“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj
21 fevral 2026
# 12:00

Kulis.az İbrahim Azizin məşhur britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) Heydər Əliyev Mərkəzindəki “Vəhşi təbiətin super qəhrəmanları” (“The Superheroes of Wildlife”) sərgisindən reportajını təqdim edir.


Havanın digər günlərə nisbətən isti keçdiyi bir vaxtda müasir Bakının simvolu, dünyanın ən yaxşı memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzinə doğru iti addımlarla irəliləyirəm. Girişdə gözümə məktəb və bağça uşaqları sataşır. Müəllimlərin uşaqları kiçik yaşlarından bu cür mədəniyyət mərkəzinə gətirməsi, uşaqlarda dəyərli mədəniyyət nümunələri haqqında yaranan ilkin təsəvvürlər onların mənəvi inkişafı üçün əhəmiyyətli və əvəzsiz addımdır.

İçəri daxil olduqca düşünürəm: görəsən bu balaca ziyarətçilər bir azdan qarşılaşacaqları insan bədənli, heyvan başlı nəhəng “superqəhrəmanları” görəndə nələr hiss edəcəklər?
Elə Cili və Mark Şatnerin bu gün ziyarət edəcəyim "Vəhşi təbiətin super qəhrəmanları" sərgisinin də əsas qayəsi məhz bu uşaqlara, yəni gələcək nəsillərə təbiət sevgisini aşılamaqdır.
25 ildən artıqdır ki, "tək bir rəssam" kimi işləyən cütlük bütün əsərlərini birlikdə yaradır və imzalayırlar. Bu məlumat elə kompleksə daxil olduğum ilk dəqiqələrdə qarşıma çıxan "Xanım dovşan" ("Rabbitwoman") və "İt adamı" ("Dogman") obrazları ilə özünü büruzə verir. Bu obrazlar nəsli kəsilməkdə olan nəhəng kərgədanın üzərində oturmuş şəkildədir. Cili və Mark insanlığa burada üç fərqli mesaj ötürür. Bunlardan ilki hər bir canlının yer üzərində dəyərinin olduğu və birinin digərindən xüsusi bir üstünlüyünün olmadığıdır.


Bu, ontoloji müstəvidə fəlsəfi bir yanaşmadır. Buna görə təsadüfi deyil ki, bu heyvanlar minilliklər boyu dünyanın, bəlkə də kainatın ən "üstün" varlığı sayılan insan bədənindədirlər. İkinci isə onları daşıyan kərgədan obrazıdır ki, o əslində bizlərə nəsli tükənməkdə olan canlıların bizim üçün əhəmiyyətini vurğulayır. Üçüncü və sonuncu isə təməlində bütün varlıqlara lazım olan, lakin özünü rasional şəkildə insanda göstərən sevgi məfhumudur.
Etiraf etməliyəm ki, uşaqların bu sərgini necə qarşılayacağına şübhə ilə yanaşırdım. Buna səbəb ilk növbədə sərginin modern sfinksləridir (heyvan başlı, insan bədənli və ya əksi). Lakin insan bədənini əks etdirən heyvanların üz cizgilərinə diqqətlə baxanda bu düşüncələr yerini insanda adını qoya bilmədiyimiz, insana xas sevgiylə əvəzləyir.


Bu heykəllərin tam qarşısında "Məhəbbət masası arxasında xanım dovşan, it adamı və kərgədan" əsəri real bir oturacaq funksiyasını daşıyır və tamaşaçılar bu əsərin yanında otura bilirlər. Bu heyvanların bir çoxu müxtəlif cizgi filmlərindən uşaqlara tanış olduğu üçün onların yad hiss etmədiyini görüb, fərəhləndim. Uşaqların o masada əyləşməsi əsəri sadəcə heykəl yox, canlı bir sosial dialoq məkanına çevirir. Bu oturacaq insana dünyada “sənin yerin də var, lakin digər canlılarla birgə” mesajını ustalıqla ötürür.

Digər tərəfdən, divardakı nəhəng super qəhrəman "Xanım dovşan" və "İt adamı" ilk baxışda insana əlaqəsiz kimi gələ bilər. Məncə, bunun alt qatında heyvanların da bizimkindən fərqlənməyən dünyaya aidlik xüsusiyyətlərinin olduğuna vurğu edilir. Sadəcə, başqa formada. Təsadüfi deyil ki, biz sözügedən obrazları diz çöküb öpüşərkən, qucaqlaşmış görürük. Bu, insanda olan sevgi anlayışının heyvanlarda öz əksini tapması və bunun tamaşaçıya ötürülməsidir.


Tarixən insanla təbiət arasındakı mübarizə hamımıza məlumdur. Modern insan düşünür ki, təbiət qarşısında "zəfər” çalmağın tək yolu, onu yox etməkdir. Təbiəti məhv edən insan bununla öz sonunu hazırladığının da fərqində olmalıdır. Təsadüfi deyil ki, adamlar adətən qocalanda təbiətə və heyvanlara sığınırlar. Onlardan qarşılıqsız sevgi və xoş hissiyyat əldə edirlər. Biz bunu sərginin bir hissəsində ardıcıllıqla yerləşdirilmiş iri heyvan başlarına baxanda da hiss edə bilərik. Bu yəqin ki, müəlliflərin də hansısa yaş dövründə təsirləndikləri bir detaldır.


Sərginin divarlarını bəzəyən rəngarəng tablolar bizi sadəcə quruda deyil, şüuraltının və okeanların ən dərin qatlarında da fəlsəfi bir səyahətə çıxarır.
"Xanım dovşan" və "İt adamı"nın arxasında peyda olan nəhəng səkkizayaqlı (“osminoq”) bizi qədim dəniz mifologiyalarına aparır. Okeanın dərinlikləri qədim xalqlarda həmişə bilinməzlik, xaos və ilahi güc (məsələn, Skandinaviyadakı Kraken mifi) rəmzi olub. Lakin Cili və Markın tablosunda bu mənzərə qorxunc deyil. Nəhəng qırmızı qollar bu iki fərqli varlığı boğmur, əksinə, incəliklə qucaqlayır. Ontoloji baxımdan bu, "özündən tamamilə fərqli və yad olanla qucaqlaşmaq" deməkdir. Təbiətin ən gizlin, bizə ən yad olan elementləri belə, sevgi və qəbullanma qarşısında təhlükə deyil, bir qoruyucuya çevrilir.


Digər tərəfdən, çay fincanına yerləşdirilmiş mavi-bənövşəyi fil tablosu bəşəriyyətin acı bir ironiyası kimi qarşımıza çıxır. Tarixən fil – qədim Hindistan və Afrika mifologiyalarında müdriklik, yenilməz güc və kainatın yükünü çiyinlərində daşıyan müqəddəs bir simvoldur. Lakin müəlliflər bu nəhəng yaradılışı kiçik bir çay fincanına sığışdırmaqla, müasir insanın təbiətə qarşı olan istehlakçı və eqoist yanaşmasını sərt şəkildə ifşa edirlər.

Biz insanlar böyük və vəhşi təbiəti əhliləşdirib öz "fincanımıza" – məişətimizə, əyləncəmizə sığdırmağa çalışırıq. Bu tablo bizi düşünməyə vadar edir: Təbiətin əzəmətini süni çərçivələrə salıb sadələşdirəndə, əslində onun ruhunu məhv etmirikmi? Nəhayət, ağzında zərif bir çiçək tutan dişi şir tablosu bu fəlsəfi ardıcıllığı ümidlə tamamlayır.

Qədim Misir mifologiyasında dişi şir (Sekhmet) həm dağıdıcı müharibənin, həm də şəfanın tanrısı idi. Rəssamlar burada yırtıcı instinkti bəşəri bir zərifliklə əvəzləyiblər. Ən kəskin dişlərin, qan tökməyə hazır olan çənənin arasında bir qurban deyil, zərif bir çiçəyin olması – zorakılığın deyil, yaşatmağın aliliyinə işarədir. Bu, təbiətin və sənətin bizə ünvanladığı ən dərin mesajdır: Əsl güc məhv etməkdə və "zəfər" çalmaqda deyil, ən zəif olanı belə incitmədən qoruya bilməkdədir.

Bir-birinin üzərinə çıxaraq ağ buludu saxlamağa çalışan kərgədanlar (və digər vəhşi heyvanlar) qədim yunan mifologiyasındakı titan Atlası xatırladır. Göy qübbəsini çiyinlərində daşımağa məhkum edilmiş Atlas kimi, bu gün təbiət və onun ən əzəmətli canlıları da bizim yaratdığımız ekoloji faciələrin "yükünü" daşımağa məcburdurlar. Yer üzünün ən ağır, böyük canlılarının tarazlığı qoruyaraq, ən yüngül və toxunulmaz olanı – buludu ayaqda tutmağa çalışması çox düşündürücü bir mənzərədir.

Qədim Şərq fəlsəfəsində və inanclarında "ovuc içi" taleyi, qədəri və qorunmağı simvolizə edir. Cili və Mark Şatner minilliklər boyu yenilməzlik, güc və əzəmət rəmzi olan bu nəhəng canlıları kiçildərək, bəşəriyyətin ovcuna yerləşdiriblər. Bu sadəcə bir ölçü oyunu deyil, bu, Antroposen (“İnsan”) erasının ağrılı reallığıdır: ən böyük və qorxunc canlıların belə yaşamaq haqqı sözün əsl mənasında "bizim əllərimizdədir". İnsan əli həm yaradan, həm də məhv edən bir gücdür; o ovuc bu canlıları mərhəmətlə qoruya da bilər, sıxıb yox edə də.


Qarşısında dayandığım bu heykəl mənə ilk baxışda Nuhun gəmisini xatırladır. Bu həm də o deməkdir ki, hamımız eyni gəmidəyik. Bu, adətən insanları eyni atmosferdə olduğumuza inandırmaq üçün istifadə edilən bir metafor olsa da, Cili və Mark bu düşüncənin sərhədlərini genişləndirib. "Nuhun gəmisi" qədim Şumer (Gilqameş dastanı) və İbrahimi dinlərin ən güclü xilaskarlıq miflərindən biridir. Qədim dövrlərdə gəmi canlıları ilahi bir qəzəbdən – sudan qoruyurdusa, Cili və Markın bu tunc "Ümid qayığı" heyvanları müasir bir tufandan: insan eqosundan və kütləvi apokalipsisdən qurtarmağa çalışır.



Heykəlin ön hissəsində sərginin daimi qəhrəmanları "Xanım dovşan" və "İt adamı" mənə "Titanik" filmini xatırladır. "Titanik" insanlığın texnoloji qürurunun, təbiətə (okeana, buza) meydan oxuyan eqosunun simvolu idi və "batmaz" hesab edilən bu təkəbbür fəlakətlə sonlandı.
Cili və Mark isə bu əsərdə "Xanım dovşan" və "İt adamı" personajları vasitəsilə sadəcə sevgi və təbiətin qorunması ideyalarının rəmzini yaradırlar. Onlar sərnişinləri (filləri, kərgədanları) batırmaq yox, xilas etmək istəyirlər. Planetimiz də eynilə o nəhəng “Titanik” gəmisi kimidir; əgər eqomuzla təbiətə meydan oxumağa davam etsək, aysberqə çırpılacağıq. Lakin bu heyvanların etdiyi kimi sevgi və birliyə sığınsaq, gəmimizi xilas edə bilərik.

Narıncı rəngli, enerji dolu divarlar boyu irəliləyəndə sərginin "Xanım dovşan" və "İt adamı" cütlüyü tamamilə yeni bir ampluada qarşımıza çıxır. Onlar artıq sadəcə qlobal istiləşməyə və ya nəsli kəsilən heyvanlara diqqət çəkən xilaskarlar deyillər; onlar bizim kimi yaşayırlar. Tablolarda qarlı dağlarda xizək sürən, böyük bir metropolda qırmızı "Vespa" motosikletində gəzən və ya okean dalğalarında sörfinq edən bu cütlük, tamaşaçıya vizual bir şok yaşadır. Təbiət sadəcə qorunmalı, ağlanmalı və uzaqdan baxılmalı bir muzey eksponatı deyil. Təbiət həyatın özüdür, sevincdir, dinamikadır. Rəssamlar heyvanlara insanlara xas olan ən əyləncəli məişət fəaliyyətlərini etdirməklə "biz sizdən fərqli deyilik, biz də bu həyatın dadını çıxarmaq hüququna sahibik" mesajını çatdırırlar. Kətan üzərindəki bu parlaq rənglər, izləyicinin daxilində yaşamaq eşqini oyadır.



Diqqəti tablolardan ayırıb onların qarşısındakı postamentlərin üzərinə qoyulmuş kiçik heykəllərə yönəltdikdə isə daha dərin, sakit bir hekayə başlayır. Yaşıl rəngli kiçik bir filin parlaq, gümüşü bir "əbədiyyət düyünü" üzərində balans saxlamağa çalışması olduqca simvolikdir. Dünyanın ən ağır, böyük canlılarından birinin bu cür incə bir düyün üzərində durması ekosistemin necə kövrək bir tarazlıqda olduğunu göstərir.

Mərkəzin zallarında irəliləyirəm və fəlsəfi düşüncələrin ağırlığı öz yerini rənglərin və həyat eşqinin səs-küyünə buraxır. Parlaq narıncı divarların fonunda asılmış əsərlər insana pozitiv əhval bəxş edərək gülümsəməyə vadar edir.

Ziyarətçilərin xizək sürən bir dovşana və ya sörfinq edən bir itə baxarkən gözlərində yaranan parıltı sərginin ən böyük uğurlarından biridir: Cili və Mark Şatner bizi sadəcə düşündürmür, həm də yaşamağın nə qədər rəngarəng bir nemət olduğunu bizə yenidən xatırladır.
Sonda diqqət çəkmək istədiyim məqam, bir kəndirlə bir-birinə bağlanmış olan iki əks yönə baxan kərgədandır. Bu, hər tamaşaçıda öz subyektiv fikirlərini formalaşdırır. Məndə isə ilk baxışdan, niyəsə qadın və kişi birlikdəliyinə vurğunun əhəmiyyətini hiss etdirdi. Kəndir isə burada ilahi bir gücü simvolizə edir.


Cili və Markın evli olduğunu nəzərə alsaq, bu, heç də yad səslənmir. Bəzən çətin yola gedən, ayrı və mürəkkəb dünyaların insanları, ortada sevgi xaricində bir səbəb olmasa da, daim bir-birlərinə aid ola bilirlər...

Foto: İlkin Nəbiyev


# 182 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün Beynəlxalq Ana Dili Günüdür

13:10 21 fevral 2026
"Hər cür həyasızlığa gedən şou nümayəndələrinin..." - Benjamin Kərimov

"Hər cür həyasızlığa gedən şou nümayəndələrinin..." - Benjamin Kərimov

12:30 21 fevral 2026
"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" -  Çinarə Ömray

"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" - Çinarə Ömray

11:50 21 fevral 2026
“Game of Thrones”un ön hekayəsi teatr səhnəsində canlandırılacaq

“Game of Thrones”un ön hekayəsi teatr səhnəsində canlandırılacaq

11:15 21 fevral 2026
Maştağada tarixi məscidin divarının qanunsuz suvanmasının qarşısı alındı

Maştağada tarixi məscidin divarının qanunsuz suvanmasının qarşısı alındı

18:20 20 fevral 2026
“Qıfıl”  bədii filminin beynəlxalq yayımına maliyyə ayrıldı

“Qıfıl” bədii filminin beynəlxalq yayımına maliyyə ayrıldı

17:50 20 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər