarən, tablolarım tamamilə qara rəngə boyandı. Qara rənglə çəkirdim; bu, məndən asılı deyildi, içimdən gəlirdi. Bu, o dövr üçün mənim kədərimin ifadəsi idi, ruhumun səsini bu cür ifadə edirdim. Sonra illər keçdi, təxminən 30 il... Qəhrəman əsgərlərimiz 44 gün ərzində Vətənimizin işğal altında olan torpaqlarını azad etdilər. Ondan sonra rəssam necə qara rəngə üstünlük verə bilər? Hər şey al-əlvan rənglərlə doldu. Bizim Azərbaycanın da rəngi o gündən sonra dəyişdi. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin “dəmir yumruğu” sayəsində mümkün oldu. Onun uzaqgörən siyasəti bizi bu günlərə gətirdi. Siyasətdən danışırıqsa, birinci siyasətçimiz odur və biz onun ardınca gedirik. O vaxt da tablolar çəkirdim, hər il sərgilərdə iştirak edirdim. 44 günlük müharibədən sonra isə bir sərgi oldu. Mən də “Mələklər də deyir: “Qarabağ Azərbaycandır!” adlı bir tablo yaratdım. Tabloda Qarabağ, Şuşa, Xankəndi əks olunmuşdu. Qarabağda mələklər tütək ifa edirdi. Mələklər mahnı və melodiya ilə qələbəmizi qarşılayırdı. Bu siyasi bir tablo idi. Tabloda baxanda elə təsəvvür yaranır ki, Qarabağdan ney və tütək səsləri gəlir. Mən obrazlarda bıçaq yaraları, tankların keçməyi, bombaların düşməsi kimi şeylərdən uzağam. Mənim sənətimdə o cür ifadələr yoxdur.

- Siz sülhü yaradıcılıqda rəsmə baxanda sakitlik, bir az əvvəl də qeyd etdiyiniz kimi neyin səsinin gəlməsi kimi təsəvvür edirsiniz. Əsərlərinizi də onun əsasında işləyirsiniz?

- Bəli. O sülhü yaradanlar da var.

- Siz də onların yaratdıqları sülhü kətana köçürürsünüz. Onda deyə bilərik ki, müəyyən qədər arzunuza çatmısınız?

- Bilirsiniz, rəssam heç zaman arzusuna tam çata bilmir. Onun ən gözəl əsəri bəlkə də hələ ortada yoxdur. Rəssamdan soruşanda deyir ki, yox, o əsəri hələ çəkməmişəm, gələcəkdə çəkəcəyəm. Odur ki, rəssam öz tablolarında heç vaxt arzusuna tam yetə bilmir, hər zaman o yolda davam edir.

Şairlərin adını çəkmək istəmirəm

- Demisiniz ki, qadın yaradıcılığımda mənim ən böyük ilham mənbəyimdir. Burada sizin ilham aldığınız xüsusi bir qadın var? Yoxsa bütün qadınlara şamil edirsiniz?

- Yox, bu ilhamın yaranmasında xüsusi bir qadının rolu olmayıb. Bu, bütün bəşəriyyətə olan məhəbbətdir. Yer üzündə Allahın yaratdığı ən gözəl varlıq qadındır. Mən də çalışıram onları tablolarıma gətirim. Məsələn, “Sarı gəlin” adlı işim var, amma orada heç bir sarılıq yoxdur. Mahnını eşitmisən də, bütün kainat onun saçlarında əks olunur. Bu mənim dünyagörüşüm və fəlsəfəmdir.

- Şairlərdən kimləri oxuyursunuz?

- Oxuyuram. Amma ad çəkmək istəməzdim. Birini çəksəm o biri inciyər (gülür).

- Yəqin ki, xüsusi ilham aldığınız şair var. Onun adını çəksəniz məncə digərləri inciməz. Pikassonun adını çəkirsiniz, məncə şairlərdən də çəkə bilərsiniz.

- O rəssamdır, mən də rəssam. Ona görə ad çəkdim. Şairlərin adını çəkmək istəmirəm.

- Yaxşı, onların içində gənclər var? Yoxsa ancaq öz yaşıdlarınızdır.

- Yox, elə mənim öz yaşıdlarımdır.

- Mən təxmini bildim kimlərdir (gülürəm). Mütəmadi oxuyursunuz, ya hərdən bir?

- Hərdən bir.

Müsəlman çörəyə tüpürər?

- Fransada sərgidə niyə təhdid olunmusunuz?

- 1994, ya da 1995-ci il idi, Fransada sərgimiz oldu. Sərgidə 4-5 rəssam iştirak edirdi. Bir gün şəhərdə gəzərkən bir dükan gördük, içəri girdik. Dükanın sahibi erməni idi, bizimlə türkcə danışmağa başladı. Dedi ki, siz yaxşı insanlar deyilsiniz, çörəyə tüpürüb yerə atmısınız, bizimkilərə demisiniz, götürün yeyin. Onları ac saxlamısınız. Mən ona dedim ki, bax, sən türkcə danışırsan, Türkiyədə yaşamısan? Dedi, hə. Soruşdum ki, heç müsəlman olan kəs çörəyə tüpürər? Çörəyi yerdən götürüb öpüb gözünün üstünə qoyar, sonra ayaq altında qalmasın deyə bir yerə qoyar. O da heyrətlə baxdı. Sonra dedi ki, biz sərgiyə gedib baxdıq, işlərin adlarını oxumuşduq. Müharibəyə, erməniyə aid təhqiramiz heç nə yox idi. Əgər olsaydı, sərgini dağıdardıq. Sonra soruşdu ki, nə almaq istəyirsiniz? Dedik ki, heç nə. Hədiyyə etmək istədi, götürməyib dükandan çıxdıq.

