Türk kinosunun ən komik obrazları

Türk kinosunun ən komik obrazları
16 noyabr 2025
# 12:00

Filmin ən gözəl tərəflərindən biri insanı olduğu yerdən alıb tamam başqa aləmlərə aparmaq gücüdür. Usta rejissorlar, ağıllıca yazılmış ssenarilər və böyük aktyorlar vasitəsilə, tamaşaçını bir müddətlik gündəlik düşüncələrindən uzaqlaşdırıb, onu səmimi bir gülüşə boğmaq bacarığı da yalnız kinoya məxsusdur.Həyatımızda “yaxşı ki, kino var” demək üçün bu, tək başına kifayət edən bir səbəbdir.

Kulis.az türk kinosunun əfsanə aktyorlarının yaratdığı ən gülməli obrazları təqdim edir.

Sadri Alışık - Turist Ömer

1964–1973 illəri arasında çəkilmiş 10 seriyalı filmin adı “Turist Ömer” idi. Baş rolda oynayan Sadri Alışık yaratdığı bu obrazla türk kinosunun unudulmaz simalarından birinə çevrildi.

Şapkasını başından əskik etməyən, özünəməxsus salam duruşu və səmimi gülüşü ilə yadda qalan Turist Ömer “Yamyamlar Arasında”, “Uzay Yolunda”, “Boğa Güreşçisi”, “Dümenciler Kralı” kimi seriyalarda fərqli macəralara atılır. Hər dəfə öz saf, bir az da avam davranışları ilə gülüş doğuran bu obraz, Türk kinosunun ən sevilən və ən komik personajlarından biri sayılır.

Kemal Sunal - İnek Şaban

Kult film seriyası “Hababam Sınıfı”-nın əvəzolunmaz obrazı Şaban dostlarının ona verdiyi məşhur ləqəblə - “İnek Şaban” türk kinosunun ən gülməli və sevilən personajlarından biridir.

Bu sadəlövh, təmizürəkli, bir o qədər də yumor dolu gənci Kemal Sunal canlandırmışdı. Onun mimikaları, danışıq tərzi və səmimi davranışları, xüsusilə, filmin yayımlandığı ilk illərdə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı. Ekranda ən çox gözlənilən anlar isə, şübhəsiz ki, İnek Şabanın göründüyü səhnələr idi - çünki o, hər dəfə sadəliyi və dürüstlüyü ilə həm güldürür, həm də insanı özünə isnişdirirdi.

Şener Şen - Badi Ekrem

“Hababam Sınıfı” film seriyasının ən gülməli obrazlarından biri də Bədən Tərbiyəsi müəllimi, özünəməxsus xarakteri ilə seçilən Ekrem Hocadır, yəni tələbələrinin dediyi adla Badi Ekrem.

Qırmızı idman geyimi ilə yadda qalan, həddindən artıq özünəinamı ucbatından tez-tez gülməli vəziyyətlərə düşən bu sevimli obrazı Şener Şen canlandırıb. Onun enerjisi, şıltaq hərəkətləri və özünü bəyənmiş, amma içində mərhəmət dolu müəllim obrazı türk kinosunun ən əyləncəli tiplərindən birinə çevrilib.

Adile Naşit - Hafize ana

O, məktəbdə yatılı şagirdlərin xidmətçisi (bir növ ana kimi baxan qadın) rolundadır. Hafize Ana mehriban, qayğıkeş, bir az sərt, amma ürəyi uşaq sevgisi ilə dolu bir qadındır. O, "Hababam uşaqlarının" yaramazlıqlarına qəzəblənsə də, onlara hər zaman analıq edər, xəstələnəndə qayğısına qalar, dərdini dinləyərdi.

Bu obraz sayəsində Adile Naşit Türk kinosunda “Ana obrazının simvolu” kimi yadda qaldı - həm güldürən, həm də sevgi dolu şəfqəti ilə duyğulandıran bir xarakter yaratdı.

Zeki Alasya / Metin Akpınar - Himmet və Hayret qardaşlar

“Köyden İndim Şehre” filmi də digər klassik türk komediyaları kimi, tamamilə usta komediya aktyorlarından ibarət möhtəşəm bir heyətə malikdir.
Filmdə dörd kəndli qardaşın hekayəsi danışılır - onlar tarlada işləyərkən bir küp qızıl tapır və bu sərvəti dəyişmək üçün şəhərə gəlirlər. Lakin şəhər həyatı, onların sadəlövhlüyü və qarşılaşdıqları gülməli hadisələr macəraları bir-birinə qarışdırır.

Qardaşlardan böyükləri - Himmet (Zeki Alasya) və Hayret (Metin Akpınar) daim kiçik qardaşlarına yol göstərməyə çalışırlar, amma nəticədə özləri də işin içindən çıxa bilmirlər. Elə bu cəhdlər, filmin ən gülməli və yadda qalan səhnələrinə çevrilir.

Bu film, sadə kənd həyatından şəhərin parıltılı, bir o qədər də aldatıcı dünyasına keçidi yumorla təsvir edən, türk kinosunun ən sevilən komediyalarından biri sayılır.

Perran Kutman - Sabahat

"Gırgıriye" film seriyasında Perran Kutman tərəfindən canlandırılan Sabahat obrazı türk kinosunun ən gülməli və sevilən qadın tiplərindən biridir.

Sabahat - Darbukatör Bayramın (Şener Şen) sevdiyi qız Güllünün anasıdır. Qızını məşhur bir artist etmək arzusu ilə yaşayan bu qəhrəman həm inadkar, həm də olduqca əyləncəli xarakteri ilə tamaşaçını daim güldürür.

Filmin ən yaddaqalan məqamlarından biri də Sabahatın Bayramın atası Emin (Münir Özkul) ilə bitib-tükənməyən, qarşılıqlı tikanlı dialoqları və atışmalarıdır. Onların bu söz duelləri, seriyanın əsas komediya ünsürlərindən biridir.

Sabahat obrazı ilə Perran Kutman, Müjdat Gezen, Şener Şen, Adile Naşit kimi ustalarla birlikdə türk komediyasına damğa vuran bir performans təqdim edib.

Ayşen Qruda - Fikret

Ayşen Qrudanın canlandırdığı Fikret türk kinosunun ən gülməli, eyni zamanda duyğulu qadın obrazlarından biridir.

"Gülen gözler" filmində Yaşar Usta (Münir Özkul) və Nezaket Hanımın (Adile Naşit) beş qızından ən böyüyü olan Fikret ailənin məsuliyyətli və bir o qədər də romantik üzvüdür. Ona dəlicəsinə aşiq olan Vecihi (Şener Şen) sevgisini hər fürsətdə nümayiş etdirməyə çəkinməz, lakin bu evliliyin baş tutması üçün Fikretin atasını razı salmaq asan məsələ deyil.

Filmdə Fikretin gülüş doğuran anları, ailənin daxili münasibətləri və sevgisinin səmimiliyi tamaşaçını həm əyləndirir, həm də kövrəldir.
Ayşen Qruda bu obrazla türk kinosunda “domates güzeli” olaraq tanınan enerjisini, təbii komediyasını və qadın duyarlılığını mükəmməl şəkildə birləşdirmişdir.

# 77 dəfə oxunub

Oxşar xəbərlər

APA-nın yaranmasından 21 il ötür

APA-nın yaranmasından 21 il ötür

10:45 16 noyabr 2025
Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

17:00 15 noyabr 2025
Əməkdar artist Akif Mirabov vəfat edib

Əməkdar artist Akif Mirabov vəfat edib

14:29 15 noyabr 2025
Yaşar Nurinin qızı vəfat edib

Yaşar Nurinin qızı vəfat edib

14:06 15 noyabr 2025
"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

13:30 15 noyabr 2025
Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə xoşbəxtliyini hansı şəhərdə tapmışdı?

Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə xoşbəxtliyini hansı şəhərdə tapmışdı?

12:00 15 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər