Şeytan məni necə aldatdı? – Səhər Əhməd yazır...

Səhər Əhməd, şair

Səhər Əhməd, şair

9 may 2022
# 10:00

Kulis.az Səhər Əhmədin “Mən özümdən gedəndə” yazısını təqdim edir.

Tez-tez özümü itirirəm, daha doğrusu, başımı. Hər dəfəsində də eyni şeylər təkrar olunur, bütün duyğular dolaşıq düşür, beynimdəki fikirlər, otağımdakı əşyalar, həyatımdakı adamlar bir-birinə qarışır. Özümü itirən kimi düzəni də itirirəm və məni özümü itirməkdən çox düzəni itirmək rahatsız edir.

Harmoniyanı sevirəm, əslində, amma hər şeyi necə həvəslə nizama salıramsa, o qədər sürətlə də dağıdıram. Hətta deyərdim, istedadla. Sanki problemlərin həlli əşyaların altında gizlənibmiş kimi hər şeyi çox böyük şövqlə ələk-vələk edirəm. Əşyaların da əlinə girəvə düşür o saat, başlayır qaydanı pozmağa. Ən çox sevdiklərim ən çox qarışıqlıq yaradır, kitab rəfində dünya ədəbiyyatıyla Azərbaycan ədəbiyyatı bir-birinə qonaq gedir, iş masamda dərsliklərlə bədii ədəbiyyat can-ciyər olur, paltar dolabında qış paltarları ilə yay paltarları cükküldəşir. Qələm kosmetika siyirməsinə cumur, oyuncaqlar döşəmədə rəqs edir, kompüter hansısa yolla gedib yataq otağına çıxır. Axır ki, nə hikmətdisə, başım itən kimi əşyalar da itməyə başlayır, özü də ən çox lazım olanlar mənimlə gizlənpaç oynayır. Əvvəlcə eynək aradan çıxır, sözün hər iki mənasında gözümü oğurlayıb qeybə çəkilir.

Hələ o boyda maşına bax, utanmır boyundan, özünü yadıma salmır, park etdiyim yerdəcə yatıb qalır. Taksidən düşüb həyətə girəndə görürəm ki, əlahəzrət yerində yoxdur. Necə yoxdu, bəs hanı, o da açar deyil ki, çantanın arxa cibində gizlənə. Adam da heç maşını itirər? Yaxşı, ay qız, sakit ol, panikaya düşmə, sən nəylə getmişdin? Maşınla. Bəs nəylə qayıtdın? Taksiylə. Ay sağ ol, indi nəticə çıxar, beynindəki “kamera görüntülərinə” yaxşı bax.

Vay, yenə dayanacaqda yatıb qalıb, tənbəl. Çər dəymiş, bu artıq üçüncü dəfədir, satıb başımdan edəcəm səni, görərsən.

Evə girirəm ki, bir az dincəlim, özüm də enerji yığım, telefonum da, sonra gedim maşının dalınca. Elə bu zaman əsl dəstgah başlayır. Evə girən kimi telefon qaçıb gizlənir. İndicə əlimdəydi axı, lənət sənə kor şeytan! (Kor niyə, görəsən, şeytan kordusa, mənim əşyalarımı necə gizlədir, maraqlıdı). Yoxdu, heç yerdə yoxdu bu telefon, pili də azalmışdı, yəqin sönüb. Hara qoya bilərəm, yox, soyuducuya qoymaram, o dərəcədə itirməmişəm ( ağlımı, yəni), həm də soyuducunu haçan açdım ki. Bəs hanı, mətbəxdən başqa heç yerə girməmişəm, burda yoxdu, ciblərimdə deyil, aha tapdım, çantamdadı, qapını açmaq üçün açarı çıxaranda telefonu çantaya atmışam.

İndi də pil aparatını tapmalıyam, artıq ərazi böyüyür, o, hər yerdə ola bilər. Xoşbəxtlikdən, o elə də nadinc deyil, amma tərsdi, itməz, itəndə də tapılmaz. Çox şükür, tərsliyi tutmayıbmış, divanda uzanıb dincəlirmiş yazıq.

Bu şeytanın korluğu hardan girdi beynimə e?! Kor şeytan kor olmayan məni necə aldadır, deməli, ona görə əvvəl eynəyi gizlədir. Özü kordu axı. Deyir,yəni, sən də silahı at, döyüşək. İşlərim var, can şeytan, qoy gedim maşını gətirim, nəyi istəyirsən gizlət, evin içində fır-fır fırlat məni, sən öl, özüm ölüm, incimərəm, amma indi yox, qaranlıq düşməmiş qoy gedim maşını gətirim. “At igidin qardaşıdı, Həmzə, incitmə Qıratı”. Bir dəfə də tanımadığı binaların həyətində gecələyib tifilim. Hələ o gün evə çatmamış “Araz” marketin yanında saxlamışam yazığı, girib alış-veriş edib ara yolla piyada üz tutmuşam evə tərəf. Ərzaq torbalarının içindən maşının açarı da çıxanda ayılmışam ki, bəs bu şoqəribin özü hanı?!