- Sovet vaxtı erməni rəssamlarla münasibətiniz olub?

- Mən Bakıda oxuyanda, Moskvada təhsil alanda sinif yoldaşlarım arasında ermənilər də vardı. Münasibətimiz yaxşı idi, qonşularımız arasında da ermənilər vardı, münasibətlərimiz pis deyildi.

- İşləri necədir?

- Yaxşı rəssamları da var, pis rəssamları da.

- Əsərlərində bizim rəssamlarla oxşarlıq var?

- Bilirsiniz necə olur? Azərbaycanlıların özünəməxsus dəsti-xətti var, ermənilərin öz üslubu, gürcünün də ayrıca. Amma hamısı bir torpaqda yaşadığı üçün bir-birinə yaxınlığı olur. Baxanda dərhal fərqi hiss edirsən, bu gürcü tablosudur, bu erməni, bu isə azərbaycanlı.

- Rəssamlıqdan başqa sahədə özünüzü yoxlamısınız?

- Yox.

- Bildiyimə görə rejissorluq bacarığınız var.

- Bəli, sovet dövründə bir-iki dəfə teatra dəvət olunmuşdum, amma razılıq vermədim. Bu, uzunmüddətli bir problemdir, ona görə də istəmədim. Getdin, orada ilişib qaldın, birdən geri dönmədin – belə hallar da olur. Ona görə qərar verdim ki, getməyim.

Sovet dövründə çəkilən tablolar isə indi bəzən gülünc görünür

- Şairlərin adını çəkmədiniz. Bəs rəssamlar barədə nə düşünürsünüz? İstər sizin dövrünüzdən olan sənətkarlar, istər gənc nəsil, istərsə də dünyasını dəyişmiş azərbaycanlı rəssamlardan kimlərin yaradıcılığı sizi daha çox təsirləndirir? Hər hansı rəssamların işləri xüsusilə xoşunuza gəlir?

- Əlbəttə, var. Məsələn, Elyar var, o mənim tələbəm olub. Əzimzadə adına məktəbdə mən ona dərs demişəm, çox istedadlıdır. Əməkdar rəssam Namiq Məmmədov, o da mənim tələbəm olub. Bəzən yaxınlaşıb görüşürlər, tanımıram, deyirlər ki, sizin tələbəniz olmuşuq. Bizim istedadlı rəssamlarımız çox olub: Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhman, Nadir Qasımov, Tahir Salahov və başqaları. O vaxtkı sənətkarlar gözəl işlər ortaya qoyublar. Sovet dövründə çəkilən tablolar bəzən gülünc görünür. Məsələn, natürmortlarda bankanın içində gül qoyub çəkiblər. Bugünkü estetika ilə üst-üstə düşmür. Və ya fəhlələri göstərmək istəyiblər ki, bu işləyən adamdır, maykasını çıxarıb əl-üzünü yuyur, amma maykanı bədən gözəlliyini vurğulamaq üçün çıxarmayıb. Günəşin altında yanmasını da göstərmək istəyiblər. İndi buna bir az birtəhər baxırlar.

Səttar Bəhlulzadə məni qovdu

- Həmin rəssamlarla münasibətiniz olub?

- Hə, olub. Adlarını çəkdiyimiz hər biri ilə isti münasibətimiz olub. Düzdür, yaşca məndən böyük idilər. Tez dünyasını dəyişəni Səttar Bəhlulzadə olub, o, 74-cü ildə vəfat etdi. Mən 72-ci ildə universiteti bitirib gəlmişdim. Bir dəfə bir qəbula getmişdim, görüşəcəyim adam hələ gəlməmişdi, gözləyirdim. Səttar müəllim də orada idi. Dedi, niyə orda dayanırsan, gəl çay içək. O, işlərini hədiyyə etməyi xoşlayırdı, dedi, hansını bəyənirsənsə, götür. Mən də götürə bilmədim. İşi götürmədim deyə məni qovdu (gülür).

- Sevdiyiniz rəng hansıdır?

- Bütün rənglər gözəldir, amma hazırda mənim üçün qara rəng ən gözəlidir. Son zamanlarda çəkdiyim tablolarımda qaraya geniş yer verirəm. Ancaq qara sırf qara deyil, o, digər rənglərin içində daha da gözəlləşir.

- Bu yaşla əlaqəlidir, ya başqa səbəbi var?

- Xeyr. Təxminən 30-40 il əvvəl isti rənglərlə – sarı, qırmızı, göy və yaşıl tonlarla işləməyi sevirdim. İndi isə onları daha mülayimləşdirir, daha püxtələşdirirəm.

İlkin Naib

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

# 216 dəfə oxunub

Oxşar xəbərlər

Köhnə odunluqda əsrarəngiz kəşf: 600 illik sirr açıldı

Köhnə odunluqda əsrarəngiz kəşf: 600 illik sirr açıldı

16:20 6 avqust 2025
Məşhur pop ulduzu Cenifer Lopez İstanbulda

Məşhur pop ulduzu Cenifer Lopez İstanbulda

16:08 6 avqust 2025
“Greenland: Köç” filminin nümayiş tarixi  açıqlandı

“Greenland: Köç” filminin nümayiş tarixi açıqlandı

15:48 6 avqust 2025
Gecikmiş uşaqlıq qəzası - Rə­van Cavid

Gecikmiş uşaqlıq qəzası - Rə­van Cavid

15:15 6 avqust 2025
Çexovun “İt gəzdirən qadın”ı  avanqard elementlərlə Çin səhnəsində

Çexovun “İt gəzdirən qadın”ı avanqard elementlərlə Çin səhnəsində

14:55 6 avqust 2025
Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı

Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı

14:16 6 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər