Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü və professor Vaqif Mustafayevin rəhbərliyi ilə Ali Rejissorluq Kursları fəaliyyətə başlayacaq.
Kulis.az xəbər verir ki, kursların məqsədi müasir dünyagörüşlü, milli və dünya kinematoqrafiya estetikasını dərindən anlayan yeni nəsil rejissorların yetişdirilməsidir.
Kurslarda həm respublikanın, həm də xarici ölkələrin tanınmış kino xadimləri dərs deyəcək. Təhsil müddəti 1,5 il təşkil edir və dərslər “Azərbaycanfilm” kinostudiyasında, studiyanın professional texniki imkanlarından istifadə etməklə keçiriləcək.
Qəbul prosesi 2026-cı ilin yanvarın 5-dən martın 1-dək davam edəcək. Dərslər isə 2026-cı ilin aprel ayının 1-də başlanacaq.
Tədris Azərbaycan və rus dillərində aparılacaq. Ali Rejissorluq Kurslarına müxtəlif ixtisaslar üzrə ali təhsil almış Azərbaycan və xarici ölkə vətəndaşları müraciət edə bilərlər. İllik təhsil haqqı Azərbaycan vətəndaşları üçün 2000 AZN, xarici vətəndaşlar üçün 3000 ABŞ dolları təşkil edir.
Qəbul 3 mərhələdən ibarətdir: qeydiyyat, müsahibə və yazı işi. Azərbaycan vətəndaşları ərizə, şəxsiyyət vəsiqəsi surəti, 3×4 ölçüdə 6 fotoşəkil, ali təhsil haqqında diplom, CV və portfolio təqdim etməlidirlər. Xarici vətəndaşlar isə pasportun surəti, 3×4 ölçüdə 6 fotoşəkil, ali təhsil haqqında sənədin apostil və notarial qaydada təsdiqlənmiş tərcüməsi, sağlamlıq arayışı, tədris dili üzrə sertifikat və portfolio təqdim etməlidirlər.
Azərbaycanda yaşayan şəxslər sənədləri ADMİU-nun əsas korpusunda yerləşən Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinə təqdim etməlidirlər. Xarici ölkə vətəndaşları isə sənədləri PDF formatında [email protected] ünvanına göndərə bilərlər. Qəbul komissiyasının müsbət rəyindən sonra bütün namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibə zamanı kino sahəsi üzrə biliklər və ümummədəni səviyyə yoxlanılacaq, həmçinin namizədlərə yazı işi veriləcək.
Qeyd edək ki, bu kurslar Azərbaycanın kino sənətinin inkişafı və yeni nəsil rejissorların yetişdirilməsi üçün mühüm addım hesab olunur.