Vəssəlam, hər şey hazırdı, Koroğlu gedir Toqata, Qıratı gətirməyə, yaraq-yasaq, maska, çanta, telefon, maşının və evin açarı, pulqabı, gün eynəyi... “Geyib əskər paltarını silahlandı qəhrəman”. Taksi sifariş verirəm, vəssalam, telefon da budur ey əlimdə. Eynəyi taxım əvvəlcə, hanı eynək, kor eynək, belə ey, kor şeytan, namərd oğlu, namərd, qaytar eynəyimi, istəyirsən, sənə ayrısını alaram. Yox, belə tovlamaq olmaz onu. Dəli şeytana baxma, bunu tovlamaq olmur. Kor ki kor, tutduğunu buraxmır. Ona görə heç kim dəli şeytana lənət oxumur, hamı buna oxuyur.

Uşaq vaxtı necə deyirdik, şeytan, balanı öldürərəm, böyüdücümü qaytar. O saat tapılırdı. Yenə elə deyim bəlkə, onsuz da evdə təkəm, kimdi məni eşidən, gicələk olmaqdan yaxşıdı. Balanı öldürərəm deməyə dilim gəlməz, “döyərəm” deyərəm. Gördüz, işə yaradı, tapdım, (şeytan da olsa, anadı axı), dəhlizdəki şkafın üstündəymiş.

Həyətə çıxıb qanad açıram, darıxma, tifilim, uça-uça gəlirəm, yerini unutmamışam, metronun başındakı dayanacaq.

Taksi sifariş edim əvvəlcə. Hanı telefon? Ufff. Eynəyi götürəndə əlimdəki telefonu onun yerinə qoymuşam. Təzədən qayıdıram və evin qapısını aça-aça əlimdəki açara yalvarıram: sən canın, barı sən kişi ol, evə girən kimi qaçıb gizlənmə. Bu mərd uşaqdı, allahtərəfi, şeytan zad hərləmir. Hərdən sülənir haralardasa, amma çağıran kimi gəlir, heç kimə satılmaz. O biri yamandı, maşınınki, o gün o qədər axtardım ki, çarəsizlikdən oturub uşaq kimi ağladım, masanın üstündəki meyvə vazına girib ən altda gizlənibmiş nadürüst.

Düz bilmişəm, qapının ağzındakı dolabın üstündədi telefon, bu nədi, mətbəxdən niyə səs gəlir, vay, çaydan qazın üstündəymiş ki. Çaydancan, məni bağışla, gözəlim, yenə yandırdım səni, qayıdan kimi öz əllərimlə müalicə edəcəm, ən çox iztirabı sənə verirəm, məni bağışla.

İndisə şeytanın gözünü oğurlayıb qaçmalıyam. Hansı gözünü, gözü var bəyəm?! Əşşi, cəhənəm olsun, özü də, gözü də. Bir dəqiqə, bayaqkı cümlə necəydi, kor şeytan və kor olmayan mən. Bu kor sözünə əməlli antonim tapmaq lazımdı. Gözlü? Yox, alınmır. Nəysə, antonimi sonra taparam, maşınımı tapmalıyam, onunçünsə əvvəlcə taksi tapmalıyam. Deməli, xronoloji ardıcıllıq belədi, əvvəli başımı itirirəm, sonra maşınımı. Maşını tapmaq üçün taksi tapmalıyam, taksi tapmaq üçün telefonu, sonra eynəyi, eynəyi tapmaq üçün çantanı. Arada da “kor” sözünə antonim. Aləm qarışır bir-birinə. Hələ qışda kefdi e, papağı tap, əlcəyi itir, əlcəyi tap, şərfi. “Hələ bunun qarı var, qışı var, ziyalının işi var, işi var”. Kimin şeiridi bu?! Lənət sənə, kor şeytan, bu dəfə də beynimə girdin, eləmi, indi neyləyim, fikirlər də əşya deyil ki, hərəsini ayrı dolaba qoyum. Qov bu fikirləri başından, qoy şeytan işsiz qalsın. Odey, taksi gəldi, min get. “Verdin Qırı, aldın Dürü, döy başına, yan Koroğlu”.

...Siz gülürsüz, amma mən kədərli dərəcədə ciddiyəm ya da ciddi çəkildə kədərli. Daha kədərlisi isə odu ki, gerçəkdən, düzəni sevirəm.

Başımı itirəndə adamlar əşyalardan da tez yoxa çıxır yaddaşımdan. Bacıma zəng etməyi unuduram, dostların mesajlarına baxmıram, baxanda görmürəm, görəndə oxumuram, oxuyanda anlamıram, anlayanda cavablaya bilmirəm. Oğlumun başına sığal çəkmək belə yadımdan çıxır. Qohumlar, dostlar, həmkarlar, övladlar, şagirdlər, oxucular, hansının nə problemi vardı, kim xəstə idi, kimin uşağı olub, kimə başsağlığı, kimə təsəlli, kimə öyüd verməliyəm, kimə təbrik, kimə cavab, kimə yazı yazmalıyam, kimə redaktə, kimə başdaşı üçün şeir, kimə sevgilisinə qafiyəli doğum günü mesajı, kimin uşağına inşa borcum var, bilmirəm.

Belə olanda zamanı da itirirəm, sabahı, günortanı, həftənin, ayın günlərini, ilin aylarını qarışdırıram. Hətta fəsilləri belə. Şişirtmirəm, görəsən, indi hansı fəsildi?- deyə ciddi-ciddi düşündüyüm olub mənim.

Əgər bacım nigarandısa, qızlarım təşvişlə mənə baxırsa, dostlarım inciyibsə, şagirdlərimin gözündə işıq zəifləyibsə, qardaşlarım yuxusunu qarışdırıbsa, oğlum burnunu sallayıbsa, kiminsə həyatındakı çətinliyin qulpundan yapışa bilmirəmsə, çiçəklərim soluxubsa, bişirdiyim yeməklər dadsızdısa, itim qarşımı kəsib diqqətimi çəkmək üçün min oyun çıxarırsa, deməli, mən özümdə deyiləm.

Hansısa şeirin, hekayənin, dalınca getmişəm, hansısa suala cavab axtardığım cəngəllikdə azıb qalmışam, geri qayıda bilmirəm. Kiminsə faciəsi ürəyimi qanadıb, hardansa əsən küləkdən müvazimətimi itirib relsimdən çıxmışam. Keçmişlə gələcək bir-birinə qarışıb. Siqnallar itib. Qaranlıq bir tunelin içində işığa doğru gedirəm.

Amma elə o işığı gördüyüm ilk andaca, özümü tapıb öz yerimə qoyan kimi hər şey qaydasına düşür ətrafımda. Mən bilmirəm, hansısa fəlsəfi suala cavab tapılması ilə şap-şapların divanın altından çıxması arasında necə bir əlaqə var, amma sizi inandırım ki, bu, belədi. Və yaxud niyə bir şeirin son misrasını yazıb bitirən kimi haçandı axtardığım metro kartı soyuducudan çıxsın?! Niyə mən özümə qayıdan kimi sırğalarımın itmiş tayları da getdiyi yerdən hırıldaya-hırıldaya dönüb gəlsin?! Möcüzədi.

Baxmayaraq ki, mən düzəni çox sevirəm.

Özümə gələn kimi ilk işim bağçadan gül dərib mətbəx masasındakı güldana qoymaq olur. Bu mənim üçün ilk həyat əlaməti işartısıdı. Gül dərdiyimi görən kor şeytan o saat lənətə gəlir. Sonra haydı, hərə öz yerinə, yenə kitabları sevdiyim ardıcıllıqla rəfə, paltarları dolaba yerləşdirir, hər dibçəyi öz pəncərəsinə qaytarır, sırğaları cütləyib üzüklərdən ayrı mücrüyə qoyur, fincanları böyükdən balacaya düzür, meyvələri vaza elə yığıram ki, bütün rənglər görünsün. Sonra həyatımdakı bütün adamları ən xırda özəlliyinə qədər xatırlayır, zərgər dəqiqliyi ilə hərəsini öz postuna yerləşdirirəm. Eynilə ayı və dovşan oyuncaqlarını pianinonun üstünə yerləşdirdiyim kimi. Bu hər yeni oyunun əvvəlində fiqurları şahmat taxtasına düzmək kimi daha ümidverici olur.

Məncə, qarışıqlıq mürəkkəbləşdikcə ondan sonrakı düzən bir az da sadələşir. Çünki hər dəfə özümdən çıxıb gedəndə daha uzağa gedir, qayıdanda daha yaxına qayıdıram.

# 2452 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #