Tarix yazanların izi ilə... - Aytən Sakitqızı

Tarix yazanların izi ilə... - Aytən Sakitqızı
13 aprel 2024
# 16:35

Kulis.az Aytən Sakitqızının "Tarix yazanların izi ilə..." adlı yazısını təqdim edir.

Yolumuz yenə də Azərbaycanın qədim tarix və mədəniyyət ocaqlarından biri olan Qarabağa idi. Bu mənim Qarabağa sayını itirdiyim gedişim idi. Amma bu gediş digərlərindən fərqli idi.

Səfərimiz "Xocavənd əməliyyatı"nın 27-ci ildönümünə təsadüf edirdi. Özümlə qürur duyurdum. Çünki yoldaşlarım “Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri idi. Aralarında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid anaları da vardı. Onlarla bir səfərdə olmağın necə şərəfli hiss olduğunu kəlimələrə belə sığdıra bilmirəm. Övladlarının azad etdiyi torpaqlara gedirdik. Avtobusun pəncərələrindən çölə boylandıqca hiss edirdim ki, Qarabağa əsl bahar gəlib. Bizim olanın hər daşında-qayasında şəhidlərin, qazilərin ayaq izləri var. Bu izlərin ardınca gedirdik. Təmkinlə, səbirlə, alnıaçıq, üzüağ...

İlk dayanacağımız Hadrut oldu. Burada 1997-ci ildə baş verən “Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri kəşfiyyat qrupunun şəhidlik zirvəsinə ucaldığı yerə gül dəstələri düzüb, onların əziz xatirələrini yad etdilər. Elə xatirə lövhəsinin ətrafında şəhidlərimiz barədə qısa məlumat da verildi. Bildirildi ki, Azərbaycan ordusunun iki kəşfiyyat qrupu 1997-ci ildə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb.

Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib. Ağır döyüşdə yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar. Amma sən demə Aqil öldürülməyib. Ağır yaralandığı üçün huşsuz vəziyyətdə olub. Kəşfiyyat qrupunun yeganə sağ qalan üzvü elə huşsuz vəziyyətdəcə ermənilər tərəfindən əsir götürülərək olmazın işgəncələrinə məruz qalıb. Məhz 1 il 11 aydan sonra Ümummilli liderin səyi nəticəsində Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədov əsirlik həyatından xilas edilərək Vətənə qaytarılıb.

AQİL ƏHMƏDOV:

"1997-ci ilin aprel ayında təxminən elə bu saatlarda qrupun 7 üzvü şəhid oldu. Mən də ağır yaralandım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürüldüm. 1 il 11 ay müddətində orada saxlanıldım. 6 ay sonra şəhid qardaşlarımın 7-sinin nəşi Ulu Öndər Heydər Əliyev tərəfindən alındı. Onun təkidi ilə. Ancaq uzun müddət məni vermədilər. 1997-ci ilin martında Ulu Öndər məni dəyişərək Vətənə gətirdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Qazilərimizə də can sağlığı arzu edirəm”.

“Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqlarını deyir.

SİYAFƏT RZAYEVA:

"Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də Vətənimiz əldən gedərdi. Müharibə vaxtı oğlum universitetdə oxuyurdu. Mənə dedi ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası yoxdur. Allah onların hər birinə rəhmət eləsin”.

“Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova da artıq 3-cü dəfə idi ki qardaşının şəhid olduğu yeri ziyarət edirdi.

MƏTANƏT ƏSƏDOVA:

"Qardaşımın qisməti belə imiş. Həmişə deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub".

“Xocavənd əməliyyatı”nda şəhid olan Elxan Ağayevin qardaşı İlham Ağayev də bizimlə idi. Deyir ki, Elxan hələ 1992-ci ildən hərbi xidmətə könüllü yazılanlardan idi. Vətən, yurd sevgisi onun elə canından çox sevdiyi Vətən torpağı uğrunda şəhid olmasına zəmin yaratdı.

İLHAM AĞAYEV:

"8 nəfərin qrup komandiri idi. 16 oktyabrda Şəhidlər Xiyabanında 7-sini birlikdə dəfn elədilər. Ailələrdən heç kim ayırmadı. Hərəsi öz rayonuna apara bilərdi. Amma dedilər bir yerdə olublarsa, axıra kimi də bir yerdə qalsınlar".

Elə belə də olur. 1997-ci ilin aprelində “Xocavənd əməliyyatı” zamanı şəhid olmuş hərbçilərin, qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov və Fariz Cavadovun nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhid anaları ilə gedəcəyimiz növbəti dayanacağımız mədəniyyət paytaxtı Şuşa idi. Bura gəlib İsa bulağına getməmək bəlkə də günah olardı. Şuşanın göz yaşı kimi şəffaf və buz kimi soyuq olan İsa bulağının ətrafı təmtəraqlı, çal-çağırlı idi. Bu mənzərəni görüb sevinməmək olmazdı. Faydalı, eləcə də büllur kimi dumduru olan bu bulaq bir çox tarixi hadisələrin şahidi olub. 30 il ərzində bulanıq idi İsa. İşğaldan azad edildikdən sonra əvvəlki duruluğu, şəffaflığı özünə qayıtmışdı. Elə şəfalılığı da. Su haqqı, Şuşa haqqı suya haqqı olanlar, şəhid anaları qəlblərindəki oğul yarasını bu bulağın suyu ilə sarıdılar. Bulaqdan əlləri ilə su içən kim, özü ilə Bakıya aparan kim. Bəlkə də oğul həsrətini unutdurmaq üçün bu ən yaxşı çıxış yolu idi anaların. Buradan yollandıq Şuşanın mərkəzinə. Yuxarı Gövhərağa məscidindən tutmuş, Şuşa qalasınadək ziyarət etdik. Şuşa ötən il gəldiyimdən fərqli idi. Böyük tikinti meydançasına çevrilmişdi mədəniyyət paytaxtı. Təbiətinin əsrarəngiz cazibəsi, gözəlliyinin dünyəviliyi bu şəhərdən ayrılmağımıza imkan vermirdi. Amma növbəti dayanacağımız Xankəndi idi. Ona görə də doğma Şuşadan birbaşa doğma Xankəndiyə yolandıq. Sanki bizi gözləyirdi Xankəndi. Şəhid analarını görən kimi səmasında günəş alovlandı, nura qərq oldu bu şəhər. Hələ mən şəhid analarını görən kimi Xankəndi səmasında dalğalanan üçrəngli bayrağımızın şövqünü demirəm. Çünki onların varlığı bu Vətənin xeyir-duasıdır. Qəhrəmanların geni bu anaların damarlarından axan qanla qidalanıb. Onlar bizim tariximizin baxışları ilə danışan səhifəsidir. Qarabağın tarixi onların taleyi ilə yazılıb. Bu tarixin hər səhifəsinə Xankəndi zəfəri ilə yeni səhifələr yazanların anaları, bacıları, qardaşları Xankəndini qarış-qarış gəzdilər. Axı onlar burada çox uzun illər əvvəl olmuşdular.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və Tünzalə Abduləlimova Xankəndidə olduqlarına görə qürur hissi keçirdiklərini dilə gətirdilər

CEYRAN HƏSƏNOVA:

"Xankəndidə olmaq böyük fəxrdir. Hər birimiz üçün böyük qürur hissidir. Sevinirəm ki, burada Azərbaycanın dövlət bayrağını gördük. “Qarabağ Azərbaycandır” şüarı altında biz futbol meydançasını görürük. Bu, çox sevindiricidir".

TÜNZALƏ ABDULƏLİMOVA:

"Qürur duyuram ki, Prezidentimizin bayrağı ucaltdığı yerdə dayanmışıq. Fəxr edirəm ki, bizim balalarımız bu yerləri azad edib bizim millətimizə, xalqımıza bəxş etdilər".

Bəli, şəhid analarının bu günlük son səfəri Xankəndi oldu. Artıq qayıtmalıyıq. Xankəndi ilə sağollaşdıq. Bəli, sağollaşdıq. Amma Xankəndi bizi buraxmırdı qoynundan. Təəssüf ki, qaş qaralırdı, Bakıya qayıtmalı idik. Dünya hərbçiləri Qarabağ zəfərinin sirlərini araşdırmaqda olsun, biz isə son dayanacağımızda bizi gözləyən avtobusa minib üz tutduq Bakıya. Ürəyimiz isə qanları ilə tarix yazanların məkanında, Qarabağda qaldı...

# 451 dəfə oxunub

Oxşar xəbərlər

Qazaxıstanın mədəniyyət naziri Azərbaycana gəlir

Qazaxıstanın mədəniyyət naziri Azərbaycana gəlir

18:50 29 aprel 2024
"Ovçu Kraven" filminin yayım tarixi təxirə salındı

"Ovçu Kraven" filminin yayım tarixi təxirə salındı

18:30 29 aprel 2024
Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq

Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq

18:20 29 aprel 2024
Jerar Depardye saxlanıldı - Səbəb

Jerar Depardye saxlanıldı - Səbəb

17:59 29 aprel 2024
"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

17:42 29 aprel 2024
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

17:30 29 aprel 2024
# # #