Şuşada oxuyan ruh - Onun ən böyük arzusu nə idi?

Şuşada oxuyan ruh - Onun ən böyük arzusu nə idi?
6 fevral 2024
# 17:00

O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. Onun klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərib.

Kulis.az xəbər verir ki, Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz sözü, səsi, dəsti-xətti ilə seçilən muğam ifaçısı, milli musiqi ifaçılığında özünəməxsus yolu və rolu olan Xalq artisti, bütün zamanların sevilən səs sahibi, böyük xanəndə Ağaxan Abdullayevin doğum günüdür.

Xanəndə 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə hər zaman həssaslıqla yanaşıb. O, 1977-ci ildən ömrünün sonuna kimi Asəf Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində müstəsna xidmət göstərib. Ağaxan Abdullayev bir çox tanınmış xanəndələrin ustadı kimi də məşhur olub.

Televiziya muğam müsabiqələrinin münsiflər heyətini onsuz təsəvvür etmək çətin idi. Ağaxan Abdullayev gücü, səhhəti imkan verdiyi qədər bu müsabiqənin ən sevilən münsiflərindən biri olmağı bacardı.

Ağaxan Abdullayev muğamların, xalq mahnılarımızın mahir ifaçısı, yaxşı dost, ailə başçısı, bacarıqlı müəllim idi.

Şərəfli ömür yaşadı, hər kəsin xatirəsində iz qoymağı bacardı. Ağaxan Abdullayev xanəndəlik sənətində öz dəsti-xətti ilə seçilən sənətkarlardan oldu.
Hələ sağlığında ikən adını muğam sənətinə qızıl hərflərlə yazdıra bildi. Azərbaycan muğamını dünyada layiqincə təmsil etdi. Eyni zamanda muğamın sirlərini gənclərə sevə-sevə öyrətdi. Ümumiyyətlə, istər gənclərə, istər həmyaşıdlarına qarşı hər zaman hörmətlə yanaşan, əlindən gələn köməyi edən bir adam idi.

Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Azərbaycanı qarış-qarış gəzdi, silsilə konsert proqramı ilə onu sevənlərin görüşünə getdi. Dünyanın bir çox ölkəsində qastrol səfərlərində olan Ağaxan Abdullayev milli musiqimizi çox uzaqlarda belə özünə, adına layiq tanıda, sevdirə bildi. O, nə oxuyurdusa, hamısını ürəkdən, içdən səsləndirirdi.

Ağaxan Abdullayev özünü aktyor kimi də sınamağı bacarıb. Xanəndə “Ver sözə ehya ki...”, “Dağıdılmış körpülər”, “Abşeron lövhələri” filmlərində iştirak edib, “Küçələrə su səpmişəm” bədii filmini, “Bakı bağları. Nardaran”, “Biz qayıdacağıq”, “Muğam” filmlərini isə ifası ilə əbədiləşdirib. Özü haqqında isə “Ağaxan” , “Əslində, Ağaxan Abdullayev” filmləri ekranlaşdırılıb.

Sənətində nə qədər ciddi idisə, həyatda bir o qədər mülayim və zarafatcıl idi. Özünəməxsus yüksək yumor hissinə malik xanəndə idi Ağaxan Abdullayev.

Ən böyük arzusu Şuşada çıxış etmək idi. Özü bu arzusuna çata bilməsə də, bu gün onun tələbəsi, dünya şöhrətli xanəndə Alim Qasımov Qarabağda, Şuşada, Cıdır düzündə səsi, avazı ilə ustadının da ruhunu şad edir... Sanki onun ruhu oxuyur Qarabağın qaşı sayılan Şuşada. Əbəs yerə deməyiblər ki, sənətkarları ustadlar yetişdirir...

# 1807 dəfə oxunub

Oxşar xəbərlər

Nobel və Oskar mükafatlarına sahib  yeganə yazıçı  - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

Nobel və Oskar mükafatlarına sahib yeganə yazıçı - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

15:00 2 noyabr 2025
Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

15:00 1 noyabr 2025
Tanınmış türk aktyor motosiklet qəzasında öldü

Tanınmış türk aktyor motosiklet qəzasında öldü

13:47 1 noyabr 2025
Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

12:14 1 noyabr 2025
"Həyatın harasından dönsən, xeyirdir..."  - Ömrünə intiharla son qoyan yazıçılar

"Həyatın harasından dönsən, xeyirdir..." - Ömrünə intiharla son qoyan yazıçılar

12:00 1 noyabr 2025
Azərbaycanlı rejissorun filmi birinci oldu

Azərbaycanlı rejissorun filmi birinci oldu

11:50 1 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər